adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2019 00:38
11769
ƏDƏBİYYAT
A- A+

Qurban Mikayılovla tanışlığım "Azərbaycan Kimyaçısı" qəzetinə baş redaktor təyin olunmadan sonra başlayıb. Onda Qurban müəllim Səthi Aktiv Maddələr zavodunda işləyirdi. Bu illər ərzində onunla çox həmsöhbət olmuş, bir-birimizi daha yaxşı tanımışıq. Tanışlığımız zamanı bir şeyin şahidi oldum ki, Qurban müəllim üç zavodda direktor işləsə də xasiyyəti dəyişmədi. Onu necə tanıyırdımsa eləcədə qaldı -sadə, təvazökar, səmimi, qayğıkeş.
Qurban Allahverdi oğlu Mikayılov 1954-cü il mart ayının 12-də Qubadlı rayonun Saldaş kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra çoxları kimi o da Sumqayıta gəlib. "Sumqayıt Kimya Sənayesi" İstehsalat Birliyində işə düzəlib. İstehsalatdan ayrılmadan Azərbaycan Neft və kimya Institutuna daxil olub, oranı müvəffəqiyyətlə bitirərək mühəndis-kimyaçı texnoloq ixtisasına yiyələnib. 1990-2006-cı illərdə Səthi-Aktiv Maddələr zavodunda sahə rəisi, sex rəisi, istehsalat rəisi, baş texnoloq, baş mühəndis və zavodun direktoru vəzifəsində çalışıb.
2007-ci ilin fevral ayından 2008-ci ilin aprel ayına kimi "Üzvi Sintez" zavodunda direktor, 2008-ci ilin aprel ayından 2010-cu ilin aprel ayına kimi "Sintezkauçuk" zavodunda direktor vəzifəsində işləyib.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Üç ali təhsilli oğul atasıdır.
Böyük oğlu Qadir Mikayılov məktəb direktorudur. Ortancıl oğlu Habil Mikayılov ARDNŞ-də böyük texnoloqdur. Kiçik oğlu Füzuli Mikayılov "Azəriqaz" bankda işləyir.
Qurban müəllim həm də gözəl səmərələşdiricidir. Onun səmərələşdirici təklifləri SAM-zavoduna yüz minlərlə xeyir vermişdir.
Qurban müəllim "Sumqayıt su kanalı" İdarəsində bir neçə il direktor müavini işlədikdən sonra hazırda öz işini Sumqayıt Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində mühəndis kimi davam etdirir. Qurban Mikayılov yüksək ixtisaslı, işgüzar, novator və əməksevər bir mütəxəssisdir. O, xoşbəxt taleli insandır. Harada, hansı vəzifədə işləyibsə hörmət qazanıb, təşkilatçılığı, bacarığı ilə seçilib. İdarəçiliyi çox gözəl bilir. Qayğısını, köməyini heç kəsdən əsirgəməyib. Bu hörmət və səmimiyyət onu həmişə qabağa aparıb.
Qurban Mikayılov heç vaxt işin ağırlığından qorxmayıb, Vəzifə üçün də əldən-ayaqdan getməyib. Etibarı, etimadı doğrulda bildiyi üçün vəzifə özü onu tapıb, pillə-pillə ucalıb. Ucala-ucala cavanlığından ağsaqqallaşıb, yaşlaşdıqca müdrikləşib, müdrikləşdikcə daha çox sevilib.
Qurban Mikayılovu yaxından tanıyanlar, onunla birgə çalışan həmkarları söhbət düşəndə onu təbiətən xeyirxah, nəcib və işini bilən adam kimi xarakterizə edirlər. Məhz bu keyfiyyətlərinə görə Qurban müəllim həm evdə sevilir, həm işdə. O kimya sənayesində çalışan yeniyetmələri ilə daim əlaqə saxlayır, onların uğurlarına sevinir, yeri gələndə məsləhət verir, köməyini əsirgəmir.
Söhbət zamanı Qurban müəllimə sual verdim ki, Qubadlı heç yadınıza düşürmü?
Bir az kövrələrək dedi:
-Heç yadımdan çıxır ki?
Sonra əlavə etdi: -Bilirsiniz sevgi və məhəbbətin zirvəsi ana-bala istəyidir. Ondan sonra Vətən sevgisi gəlir. Xalq məsəlidir deyirlər elini sevəni el sevər. Cavanlıqda adam vətəni o qədər də dərindən dərk etmir, onun gözəllik və əzəmətini dərk etmir. Amma yaşa dolanda insan gənclik ehtiraslarından xilas olur. Əvəzində isə Vətən sevgisi ehtiraslı bir duyğu kimi insanın varlığına hökm kəsilir.
Dostlar, tanışlar rayona, kəndə gedirəm deyəndə ürəyim sıxılır, gözlərim özümdən asılı olmayaraq gözlərim dolur. Yadıma uşaqlığım, doğma yerlər düşür. Amma nə yazıq ki, Qubadlının yolu üzümüzə bağlıdır. Qubadlı qəribsəyib, darıxıb bizim üçün. Ancaq o qapıların açılmasına az qalıb. Hörmətli Prezidenditimiz cənab İlham Əliyevin apardığı xarici və daxili siyasət bunu deməyə imkan verir. İnşallah o yerləri bir də ziyarət edəcəyik. Bir şeyi də qeyd edim ki, Qubadlı işğal olunandan sonra camaatın əksəriyyəti Sumqayıtda məskunlaşıb. Qubadlının İcra Hakimiyyətindən tutmuş, Hüquq Mühafizə Orqanları, İdarələri burada yerləşir. Həmişə Sumqayıtlılardan qayğı görmüşük. Bu qayğıya görə çox sağ olsunlar. Mən başda Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov olmaqla, bütün Sumqayıtlılara Qubadlılar adından öz təşəkkürümü bildirirəm.
Mən gözəl dost, səmimi insan, səriştəli və bacarıqlı rəhbər Qurban Mikayılov haqqında düşündüklərimi dedim, onu necə tanıyırdımsa necə vardısa o cür.
65-in mübarək Qurban müəllim 70-də görüşək.