adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Mart 2019 00:38
6122
GÜNDƏM
A- A+

TÜRKİYƏNİN ƏN GÖZƏL XANIMI

Türkan Şoray Türkiyənin ən tanınmış qadınlarından biridir. Kinoulduzu kiçikdən tutmuş böyüyə kimi hamı tanıyır və sevir. 28 yaşına çatanda onun çəkildiyi filmlərin sayı 200-ə (15 il ərzində) çatmışdı. Bu, ildə orta hesabla 13-14 film deməkdir. Onun barəsində çox yazır və çox danışırlar. Aktrisanın portreti qəzet və jurnal səhifələrindən düşmür. Türkan Şorayın populyarlığı ölkə sərhədlərini də çoxdan aşıb. Sevilən aktrisanın iştirakı ilə çəkilən filmlər Yunanıstan, İran, Kipr və ərəb ölkələrində, habelə keçmiş sovet respublikalarında və indiki MDB ölkələrində müvəffəqiyyətlə nümayiş etdirilir. Xaricdə Türkan Şorayı "Şərqin Elizabet Teyloru" adlandırırlar.
Türkan Şoray 1947-ci ildə anadan olub. 1960-ci ildə teatr rejissoru və "Pesenfilm" kinostu-diyasının sahibi Nevzet Pesen İstanbulun küçələrinin birində təsadüfən Türkanla rastlaşır. Ye-niyetmə qızın gözəlliyinə valeh olan rejissor, Türkanın kinoya çəkilməsinə razılıq almaq üçün valideynlərinə müraciət etməli, olur. Onun kinoda ilk işi uğurlu alınır. Tezliklə Türkan Şorayın iştirakı ilə çəkilən "Məhəbbətdən qaçmaq olmaz" filmi ekranlara çıxır. Bir neçə aydan sonra isə o, rejissor Şəmsi Ezonukun "Nadinc uşaq" filmində baş rola çəkilir.
Bundan sonra 14 yaşlı Türkan digər rejissorlardan da dəvətlər almağa başlayır. Əgər Türkan Şoray 1960-cı ildə bir filmə çəkilmişdisə, 1961-ci ildə səkkiz, 1962-ci ildə isə artıq on bir filmdə müxtəlif rollar oynayır.
Türkan Şoray qısa bir zamanda populyarlıq qazanıb və müəyyən müddətdən sonra isə sənətkarlıq zirvəsinə ucalıb. Aktrisanın qəhrəmanlarının ümumi, oxşar tale yaşamaqları aydın görünürdü; Onlar şəriət qanunları ilə damğalanmış zavallı, alçaldılmış türk qadınlarıdır. Lakin Şorayın, demək olar, əksər qəhrəmanları sosial ədalətsizliyə qarşı öz qızğın etirazlarını bildirirlər. Türkan Şorayın çəkildiyi filmlərin süjetləri də bir-birinə çox oxşayır. Yılmaz Durunun rejissorluğu ilə çəkilən "Şərəf borcu" ekran əsəri ondan qabaqkı filmlər kimi zəhmətkeş insanların sosial vəziyyətindən bəhs edir. Bu film Anadolu kəndlərində hökmranlıq edən sələmçi ağanın istismarına məruz qalan yoxsulların dözülməz həyatını təsvir edir. "Şərəf borcu" kinolenti 1974-ci ildə Daşkənddə keçirilən Asiya və Afrika ölkələrinin III Beynəlxalq kinofestivalında göstərilib. Filmin qəhrəmanı Qürbət (T.Şorayın ifasında) adlı gənc qız ləyaqətini qorumaq naminə sələmçi Gildanla mübarizəyə qalxır. Dörd kəndin sakinləri, Qürbətin də ailəsi daxil olmaqla, sələmçi Gildanın borcundan yaxa qurtara bilmir. Sələmçi isə yalnız Qürbəti ələ keçirdikdən sonra borcları unutmağa hazırdır. Belə bir şərtlə razılaşmayan Qürbət, görünməmiş auksion təşkil edir: kimsə onun ailəsinin borcunu ikiqat ödəsə, o həmin adama ərə gedəcək.
Bazarda qoyun-quzu ilə barabər gəlin də satılır. Alıcılar ona qiymət qoyurlar. Bu zaman sələmçi üzərində ona borclu qalan yüzlərlə savadsız kəndlinin barmaq izləri olan siyahını cibin-dən çıxarır.
O qışqıraraq deyir: "Baxın, burada dörd kəndin borcu var"! Bayaqdan hay-küy salan camaat indi sakitcə ümid və həyəcan içində dayanıb, Qürbətin qərarını gözləyir. Qız kəndliləri borcdan azad etmək məqsədilə sələmçiyə təslim olur. Bundan sonra toya hazırlıq görülür.
