adalet.az header logo
  • Bakı 19°C
11 Mart 2019 14:32
21698
DÜNYA
A- A+

SSRİ-nin BƏRPASINI ARZULAYANLARA

Şagirdləri nəyə görə güllələdilər?

1952-ci ilin fevralında Moskva şəhərində alternativ ədəbi dərnək yaradan məktəblilərin məhkəmə prosesi keçirilirdi. Yarım il fəaliyyət göstərən dərnək üzvləri – 16 şagirdlərdən 3-nə güllələnmə hökmü verilir, 3-ü 10 il müddətinə, qalan 10 nəfəri isə 25 il müddətinə həbs cəzasına məhkum edilir.

ƏDƏBİ DƏRNƏK

Onlar adi şagirdlər idi. Uşaq kitabxanasının açılışına sevinirdilər, çoxlu kitablar oxuyurdular və əminliklə işıqlı gələcəyə inanırdılar. Yuxarı sinif şagirdi Susanna Peçuronun əldə etdiyi maraqlı kitablar əldən-ələ ötürülürdü.

Ədəbi dərnək məşğələlərindən sonra bu şagirdlər Pionerlər Sarayına tələsirdilər. Bəziləri rəqslə, bəziləri vokalla, bəziləri də oxuduqları bədii ədəbiyyatı müzakirə edirdilər.

Ədəbi dərnək bu şagirdlər üçün faktiki olaraq ikinci evə çevrilmişdi. Hətta şagirdlərin bir çoxu dərsdən sonra yenidən dərnəyə gəlir, yazdıqları şeirləri və tanınmış ədəbiyyatçıların yaradıcılığını müzakirə edirdilər.

Dərnəyin rəhbəri Boris Slutski şagirdlərdən birinin yazdığı şeirlə bağlı yaranan mübahisədən sonra dərnəyi tərk etdiyini bildirir, şagirdlərdən bir çoxu da onunla bərabər müəllimin evində fəaliyyətlərini davam etdirirlər.

GİZLİ TƏŞKİLAT

Borisin evində möhtəşəm kitabxana var idi. Burada rus ədəbiyyatının klassiklərindən tutmuş V.İ.Leninin əsərlərinin toplusu da geniş yer tuturdu. Şagirdlər əvvəlcə Leninin əsərlərini oxuyur, yoldaş Stalinin fikirləri ilə müqayisə etməyə başlamışdılar. Və bu nəticəyə gəlmişdilər ki, Leninin fikirləri və ideyaları çoxdan özünün ilkin variantı mənasını itirib.


Leninin ideyalarının həyata keçirilməsi üçün hərəkətə başlayan şagirdlər «İnqilab uğrunda mübarizə İttifaqı» təşkilatının yaradılmasına başlayırlar. Qeyri-təbii başlayan hərəkatın əslində heç bir planı yox idi. Onlar yalnız həyatın daha yaxşı olması üçün Leninin vəsiyyətlərinin həyata keçirilməsi prinsiplərinə uyğun hərəkət edirdilər.

Cavan gənclər inqilabçılar kimi özlərinə ləqəblər fikirləşir, vərəqələr hazırlayır və yaymaq istəyirdilər.

CİNAYƏT VƏ CƏZA

Fəaliyyətlərinin son aylarında təşkilatın bütün üzvləri artıq «nəzarət» altına alınmışdı və 1951-ci ilin yanvarında bu gənclərin və yeniyetmələrin həbsləri başladı. Gecələr ünvanlara gələrək qadağan olunmuş ədəbiyyat axtarışları aparılır, evdə olan kitablar müsadirə edilirdi. Gəncləri elə həmin saatda həbsxanalara göndərirdilər. İstintaq 1 il davam etdi və heç kim güman etmirdi ki, onlara qarşı ağır ittihamlar sürülə bilər. Hətta o vaxtlar SSRİ Milli Təhlükəsizlik naziri Abakumov təklif etmişdi ki, bu yeniyetmələri ağır cəzalandırmasınlar, lakin tezliklə nazirin özü başqa bir məsələ ilə bağlı ittiham edilərək həbs edilir, onun bu yeniyetmələrə heç bir köməyi dəymir.

Məhkəmə bu gəncləri və yeniyetmələri dövlət əleyhinə terror təşkilatı yaratmaqda və dövlətin rəhbər vəzifələrinin dəyişdirilməsi cəhdində günahlandıraraq ağır cəza tətbiq edir. Nəticədə təşkilatın rəhbərləri Boris Slutski, Yevgeni Qureviç və Vladilen Furman güllələnməyə məhkum edilir, 3 nəfər, əslində heç bir günahı olmayan, yalnız ittiham olunanlarla qohumluq əlaqələri olduğuna görə 10 il müddətinə, qalan 10 nəfər şagird isə 25 il müddətinə həbs cəzasına məhkum edilirlər.

1956-cı ildə qrupun sağ qalan üzvlərinin cəza müddəti endirilərək amnistiya aktı ilə azad edilirlər. Yalnız 1986-cı ildə onlar reablitasiya olunaraq bəraət alırlar.

Rüstəm HACIYEV

«Kulturologiya.ru» saytından tərcümə edilib.