adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Mart 2019 00:28
12464
GÜNDƏM
A- A+

ZƏRİF DUYĞULAR ŞAİRİ

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

Neçə illərdi mən Sumqayıtda yaşayıb-yaradan Xatirə Fərəclinin şeirlərini izləyirəm. Onun 2007-ci ildə çap olunmuş "Sənin səadətin mənəm" şeirlər kitabı haqqında bir kiçik məqalə də yazmışam. Bu, onun yeganə kitabıdı və görünür, Xatirə xanım şeirə-sənətə çox məsuliyyətli yanaşdığı üçün hələlik ikinci kitabını çap elətdirməyə o qədər də tələsmir. Amma mətbuatda (ən çox "Azərbaycan" jurnalında) ildə bir dəfə şeirləri ilə oxucularına üz tutur. Və şeirlərində bir kimsəyə bənzəməz. Təbii ki, bu özünəməxsusluq onun fərdi dünyagörüşü, həyata, insanlara, təbiətə, gözəlliyə, sevgiyə və həmçinin ictimai-siyasi hadisələrə özəl münasibətindən irəli gəlir. Amma məni daha çox bu şeirlərdəki səviyyə maraqlandırır. Hamı sevgidən, Vətəndən, təbiətdən, dünyadan vaxtsız köçmüş əzizlərindən, 20 Yanvar və Xocalı soyqırımlarından, öz fərdi taleyindən yaza bilər-mövzu məhdudiyyəti yoxdur, amma necə yazar, bu suala Xatirə Fərəclinin son on ildə çap olunan şeirləri ilə cavab verməyə çalışacağam.
Xatirə Fərəclinin şeirlərində iki qüvvə üz-üzədir. Ümid və bu ümidin doğurduğu gözəl dünyanın rəngləri, çiçəkləri, bahalı duyğuları. Bir də həyatın ona bəxş etdiyi acılıqlar, hardasa keçmiş günlərdən doğan təəssüflər, arzularının reallaşmaması. Həyatımız, ömrümüz-günümüz həmişə bu iki qüvvənin mübarizəsi ilə səciyyələnir və Xatirə xanımın şeirlərindəki o baharlı duyğular da, o acı təəssüflər də bizə tanışdır. Amma hər birimiz bu hissləri fərdi şəkildə yaşamışıq.
Xatirə xanımın şeirlərində insan qəlbi ilə təbiət arasında bir harmoniya, təbiətin ahəngi ilə insanın ruhi çırpıntıları arasında paralellik müşahidə etdim. Dünyaya qar yağır, hər tərəf ağappaq, tərtəmiz.

İlk dəfə qar görən körpə
o körpənin ruhu,
dünyası rəngdədir hər yer.
Amma sonra "qalıb çirklənəcək,
ləkələr düşəcək bu qara".
böyüyəcək uşaq
baxa-baxa
belə yağan, əriyən qarlara

Bəs sonra? Uşaq böyüdükcə hər dəfə naxələfliklə, saxtalıqla üz-üzə gələcək və o qarlı, o təmiz dünyası eybəcərləşəcək. Ümumiyyətlə, Xatirə xanım əksər şeirlərində o təmizliyin, o saflığın tərənnümçüsünə çevrilir.Mən onun "Təbəssüm kimi" şeirini daha çox bəyənirəm, bu şeirdə insan və təbiətin ahəngi bir vurğuya köklənir:

Burda asta danış, güllər inciyər,
çiçəklər diksinər, hüşənər səsə,
bu nə eşq, nə ahəng, bu nə mənzərə
yaşıl bəyaz ilə girişib bəhsə.

ürəyin kəpənək qanadı burda,
qonur o budağa, qonur bu gülə,
bəzəkli, həvəsli ağaclar ilə
rəqs edib, rəng verir hər əsən yelə.

basdırın bahara, çiçəyə məni,
bundan ayrı nə var cənnət adında.
şəkillərdə donan təbəssüm kimi
qoy dünya beləcə qalsın yadımda.

"Basdırın bahara, çiçəyə məni"-mən heç bir şairin şeirlərində belə bir orijinal misra görməmişəm. Əsl cənnət də elə bahardadı, çiçəklərdədi. Hətta yol üstündə yorğun-yorğun duran bir daş da tamamilə fərqli bir planda, sırf daş kimi yox, insanın unudulmaz xatirəsi kimi obraza çevrilir. Bu daş hər yağan qarla üşüyür, amma dağları yaşadır. "Özün boyda xatirəsən, səni itirməyim barı". İnsan ömrü də axtarsan, o daşın ömrünə bənzər. Xatirə Fərəclinin mərhum həyat yoldaşına həsr elədiyi şeirlərində də nisgilli xatirələr dilə gəlir, amma itki üçün ağlamaq yox, sızlamaq yox, sadəcə bu itkidən sonra yaşanılan ömrün mənası ayazlaşır. Şeir, poeziya hər cür itkinin yerini verirmi?

