adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Mart 2019 15:46
36635
ƏDƏBİYYAT
A- A+

Elçin Əfəndiyev Əbülfət Mədətoğlunun yaradıcılığından danışdı

Dəyərli ziyalımız, görkəmli yazıçı və tənqitçi hörmətli Elçin Əfəndiyev "Ədalət" qəzetinin baş redaktorunun müavini Əbülfət Mədətoğlunun yaradıcılığı barəsində AYB-dəki çıxışında bu fikirləri söyləyib:

Adalet.az həmin fikirləri oxucularına təqdim edir:

Əbülfət Mədətoğlunun (bu şairlə şəxsən tanış deyiləm, sadəcə, mətbuatda şeirlərini izləyirəm) yaradıcılığı, məncə, tutarlı bir əsas verir. Onun lirik qəhrəmanı:

Qəmi mehdən duyuram,
Qəmi şehlə yuyuram…
Nəm çəkməklə doyuram –
Başdan bu yolu seçdim

və yaxud:

Bu yorulmuş ürəyimi
Dalımca sürüdüm, gəldim…

yaxud da:

Su səpilmiş ocağam
Sönürəm için-için…

- deyir və bax, bu cür insani əhval-ruhiyyənin, poetik ovqatın mahiyyəti və səbəbi zənnimcə, ədəbi tənqid üçün maraqlı təhlil mənbəyi olmalıdır.

Bu şairin lirik qəhrəmanının ifadə etdiyi kədərin bədii-estetik səviyyəsi göstərir ki, həmin qəhrəman obrazlar dünyasının sakinidir, o, özünüifadəsi ilə özünü orijinal bədii surət səviyyəsinə qaldıra bilir və çox təmtəraqlı olmasaydı deyərdim ki, oxucunun qəlbinə yol tapır.

Sən məni
ovutmağa
cəhd etmə…
sən məni
ovudanda
daha çox ağrıyıram,
çünki mən
özümü
dahadan da çox
kədər üçün
qoruyub saxlayıram –
tək-tənha
qalmasın deyə…

Kədərin sirdaşı (dostu?!) olan bu lirik qəhrəman özü-özündən: «Mən yaşayıram yəni?»- soruşur və onun belə bir pessimist özünüifadəsinin poetik tutumu, estetik miqyası elə bir səviyyədədir ki, söhbət heç vəchlə maddidən yox, mənəvidən gedir, həmin sualın cavabını bəzi hind, yaxud da bəzi Hollivud filimlərindəki kimi, primitiv «göz yaşlarında», yaxud dünyanın epiqonçu «faniliyində» axtarmaq tamam yanlış bir yol olardı, bu cavabı vermək ədəbi tənqidin işidir, bu lirik qəhrəmanın əhval-ruhiyyəsinin bədii-estetik diaqnozunu tənqid qoymalıdır.
Görün bu kədər sirdaşının necə anları olur:

varlığımla
yoxluğumun
fərqi
sıfırdı
indiki anda.

Və bu o anlardır ki:

Bu anlar
ruhumla cismim
itirib bir-birini…
… nə mən onu xoşbəxt etdim,
nə də ruhum məni…


Kədər öz sirdaşının daxili aləminə elə sirayət edib ki, burada qızınmağa, hərarət hiss etməyə yer yoxdur:

göy üzü
ələkdən keçir,
qar dənələri
ulduzlar kimi
səpələnir.
əlimi,
üzümü
üşüdən
qar ulduzlar
çəkirb aparır
xəyalımı, fikrimi
isti,
mehriban,
işıqlı ulduzlara kimi…

Bu kədər sirdaşının düşüncələri xəyal aləmində onu «isti, mehriban, işıqlı ulduzlara kimi» apara bilir, ancaq yəqin ki, o, heç zaman həmin ulduzlara çata, orada məskunlaşa bilməyəcək, çünki «qar ulduzlar» o istinin, mehribanlığın, işığın içində əriyib yox olacaq, o «qar ulduzlar» yalnız üşütməyə qadirdir, nə olsun ki, bəlkə onların da əlçatmaz istiyə, işığa mənəvi ehtiyacı var, ancaq bu – tragik mənəvi ehtiyacdır, çünki həmin isti, həmin işıq onu elə o andaca əridib yox edəcək.

