O UŞAQLARI AğLATMAYIN, QARDAŞLAR!

AQİL ABBAS
26123 | 2009-07-23 00:55
"Göz yaşının ən acısı içəriyə axanıdı". Bu misra vaxtilə çox istedadlı bir şairə xanım vardı - Rəhilə İsmayıllı, onundu. Rəhilə xanım şükürlər olsun indi də var, təhsillə məşğul olur. Çox təəssüf ki, son illər şerlərinə rast gəlmirəm. Mövzum tamam başqadı, amma bu misra gərək olacaq.
   
   Bu gün Ağdam şəhərinin işğal günüdü. Ağdam şəhəri 6 minə yaxın övladı ilə şəhid oldu ki, Azərbaycan ölməsin, Azərbaycan yaşasın. Arada bizə daş da atdılar, kəsək də atdılar, söz də atdılar, biz dözdük və dözürük. Dözdük və ona görə dözürük ki, Ağdamı və Şuşanı azad edəcəyimiz günə inanırıq və o gün üçün yaşayırıq. Və əgər o günə inanmasaydıq, iki metr çatı tapıb özümüzü çoxdan asardıq.
   
   Bu yazım futbola aiddi. Neçə il bundan qabaq bugünki gün baş vermiş bir hadisəni hələ də unuda bilmirəm. Hələ də məni göynədir və o göynərti də bu yazını yazdırdı.
   
   Taleyin bir istehzası. Ağdamın işğal günü "Qarabağ" komandası UEFA kuboku uğrunda yarışlarda yaşıl meydançaya çıxmaq məcburiyyətindədi. Bu qədər ağrı-acı ilə 30-40 min adamın önünə çıxıb futbol oynamaq, hətta uduzsan belə qəhrəmanlıq tələb edir.
   
   Bu bir təsadüfdümu, yoxsa taleyin istehzasıdırmı, 10-12 il əvvəl yenə də Ağdamın işğal günü "Qarabağ" komandası UEFA kuboku uğrunda yarışlarda yaşıl meydançaya çıxmağa məcbur olmuşdu. Çexiyanın Yablonets şəhərində "Yablonets" klubu ilə qarşılaşırdıq.
   
   Yablonets də Ağdam kimi gözəl bir dağətəyi şəhərdi, meşənin içindədi. Elə adamları da ağdamlılar kimi qonaqpərvərdi. Oyundan bir gün qabaq Nazim Abdullayev, Elbrus Abbasov və mən şəhərin və Çexiyanın yüksək səviyyəli dövlət məmurlarının qonağı olduq. Məclisdə Çexiyanın daxili işlər naziri, Futbol Federasiyalarının prezidenti, Praqanın və Yablonetsin şəhər merləri iştirak edirdilər. Və söhbəti fırlayıb gətirdik müharibəyə və təbii ki, Ağdamdan danışdıq, Ağdamın tarixindən danışdıq, Ermənistanın işğçalçılığından danışdıq və dedik ki, sabah Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündü. Loru dillə desək, biz həm Çexiyanın dövlət məmurlarını, həm də futbol ictimaiyyətini bişirə bildik. Bunu da bilirsiniz ki, futbola siyasət qarışa bilməz. Amma biz üç qardaş bunu bacardıq.
   
   Səhər futbol başlayan kimi hakim oyunu saxladı. Diktor stadiona elan elədi ki, bu gün bizim qonağımız olan "Qarabağ" komandasının təmsil etdiyi Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Xahiş edirik həmin şəhərin şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edəsiniz.
   
   Bütün stadion qalxdı ayağa, bir dəqiqəlik sükuta daldı, həmin oyun da televiziya ilə bütün Avropada yayınlandı. Bir həftə sonra Yablonets Bakıya gələndə məlum oldu ki, buna görə klub külli miqdarda cərimələnib. Amma qonaq futbolçular bundan heç peşman olmadıqlarını da bildirdilər.
   
   Həmin oyunda qəribə bir hadisə baş verdi. O hadisə ki, məni bu gün də göynədir. Nazim Abdullayev, Elbrus Abbasov və mən oğlanlarımızı da özümüzlə aparmışdıq və bütün oyun boyu bu uşaqlar Azərbaycan bayrağını başları üstünə qaldırıb stadionda fırlanırdılar. Biz də şərəf tribunasında oturmuşduq. Oyunun birinci hissəsi idi 2 : 0 uduzurduq. Birdən 3-cü topu da vurdular. Bu vaxt oğlum Toğrul qalxdı bizim yanımıza. Gördüm uşaq əsir və başladı ağlamağa. Oğlum mənim kimi futbol azarkeşi deyil. Uşaq sadəcə olaraq Ağdamın işğal günü sevdiyi komandanın uduzmağına ağlayırdı. Mən onu sakitləşdirməyə çalışdım:
   
   - Ə, yekə kişisən, bizi biabır eləmə, camaat baxır. Futboldu də, ağlama. Ağlama, köpəyoğlug
   
   Və birdən özümü necə hönkürtü tutdusa şərəf tribunasında oturan çexiyalılar xeyli müddət məni sakitləşdirə bilmədilər. İndi də Nazim Abdullayev deyirdi:
   
   - Ə, yekə kişisən, bizi biabır eləmə, camaat baxır.
   
   Eh, nə camaat, nə biabırçılıq. Mən uduzmağımıza ağlamırdım. Heç vaxt ağlamağa qoymadığım, ağlamağın nə olduğunu bilməyən oğlumun ağlamağı ağladırdı məni. Onun göz yaşları göz yaşı deyildi, xəncər idi, ürəyimi deşirdi. Elə bil Ağdam indicə şəhid olmuşdu. Beləcə ata-bala qucaqlaşıb ağlaşdıq.
   
   "Qarabağ"ın Bakıda 2-3 min uşaq fanatı var. Biz Sumqayıtda oynayarkən bu uşaqlar avtobuslardan sallaşıb gəlirdilər oyuna baxmağa. Əllərində də bayraqlar. Və "Qarabağ" uduzanda bu uşaqlar hönkür-hönkür ağlayırdılar mənim oğlum kimi. Və o uşaqların da göz yaşları yandırırdı məni. Çox vaxt gedib o uşaqların aralarında otururdum.
   
   Komandamız oyuna çıxanda futbolçulara həmin uşaqları göstərib deyirdim:
   
   - Sizə qurban olum, o uşaqları ağlatmayın. O uşaqların sizdən başqa heç nəyi yoxdu.
   
   Doğrudan da o uşaqların "Qarabağ" futbol komandasından başqa heç nələri yoxdu. Nə evləri, nə eşikləri, nə hər axşam bazardan əli dolu qayıdan ataları, nə sevincləri, nə sevgiləri, nə futbol oynayacaq, nə də qız üstə dalaşacaq məhlələri. Heç nələri yoxdu. Bircə siqaret çəkməyə Bakı küçələri. O uşaqların "Qarabağ" komandasından başqa heç nələri yoxdu.
   
   Bu gün Ağdamın işğal günüdü və bu gün "Qarabağ" futbol komandası yenə yaşıl meydançaya çıxmaq məcburiyyətindədi. Ağrısı-acısıyla, dərdi-qəmi ilə.
   
   Yenə o uşaqlar stadionda olacaqlar.
   
   Sözüm "Qarabağ" komandasının futbolçularınadı!
   
   O UŞAQLARI A

TƏQVİM / ARXİV