adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2019 00:21
4065
GÜNDƏM
A- A+

Nəsimi kimi ulusumuz var...

Sovet hökuməti hər sahədə olduğu kimi kino sahəsində də öz siyasətini işlədirdi.
Sirr deyil ki, bu quruluşun əsas maraqları əsarətində olan xalqların yaddaşında öz milli kimliyini unutdurmaq, qədim adət-ənənələrdən sapdırmaq, xalqların iradəsini laxlatmaq idi.
Və bu hökumət, hiyləgər siyasəti sayəsində bu maraqlara qulluq edən proyektlərdən bəzən nəticə ala bilirdi.
Dini ateizm olan bu hökumət, klassikimiz Nəsimidən də yetərincə istifadə etməyi bacardı.
Nəsimiylə bağlı film çəkib, Nəsimini ziddiyyətli bir obrazda cəmiyyətə təqdim etdilər.
Cəmiyyət hələ bu gün də Nəsimini Sovet hökumətinin təxəyyülümüzdə yaratdığı obrazla xatırlayır və tanıyır.
Nəsiminin möhkəm tellərlə sufiliyə bağlı yaradıcılığını ateizmə bağlayıb, Nəsimini cəmiyyətə ateist kimi təqdim etmək , xalqımızı imandan sapdırmaq, İslam dinindən döndərmək üçün onlara lazım idi...
Bu ideyanı gerçəkləşdirən hökumət gözlədiyi reaksiyanın tam əksini gördü cəmiyyətdə.
Kinodakı Nəsimi obrazının Allahsız olduğunu görən toplumda klassikə qarşı qərəzli fikirlər yarandı, dini daha üstün tutdular.
Sovet hökuməti xalqın dinini əlindən ala bilməsə də, müəyyən qədər Nəsimini aldı bu xalqdan.
Nəzərə alsaq ki, cənab prezidentimiz İlham Əliyev 2019-cu ili Nəsimi ili elan etdi, müstəqilliyimizdən bu günə qədər Nəsiminin tanıdılmasıyla , təbliğiylə bağlı təqdirəlayiq işlər görülür, Nəsimişünasların dəyərli tədqiqatları mətbuatda dərc edilir, o zaman bu qənaətə gəlmək olar ki, "Nəsimi" filminin televiziyalarda nümayişinə son qoyulsun.
Həmin filmin dövlət arxivində qalması daha məqsədəuyğundur.
Nəsimi ilə bağlı görülən bu işlərə həmin film maneçilik törədir.
Həqiqi Nəsimisini indi-indi tanımağa başlayan xalqın beynində həmin film qarışıqlıq yaradır, ziddiyyət doğurur.
"Yeddi oğul istərəm" filmində də inqilabçıların mənfi, sovet hökumətini təbliğ edənlərin isə müsbət obrazda təqdim edilməsi bugünkü cəmiyyətdə çaşqınlıq yaradır.
Axı bu gün xalq Sovet hökumətinə qarşı vuruşan qəhrəmanları sevir, həmin hökuməti təbliğ edənləri yox...
Həmin dövrdə xilaskar kimi görülən şəxslər bu gün Sovet hökumətinin xidmətçisi kimi tanınırlar.
"Axı dünya fırlanır..."
Həmin kinonun məqsədi inqilabçıları xalqın gözündən düşürmək olsa da, Gəray bəyi mənfi obrazda çəkmək qətiyyən uğurlu alınmadı. Gəray bəy obrazı xalqın ürəyində özünəməxsus yer tutdu.
Gəray bəyi - Azərbaycan kişisini axı heç cürə yad bir obrazda təqdim edə bilməzdilər.
Çün ki, onun Nəsimi kimi ulusu var...