Qollarım
ağırlıq edir
bədənimə
çiyinlərimə
elə bil
daş asılıb
hər birinə
indi
doğma
isti bir ələ
dəli ehtiyac var
qaldırıb qoya
qollarımı yerinə

Düzdür, o, kədərin sirdaşıdır, ancaq kədər öz sirdaşını da yora bilər – olsun ki, bu, bir əlacsızlıq yorğunluğudur, ola da bilsin, ümumiyyətlə, həyatın yorğunluğu, yaşayışın mənasızlığından doğan yorğunluğudur – bunu tənqid müəyyənləşdirməlidir, bu yorğunluğun bədii-estetik ifadəsindəki emossional təsirin gücünü tənqid təhlil və izah etməlidir.

Tüpürüb getmək lazımdır,
mənası yoxdur heç nəyin.
Allah yolun göstərməyib
heç kimə tale seçməyin.

Kədərin doğurduğu belə bir çılğınlıqla bu lirik qəhrəman hara gedə bilər? – «tale seçmək» ki, mümkün deyil, çünki hər şeyin mənası olduğu bir məkana aparan yolun ünvanı yoxdur və o, yəni həmin lirik qəhrəman bu ünvanı ancaq təhtəl-şüur olaraq, intuitiv duya bilər:

Mən hələ də qəm çözürəm,
çözdüyüm qəmə dözürəm,
boyat dərdimdə bezirəm –
təzə ünvan duyan kimi…

Və əslində, bu lirik qəhrəmanın təhtəl-şüur duyduğu «təzə ünvan» da illyüziyadan başqa bir şey deyil.
Çözülən qəm, kədər artıq «boyat dərdə» çevrilib, daha buna dözmək mümkün deyil və yəqin elə buna görə də həmin «təzə ünvan» illyüziyadır, çünki başlanğıcdan bu tərəfə real bir ünvan var. Baxaq:

Mənimçün ayrılmış torpaq
Yaxasını açır –
Gedəcəm…

Bu, o kədərdən ayrılmağın son əlacıdır, ancaq burada, məncə, «mənimçün ayrılmış torpaq» şərti səciyyə daşıyır, yəni söhbət cismani ayrılıqdan yox, mənəvi ayrılıqdan gedir. «Cismani ayrılıq» isə, istəsək də, istəməsək də, məlum və mütləqdir:

Ehtiyatlı olun,
Qapılar bağlanır!
Hamı gözaltı
Yoxlayır
Sağın, solun…
Tərpənir qatar
Bir azdan
Mənzilə çatar…
… Platformadakı
Sükuta qoşulanda
Düşünürsən ki…
Bura qədərmiş yolun!
İstər gecə olsun,
İstərsə də gündüz,
Hardasa, haçansa
Qatardan düşürük biz!
Amma…
Təzə sərnişinlərin
Fitildəyir qatarı
Budur həyatın axarı…

Nəhayət, bu lirik qəhrəman kimdir, onun «kədər sirdaşı» olduğunu indiki halda, mənim timsalımda oxucu dedi, bəs, o, özü nə deyir, kimdir?

bəlkə də mən dünyada
şəxsi düşməni olmayan
tək adamam…
və bəlkə də mən
dünyada
öz düşmənlərinə dözən
ən bərk adamam…

O, görürsünüz, konkret olaraq, kim olduğunu demədi, çünki özünü «bəlkələrlə», gümanlarla axtarır və yəqin bunu tənqid deməlidir, onun xislətini tənqid açmalıdır və mənim fikrimcə bu lirik qəhrəman tənqidin ciddi diqqətinə layiqdir.

Fürsətdən istifadə edib, onun özünüifadəsi ilə bağlı hərdən nəzərə çarpan məqamlara aid bir iradımı da bildirmək istəyirəm:

Ürəyimin gözlərini
Ürəyinə elçi saldım…
Ürəyinin gözlərindən
Ürəyimə imza aldım.

