adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Mart 2019 00:36
7980
GÜNDƏM
A- A+

KAŞ ONUN ŞAGİRDİ OLAYDIM YENƏ...

Musa
NƏBİOĞLU
Əməkdar
mədəniyyət
işçisi


Əslində bu yazı lap çoxdan yazılmalıydı. Ancaq müəyən səbəblərdən alınmırdı. Son bir ayda dəfələrlə kompüterin qabağında oturub yazmaq istəsəm də, heç cürə özümü bu yazıya kökləyə bilmirdim. Ona görə yox ki, yazmağa söz tapmırdım, əksinə, ona görə ki, mənim (təkcə mənimmi?!) qəlbimdə həmişə özəl yeri olan bu gözəl insan haqqında söz deməyin məsuliyyətini bilir və nədən başlamaqda çətinlik çəkirdim.
Mart ayının ilk həftəsində ənənəvi olaraq evdə və işdə adətən söhbətin daha çox 8 Mart Beynəlxalq qadınlar günündən və bu bayrama hazırlıqdan getməsi isə bu yazını yazmaq üçün bir növ stimul oldu. Axı, bu günlərdə hər kəs ona doğma olan qadını - anasını, bacısını, ömür-gün yoldaşını, müəlliməsini - bir sözlə, həyatında önəmli yer tutan qadını necə təbrik edəcəyini düşünür.
Övladı orta məktəbdə oxuyan valideynlərdən "yenə 8 Mart" gəldi kimi giley-güzar eşitmək isə məni təxminən 40-45 il öncəyə apardı. Onda da bu bayram qeyd olunurdu. Biz də öz müəllimələrimizi təbrik edirdik. Amma necə?! Valideynlərimizə heç bir problem yaşatmadan və müəllimələrimizin də bizdən belə bir tələbi və istəyi olmadan. Gedib təbiətin qoynundan bir dəstə nərgiz, bənövşə gülü dərər və bir də ürək sözlərimizi yazdığımız açıqca ilə təbrik edərdik. Və bu bayram ərəfəsində yenə də istər məktəbdə şagird, istərsə də tələbə ikən və sonrakı illərdə hər il böyük məhəbbətlə təbrik etdiyim, dünyasını dəyişəndən sonra isə hər zaman minnətdarlıqla xatırlayıb ruhuna dualar oxuduğum Tamara müəlliməni xatırladım. 8 mart bayramında kəndimizdə ən çox təbrik alan, poçt vasitəsi ilə də uzaq-uzaq şəhərlərdən ünvanına ən çox təbrik məktubu gələn məhz Tamara müəllimə olardı.
O Tamara müəllimə ki, ömrünün 50 ilini Darvaz orta məktəbində gənc nəslin təlim-tərbiyəsinə həsr edib, gürcü dilini tədris edib, bizlərə gürcü ədəbiyyatının klassiklərini, gürcü ədəbiyyatının şedevr əsərlərini tanıdıb, sevdirib.
...Tamara Makarovna Mosidze 1919-cu ildə Gürcüstanın paytaxtı Tiflisdə anadan olub. Orta məktəbi bitirdikdən sonra universitetə daxil olub. Amma o zaman ikinci dünya müharibəsinin qızğın dövrü idi və əli silah tutan hər kəsi cəbhəyə göndərirdilər. Eləcə də ali təhsilli qızları da müəyyən müddət kurs keçdikdən sonra tibb işçisi kimi cəbhəyə aparırdılar. Tiflisdə də şaiyə gəzirdi ki, universitetdə oxuyan qızları da cəbhəyə göndərəcəklər. Bu səbəbdən də, yəni cəbhəyə getməmək üçün Tamara xanım universitetdə təhsilini yarımçıq qoymalı olur. Amma ali təhsil almaq fikrindən tamamilə əl çəkmir. Az müddət sonra Tiflisdəki o zamankı A.S.Puşkin adına Dövlət Pedaqoji İnstitutuna daxil olur. 1946-cı ildə institutu bitirəndə onu təyinatla Bolnisi rayonundakı Darvaz orta məktəbinə göndərirlər və o, burada gürcü dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Bu o vaxt idi ki, ikinci dünya müharibəsi təzəcə qurtarmışdı və ölkənin hər yerində olduğu kimi, Darvazdan da müharibəyə gedib Qələbə gününədək sağ qalanlar artıq doğma yurda qayıdırdılar. Döyüşən ordu sıralarında şərəfli bir yol keçən Əbdürrəhman Nəbiyev də cəbhədən sinəsi ordenli-medallı qayıtmışdı və Darvaz orta məktəbində müəllim işləyirdi.
Gənc və yaraşıqlı Tamara xanım Əbdürrəhman müəllimin diqqətini çəkir və onlar bir-birlərinə könül verərək ailə qururlar. Darvazın şair oğlu, tanınmış ziyalı Əlləz Novruz demiş, Tamara xanım öz sevgisi, məhəbbəti naminə Tiflisi dağ kəndinə dəyişib. Burada həyatın sınaqlarıyla üzləşib, çətinliyə dözməyi də öyrəşib. Qohumdan, qonşudan dala qalmayıb. Eldə-obada hörmət qazanıb, rayonda bacarıqlı müəllim kimi tanınıb:

Doğma Vətən bilib Darvaz elini,
Şan-şöhrət qazanıb, adı ucalıb.

