adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Mart 2019 00:15
10262
ƏDƏBİYYAT
A- A+

Məmməd Arazın publisistikasına həsr olunmuş dərs vəsaiti


Başı bəlalı XX əsrdə min beş yüz illik oğuz şeirinin fəlsəfi yükünü, bədii hüsnünü poetik düşüncəmizin arsenalına gətirən istedadlı şairlərimizdən biri Məmməd Arazdır.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın yaradıcılığı hələ sağlığında həmişəyaşarlıq statusu almışdır. Bu gün də onun zəngin yaradıcılığı geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların və bəstəkarların müraciət etdikləri ədəbi sərvətdir. M.Araz millətin ağrı-acılarını, azadlığını, müstəqilliyini, milli birliyini, sevinc və kədərini bütün varlığıyla yaşayan sənətkar idi. Ağrıya həssaslıq şair qəlbinin əsas xüsusiyyətidir. Harada vətən dərdi, xalq kədəri, millət taleyi varsa, harada insanın vətəndaşlıq haqları pozulursa, orada şair qəlbinin yaddaş harayı - ağrı yaddaşı da var.
Məmməd Araz yaradıcılığının novatorluğu ənənəyə münasibətin konkretliyində və aydınlığında idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev mədəniyyətdə ənənə və novatorluq problemindən danışarkən demişdir: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər" (H.Əliyev. Müstəqillik yolu. B., 1997, s. 57).
Akademik İsa Həbibbəyli Məmməd Arazın yaradıcılığı haqqında yazmışdır: "Xalq şairi Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz "Azərbaycan dünyasından baxır dünyaya".
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Məmmədovanın 2018-ci ildə çap olunmuş "Məmməd Arazın publisistikası" adlı dərs vəsaitində ustad şairin bu janrda qələmə aldığı məqalələrdən, onların mövzusu, dil, üslub və sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir. Kitaba şairin müxtəlif illərdə qəzet və jurnallarda çap olunmuş publisist məqalələri, resenziyaları, sənət haqqında fikirləri, ayrı-ayrı sənətkarlara həsr etdiyi yazıları və müsahibələri daxil edilib. Dərs vəsaiti aşağıdakı bölmələri əhatə edir: "Xalqın sevgisini qazanmış söz ustadımız", "Publisistika tarixinə qısa nəzər", "M.Araz publisistikasının mövzuları və üslub özəllikləri", "Məqalələr, resenziyalar, ədəbi portretlər", "Məmməd Araz yaradıcılığında dil və üslub məsələləri", nəticə və istifadə olunmuş ədəbiyyat siyahısı. Yaşadığı dövrün elə bir problemi yoxdur ki, onun publisistikasında öz əksini tapmasın. Şair publisist məqalələrində toxunduğu məsələləri illər öncəsi qələmə aldığı publisist mündəricəli şeirlərində bəzən açıq, bəzən eyham və rəmzlərlə ifadə edib. Şairə görə "publisistika şeirdən və nəsrdən daha geniş imkanlara malikdir. Zaman-zaman dövrünün qabaqcıl ziyalıları, görkəmli maarif xadimləri, alovlu publisistlər öz yurddaşlarını yüksək savada və tərəqqiyə səsləyirdi. Bu janr müasir həyatın tələblərinə hərtərəfli cavab verir. Şair Eduardes Mejelaytisin dili ilə desək, "publisistika ağır artilleriyaya bənzəyir. Düzdür, gec-gec dinir, amma dinəndə öz bildiyini edir. Bax elə buna görə də mən publisistikaya qarşı laqeyd deyiləm". Dərs vəsaitinin ikinci bölümündə publisistika tarixinə qısa nəzər salan müəllif yazıçı publisistikasına xüsusi önəm verərək düzgün qeyd edir ki, cəmiyyətin özünüdərkində, xalqın milli oyanışında Azərbaycan yazıçılarının publisist əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Şairin publisist məqalələrində ictimaiyyəti düşündürən, insanları narahat edən aktual problemlər qaldırılır. Onun publisistikası cəmiyyətin inkişafında, eləcə də ictimai fikrin formalaşmasında geniş rol oynamışdır. Akademik Bəkir Nəbiyev Məmməd Araz yaradıcılığının bədii özəlliklərindən, ucalığından və xalq yaradıcılığından bəhs edərək yazmışdır: "...Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklor, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. İlk kitablarından birini "Anamdan yadigar nəğmələr", poetik yetkinlik çağlarında nəşr etdirdiyi ən sanballı poemasını isə "Atamın kitabı" adlandırmaqla şair böyük təvazökarlıqla olsa da, demək istəyir ki, yazdıqlarım içində yaxşı nə varsa, onların hamısı üçün ilk növbədə atamla anama, böyük daşıyıcısı nənə-babalarımız olan zəngin mənəvi irsimizə, təkrarsız folklorumuza borcluyam".
Məlum olduğu kimi Məmməd Araz uzun müddət "Azərbaycan təbiəti" dərgisində baş redaktor vəzifəsində çalışıb. O, "Azərbaycan təbiəti" jurnalına bədii publisistikası ilə öz orijinal üslubunu gətirib. Elmi-kütləvi jurnalın yaradıcı kollektivi ilə birlikdə ekologiyamızın və təbii sərvətlərimizin keşiyində durub. Qeyd etdiyimiz kimi, şairin yaradıcılığında təbiət mövzusu xüsusi yer tutur. Təbiətin qorunması probleminin həllini böyük uzaqgörənliklə insanın təbiətə olan məhəbbətində axtarırdı ustad sənətkar. Şairin fikrincə əgər təbiətə qarşı insan sevgisi, insan həssaslığı və mərhəməti varsa bu gözəllik öz təbiiliyini və təravətini qoruyub saxlayacaq. Təbiətin vurğunu olan şair yazırdı:

Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.