Obrazlı misralardır. Sonra:

Ürəyimi açıb sərdim
Ürəyinin düz önündə…

Bunlar da obrazlı misralardır, ancaq buradakı «ürəyimi açdım» kimi şablon bəyənat, müstəqim, birbaşa deyim bu lirik qəhrəmanın sözü akvarellə, poetik eyhamla demək bacarığı ilə heç vəchlə uzlaşmır və birdən-birə:

Ürəyimlə mən dərd dərdim
Ancaq dünya düzənində…

Bu misralar şeirin müstəqimlikdən, birbaşalıqdan uzaq olan poetik həzinliyi ilə heç cürə uyuşmayan və bir oxucu kimi mənə emossionallığını itirmiş, yad səslənən misralar təsiri bağışladı, hətta buradakı şairanə obrazlı deyim də – «dünya düzənindən dərd dərmək» – köməyə çatmır, çünki dərddən bu cür birbaşa şikayət Əbülfət Mədətoğlunun illərdən bəri (ədəbi tənqidin isə görmədiyi) müstəqil və orijinal bir surətə çevirə bildiyi lirik qəhrəmanının daxilindəki kədərin incəliyinə, zərifliyinə doğma deyil, necə ki, başqa bir şerində həmin qəhrəmanın:

Çəkirəm başıma dərdi dərman tək,
Elə bil, acıma bal qatıram, bal!..
Kirpiyin ucuna yapışıb qalan –
Damladan könlümə xal salıram, xal!...

- kimi istedadla obrazlaşdırılmış deyimlərinə, doğrusu, mənim hayıfım gəlir, çünki buradakı patetika, dediyim həmin «dərd müstəqimliyi», bu lirik qəhrəmanın özünüifadəsindəki akvarellə işlənmiş zəriflik əvəzinə, onun daxili aləsminə yad olan qatı yağlı boyadan istifadə açıq-aşkar görünməkdədir.
Baxın, Əbülfət Mədətoğluna görə şairlik nədir (və şair kimdir):

şairlik əslində
ürəyi, ruhu
əbədi girov etməkdi…

və onun poeziyasının bir çox nümunələri bu fikri doğruldur, çünki uğurundan, hətta uğursuzluğundan belə aslı olmayaraq, bu şair nə yazırsa, ürəklə yazır, daha doğrusu, ürəkdən yazır.
Mən bəhs etdiyim bu şeirləri əsasən son iki-üç ilin mətbuatından götürmüşəm, bu yazını işləyərkən, kitabxanadan Mədətoğlunun 2011-ci ildə çap olunmuş «Hər görüş bir ümiddi» adlı kitabını da götürüb, orada toplanmış xeyli şeirin hamısını oxudum və düzünü deyim ki, bu kitabda zəif şeir, uğursuz şeir tapmaq olar, ancaq mən süni, boğazdanyuxarı yazılmış bir şeirə belə rast gəlmədim. Orasını da qeyd edim ki, bu şairin iti uclu poetik texnikası var və o, sərbəst şeirdə də, hecada da, destruktiv şeirdə də, qoşmada da, gəraylıda da professionaldır.

Haqqında danışdığımız lirik qəhrəman ilə ruh (şairlərin «girov saxladığı» ruh!) anlayışı arasında sıxı bir bağlılıq var və mən bu fikri bir az da açıqlamaq istəyirəm. Bildiyim dərəcədə Azərbaycan, rus, türk lüğətlərində bu anlayış, yəni ruh «hiss-həyəcan», «daxili dünya», «pisixi aləm», «qeyri-maddi aləm», «insanı Allahla qovuşduran qeyri-maddi varlıq» və s. mənalarda izah olunur, ancaq rəhmətlik Ağamusa Axundovun izahlı lüğətində daha orijinal və maraqlı bir anlatma var: «ruh – bədəndən çıxanda insan məhv olur» və Mədətoğlunun lirik qəhrəmanının ruhla bağlılığı elədir ki, onun kədərində oxucunun hiss etdiyi, duyduğu həmin poetik ruh olmasa, o da bir bədii surət kimi məhv olacaq.
Dediyim kitaba Nizami Cəfərov yaxşı bir ön söz yazıb və orada göstərir ki, Bəxtiyar Vahabzadə, Ramiz
Rövşən (elə Nizaminin özünü də bu siyahıya əlavə edək) Əbülfət Mədətoğlu poeziyası haqqında yazıb, onun yaradıcılığını yüksək qiymətləndiriblər – bu çox yaxşıdır və yaxınlarda mən mətbuatda bu şairin yaradıcılığı haqqında bir neçə səmimi yubiley məqalələrini (o cümlədən Vaqif Yusiflinin, Qurban Bayramovun, Vaqif Aslanın məqalələrini) də oxudum, ancaq bütün bunlar hələ ədəbi tənqidi ehtiva etmir, halbuki, bu poeziyanın bədii-estetik səviyyəsi ədəbi prosesin faktına çevrilməyə layiqdir.
Yəqin ki, kədəri ifadə etməyən (yaxud da etməmiş) poeziya mövcud deyil və mən ona görə bu şairin şeirləri üzərində dayandım ki, onun lirik qəhrəmanının timsalında yetmiş illik məcburi fasilədən – sosrealizmdən sonra folklorumuzdan, klassik roeziyamızdan axıb gələn poetik mənəvi ovqatın, poetik hissiyyatın həmahəng inkişafı kimi, poeziyamızda effektli poetik təmayülü, yaranmaqda olan müstəqil və maraqlı bir poetik qolu vaxtında görək və göstərək, tənqidimizin axtarışları, tapıntıları pauzalarla olmasın, həm də digər bədii hadisələr (əlbəttə, əgər varsa) tənqidimizin diqqətindən yayınmasın.
Başqa xarici dil bilmədiyim üçün, mən yalnız rus və türk ədəbi prosesini izləyə bilirəm və bu dəfə də rus yazıçısı Viktor Yerofeyevdən bir sitat gətirmək istəyirəm: yazır ki, «yalnız rus ədəbiyyatında deyil, ümumiyyətlə, dünya ədəbiyyatında pauzadır.» («LQ», 11 oktyabr 2017.)