Bu zaman şəhərə qazanc dalınca gedən qəhrəmanın sevgilisi qayıdır. Lakin o, borcu ödəmək üçün lazım olan məbləği toplaya bilməyib. Toy günü o adaxlısını qaçırdır. Sələmçi onları təqib edir. Qürbətin sevdiyi oğlan sələmçinin atəş açdığı güllədən həlak olur. Qəhrəman sevgilisinin inti-qamını almaq üçün Gildanı öldürür. Beləcə, xeyir və şər arasındakı mübarizə sona çatır. Türkan Şoray bu filmdə güclü, nadir cəsarətə malik yaddaqalan qadın obrazını yaradıb. Ailə sədaqətini qorumaq və kasıbların müdafiəçisi olmağı özünə şərəf borcu hesab edən Qürbət-Şoray realist oyunu və temperamenti ilə tamaşaçı rəğbətini qazanır.
Onun qəhrəmanı filmin əvvəlində sadə, zəhmətkeş və xeyirxah kəndli qızı idi. O, ailənin rifahı naminə səhərdən axşamadək yorulmadan çalışır.
Lakin filmin yarısında o, qətiyyətli, mübariz və iradəli qadına çevrilir. Türkan Şorayın iştirakı ilə çəkilən daha bir film quruluşçu rejissor Xalid Refiqin "Nişanlı Sultan" kinolenti türk kəndində mövcud olan feodal adətlərin ifşasına həsr edilib. Şorayın filmdə yaratdığı Sultan adlı gözəl qızın taleyi minlərlə türk qızların taleyinə bənzəyir. Filmin qəhrəmanı köhnəlmiş adətlərə qarşı etiraz səsini ucaldır. Tənqidçilərin fikrincə, bu kadrlar dünya kinosunun ən yaxşı realist ənənələri formasında öz həllini tapıb. Qeyd etmək lazımdır ki, yuxarıda adıçəkilən filmlərdən fərqli olaraq, Türkan Şoray daha çox melodrama janrında olan filmlərdə də unudulmaz rollar yaradıb. Onun bənzərsiz gözəlliyi, mənalı baxışları, yaraşıqlı qaməti daim rejissorların diqqət mərkəzində olub. "Qırmızı ləçək" "Sərçə balası" və "Yol" kinofilmlərində oynadığı rollar aktrisaya tamaşaçı məhəbbəti və şöhrət gətirib. 1972-ci ildə istedadlı aktrisa "Qayıdış" filmində baş rolu ifa etməklə bərabər, ilk dəfə quruluşçu rejissor ampluasında da çıxış edir. "Gülhanın gözəlliyi kənddə böyük nüfuz sahibi olan dövlətli Rezhitin nəzərindən qaçmır.
O, Gülhanla evlənmək istəsə də, qız razı olmur və kasıb ibrahimə ərə gedir. Bu izdivacdan xəbər tutan Rezhit qisas alacağına and içir.
Bu arada minlərcə işsiz türk vətəndaşı kimi İbrahim də qazanc əldə etmək üçün Qərbi Almaniyaya gedir. Rezhit Gülhanı ələ keçirməyə cəhd göstərir. Lakin qız sevdiyi oğlana sadiq qalır. Qəzəblənmiş Rezhit Gülhan barədə çirkin şayiələr yayır. Avam qonşular isə böhtanlara inanır. Gülhandan üz döndərir və onun xəstə uşağına yardım etməkdən imtina edirlər.
Ərini, oğlunu, torpağını itirən Gülhan dövlətlini öldürür; final faciə ilə bitir: xaricdən alman arvadı ilə qayıdan İbrahim yolda avtomobil qəzasında həlak olurlar. Möcüzə nəticəsində sağ qalmış onların uşağını Gülhan övladlığa götürür. "Qayıdış" filminin qısa məzmunu bundan ibarətdir. Bu film 1973-cü ildə VIII Beynəlxalq-Moskva Kinofestivalında böyük müvəffəqiyyətlə göstərilmişdi. Məmnun qalan tamaşaçılar türk kinosunun görkəmli sənətçisini alqışlarla qarşılamışdı.
Türkan Şorayın ikinci rejissor işi "iztirab"(1974) filmidir. Burada da baş rolun ifaçısı Şorayın özüdür.
Bu ekran əsərində xəstə övladı ilə böyük şəhərə gələn kəndli qızından və onun rastlaşdığı daşürəkli məmurların biganəliyindən söhbət açılır. 1976-ci ildə Türkan Şoray növbəti dəfə "Əsla və daima" filminə quruluş verir. Emosional gərginliyi çox olan "Əsla və daima" filmi rejissor ustalığı nöqteyi-nəzərdən çox parlaq ekran əsəri hesab edilir.
Türkan Şorayın aktyorluq məharəti və rejissorluq bacarığı onun hərtərəfli istedada malik olduğunu sübut edir.
Yeri gəlmişkən, deyək ki, o, həm də türk estradasının qabaqcıl ifaçısı kimi də şöhrət qazanıb. Vətənində onun barəsində belə deyirlər: Türkan ekranda ağlayanda və güləndə tamaşaçıda elə təsəvvür yaranır ki, bu türk qadını ağlayır və gülür. Aktrisa üçün bundan yaxşı tərifəlayiq söz tapmaq çətindir.