adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2019 11:34
77000
MÜSAHİBƏ
A- A+

Cavanşir Paşazadə: "İlham Əliyev hər bir vətəndaşını düşünür" - MÜSAHİBƏ

Milli Məclisdə 75 saylı Lənkəran-Masallı seçki dairəsini təmsil edən deputat, Yeni Azərbaycan Partiyasının üzvü Cavanşir Paşazadə müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir:

-Cavanşir müəllim. Mart ayının 15-də Baş Nazir Novruz Məmmədov Milli Məclisdə hesabat verəcək. Geridə qalan 2018-ci il üçün hökumətin fəaliyyətini necə dəyərləndirirsiniz?

-2018-сi il Azərbaycan üçün uğurlu il olub. Həyata keçirilən dövlət proqramları, sosial layihələr bunu deməyə əsas verir. Bildiyiniz kimi 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Cənab İlham Əliyev seçkilədə qələbə qazanaraq yenidən prezident seçildi. Cənab prezidentin yürütdüyü siyasət, həyata keçirdiyi mötəbər layihələr ölkəmizin daha da inkişafına köklənib. Bu siyasətin kökündə Azərbaycan xalqı dayanır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bu gün də bunu görürük. İlham Əliyev hər bir vətəndaşını düşünür. Onların probleminə dərhal reaksiya verir. Bu da onun lider kimi məxsusi və üstün keyfiyyətlərindəndir. Mən dünyada elə bir prezident tanımıram ki, hər bir vətəndaşın qəlbində rəğbət qazansın. İlham Əliyev isə bunu bacarır. Hökumətin 2018-ci ildəki fəaliyyətinə gəlincə mən bir millət vəkili kimi hökumətin fəaliyyətini yüksək qiymətləndirirəm.

-Regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2019-2023-cü illəri əhatə edən növbəti dövlət proqramı qəbul olundu. Yeni dövlət proqramı ilə bağlı sizin gözləntilərinizi bilmək istərdik.

-Regionların sosial-iqtisadi inkişafı ilə bağlı bundan öncə 3 dövlət proqramı həyata keçirlib. 2004-2008, 2009-2013, 2014-2018-ci illər ərzində həyata keçirilən bu dövlət proqramları sözün həqiqi mənasında regionların simasını dəyişib. İndi paytaxt Bakıdan üzü Şimala, və ya Cənuba tərəf yol salanda hər rayonun inkişaf etdiyini açıq aydın görmək olar. İndi sual oluna bilər ki, bu dövlət proqramları bizə nə verdi? Mən deyim. Birinci növbədə regionlarda yeni-yeni iş yerlərinin açılması ilə nəticələndi. Yadınıza gələr. Bundan öncə rayonda yaşayanların əksəriyyəti iş üçün Bakıya gəlirdi. Tikinti və digər sahələrdə çalışırdılar. Rayonlarda, kəndlərdə mənzillər, həyatyani sahələr demək olar ki, istifadəsiz qalmışdı. Həyata keçirilən dövlət proqramlarından sonra regionlarda yeni-yeni infrastruktur layihələri həyata keçirildi. Bir sıra xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektləri açıldı ki, bu da regionda olan vətəndaşların iş təminatını yaxşılaşdırdı. Nəticədə Bakıya gələnlər artıq regionlara, öz evlərinə qayıtmağa başladılar. Bundan əlavə həyata keçirilən proqramlar nəticəsində regionlarda demək olar ki, sosial problemlər minimum səviyyədədir. İçməli su, yol infrastrukturu və digər sahələrdə mühüm işlər görülür. Düşünürəm ki, yeni dövlət proqramı regionların inkişafını daha da sürətləndirəcək.

-Maraqlıdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı davamlı addımlar atılmasına baxmayaraq bu sahədə bir sıra problemlər hələ də öz həllini gözləməkdədir. Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?

