adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Mart 2019 00:11
7098
GÜNDƏM
A- A+

Qərib MEHDİ


(esselər)

SON
VERDİM
Bir zamanlar necə də xoşbəxt idim, İlahi! Özümü dünyanın ən zəngin adamı sanırdım! Nələrin sahibi olduğumu görsəydiniz, basılmaz qoşunu olan hökmran olduğumu eşitsəydiniz, şübhəsiz ki, heyrətlənəcəkdiniz.
Günəşli gündüzlər yoluma işıq saçır, aylı-ulduzlu gecələr mənə şirin nağıllar danışırdı.
Məni ucalığa yüksəldən dağlarım, dərinliyə endirən dərələrim vardı.
Küləklərim saçımı tumarlayır, dənizlərim qarşımda ləpə, dalğa oyunları çıxardırdı.
Bəstəkar quşlarım nəğmələrini, al-əlvan gül-çiçəklərim ətirlərini mənə bağışlamaqdan fərəh duyurdu.
Varidatımı deməklə bitən, söyləməklə sona yetən deyildi. Mənə məxsus olan bu dövlətin varlığı təhlükə tanımırdı. Özümə sual verirdim: "görəsən, həmişəmi belə olacaq?".
Tanrının yazısını dil müəllimləri oxuyub düzəliş etmək qüdrətində deyillər.
Bir gün onunla üz-üzə gəldik. Əvvəlcə baxışlarımız danışdı. Sonra ürəklər önə keçdi. Həftələr arxada qalandan sonra onlar söz açmaq üçün dilə "icazə" verdilər.
Nəhayət, həyəcan dolu titrək bir səslə dedim:
- Mən səni sevirəm!..
Onun məni göylərə qaldıran cavabı daha qısa oldu:
- Mən də!..
Bir-birimizə isnişəndən sonra "Mən səni sevirəm!" sözümü tirajlamağa başladım.
O da məhəbbətini öz tərzində, öz üslubunda bəyan edirdi:
- Ben seni seviyorum! Sen ürəksin! Sen benim aşkımsın! - görünür, türk filmlərinə çox baxırdı, Türkiyə türklərinin şirin ləhcəsi oradan gəlirdi.
Sərkərdənin, hökmranın yerlə-göyü birləşdirən qoşununun - günəşin, aylı-ulduzlu gecələrin, uca dağların, dalğalı dənizləring köçü başlamışdı. Köç bir yurddan başqa yurda, başqa ürəyə tərəf gedirdi. Mən getdikcə taqətdən düşür, zəifləyir, müflis olurdum. Görəsən, bu axın hara səmt götürmüşdü? Onu arayıb tapmaq mümkün olacaqdımı?
Görüşlərimizin birində Onu günəş qiyafəsində gördüm. Həm sevincim, həm təəccübüm artdı. Günəş olmaq ona necə də yaraşırdı!...
Sonra o, dalğalı dəniz, uca dağ, dərin dərə, şıltaq külək, nəğməli quş, ətirli gül-çiçək topası kimi qarşımda zühur etməyə başladı.
Köçün ünvanı mənə bəlli oldu. Məni güclü, qüdrətli göstərən bütün qoşunum Onun tərəfinə keçmişdi. Daha O, yenilməz idi. Sevərək təslim olmağın özü də bir şərəfli haldır.
Bundan sonra özüm üçün yaşamağa son verdim.
Bundan sonra taleyimin sevdalı, əzablı günləri qəlbimi fəth edəcək. Dünyanın xoşbəxti olmaq xülyalarım boşluğa yuvarlandı. Bəlkə də, xoşbəxtlik başqası üçün yaşamağın əzabındadırg

SƏN OLMASAYDIN...

İnsan sevəndə varlığını dərk edir. Yaxşı ki, mən səni sevdim! Sən olmasaydın, mən ömrü boyu kimliyini gəzən, ünvanını axtaran bir səfilə bənzəyərdim. Nə yaxşı ki, mən səni sevdim!

ARXAYIN OLA BİLƏRSƏN...

Mən sənin nəfəsinlə nəfəs alıram. Nəfəsinin bir parçasını ciyərimin bir küncündə gizləmişəm. O, məni tərk edəndən sonra ölümüm təsdiqlənəcək. Arxayın ola bilərsən, sonuncu nəfəsimə qədər sən mənimlə olacaqsan.
BƏS NƏDƏN...

Sən yaxında, lap yaxında olan yanar bir planetsən. Hər yan şölənə qərq olur. Ən iti hərəkətə işıq sürəti deyirlər. Bu qədər yaxınlığımda ikən, bəs nədən işığın gəlib mənə çatmır?