adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Mart 2019 00:20
8716
GÜNDƏM
A- A+

KÖMƏYƏ ÇAĞRILMIŞ...

Əlisəfa Azayev
Hər bir məsələnin həlli zərurətdən irəli gəldiyi kimi, vəkillərimizin cəmiyyətdə oynadığı rol, gördükləri xeyirxah işləri əvəz edilməzdir. Insan öz tale məsələsini ağır anda bir başqasına tapşırır,ona üz tutur.Həyatda bundan da önəmli, şərəfli iş varmı? Bəli , əsil mənada köməyə çağrılmış bir adama çevrilirsən. Kiməsə arxa, dayaq olursan....
Hələ tələbə vaxtı , hüquq fakültəsində oxuduğum illərdə vəkillər haqqında xoş , maraqlı söhbətləri eşitmişdik... Müəllimlərmizdən, elə başqalarından da... Bütün bunlar bizdə bu sahəyə ciddi maraq oyatmışdı.
Özümün də bir fərd kimi vəkilə müraciət etdiyi vaxt olmuşdu. İndi ki Xalça muzeyinin arxasında yerləşirdi onların hüquq məsləhətxanası. Həmin vəkil ilk baxışda çox alicənab , öz işinin adını bilən adam təsiri bağışladı ona.Rusca da yaxşı yazır, danışırdı.Ali Məhkəmədə işə çıxmalı idi. Cinayət işini udmasaydı, Moskva tərəfə də hərəkət edəcəkdi. Belə də oldu. Ancaq son nəticədə bir şey alınmadı.
Doğrusu, o vaxt həmin vəkillərin bu işdəki bir qədər passiv fəaliyyəti , tez-tez pul ardırması , işinin nəticəsizliyi,bu sahəyə olan həvəsimə bir qədər kölgə saldı. Ancaq səd heyf! Bir qədər dərin düşünsək görərik ki, heç də belə deyil.Bu bəlkə də elə o vaxtki sistemin bu sahəyə olan ögey münasibətindən irəli gəlirdi.Vəkillik sahəsi əsl mənada unudulmuş, diqqətdən kənarda qalmışdı.
Bu gün dünya iqtisadiyyatına inteqrasiya olunan sivil Avropa dəyərlərinə qaynayıb-qarışmaqda olan cəmiyyətimiz üçün bu sahənin nə qədər önəmli , inkişaf etdirilməsinin vacib olduğunu deməyə ehtiyac yoxdur.
Bu yerdə yadına 60-ci illərdə Kürdəmir rayonunda fəaliyyətdə olan bir vəkil düşür. Bir gün hadisə olur... Daha doğrusu dumanlı havada bir yük maşını yolu keçən qoyun sürüsündən xeyli sayda qoyun bastalayıb əzir, qırır.Cinayət işi qaldırırlar. İş istintaqdan sonra məhkəməyə göndərilir. Sürücüyə təhkid edirlər ki, özü üçün vəkil tutsun. İmkansız sürücü hey deyir: "Ə,vəkili neyləyirəm. Bəyəm o qoyunların baş sayını azalda biləcək?..." Nə isə,həmin vəkilin işə çıxmağına ondan razılığını alırlar. Məhkəmə istintaqının elə ilk anları durar- durmaz vəkil sürücüdən soruşur. : " De görüm, o gün sənin yol vərəqən-putyovkan vardımı? "Bu sorğunu eşidən yazıq sürücü qəzəbindən dil-dodağını gəmirə - gəmirə dillənir: " Ay evin yıxılmasın, mənim qorxduğum,ehtiyat elədiyim elə bu idi də... Onu da sən yada saldın..."
Əlbəttə ki, vəkil daha çox müdafiə etdiyi tərəfin xeyirnə olan məsələlərdən söhbət açmalı,onu müdafiə etməlidir... Vəkil bir qədər də təpərli , ötkəm , öz işinin adını bilən adam olmalıdır.Tələbə vaxtı respublikamızda məhkəmələrin təşkili sahəsindən bizə dərs deyən, Ali Məhkəmənin sədri işləmiş Əjdər İbrahimov bir gün söhbət zamanı dedi":Gərək ki, o vəkil onda Kürdəmirdən yanıma gəlmişdi.Müdafiə etdiyi tərəfi çox qızğıncasına müdafiə edirdi. Xeyli söhbətimiz olsa da, mən ona deyirdim ki , haqlı deyilsən... Qapıdan çıxmaq istəyəndə , geri səsləyib , dedim ki, yaxşı vəkilsən , xoşuma gəldin.Ancaq bir qədər ağciyər,qorxaq vəkilsən.Əgər müdafiə etdiyin işə beləcə inamlısansa niyə susdun, təslim oldun,güzəştə getdin?"