- Milli Məclisin Aqrar Komitəsinin üzvü olduğum üçün mən kənd təsərrüfatı sahəsi üzrə bir neçə fikri demək istəyirəm. Məsələn Cənub bölgəsinin spesifik bitkiləri çay, paxla bitkiləri, pomidor və digər kənd təsərrüfatı , sitrus meyvələridir. Bu məhsulların becərilməsi üçün dövlət tərəfindən bütün adddımlar atılır. Məhdulların toxumu, gübrəsi müəyyən şərtlərlə fermerlərə verilir. Ancaq baxırsan ki, məhsuldarlıq ürəkaçan səviyyədə deyil. Bunun da müxtəlif səbəbləri var. Ən başlıca səbəb isə planlaşmanın olmamasıdır. Yəni, fermer məhsulu əkəkn zaman bu məhsulun yetişdirilməsi, satışı və digər prosesləri necə həyata keçirəcəyini planlaşdırmır. Çayçılığı götürək. Bu gün Cənub bölgəsində90-cı illərdə Xəzər dənizinin suyunun səviyyəsinin qalxması nəticəsində Astarada , Lənkəranda, Limanda olan əkin torpaqları errozlaşıb. Torpağın üz qatında bu hisas olunmasa da 2-3 metr dərinlikdə ciddi şoranlaşma var. Melorativ tədbirlərin düzgün həyata keçirilməməsi, torpaqların vaxtı-vaxtında yuyulmaması, torpağın suyunun çıxarılmaması bu problemi daha ciddi hal almasına səbəb olub. Çay da elə bitkidir ki, bu bitkinin kökü dərininə inkişaf edir. Ana kök torpaqdan su çəkmək üçün 3-4 metr dərinliyə gedir. İndi həmin ərazilərdə çay kolları əkirlər. Əslində bu düzgün deyil. Biz həmin kollardan müəyyən müddət məhsul ala bilərik. Dediyim kimi, kolun ana kökü erroziyalanmış sahəyə çatanda quruyacaq. Bu isə təbii ki, çəkilən əziyyətin havaya sovrulmasına gətirib çıxaracaq. Mən belə bir təklif hazırlamışam. Təklifim odur ki, Cənub regionunda olan dağətəyi və dağlıq ərazilərdə müxtəlif təsərrüfatlara məxsus olan torpaq sahələrində çay əkilsin. Bu torpaq sahələri meşə təsərrüfatına və digər təsərrüfatlara aid ola bilər. Baxın. Cənuba gedəndə hamımız görürük ki, dağətəyi ərazilərdə vaxti ilə kəsilən ağacaqlar nəticəsində müəyyən keçəlləşmə var. Həmin ərazilərə bu gün də ağac əkilmir. Torpaqlar boş qalıb. Aydın məsələdir ki, meşə təsərrüfatı olduğu üçün bu ərazilərdə əkinçiliklə bağlı işlər aparıla bilmir. Mən isə təklif edirəm ki, həmin bu ərazilərdə çay kolları əkilsin. Orada əkilən kollar həm torpaq münbit olduğuna görə, həm dəmyə yolu becərildiyinə görə bol məhsul verəcək. Yetişdirilən məhsul yüksək keyfiyyətli olacaq. Onun yetişdirilməsinə də ciddi vəsait sərf olunmayacaq. Bu torpaqların 10-15 faizindən istifadə etsək bu 10 min hektarlarla çay plantasiyası deməkdir. Bu çay kollarının əkilməsi həm dediyim ərazilərə müəyyən göllik verəcək. Bildiyiniz kimi, Cənub bölgəsi turistik bir regiondur. Bura dünyanın hər bir ölkəsindən turist gəlir. Təsəvvvür edir ki, onlar keçəl meşələr əvəzinə yaşıllığa bürünmüş cay plantasiyalarını görəcək. Belə bir görkəm görün onlarda nə qədər ruh yüksəkliyi yarada bilər.

-Melorasiya sahəsində də ciddi problemlər mövcuddur...

- Hələ 70-ci illərdə ulu öndər Heydər Əliyev cənabları birinci katib işlədiyi dövrdə demək olar ki, Azərbaycan 15 Respublika arasında yeganə Respublika idi ki, 80 faiz torpaqları mellorasiya olunurdu. O zaman əkinə yararlı torpaq sahələrinin əhatə dairəsini genişləndirmək üçün dağətəyi yerlərdə relyeflərin düzəldilməsi və bu kimi tədbirlər həyata keçirilirdi. Lakin sonrakı dönəmlərdə bu sahəyə demək olar ki, diqqət ayrılmadı. Nəticədə torpaqların altında olan, o zaman Çexslovakiyadan (Çexiya) qızıl pulla, od bahasına alınan direnaj durbaları bazarlarda satılmağa başladı. 20 ildir satılır bu hələ qurtarmır.

-Bunun qarşısını almaq olmazmı?

-Olar. Bunun üçün hər rayonda komissiya yaradılmalıdır. Kommisiya torpaqlarla bağlı mövcud vəziyyəti qiymətləndirməlidir. Kanalların təmizlənməsi, əlavə kanalların çəkilməsi prosesi sürətlənməlidir. Belə olan halda mövcud problem aradan qaldırıla bilər.

-Aqrar sahənin mövcud problemlərindən biri də texnika çatışmamazlığıdır. Bu hər məhsul yığımında özünü daha qabarıq şəkildə büruzə verir. Bu sahədə hansı addımlar atılmalıdır?

