Faiq QİSMƏTOĞLU: XANIM SÜRÜCÜLƏR MÜKAFATLANDIRILDI
Hər il 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi aksiya keçirir. Həmin ənənə bu il də davam edib. Belə ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir neçə qurum və şirkətlərlə birlikdə bayram günü xanım sürücüləri mükafatlandırıb. Həmin mükafatlara gül dəstələri, müxtəlif kuponlar və digər hədiyyələr daxil edilib.
Martın 8-də tədbir Heydər Əliyev sarayının yaxınlığından start götürüb və tədbiri işıqlandırmaq üçün müxtəlif televiziya kanallarından və KİV-dən jurnalistlər dəvət edilmişdi. Öncə il ərzində heç bir inzibati protokol tərtib edilməyən və qayda pozuntusuna yol verməyən sürücülər müəyyənləşdirilmişdi. Həmin xanım sürücülər yol polisi tərəfindən tam dəqiqləşdirilmişdi.
İlk xanım sürücü yol polisi serjantı tərəfindən saxlanılır. Polis serjantı ona salam verərək nümunəvi sürücü olduğu üçün hədiyyələrlə mükafatlandırılacağını bildirir. Bundan sevinən qadın yol polisinə və eləcə də tədbir iştirakçılarına minnətdarlığını bildirir. İlk növbədə polis serjantı xanıma gül dəstəsi təqdim edir. Bundan sonra tədbirdə iştirak edən ayrı-ayrı qurumların nümayəndələri də xanım sürücünü müxtəlif hədiyyələrlə təbrik edirlər.
Sonra isə bir-birinin ardınca yenidən bir neçə nümunəvi qadın sürücülər saxlanılaraq onlara hədiyyələr və gül dəstələri verilir. Bu hədiyyələri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölməsinin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdullayev təqdim edir. Və eyni zamanda xanım sürücünün nümunəvi sürücü olmasını onun diqqətinə çatdırır. Təbii ki, bu qədər hədiyyələr bolluğunda özünü xoşbəxt hiss edən sürücü təşkilatçılara, ilk növbədə yol polisinə öz sevgisini göstərir. Deyir ki, onlar həmişə bizim təhlükəsizliyimizi təmin edir, yol hərəkəti qaydalarına riayət edən xanım sürücülərə hörmətlə yanaşırlar. Nə az, nə çox Heydər Əliyev sarayının arxasındakı küçədə 10-a yaxın xanım sürücü saxlanılaraq yol polisi tərəfindən mükafatlandırıldı.
Tədbirin ardı Bakı Dəniz vağzalında davam etdi. Burda da neçə-neçə xanım sürücülər yol polisi tərəfindən saxlanılaraq onlara diqqət göstərildi. Yəni həmin xanım sürücülər də təşkilatçıların gül dəstələri, qiymətli hədiyyələri və digər süvenrlərilə mükafatlandırıldılar. Nümunəvi qadın sürücülərdən biri mükafatı qəbul edəndən sonra dedi ki, mən heç bir yerdə və heç bir şəhərdə xanım sürücülərə qarşı bu boyda diqqət, sevgi və məhəbbət görməmişəm. Buna görə, hər bir təşkilatçıya və o cümlədən yol polisinə öz minnətdarlığımızı bildiririk.
Həmişə olduğu kimi, tədbir "AzNeft” meydanında davam etdi. Burda da çoxlu sayda xanım sürücülər yol polisi tərəfindən saxlanıldı və onlara gül dəstələri, kuponlar verildi. Xarici markalı maşını idarə edən Gülnar Məmmədova yol polisinin bu aksiyasını yüksək qiymətləndirdi və bu tədbirin Azərbaycan xanımına yüksək qiymət verməsini dəyərləndirdi. Xanım sürücü bildirdi ki, bu cür addımların atılması yol polisilə bizim aramızda olan münasibətləri daha da doğmalaşdırır. Onsuz da yol polisi əksər xanım sürücülərə həmişə hörmətlə yanaşır. Amma elə qadın sürücülər var ki, bir də görürsən ki, yol hərəkəti qaydasını kobud surətdə pozur, hətta sükan arxasında sərxoş surətdə əyləşir. Bax, belə qadın sürücülər mütləq qanunamüvafiq surətdə cəzalandırılmalıdır. Heç bir sürücüyə imtiyaz verilmir ki, o, qanunu tez-tez pozsun və qaydalara əməl eləməsin. Və bu imtiyaz qadın sürücülərə də verilməyib. Ona görə də qanunlara əməl etmək hər bir xanım sürücünün borcudur.
Tədbir zamanı yol hərəkəti qaydasını pozan və yolda manevr qaydasına əməl etməyən xanım sürücü də saxlanıldı. Yol polisi serjantı xanım sürücünün qaydanı pozmasını onun diqqətinə çatdırdı və xanım sürücü hər şeyi etiraf etdi. Yol polisi əməkdaşı xanım sürücüyə dedi ki, bayram münasibətilə biz bu dəfə sizə protokol tərtib etmirik, xəbərdarlıq edirik və gül dəstəsi veririk. Təbii ki, yol polisinin belə humanist addımı xanım sürücünü sevindirdi. Eyni zamanda yolun təyin olunmamış hissəsindən keçən piyada xanım da yol polisi tərəfindən saxlanılaraq xəbərdarlıq edildi və ona da yol polisi gül dəstəsi bağışladı.
Mənzil Kommunal Təsərrüfatının yolu süpürən bir əməkdaşı da yol polisinin diqqətindən kənarda qalmadı. Süpürgəçi xanıma yol polisi hədiyyələr və gül dəstəsi verdi.
Tədbirin əsas təşkilatçılarından olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tədbirlə əlaqədar bildirdi:
- Siz özünüz də gördünüz ki, havanın soyuq və küləkli olmasına baxmayaraq, şəhərin neçə-neçə yerində nümunəvi xanım sürücülər əməkdaşlarımız tərəfindən saxlanıldı və onlar kuponlar, hədiyyələr və gül dəstələrilə mükafatlandırıldılar. Bu, artıq bizdə ənənə halına çevrilib. Yəni neçə illərdi ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bir neçə qurumla və şirkətlə birlikdə bu tədbiri gerçəkləşdirdi. Bu həm xanımlara diqqətdir, həm də yol polisinin hərəkət iştirakçıları ilə münasibətində yeni bir sivil addım atılması deməkdir. Hər halda, gördünüz ki, keçirdiyimiz bayram aksiyası yüzlərlə xanım sürücünün sevincinə səbəb oldu. Və bu tədbirdə iştirak edən KİV əməkdaşlarına da öz təşəkkürümü çatdırıram. Belə bir soyuq və küləkli havada axıra qədər iştirak etmək və onu işıqlandırmaq elə də asan məsələ deyil. Yəni tədbir iştirakçıları nə qədər çətinliklə üzləşdilərsə, bu məsələni işıqlandıran jurnalistlər də bir o qədər çətinliklər yaşadılar. Hər halda, bizim hamımızın zəhməti öz müsbət nəticəsini verdi.
Göründüyü kimi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi bayram aksiyası nümunəvi qadın sürücülərin çox böyük sevincinə səbəb oldu. Bu anlar, bu məqamlar düz gələn ilin 8 martına qədər o insanların yadından çıxmayacaqdı.