Onların bu evlilikdən dörd qız övladları dünyaya gəlib. Dördünə də ali təhsil veriblər. Ailənin böyük qızı Gülnarə xanım hazırda Ukraynanın Donetsk şəhərində yaşayır. Onun ömür-gün yoldaşı Fərman Gülməmmədov Ukraynanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professordur. Oğlu Polad da tibb üzrə professordur, kafedra müdiridir, qızları Leyla və Mədinə də həkimdirlər. Ümumiyyətlə isə, Tamara xanımın on nəvəsindən beşi həkimdir. Ailənin digər üç qızı hazırda Bakıda yaşayır.
Tamara müəllimədən, onun eldə-obada adı həmişə hörmətlə çəkilən nümunəvi ailəsindən və ləyaqtəli övladlarından danışıb da, həyat yoldaşı, Borçalıda bir el ağsaqqalı kimi böyük hörmət və nüfuz sahibi olmuş Əbdürrəhman müəllimdən söhbət açmamaq insafsızlıq olar. Bəlkə də, Tamara müəllimənin özünün heç bir xidməti olmasaydı belə, təkcə Ədürəhman müəllimə görə də kənddə hamı ona hörmət edərdi. Çünki Əbdürrəhman müəllim dəyərli bir ziyalı və ləyaqətli eloğlu olmaqla yanaşı, həm də kəndin məclislərinin yaraşığı idi. Hamı istəyərdi ki, oğlunun xeyir işində məclisi məhz Əbdürrəhman müəllim idarə eləsin, ilk xeyir-duanı o versin. Vaxtilə onun təmənnasız idarə etdiyi belə məclisləri kənddə orta və yaşlı nəslin nümayəndələri bu gün də minnətdarlıqla xatırlayırlar.
Ancaq Tamara müəllimə bu hörməti, bu məhəbbəti özü qazandı. Gəlin gəldiyi nəsildə, eldə-obada həm də bir ağzı xeyir-dualı ağbirçək kimi tanındı. Elə-obaya o qədər qaynayıb qarışmışdı ki, heç kəs onun milliyətcə gürcü olduğunun fərqində belə deyildi. Məktəbdə bacarıqlı müəllim, evdə mehriban ana, məhəllədə mehriban qonşu və bütün kənd qadınlarının ürək qızdırıb dərdini bölüşdüyü bir həssas qadın və ruh adamıydı. Və yenə də şair qardaşım Əlləz Novruzun bu gözəl və unudulmaz insana həsr etdiyi şeirdən sitat gətirmək istəyirəm:

O təkcə dörd əziz balanın deyil,
Böyük bir obanın anası oldu.

O, kəndin ictimai həyatında da fəal idi. Dəfələrlə kənd və rayon sovetinin deputatı seçilmişdi.
Sözün yaxşı mənasında qibtəolunacaq bir el-oba sevgisi qazanmışdı Tamara müəllimə. O qədər səmimi, o qədər mehriban idi ki, bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Onun bu səmimiyyəti, bu mehribanlığı, istiqanlılığı və şirin danışığı bu gün övladlarında özünü göstərməkdədir. Hərdən qızları Gülnarə xanım və Nata xanımla telefon danışığımız mənə o şirinliyi, o səmimiyyəti xatırladır və elə bilirəm Tamara müəllimənin özüylə danışıram.
Başqa millətdən olub da gəlib sənə yad olan bir kənddə işləmək, ailə qurub ev-eşik sahibi olmaq və ən əsası, hər zaman sözü eşidilən, xeyir-duasına ehtiyac duyulan bir ağbirçək mərtəbəsinə ucalaraq xalqın sevgisini, el-obanın məhəbbətini qazanmq asan iş deyil. Bunu ancaq Tamara xanım kimi sadə və təvazökar, eyni zamanda müdrik bir qadın qazana bilərdi. Qazandığı bu hörmətin nəticəsidir ki, bu gün Darvazda və ətraf kəndlərdə vaxtilə şagirdi olmuş hər kəs onu minnətdarlıqla xatırlayır, yenə də Əlləz Novruzun təbirincə desək, ondan söz düşəndə hər kəs böyük məhəbbətlə "xətri mənim üçün dünyalar qədər əzizdir" deyir, özünə anatək doğma sanır və istər-istəməz ürəyindən bir nostalji hiss keçir:

Məktəbə gedəydim yenə hər səhər,
Sevimli şagirdi olaydım yenə.

2005-ci il iyulun 17-də dünyasını dəyişən Tamara Mosidzenin - mənim unudulmaz müəllimimin bu il anadan olmasının 100 ili tamam olur. Və mən hər il olduğu kimi, bu 8 martda da yenə onu xatırladım. Kaş sağ olaydı, yenə də onilliklər öncə olduğu kimi, sadəcə bir açıqca və bir dəstə bənövşə ilə ziyarətinə gedə biləydim, deyə düşündüm. Ruhuna dualar oxudum.
Elə bu yazını da 8 Mart Beynəlxalq qadınlar günü hədiyyəsi və anadan olmasının 100 illik yubileyinə təbrik kimi onun ruhuna bağışlayıram.