-Çatışmamazlıq hər zaman var. Çünki, inkişaf var. İnkişaf olan yerdə bu qaçılmazdır. Ancaq problemin kökü var. Bu da planlaşmadır. Mən yuxarıda da qeyd etdim. Fermerlər düzgün planlama edə bilmir. Buna görə də texnika çatışmamazlığı məsələsi gündəmə gəlir. Əgər ilin əvvəlində düzgün statistika verilsə o zaman bu problem yaşanmaz. Statistikaya görə bir rayonda 15 min hektak torpaq sahəsi əkilib. Ancaq reallıqda bu azdır. Məhsul yığımı zamanı isə bu statistika əsas götürülür. Nəticədə texnikaların böyük əksəriyyəti zamanın çoxunu yollarda keçirir. Ancaq düngün statistika olsa, hər rayonda nə qədər əkin sahəsi olduğu real bilinsə ona uyğun texnikalar biçin işinə cəlb olunar və beləcə texnika çatışmamazlığı kimi problem olmaz. Eyni zamanda kənd təsərrüfatı sahəsi üzrə mövcud problemlərin həlli ilə bağlı dəyirmi masalar keçirilməlidir. Bu dəyirmi masalarda nazirliyin mütəxəsisləri, millət vəkilləri, elm adamları iştirak etməlidir. Mətbuatsız, efirsiz təşkil olunan bu müzakirələrdə hərə öz təkliflərini səsləndirsin. Sonda perspektivli təkliflərdən yararlanılsın.

Yeri gəlmişkən mən subsidiya məsələsinə toxunmaq istəyirəm. Bugün fermerlərə subsidiyalar verilir. Bu çox gözəl. Ancaq gəlin görək fermerlər verilən subsidiyadan nə dərəcədə yararlanır? Bu vəsait Azərbaycanda məhsul istehsalına nə dərəcədə təsir göstərir? Mən sizə deyim. Tutaq ki, fermer gedir planını göstərir və 10 min və bundan aşağı vəsaitə imza atır. Fermer vəsaiti alandan sonra bu vəsaitin böyük əksəriyyətini öz izafi xərclərini ödəyir. Yerdə az bir məbləğ ya qalır və ya heç qalmır. Sonra məhsul yığımı zamanı gəlir fermer o öhdəliyi yerinə yetirə bilmir. Nəticədə iş olur məhkəməlik. Son anda fermer dövləti günahkar çıxarır. Bu yöndə də ciddi addımalr atılmalıdır. Fermerlərə verilən subsidiyalara ciddi nəzarət olunmalıdır. Eyni zamanda bu vəsait fermerlərə hissə-hissə verilməlidir. Tutaq ki, şum vaxtıdır və fermerin müəyyən vəsaitə ehtiyacı var. Həmin məbləğ fermerə ödənilsin. Daha sonra toxum almaq üçün müəyyən vəsait və beləcə biçin pulu ödənilsin. Belə olarsa bu sahədə ciddi uğurlar əldə etmək olar.

-Pambıqçılıqla bağlı ciddi iş görülür...

-Bəli. Azərbaycanda son zamanlar pambıqçılıqla bağlı böyük işlər görülür. Hər ötən il daha geniş ərazilərdə pambıq becərilir. Mən elə bilirəm ki, hazırda görülən işlər nəticəsində SSRİ dönəmində Azərbaycanın pambıqçılıqda qazandığı uğurlardan daha böyük uğurlar əldə edəcəyik. Cənab Prezidentin iştirakı ilə Gübrə zavodu da istifadəyə verilib. Bu zavodun istifadəyə verilməsi olduqca müsbət haldır. Biu zamana kimi gübrələrin böyük əksəriyyəti xaricdən gətirilirdi. Bu da izafi xərclərin meydana gəlməsinə, bir çox hallarda istənilən gübrənin fermerə çatmamasına gətirib çıxarırdı. Artıq yerli istehsalımız olacaq. Bu dediyim kimi həm xərclərin azalmasına həm də daha keyfiyyətli gübrələrdən istifadəyə gətirib çıxaracaq ki, sonda məhsuldarlıq artacaq.

-Son olaraq 2019-cu ildən gözləntiləriniz nələrdir?

-2019-cu il yeni başlayıb. Yuxarıda sadaladığımız kimi artıq il başlayandan bir sıra mühüm işlərlə bağlı ciddi addımlar atılıb. Düşünürəm ki, 2019-cu il Azərbaycan üçün daha düşərli il olacaq. Bildiyiniz kimi bu il həm də seçki ilidir. Ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hər seçkidə olduğu kimi demokratik və azad keçən seçkilərdə layiqli namizədlərin qələbə çalacağına əminəm. Azərbaycan xalqı bütün seçkilərdə öz sözünü açıq aydın deyib. Bu seçkilərdə də belə olacaq. Hər kəs sandıq başına gedib azad və demokratik şəkildə öz konstitusion hüququndan istifadə edəcək.