adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Mart 2019 00:28
27013
ƏDƏBİYYAT
A- A+

Məhsəti Gəncəvi


Rübailər

Yudun xətaləri, sən ey lütfkar,
Qulluq sırğan bütün qulaqlarda var.
Günahın yükünü götür, ey Allah,
Dar gündə kimsəni sən eyləmə xar!

Şam başından yanar, göz yaşı tökər
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şamə diqqət et!
Məhv olur başından ayağa qədər.

Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.

Ayla Zöhrə kimi üzünlə gözün,
Yusiflə quyutək xalınla üzün,
Sən buğdayı, mənsə samantək sarı,
Samansız buğda heç gördünmü özün?!

Arvadla kişini bağlayar kəbin,
Bu işə yol verir şəriət, ayin.
Mənimsə kəbinim bir rübaidir,
Varmı bu kəbinə yol verən bir din?

Çörəkçi yanında şagird olmuşam,
Müəzzindən qabaq yandırıram şam.
Oddan, sudan, undan qızıl çıxarıb,
Xarabatda qızıl ələrəm axşam.

Dün kaşı kuzəmi daşlara çaldım,
Sərxoşdum, bilmədim əlimdəm saldım.
Kuzə dilə gəlib dedi ki: mən də,
Sənin kimi idim, bu günə qaldım.

Görüşdə şəftəli bir bəhanədir,
Alma, üzüm, duzlu püstə, de, nədir?
Narım, alça olma, badam gözlərim,
Üzüm giləsitək yaş tökər bir-bir.

Gözəl, bax, bir mənəm, bir sən, nə xoş hal,
Nuş edək şərabı coşsun cah-calal.
Gecə yar zülfü tək uzansın fələk,
Sübhün açarını sən quyuya sal.

Gül dedi: "Bir sərv qamətli əgər-
Olsa, gözəl bağı bir cənnət edər".
Meh tənə vurdu ki: ""Qonşun tikandı,
Qonşudur çirkinlə daim gözəllər".

Gül yola baxırdı, rəngi solmuşdu,
Bülbülün eşqiylə gözü dolmuşdu.
Bayaq bəzəndiyi yaşıl paltarı-
İndi parçalayıb dəli olmuşdu.

Kişi ol əgər sən qadın deyilsən,
Bir an oxşamazsan başımı nədən?
Zər verər busəmə dünya şahları,
Zərsiz sən bir busə almazsan məndən!

Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət də olsan gəlmə, ey səhər!

Sən qəssabsan, mənsə qurbanınam, bax,
Dözərəm çatsa da sümüyə bıçaq.
Adətdir, satırsan kəsdiyini sən,
Məni öldürsən də, gəl, satma ancaq.

Şahlar sevincinə xəbərsən, ey gül!
Bülbülə ilhamsan, hünərsən, ey gül!
Bu lətif hüsnünlə qorxuram ki, sən
Sərxoş ayaqlara düşərsən, ey gül!

Toxunma könlünə biçarə gülün,
İncitmə qəlbini avarə gülün.
Səbanın eşqiylə olmuşdur, ey dost,
O qanlı köynəyi sədparə gülün.

Yetməzmi, qəribə verdin işgəncə,
Cəfanın hüdudu olmazmı, səncə!?
Demişdin; Gəncədə kamə yetərsən,
İndi bu mən, bu sən, bax, bu da Gəncə!..

Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından busə ver, allah,
Çünki o dodaqlar can dərmanımdır!

Vüsalınla dolu gecələr getdi,
Kirpiyimdən düşən incilər getdi.
Ürək rahatlığım, munisim, hər şey,
Sən getdin, səninlə bərabər getdi.





Xurşidbanu
Natəvan

 


Qərənfil

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəcmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!

***

Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,
Məsəldir mərdüm içrə: "Məst olan, əlbəttə, qan eylər".

Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,
Yəqinimdir, əgər, qan etmiş olsa, qanə-qan eylər.

Əgər qaşü gözün xişm eyləsə, ey mahi-növ, bir dəm,
Könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.

Nihani baxmağından iztirabi-könlüm, əfzundur,
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər?

Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil aşiyan eylər?

Üzün dövründə zülfün küfrə bənzər, tutmuş imanı,
Hərami xeylini kim böylə gəncə pasiban eylər?

Səba zulfün nəsmin gər aparsa vadiyi-Cinə,
Xötən səhrasını mişkin edib ənbərfəşan eylər.