Bəli,vəkil hər şeydən əvvəl insan adam olmalı,öz sənətinin incəliklərini bilməli ,cəsarətli,təpərli olmalıdır. İnsan haqlı olduğunu biləndə, ürəkli ,inamlı olur.Bir də fikrin ifadəsi... Böyük romalı Siseron nahaq deməyib : " Xeyirxah olan şəxs hər şeyə qadirdir.Kim gözəl danışırsa , o bütün xeyirxah cəhətləri özündə təcəsssüm etdirir və buna görə də müdrikdir. Həqiqi natiq öz müdrüklüyü ilə təkcə nüfuz qazanmır. Həm də vətəndaşlara, dövlətə fayda verir, uğurlar gətirir, səadət bağışlayır." Qədim yunanıstanın yeddi müdrikindən biri olan Solonun kəlamlarının bir qismi indi də aforizim kimi səslənir.: " Qanunlar hörümçək toruna bənzəyir, zəiflər onda dolaşıb qalır, güclülər qırıb qurtarırlar." "Əmr vermədən əvvəl itaət etməyi öyrən". "Yaxşı kürəkənə rast gələn qaynata daha bir oğul da tapır,pisinə rast gələn isə qırını da itirir."
Əlbəttə,yaxşı vəkil üçün öz peşəsinin incəliklərini dərindən bilməklə yanaşı,natiqlik əsas şərtdi. Siseronun fikrincə əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir. Qədim dünyanın məhkəmə proseslərindən birində ittiham nitqi söyləyən natiq Filippi müttəhimi susdurmaq üçün deyir":Bəs sən niyə hürürsən? " Natiq dərhal cavab verir: "Axı, oğrunu görürəm!"
Cəmiyyət yarandığı gündən həmişə gözəl, öz işinin adını bilən vəkillərə ehtiyac duyub. Bu hər şeydən əvvəl ədalət mühakiməsinin düzgün aparılması , məhkəmənin çəkişmə pirinsipinin təmin olunması , ədalətin zəfər çalması deməkdir. İbtidai istintaqda olduğu kimi, məhkəmə istintaqında da işdə vəkilin iştirakı, fəallığı ancaq və ancaq ümumi işin xeyrinədir.
Bütün bu proseslər vaxtı vəkilin təqsirləndirilən şəxsi ittiham etməsi , onun zərərinə hərəkət etməsi yolverilməzdir.O, işdə ittəhamçı deyil, müdafiəçi, köməyə çağırılmış adam qismındə çıxış edir. Məhkəmə təcrübəsində tez -tez , öz işinin adını bilməyib , özündən çıxan , təqsirləndirilən şəxsin zərərinə hərəkət edən vəkillər olub . Belələri o an da prosesdən kanərlaşdırılıb .O yalnız və yalnız öhdəsinə düşən vəzifəni , müdafiə etmək vəzifəsini yerinə yetirməlidir .
Yaxşı tanınmış vəkillərin müdafiə niqtləri bu gün üçün də ibrətamizdir.Xüsusilə rus vəkillərinin nitqləri Karabçevski, Plevako... Bütün dünyada şöhrət qazanmış vəkillər olmuşlar. Plevako keşişi müdafiə edir: " Qarşımızda əyləşən elə bir adamdır ki, otuz il sizin tövbənizi dinləmiş , günahınızı bağışlamışdır. İndi o gözləyir görsün siz də onun günahlarını bağışlayacaqsınızmı?"
Yenə Plevako ...Dəmir çaydan oğurlamaqda təqsirli bilinən bir qarını müdafiə edir: "Min ildən çox mövcudiyyəti ərzində Rusiyanın başı çox müsibətlər çəkib...İndi isə... Bir qarı 30 qəpiklik çaydan oğurlayıb. Əlbətdə , Rusiya buna dözməyəcək və həmişəlik məhv olacaq."
Bəli , həqiqətən də müdafiə olunan tərəfin ağıllı və tələbkar vəkili olması vacib məsələdir.
Belə adam qərəzsiz olmalıdır. Əlbəttə, dövr dəyişib. İndi vəkillər heyran etməkdən ,daha çox işin təfərrüatına varmaq , sübutları araşdırmaq , məntiqi nəticəyə gəlmək məqsədi güdürlər. Maddi və prosesual qanunlardakı pozğunluqları önə çıxarırlar.
Ağır cinayət işi ... Uzun, yorucu istintaqdan, məhkəmə araşdırmalarından sonra son nəticədə bəraət hökmü! Bax vəkillərin xidməti budur. Haqq-ədalət qalib gəlir.Hamı sevinc, şadlıq içindədir... Məhkəmə təcrübəsində uğurlar qazanmış, əsil cinayətkarın ifşa olunmasına, təqsirləndirlən şəxsin həbsdən azad olunmasına nail olmuş belə vəkillərimiz çoxdur.Onlardan biri... Əslən Kürdəmirdən olan Teymur İsmiyev haqqında nə qədər xoş sözlər eşidmişəm. Bu şöhrətli vəkilə sovet dönəmində onlarla , deyilənə görə əllidən çox insanın ölüm cəzasından azad olunmasını nail olub... Əlbətdə ki, Moskvada yuxarı dairələrdə əsl mənada çəkişə-çəkişə, döyüşə-döyüşə ... Halal olsun belə vəkillərə!