Mən
bir şeir havasında,
bircə şeir havasında
dolanıram hər yeri.
qoşulub dağ ətəyində
topa-topa bulud kölgəsinə
axıb gedir ürəyim
yuyulur dünyanın kiri
unudulur kini.
sarır içimi gözəllik, lütf, kərəm
sevgim,
sevgilim şeirdir
vəfasız çıxsa
ölərəm.

Xatirə Fərəcli ahəngsizliyə, boşluğa və onların yaratdığı mənasız həyat tərzinə qarşı çıxır. Qəlbindən keçənlərin heç birini gizlətmir. Deyir ki: "darıxıram dəli kimi". "Nisgildən zəmi bəslədim, nə ilə biçim, bilmirəm. Boşluq qoparır bağrımı bu hiss nə biçim, bilmirəm". İnsan hansı yaşda olursa-olsun, özünü dərk etməyə, yaşadığı ömrün mənasını araşdırmağa can atır. Məsələn, onun "Bu dünya mənə yad, o dünya yalan, Başqa dünya varmı, köç edəm ora"-bu misralar qətiyyən pessimizmdən doğmur, sadəcə, bir şairin ruhi çırpıntıları kimi diqqəti cəlb edir. Amma bütün bu nisgilləri onun başqa ruhda yazılmış şeirləri inkar edir. "Pəncərəmdən baxan bahar, gəl, ömrümə, günümə gəl". Qadın qəlbinin romantikası da ona yad deyil. Xəyalsız yaşamaq olarmı? Yox! Səmaya, göylərə baxıb orda öz ruhunun dirənən yerini tapmaqgnə gözəl arzudu. "Kim çıxıb Ay ilə söhbətləşməyə, Ay bilir darıxan kimdir bu gecə".
Xatirə Fərəclinin "Xocalı" şeirini də oxudum və bu şeirdə bir Azərbaycan qadınının harayını, millətimizin ən böyük faciələrindən birinin yaşantısını duydum. Şamaxı yaxınlığındakı Türk məzarına həsr etdiyi şeirində isə bir qürur havası duydum.

sən bir qeyrət heykəlisən
özü boyda heykəl olmaq düşüb
sənin qismətinə
görən hansı ana səni
ağrısını sevə-sevə gətirmişdi
bu dünyaya
beşiyini yellədəndə bilirdimi
o bir igid ər böyüdür.

Xatirə Fərəcli müasir şeirimizin qadın yazarları arasında necə seçilir? Hər halda, az-çox haqqında söz açdığım şeirlər sübut edir ki, onun özünəməxsus deyim və duyum tərzi var.Öncə qeyd etdim ki, Xatirənin şeirlərində iki qüvvə üz-üzə gəlir. Bəzən birinci qüvvə-həyata, gözəlliyə, dünyaya nikbin baxış, bəzən isə ümidsizlik, boşluğa, tənhalığa qapılmaq, "mən dünyanın adamı, mən dünyada itkinəm" etirafı. Təbii ki, bunlar bir şairin səmimi yaşantılarıdır. Amma daha çox gözəlliyin, baharlı duyğuların şairi kimi görmək istərdim onu. Həm də çox istərdim ki, Xatirə Fərəcli yaşadığı, çevrəsində olduğu mühitin içərilərinə baş vursun, bu dövrün, bu dövranın təzadlarından da söz açsın. Axı, dünya, elə Xatirə xanımın öz dünyası təkcə sevgi yaşantılarından, nostalji hisslərdən, tənhalıqdan ibarət deyil.
Vaxtilə gözəl şairəmiz Ofelya Babayeva onun ilk kitabına yazdığı ön sözdə deyirdi ki, Xatirə Fərəclinin şeirlərini hələ qeyri-adi sənət əsərləri saymaq tezdir. Ancaq onun bədii tapıntılarının zərif bir qadın qəlbinin zərif hissləri olduğunu danmaq qeyri-mümkündür. O zəriflik indi də Xatirə Fərəclinin şeirlərində yaşayır. Özü də hər yeni silsilə şeirlərində o zərifliyin yeni çalarlarını görürsən. Bu qeydlərimi də Xatirə xanımın "Bayatısayağı" şeiri ilə bitirirəm:

O buludun kölgəsi
gör hardan hara düşür,
ordan uzanıb yerə
çəmən ilə öpüşür.

O buluddan aşağı,
bu çəməndən yuxarı,
ürəyim uçub gedir
üzü dağa axarı.

Bir nəfəslik ürəyəm,
bircə udumluq hava.
əyişib ruhum yenə
cismimlə qırğın, dava.

Aça-aça yozulmaz,
yoza-yoza çözülməz,
ümidim sarı yarpaq
əsər, əsər, üzülməz.