adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2019 00:50
12426
ƏDƏBİYYAT
A- A+

SÖZƏ TƏŞNƏ ZAKİR MƏMMƏD

AY Bəniz ƏLİYAR
Şair, AYB-nin üzvü

Söz biləndə bir adam az,
Səs salıb meydan sulamaz.
Zakir, könlünə qulaq as,
Söz ona təslim olacaq.

Bir qələm dostumun dedikləri yadıma düşdü:
"Sən şeirləri yazarkən sanki onları pıçıldayaraq yazırsan."
Bəlkə elə bu pıçıltılarda Şair özünü sözlə izhar etməyə çalışır?
Pıçıltılar olmasa aşıb-daşan boşluqları necə doldura bilər ki?
Qışqıra-qışqıra, bağıra-bağıra hansı boşluq doldu ki?
Mətləbə keçmək bəzən çox çətin olur, belə yerdə heç söz özü də haraya yetmir. Sözü özün gətirib süfrənin başına çəkirsən. Oxşayırsan, nazına qatlaşırsan, ilhamının çarxını yağlayırsan. Söz də bəzən səni istədiyin maneələri aşmaya yardımçı olmur. Söz də səni yarıyolda qoyub yanılda bilir. Yerində deyilmədisə, yanlış anlaşıldısa vay o sözün halına, sahibinin üzünü qızardar.
Ədəbi aləmin söz meydanında daha toz-tozanaq qoparan sözbazları, sözsərraflarını görmək mümkün olmur. Hamısı sanki özünə çəkilib bu toz-tozanağın yatışmasını gözləyir. Hansı tozanağın bəs? Əgər onu yaradan olmayıbsa, bəs niyə bizə indiki mühit bu təsiri bağışlayır?
Sual vermək nə qədər asandırsa, ona cavab tapmaq və izahını vermək bir o qədər çətindir. Mənə elə gəlir ki, bütün sualların birdən artıq cavabı var, daha çox, xeyli, hətta bir suala yüz cavab oyunu oynamaq olar. Bunu da yalnız sözdən anlayan çatdıra bilər. Sözdən anlamağın özü də hal adamı olmağa bərabərdir.
Bütün bu özəllikləri özündə cəm edən Zakir Məmməd haqdadır bu günki söhbətim. "Sözə təşnə Zakir Məmməd" haqda...

Hər qoltuğa dayaq girmir,
Hər qəflətə oyaq girmir.
Bu qablara ayaq girmir,
Düz ayaqqabı düzəldin.
Sözü öz-özü üçün qəlb zümzüməsi edən, könül pıçıltısı yapan Zakir müəllimin lirik dünyasından boylanıram. Hardasa çox-çox uzaqlarda ədəbi aləmin içindən yavaşca və səssizcə, heç kimin görmədiyi və bilmədiyi yerdən kök atıb çıxan bu adamın öz yerişi ahəngində duyumu və həssaslığı var. Başını ağır-ağır tərpədib gülümsədikcə uca dağların başındakı qıyya havasında qanadlanan qartal sayağı çöhrəsindəki ani təbəssümüylə öz dəsti-xəttini, möhürünü olduğu yerə vurur, damğalayır, silinməz edir. Onun yazdığı əsərlərində ucsuz-bucaqsız bir ümmandan arxaya qalan bir damla misallı həsrəti, yanğısı ümidini yox olmağa qoymur sanki.Vaxt, zaman, məkan onunku deyil. O bütün hallarda olduğu yerdə deyil, zamanından çox-çox öncüldü. Yerişi ağır, sürəti iti, təzadlığı bir ayrı düşüncə. Nə qədər istəsə belə əlinə qələm alanda bu ağır təzaddan qurtulub yaza bilmək bacarığını ona bəxş edən Tanrıdan uzaqda ola bilmir. Tanrısını Hira dağında özü yaradıbmış kimi peyğəmbər libasını geyinib sözə ehya verib bu adam. Heç nəyi yoxdur, qapısında hörümçək tor qurubdur yüz ildir, sözdən yellər oynasa da onun içindəki min illik sükutu pozmağa imkanlı deyil. O hörümçək torunda da özəllikləri var bu adamın. O hörümçək torundan da sevmədiklərini asıb qətlə yetirə bilir. Elə şirin-şirin can verir ki sevmədiklərinə də... Onları öldürüb yenidən diriltmək gücünə malikdir Zakir Məmməd. Zamanın qurduğu tələ onun qapısının ağzındakı adi bir hörümçək toru qədər deyil. Onun qapısı da elə bir kitab vərəqinin sonuncu sətri kimi oxunub bitirildikdə anlaşılandı. O, bu qədər gizlidir. İçində gizlidir, yazılarında gizlidir. Hamıdan yazmağı bacardığı kimi heç kəsdən gözləmədiyi bir dərinliyi yenə dönüb-dolanıb özündə tapan adamdır Zakir Məmməd. İnsanı böyük edən onun təmənnasızlığıdır. Hamıya, hər kəsə qarşı onu təmənnasız edən ürəyi olmasıdır. Düşmənini də sevə bilər insan, hətta düşmənini də. Düşməni olmayan adamdır ədəbiyyat adamı. Bax elə ona görə də əsl ədəbiyyat adamıdır Zakir müəllim. Tənhalığı biçimli, əyninə ölçü-biçisi doğru... Sözü kimi kəsərli...