Rəqibim görməsin bir nəşə, ya rəb, cami-işrətdən
Ki, məndən bisəbəb ol şuxi məstü sərkiran eylər.

Deyirlər: dərdi-eşqin adəm öldürməz, - dürüstdür bu
Və lakin əmr elər, mən kimi zarü Natəvan eylər.




Nigar Rəfibəyli

 
DURNA

Mən
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.


HƏBİBƏYƏ

Gənclik şəklimə baxdın
- Nə gözəldin, nə incəydin, - dedin.
Fikrə daldın. Gözlərin doldu.
- Niyə ağlayırsan, - dedim.
Şükür Allaha, ölməmişəm ki...
Dinmədin. Gözlərinin inci yaşı
Damla-damla töküldü
yanağından...
Anlayırdım, sən
gözəlliyin, incəliyin,
bir də əbədi olaraq
ötüb-keçən gəncliyin
ölümünə ağlayırdın...


DÜŞÜNCƏLƏR

Ağır düşüncələr içindəyəm
bu axşam,
Bilmirəm,
ömrümü düzmü,
əyrimi yaşamışam.
Ömür keçdi
axıb gedən sular kimi.
Əsib keçdi sevinclərim
bir qanadsız rüzgar kimi.
İndi ağır düşüncələr içindəyəm,
Bilmirəm
kiməm
nəyəm?
Ey mənim gəncliyimi xatırladan,
təzə qız,
bu sözləri səninçün
yazır titrəyir əlim,
Yazır ki, sən heç zaman,
ey ağıllı gözəlim,
Olmayasan mənimtək
dünyada yapyalqız.
Saçına dən düşəndə
ömrünün budağından
bir yarpaq salmayasan.
Belə həzin axşamlar
ağır-ağır fikirlər
bəhrinə dalmayasan.


BAHAR NƏĞMƏSİ

Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ,
Ruhuma bir adət olur çırpınmaq.
Məhəbbətim səndə, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim, həsrətdə qaldım.
Qışda sorağını uzaqdan aldım,
Dedim əmanətim, eşqim səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

Xoş nəğmələr qoşdum sənin adına,
Saf bir nəfəs kimi çatdın dadıma.
Bir həzin axşamda düşsəm yadına
Bil ki, məhəbbətim, könlüm səndədir,
Bahar nə nazəndə, nə nəzandədir.

AYRILIQ

Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...

Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.

Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.

Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!

Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!




Mirvarid
Dilbazi






Sən-qəhqəhə,
Mən-göz yaşı.
Hardasan, könlüm sirdaşı?
Tufanlıdır ömrün qışı.
Sən gül!
Mən gülə bilmirəm.
Şənlik içindəykən aləm,
Nədir könlümdəki bu qəm?
Neyləyim ki, mən bəxti kəm
Dərdimi bilə bilmirəm.
Qəm əyib məğrur başımı,
İtirmişəm sirdaşımı,
Selə dönən göz yaşımı
Üzümdən silə bilmirəm.
Səhrada bitmiş bir güləm,
Fəsli quraq keçən iləm.
İstəyirəm sənsiz öləm,
Neyləyim, ölə bilmirəm.


"Bölümdə qaldıqca vətən torpağı"

Yasəmən gül açıb, bəzəyib bağı,
Qönçəyə dolubdur gülün budağı,
Bölümdə qaldıqca vətən torpağı
Mən bu gözəlliyi duya bilmirəm,

Bahar sevincinə uya bilmirəm.
Sarmaşıb çəməndə yenə gül-gülə,
Nəğməli quşlar da gəliblər dilə,
Mən elə qəmliyəm, qəmliyəm elə,

Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Şuşam, Qarabağım, dağlar maralı!
Siz də yaralısız, mən də yaralı,

Elim düşən gündən sizdən aralı,
Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Sinəmdə dağı var Əskiparanın,

Ağrısı azalmırheç bu yaranın,
Düşmənlərə qalan dağım, aranım,
Sizsiz gözəlliyi duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.

