adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
06 Mart 2019 00:49
9949
ƏDƏBİYYAT
A- A+

Səni heç vaxt əfv etmərəm


Əflatun
DÖVLƏT

2016-cı ilin möhtəşəm
Aprel döyüşlərindən sonra
erməni dığalarına müraciət

Yeyib-içib dolanırsan,
Haram tikə damağında.
Nə itimin vardı sənin,
Gəbərirsən torpağımda?

Nərə çəkib öldürdülər,
Harda öldün - yerin məlum.
Torpaqdan pay olmaz axı,
Söyləyənə qurban olum!

BMT-nin qərarına,
Niyə əməl etməyirsən?
Torpağımdan rədd ol, çıx get!
Şapalaqmı istəyirsən?

Qalsan orda gəlləm yenə,
Gözlərimdə nifrət, qəzəb.
Səni heç vaxt əfv etmərəm,
Gətirsən də min bir səbəb!

***

Nə az, nə də çox
Əli Kərim qədər
Bir ömür yaşamışam,
Nə olsun.
Axı, heç nə yazmamışam,
Sevə bilmişəmmi
"İynənin ucu boyda
İşığa həsrət qalan
Göz işıq sevən kimi"?
Bir gün boğacaq məni qəhər
Heç kimin "qaşları
Çatılmayacaq
Bir xırda vergül qədər"
Ötən günlərimçün
Peşimanam yaman,
Dərd üstə biri də gəldi,
Aman dərd əlindən, aman!

***

Nazını çəkməyə halım yox daha,
Paxırı çıxıbdı əyləncələrin.
Astarı üzündən bahadır, baha,
Yolu səndən keçən düşüncələrin

Sən həsrət gölündə üzən yaşılbaş,
Mən naşı ovçuydum sanki o günlər.
İndi kədər mənə vəfalı qardaş,
Alnıma min fikir salıb düyünlər.

"Çəkil yollarımdan bir duman kimi",
Bəsdir salma məni dərəyə, dağa.
Çəkmə söz-söhbətə halsız qəlbimi,
Nazını çəkməyə halım yox daha.

***

Görüşümüzə vəd verdin,
Yerini, vaxtını deyəcəyəm, dedin.
Vəd verəndə mələk idin,
Məqam çatan kimi
Döndü sir-sifətin.
Təsəvvür etmədiyim
Bir cildə girdin.
Ayaqlarına düşüb
Yalvarmaq istədim.
Əzrayıl olub ölümümə
Fərman verdin.

***

İnsanlar öləndən sonra,
Torpağa basdırılıb
Bir, iki, üç.
Qəbirstanlıq yaranıb,
Aman Allah,
Hara baxırsan qəbirstanlıqdır.
Torpağa basdırılan meyitlər
Haçansa yenidən göyərə bilər.
Göyərsə onlar bir gün,
Dünya gül ətrinə bürünər -
Axı, yaxşılar tez ölür,- deyirlər.


Xeyirxahdır ağaclar

Xeyirxahdı ağaclar,
Təmizləyir havanı,
Əsirgəmir varını
Torpaq yetirir onu,
Paylasın insanlara
Yetirdiyi barını.

Xeyirxahdı ağaclar,
Heyva kimi barı var.
Min dərdə dərman olan
Əriyi var, narı var.

Xeyirxahdı ağaclar,
Armudu, gilası bol.
Əzgili, şaftalısı,
Ye, ay insan, gümrah ol!
Lənkəran rayonu,
Kərgəlan kəndi