Hər sahədə olduğu kimi vəkillik sahəsində də qərazkarlıq insana şərəf gətirməz. Bir dəfə söhbət zamanı bir vəkil elə sözlər danışdı ki.... Deməsinə görə iki vəkil imişlər. Hansısa bir cinayət işi ilə əlaqədar uzaq bir rayonda olanda hakim onlara yaxşı baxmır. Onlar da işlə tanış olanda ən əhəmiyyətli sənədi oradan qoparıb ağızlarına ataraq çeynəyib udurlar. Bununla da yuxarı məhkəmədə işə baxarkən həmin sənəd tapılmır. Hakimin çıxartdığı hökmə şübhə yaranır. O ,təqsirləndirilir, işdən uzaqlaşdırılır.
Gəlin səmimiyyətlə etiraf edək ki, keçid dövründə bir çox sahələrdə müəyyən çətinliklər hiss etdiyimiz kimi, təcrübəli, öz işinin adını bilən, bu gün bizi müdafiə etməyə hazır olan vəkillərimizin sayı hələ azdır. Belələri işdən, daha çox, pul ,maddi məsələlər barədə düşünəndə, onlardan uzaq qaçırıq. Ancaq belə olmamalıdır.
Bu məsələnin bir qədər yoluna düşməməsinin bir günahını da , mən vəkillərimizə lazımı yerlərdə , xüsusilə məhkəmələrdə layiq olduqları qayğının hörmətin göstərilməməsində görürəm. Üç vəkili dindirsəniz , ikisi bu məsələdə gileyli olacaq .Gileylənməyə də az-çox haqlıdılar.Bəzən məhkəmələrdə daha çox ittiham tərəfi fəallıq göstərir , nəinki müdafiə tərəfini təmsil edən vəkil . Bu isə yol verilməzdir.
Bəzi məhkəmələrdə vəkil prossesə gələndə oturmağa , işlə tanış olmağa yer də tapmır. Onun üçün lazımı şərait yaradılmır . Vəkili bir çoxları söz -sohbəti ilə cana doydurur , onun nüfuzuna xələl gətirən hərəkətlər edirlər. Xüsusilə prosses vaxtı ittiham prokurorlarının yeli -yersiz atmacaları...Bəlkə də şahidi olanlarınız olub ... Cəsarətli, öz işinin adını bilən vəkillər belələrini elə susdurub ki, heç nəfəslərini də çəkə bilməyiblər . Ancaq eləsi də olur ki, etika gözləyir, həddi aşmaq istəmir , məhkəməyə hörmət edir...
Belə hallarda hakimdən də çox şey asılıdır.Axı məhkəməyə sədrlik edən odur. Heç kimin həddi aşmasına yol verməməlidir.Birisinə saatlarla söz verib, o birini adi replika hüququndan məhrum etmək olmaz axı. Qanun da belə hallara yol vermir. Tərəflərin hüquq bərabərliyi var. İttiham tərəfinə olduğu kimi, məhkəmədə müdafiə tərəfini təmsil edən vəkil üçün də, prossesdəki sərbəst fəailliyyəti üçün hər bir şərait yaradılmalıdır ki, əsassız gley-güzara, qınağa məruz qalmasın. Az eşitmişik ki, məhkəmə istintaqından sonra vəkilin üstünə düşüblər ":Daha səni nə üçün çağırmışdım?!. Xərc-xəcalət ... Ağzın heç qatıq kəsmirmiş ki.......Cavabın verə bilmirdin onun ..."
Əlbəttə, savadlı,öz işinin adını bilən vəkil dili ilə olmasa da, məhkəməyə təqdim etdiyi rəsmi iddiaları, etirazları, vəsatətləri, kassasiya şikayətləri ilə hər şeyə nail olur.
Yaxşı vəkili ,həm də təmkinli hüquqşünas kimi görmüşük. O, öz iş sahəsinin bilicisidir.Etikalı, görüb -götürmüş, cavan da olsa, əsil mənada müdrikləşmiş adam olur.Belələrinin söz-söhbətindən saatlarla doymaq olmur.Həyatın əsl mənada içində olan, cəmiyyətin bütün zümrələrini təmsil edən adamlarla təmasda, münasibətdə olmuş bu adamlar ilk baxışda sakit ,həlim görünsələr də , bəzən ibtidai istintaqda, məhkəmə prossesındə haldan çıxırlar....
Gəlin onlara daha böyük uğurlar diləyək.Bu gün müstəqil respublikamızın öz işinin adını bilən , səriştəli vəkillərə ciddi ehtiyacı var.O vəkillərə ki,bizi bu gün həm yerli Apelliasiya ,Ali Məhkəmədə , həm də Avropa, dünya məhkəmələrində müdafiə edirlər. Onlarla bu sahədə aparılan məqsədyönlü iş, xüsusilə son test imtahanları, müsahibələr, sözsüz ki, bu sahədə daha layiqlilərin fəailliyyət göstərəcəyini təmin edəcəkdir.