Gün doğub, ürəyim işıqlanmayır,
Könlümdə çıraq yox, şam da yanmayır,
Çoxdandır saçlarım xınalanmayır,
Ürəyim şəhidlər qəbristanıdır,
Gözlərimdən axan göz yaşı deyil,


Nurəngiz GÜN


 

MƏNƏ SOYUQDUR
GÜNƏŞ

Günəş!.. Mənə soyuqdur,
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə dözümsüz oluram.
Axı üşüyürəm mən hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu üzündən.
...Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!..
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!......
Yerdə mənə yaman soyuqdur, Günəş!
Niyə gəldim
Nilufərlər solan çağı
Mən bu gölə niyə gəldim?
Niyə axı bura gəldim?
Gəlmişdimsə niyə gəlib,
Niyə getdim?
Ah, bilən yoxdur
bağrım başı nədən belə
bölük-bölük?
Nədən axı qəmgin olur
Könül belə o göl sarı?
Bəs nə üçün çıxdım getdim
Nilufərlər solan çağı?


Döydüm qapını

Şəngülümsüz, Şüngülümsüz
bir Məngülüm var, bir bəmbəyaz gülüm var.
Qürbətdən gəlirdim.
Döydüm qapını, utana-utana.
Oxudum mahnımı, mən yana-yana:
- Məngülüm! Aç qapını, mən gəlim.
Döşümdə ağrı gətirmişəm,
başımda təzyiq...
Buynuzlarım ki, yoxdur?
Olsaydı, ot yox,
At gətirdim, həyat gətirərdim,
At ucalıqdır, həyat - qanadlı bir nağıl!..
At gətirərdim, həyat gətirərdim.


Boşluq

Bomboş bir səssizlik,
bomboş...
Boşluqda nə sevgi, nə nifrət, nə səadət,
nə hiss, nə səs!
Atlıydım. Bəs hanı? Qamçım vardı, bəs hanı?
Atım sizə qalsın. Qaytarın qamçımı!
Qamçılamaq istəyirəm
bu boşluğu!




Sona Vəliyeva








Gəl gedək bu şəhərdən

Yığıb xatirələri də,
Gəl gedək bu şəhərdən.
Yarpaqlar saralıb,
Töküləcək qəfildən.

Sarı yarpaqlar içində,
Hər şey itib gedəcək.
Dəli xəzri küləyi,
İçimi göynədəcək.
Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.

Bu torpağın kədəri,
Dumandır, başından çıxır.
Payız qəmli qadın kimi,
Gözünü min yerdən sıxıb.
Çətin payızdan ötmək,
Qışdan bahara nə var?
Hardasa bizi gözləyən,
Bir günəşli qapı var.

Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.

***

Bir budaq kölgəyə möhtac,
Bir bulud yağışa ac,
Dərdinəmi gəzir əlac?
Düşübdü çöllü-biyaban,
Yol başlayıb gedən karvan.
Bir yolçuluq köhnə mərəz,
Arxadan harayım yetməz,
Getdiyi yol gedər-gəlməz,
Sən nigaran, yol nigaran,
Yol başlayıb gedən karvan.

ŞİRİN ÇİÇƏK

Ömrümə gəlişi bahar vaxtıdır,
Çiçəklər içində öz çiçəyimdir.
Taleyə yazılan tanrı baxtıdır,
Lalə çiçəyimdir, qız çiçəyimdir.

Bu da bir qismətdir, bal dadındadır,
İlıq arzuları içində min-min.
Balalar onsuz da bal dadındadır,
Çiçək şirinliyin mən indi gördüm.

Ay ürkək baxışlı körpə çiçəyim,
Sən hansı nağıldan çıxıb gəlmisən?
Sən mənim ömrümə gələnə qədər,
Necə yaşamışam, hardan biləsən?

Dünyanın sərvəti, varı, dövləti
Bu çiçək balanın telinə dəyməz.
Dünya gözlərində gülüşdü hələ,
Qayğılar hələki eyninə gəlməz.

Ay şirin çiçəyim, ay qız çiçəyim,
Gəlişin evimə gətirib bahar.
Hər ağac bir çiçək bitirməyibsə,
Dünya məhvərindən qopar, dağılar...


Kəmalə
Abıyeva







Yağış

Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan o səhər də bizimkidir.

Saçlarında, əllərində damcıların parıltısı,
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış,
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.


MƏKTƏB İLLƏRİ

Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə xoşbəxtdik biz onda.

Bir müəllim töhmətiydi dərdimiz,
Bir töhmətdən için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.

Məktəb illəri...
Ömrümün ən şirin duyğulu qayğısız günləri...
Hər anı bir ömrə bərabər sehirli günləri...
Ən təmiz arzulu günləri...

Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.

Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan...

Dünya hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq, yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.




