NAZiRLƏR QƏZETLƏRDƏN VƏ MüXALiFƏTDƏN iCAZƏ ALMALIDIRLARMI?!

AQİL ABBAS
31374 | 2009-07-30 00:35
Söhbət təkcə nazirlərdən getmir, ümumiyyətlə, yüksək vəzifəli dövlət məmurlarından gedir. Hər hansı bir dövlət tədbirində və yaxud Prezidentin yanında keçirilən hər hansı bir tədbirdə hansısa bir nazir, yaxud hansısa bir dövlət məmuru görünməyən kimi qəzetlər və müxalifət üçün gözəl bir mövzu yaranır.
   
   Dərhal həmin nazirin və ya yüksək vəzifəli dövlət məmurunun adı manşetə çıxarılır: "Filankəs ölkədən qaçıb"; "Filankəs ölkəni tərk edib"; "Filankəs ağır xəstələnib"; "Filankəsi müşavirəyə buraxmayıblar" və sair və ilaxır. Və bir şayiənin üstündə onlarla şayiə yaranır, müzakirələr gedir, ekspertlər münasibət bildirir, day nələr-nələr.
   
   Özü də bu şayiələr təkcə nazirlərə və yüksək vəzifəli dövlət məmurlarına yönəlmir. Hətta prezidentə də yönəlir.
   
   Çox gərgin çalışmalar keçirən prezident vay odu iki gün kimisə qəbul eləməyə, iki gün işə çıxmaya. Hər bir vətəndaş kimi prezidentin də istirahət hüququ var. Və təbii ki, əgər bu istirahət 45 gün (prezidentin tətil günlərini dəqiq bilmirəm) nəzərdə tutulubsa, heç vaxt prezident bu 45 gündən birdəfəlik istifadə eləmir. Bundan ilboyu istifadə edir. Ən uzunmüddətli istirahəti də təxminən 15 gün çəkir. Qalan istirahət günlərini isə ilboyu bölür.
   
   Yüksək vəzifəli dövlət məmurları da illik tətil günlərindən adətən birdəfəlik istifadə etmirlər. Buna həm dövlət işləri imkan vermir, həm də hər kəsin bir ailə tədbirləri də olur, buna görə müəyyən vaxtlarda öz istirahət hüquqlarından istifadə edirlər.
   
   Amma elə ki, yorğunluğunu çıxarmaq üçün üç və ya beş gün və ya on beş gün işə çıxmırlarsa, mətbuat aləmi qatır bir-birinə. Və yuxarıda dediyim manşetlər: "Filankəs ağır xəstələnib xaricə müalicəyə aparılıb"; "Filankəs ev dustağı edilib"; "Filankəsə aeroportdan çıxmağa icazə vermədilər"; "Filankəs artıq vəzifədən götürülüb". Şayiələr ölkəni bürüyür və bu şayiələrin də qabağını almaq mümkün deyil, həmin filankəslərin də qohum-əqrəbaları, dost-tanışları çaşırlar, buna inanırlar və həmin filankəsin də istirahəti zülmə çevrilir. Heç olmasa bunun bir 100-150 istəyəni var, telefon açırlar, ailəsini narahat edirlər, özünü narahat edirlər. Elə bu istirahətlərini dost-tanışa, qohum-əqrəbaya cavab verməklə keçirir.
   
   Ötən il Rəşad Məcidlə, Allah qoymamış kimi, Bodruma getmişdik. İstirahətimiz burnumuzdan gəldi. Heç demə qəzetlərin biri götürüb yazır ki, mən avtomobil qəzasına düşmüşəm, özü də Antaliyada, sürücü həlak olub, məni xəstəxanaya yerləşdiriblər və sair və ilaxır. Birinci oğlum zəng elədi.
   
   Uşağın səsi batmışdı.
   
   - Ata, sənə nə olub?
   
   - Heç nə.
   
   - Düzünü de.
   
   - Nəyin düzünü deyim?!
   
   - Bərk yaralanmısan?
   
   - Nə yaralanmaq, oğlum?
   
   - Bir qəzet yazıb ki, sən qəzaya düşmüsən, sürücü ölüb, sən də ağır vəziyyətdə xəstəxanadasan.
   
   - Ay oğul, yalandı.
   
   - Yox, yəqin bizə düzünü demirsən.
   
   Dedim yaxşı, mənə inanmırsan, al Rəşad əminlə danış. Rəşad uşağı birtəhər inandırdı. Təzədən evdən zəng elədilər. Nə bilim, day nə qədər dost vardı zəng elədi mənə. Telefonum susmaq bilmədi. Axırda götürüb redaksiyaya Oqtay Salamova zəng elədim. Dedim, qardaş, birinci səhifədə yaz ki, Aqil Abbas həqiqətən qəzaya düşüb, özü də ölüb, amma cəhənnəmdə deyil, cənnətdədi - Bodrumdadı. Bundan sonra telefon zəngləri kəsildi.
   
   İki-üç il bundan əvvəl bir vəzifəli dostum məzuniyyətdəydi. Səhər-səhər qəzetləri açarkən eynən mənim başıma gələn kimi oxudum ki, xaricdə qəzaya düşüb, yaralanıb. Dərhal telefon açdım, telefonu götürdü. Dedi, səhər hələ açılmayıb, xeyirdimi? Nəsə bir hadisə baş verib? Yadımdan çıxmışdı ki, Avropa bizdən iki saat geridədi, bizdə onun yarısıdısa, orda səkkizin yarısıdı, dedim, bəs belə-belə. Güldü. Dedi, eybi yox, ömrümü uzadıblar. İndi gör ona nə qədər zəng ediblər və istirahətini də burnundan gətiriblər.
   
   Bir dəfə də xaricdəydik. Qəzetçi dostlarımızdan biri dedi ki, istəyirəm redaksiyaya telefon açam deyəm ki, Qənimət Zahid suda boğuldu öldü, sonra da telefonu söndürüm. Səhər manşet eləsinlər. Qənimət Zahid də yazıq-yazıq baxdı.
   
   Mən bu iki misalı özümüzün başımıza gəlmişdi, yazdım. Yəni görün bir şayiə necə ayaq tutur, necə insanları rahatsız edir.
   
   Nazirlərin də, yüksək vəzifəli dövlət məmurlarının da Konstitusiya ilə təsbit edilmiş istirahət hüququ var. Və nə Konstitutsiyada, nə də hər hansı bir Qanunda yazılmayıb ki, yüksək vəzifəli dövlət məmurları - Ramiz Mehdiyev, Oqtay Əsədov, Ramil Usubov, Eldar Mahmudov, Kəmaləddin Heydərov, Ziya Məmmədov; Artur Rəsizadə, Əli Həsənov, Yaqub Eyyubov, Elçin Əfəndiyev (siyahını uzatmaq olar) tətilə çıxarkən qəzetlərdən və müxalifətdən rəsmi icazə almalıdırlar. Və insanların əsəbləri ilə oynamaq heç də yaxşı bir şey deyil.
   
   Sonda. Deyirlər, şayiə, yalan ayaq tutar, yeriməz. Amma Azərbaycan yeganə ölkədir ki, burda şayiələr ayaq tutur, yeriyir, özü də iri addımlarla yeriyir. Onların yeriməsinin qarşısını kəsmək üçün şayiələrə inanmayın.

TƏQVİM / ARXİV