Nə gecən var, nə gündüzün,
Bu dağ, bu meşə sənindir.
Ula, boz canavar, ula,
Bu qəmli peşə sənindir.

Söz belə yerdə bitir və yenidən doğulur. Hər sətirdə belədir... Hər yazısında yenidən doğulan söz adamıdır, hər yazısında öz qəhrəmanından uzaqda qalmağı tərcih edəndir. Qələmini qanına batırıb yazandır söz adamı. Gözlərinin yuxusuzluğu, ağrı-acısı tökülmədisə yazdığının üstünə ondan söz ətri gəlməz. Ürəyinin çırpıntıları payız yarpağı kimi xışıldamadısa heç nə!.. Qələmi yerə qoy!.. Zakir Məmmədin istədiyi bax budur!

Bu dünya binadan-başdan
Var toplayır qucaq-qucaq.
Xırda qarışqasına da
Yükünü daşıtdıracaq.

Fəlsəfə bizim içimizdə olan duyum boyda vicdan yükü kimidir. Kim nə boyda vicdan sahibidirsə o boyda duyğu adamıdır. Harasından boylansan bu dünyaya, həyat eşqinin nə rəngini, nə ölçüsünü, nə var oluşunu bilməzsən duyğuların olmasa... Bəzən bir bənd şeirdə varsan, bəzən bir sətir sözdə... Yazdığın səni sevindirir, yazdıqca oxucunun ürək ritmindən qopan bir dağ şəlaləsi kimi şaqraq nəğmə səsi boylanar sətirlərindən. Kimə nə yazdığını bilərsən, heç kimi unutmadan, vəfasız çıxmadan, hətta əlindəki qələmə də sadiq yoldaş olmağı seçərsən. Heç xəyanətkar gördünmü özün kimi? Gecənə xəyanət etdin, qəlbinə xəyanət etdin, yuxuna, varlığına, yoxluğuna, zamanına xəyanət etdin. Hətta xəyanət sözünü dilə gətirməmək üçün sözün özünə də xəyanət edəcəkdin ki, dönüb bütün günahlardan keçib söz adamı oldun. Günahların bağışlanılsın deyə dəridən-qabıqdan çıxan baxışlarına da yolçuluq etdin bəzən... Təbəssümünü bağışladığın O deyildisə, bağışlamaq istədiyin bəs kim idi? Sən ona aparan yollara da yoldaş olmadın. Bütün bu ağrılardan keçib ucaldın özün olmaq mərtəbəsinə.

Bax, budur sənin cavabını
bildiyin suallar!
Şeir kimi ömrü uzundur
Sözün!
Yer üzü adamla dolu,
Adam da bir az qorxulu.
Yol da ki Allahın yolu,
Bu yoldan hər adam keçdi.

Zakir müəllimin öz təbirincə desək, "gül gülü çağırır, bülbül bülbülü, nə vaxtdır, adam adamı çağırmır", "xoruz da banlayır, səhər də açılır, adamın ürəyi açılmır", "nə vaxtdır, baş saxlayır hərə bir cür, çünki bu baş lazım olacaq yaxşı-yaxşı düşünməyə"...Bəli, nə vaxtdır, dostlarla münasibətdən daha yaxşıdı başı qarlı uca dağların seyrinə dalmaq, nə vaxtdır, adam unudub adamları da, elə adam olmaq da unudulub, kəm-kəsir dərdi çəkməkdən şişib adamların başı... Vaxt qazanmaq da yaramır ömür etməyə, ömürdən bezir adam... Zakir müəllimin bu "nə vaxtları" öz zamanından keçib keçmişə dalıb, günümüzə gəlib çıxıb, gələcəyə aparır yer kürəsini, çünki nə vaxtdır, yer kürəsi boş-boşuna yaxşı Şairləri dənləməklə məşğuldu...
Bir az göydən, bir az yerdən Şair olmaq istəyi azalacaq bu dünyanın...
Baxım özümü unudum,
Qurusun lap matım-qutum.
Bir az göylərə üz tutum,
Bir az da aşağı baxım.

Hamıdan və hər şeydən yazacaq Zakir Məmməd, bircə özündən yazmayacaq, öz vaxtını hamıya və hər kəsə sərf edəcək... Vaxtına şükür, dünya, nə yaxşı, Zakir Məmməd var!