Nəzakət









BACIMA

Təkəm, baxıb gördü ki,
Səni Tanrı verdi ki,
Həyatda doğmam olsun,
Dərdimi-sevincimi,
acımı-şirinimi,
yarı bölənim olsun.
Qəmimi azaldanım,
Şad günümdə qol açıb,
Deyib-gülənim olsun.
Təkcə güvənc yerim yox,
həm ərk edənim mənim.
Həm bacım, həm rəfiqəm,
həm də ömür yolumu
birgə gedənim mənim.
Şah taxtını neynirəm,
Başımda tacım mənim?
Min qardaşa əvəzsən,
Qeyrətli bacım mənim.

DARIXIRAM, AY ANA

Həsrət çəkən gözlərim dikilir yollarına
Darıxıram, ay ana.
Gülüşünü gəzirəm yad dodaqlar qaçanda,
Mən ətrini gəzirəm çöldə güllər açanda.
Toxunuram güllərə mən sənin əlin ilə,
Oxşayıram onları hey sənin dilin ilə.
Nə edim, necə edim?
Heç nə yetmir dadıma, sən düşəndə yadımag
Darıxıram, ay ana.

Bu dünyada dərmanı tapılmayan dərdimsən,
Məndən nəyi apardın, mənə nəyi verdin sən?
Xəzəl olub döşənim gələn yollarına mən
Sənsizlik həsrətindən qisası necə alım?
Mənə necə qıyırsan, xəzəl ömrü yaşayım?
Məni qovuşdur yenə analı anlarıma,
Körpəcə quzu kimi xınalı anlarıma.
Darıxıram, ay ana.
Səsin gəldiyi yerdən gəldi baharım, yazım,
Səsinə qurban olum, hanı o xoş avazın?
Sənsiz dünyam qarışıb, bu ömür nəyə lazım?
Hara tələsdin belə, bu imiş qara yazın?
Zümzümə eləyərdin "Qaragilə" havasın
Mən də heyran qalardım, o şirin avazına
Darıxıram, ay ana.

Əllərinə toxunsam, dərdim çıxar yadımdan,
Dönüb uşaq olaram, yüyürərəm üstünə.
Sənə heyran olaram, sənə qurban olaram.
Düşərəm mən analı günlərimin sehrinə,
Necə həsrət qalmışam əllərinin mehrinə.
Öpərəm, oxşayaram tellərindən birbəbir,
Ətirli nəfəsinlə mənə dünyanı gətir.
O xoş, o gözəl anlar düşər yenə yadıma,
Darıxıram, ay ana.

Böyütdün, "od götürdün" kirpiyinlə, gözünlə,
Mənə dünyanı verdin bircə kəlmə sözünlə.
Mehriban davranışı, dözümü, sədaqəti
Sən verdin, gözəl anam, ləyaqəti, qeyrəti.
Səndən aldığım dərslər hər an gəlir karıma,
Sənsiz qar yağıb sanki gül açan baharıma.
Darıxıram, ay ana.

Gördüyüm hər zərrədə səni axtarıram mən,
Gəl, gözümün işığı, sənsiz darıxıram mən.
Bu ayrılıq bənzəməz heç bir ayrılıqlara,
Gəl, aydınlıq gətir sən, bütün qaranlıqlara.
Gəlmək sənə çətinsə, məni çağır yanına,
Darıxıram səninçün, darıxıram, ay ana.
Darıxıram ay ana!




Səhər Əhməd








Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır
Qara gözündən, ay qız?

Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?

Bu nə dondu, geymisən,
Nə boynunu əymisən.
Bilirəm, gileylisən
Alın yazından, ay qız.

Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

***
Ayrılığın sahilində
Nə vaxtdı gözləyirəm.
Səni gətirəcək gəmi
Çoxdan batdı bilirəm.

Bilirəm, gəlməyəcəksən,
Yığıram gözlərimi.
Sənin "gələrəm" deməyin
"Gözləmə" demək kimi.

Mən də daha gözləmirəm,
Nə aşkar, nə gizlicə.
Ayrılığın sahilində
Yaşayıram eləcə.

Özümə bir yer seçirəm,
Bir ev qaralayıram.
Ayrılığın sahilində
Bir ocaq qalayıram.

Bu komada tək yaşamaq
Yaman xoşuma gəlir.
Elə buymuş sənin mənə
Vəd etdiyin o ömür.

Gecələr sükut dillənir,
Nəğmə oxuyur hərdən.
Ayrılığın sahilləri
Sevgi qoxuyur hərdən.