Doğrusu, dünya ədəbiyyatı haqqında bu cür qətiyyətlə bir söz deyə bilmərəm, ancaq o pauza bizdə də həm bədii ədəbiyyatda, həm də ədəbi tənqiddə açıq-aşikar görünməkdədir və bəhs etdiyimiz kontekstdə tənqid, sadəcə, inertdir, onun axtarmaq, tapmaq və ədəbi prosesə təqdim etmək şövqü, ehtirası (bəlkə də həvəsi?) hiss olunmur.

Mən «bədii kəşf» dedikdə, yalnız müasirlərimiizi nəzərdə tutmuram, çünki bizim yaxın keçmişimizin elə qələm sahibləri var ki, onlar nəinki tənqidin diqqətindən kənarlaşıblar, hətta unudulmaqdadırlar, halbuki, onların yaradıcılığı belə bir «unutqanlığa» qətiyyən layiq deyil. Misal üçün, İsa İsmayılzadə XX əsr Azərbaycan poeziyasında görümlü yeri olan, obrazlı düşünən, bədii təxəyyülü orijinal bir şairdir və yaradıcılığının böyük dövrü sovet dönəminə təsadüf edən bu görkəmli şairin istedadı sosrealizm həmlələrinə, ideoloji təhriklərə sinə gərməyi bacardı, bu həmlə və təhrikləri, siyasi konyukturanı yaxına buraxmadı.

60-cı illərin ikinci yarısında, 70-in əvvəllərində İsanın və onunla birlikdə başqa bir görkəmli şairimizin – Ələkbər Salahzadənin poeziyası ədəbi tənqidin diqqət mərkəzində idi və ən maraqlısı, hətta əlamətdarı onda idi ki, o zamankı partiyalı tənqid bu şairləri ədəbi prosesin neqativ qəhrəmanlarına çevirmişdi. Onların sərbəstdə yazması ilə bərabər, poetik obrazlarındakı sərbəstlik, təhkiyələrinin orijinallığı, poeziyanın dili ilə bədii müqəvvanın (!) yox, canlı insanın psixologiyasını, hisslərini ifadə etməsi yalnız ayrı-ayrı tənqidçiləri yox, zövqləri «hamar estetika» ilə formalaşmış şairləri, yazıçıları da qıcıqlandırırdı və İsanı da, Ələkbəri də, onları müdafiə edənləri də həmin dövr MaoTzedun Çinindəki «mədəni inqilab» qəhrəmanları olan xunveybinlər («qırmızı keşikçilər») kimi «xunveybin» adlandırırdılar.

Zamanə dəyişdi, Çinin siyasi tarixində xunveybinlər bədnam bir şöhrət qazanaraq, tarixin çevrilmiş səhifəsində qaldılar, İsanın da, Ələkbərin də poeziyası isə – güman edirəm ki, artıq bunu söyləmək olar – zaman sınağından çıxdı, dəyişmiş antoqanist epoxaların sərhəddini adlaya bildi və bu gün ədəbi tənqidimiz bu şairlərin ədəbi prosesdə boş qalmış pozitiv mövqelərini – poetik haqqlarını bərpa etsə, elə bilirəm ki, qazanmış olarıq.