Təbiəti qorumaq hər bir insanın mənəvi borcudur. Təbiət sənətin əbədi mövzu mənbəyidir. "Yurdumuzun təbiəti" publisistik məqaləsini təhlil edən müəllif məqalədən sitat gətirir: "Azərbaycan təbiəti Azərbaycan torpağı deməkdir. Təbiətin təzədən tikilib qurulması mümkün olmadığı kimi, torpağın da təzədən "ələnib xəlbirlənməsi" mümkün deyil. İndi yalnız onun təbii imkanlarını zənginləşdirmək, onu qüvvətləndirmək, onu nizamnamə ilə idarə etmək lazımdır". Şairə görə təbiət insanın keşiyində həmişə oyaq olan, məqamında dayaq olan etibarlı dostdur. Bir pay verdin, min pay qaytaracaq. Çayını, bulağını, meşəsini, havasını, maddi və mənəvi nemət kimi süfrənə töküb, "nuş olsun" deyəcək. Elə ki, ona xəyanət elədin hardasa, hansı məqamdasa gözünün içinə qırmızıca deyəcək: əlvida insan. M.Araz bədii publisistikasının özəlliklərindən biri də dil-üslub bənzərsizliyidir. Dərs vəsaitində şairin qələmindən çıxmış publisist məqalələrin bədii-estetik özəlliklərini əhatəli təhlil edən müəllif yazır: "Məmməd Araz Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, incəsənətini, milli-mənəvi dəyərlərini sevən, onu təbliğ və gələcəyə ərməğan edən sənətkar idi. Filosoflardan hansısa biri həqiqətə münasibətə görə insanları üç qrupa bölüb: haqqın daşıyıcıları, haqqı qoruyanlar, haqqı boğanlar. Məmməd Araz haqqın, haqq sözün, həqiqətin daşıyıcılarından idi. Xalq şairi güclü əqidəsi, yurdsevərliyi və ocağa bağlılığı ilə haqqa söykənmişdir". Xalq şairi haqsızlıqlarla üzləşəndə də, uzun müddət işsiz qalanda da, xəstəliyə tutulanda da öz əqidəsinə sadiq qaldı, qürurunu və şəxsiyyətini uca tutdu. İdeoloji sistem şairin qəlbindəki istiqlal yanğısını, azadlıq eşqini söndürə bilmədi. O çətin anlarda da xalq sevimli şairinə dəstək oldu. Və beləliklə də sağlığında ürəklərdə heykəlləşdi Məmməd Araz. Şair yeri gəldikcə xalq ifadələrindən, aforizmlərdən və atalar sözlərindən istifadə etməklə öz məqalələrinin bədii siqlətini və estetik təravətini artırmağa nail olur. Onun dilimizə gətirdiyi yeni ifadə və deyimlər orijinal tutumlu, müəllif təfəkkürünün məhsulu olan hikmətli sözlərdir. İstiqlal şairinə görə "poeziya insan yolunda yanan əbədi işıqdır. Ən yüksək elmi-texniki tərəqqi dövrü olan bizim əsrdə bu işıq qətiyyən zəifləməmişdir. Əksinə, Qaqarinin dodaqlarından kosmosa da öz işartısını aparmışdır. Zamanın sözünü sözün zamanında deyən M.Arazın aşağıdakı mülahizəsini də xüsusi qeyd etməyə dəyər: "Ürəkləri titrədən poeziya, duyğulara rəng səpələyən poeziya, ağıllara işıq olan poeziya özü çox ağır zəhmətdən yaranan məhsuldur. Onun zəhmət adamı ilə dostluğu, ona təsiri, ondan təsirlənməsi hallarını həmişə alqışlamalıyıq". Məmməd Arazın publisistikası tematik rəngarəngliyinə görə müxtəlif problem mövzuları özündə əks etdirir. Milli publisistikamızın böyük ənənələri əsasında qələmə alınan bu əsərlər öz orijinallığı ilə diqqəti çəkir. Dərs vəsaitində şair-publisistin "Həyatın və sözün rəngləri" və "Sənətdə son mənzil olmur" kitablarından nümunə gətirdiyi publisistik məqalələri təhlil obyekti seçən müəllif bu yazıları müasir publisistika xəzinəmizə dəyərli töhfələr kimi dəyərləndirir. M.Arazın publisist məqalələrini elmi-nəzəri kontekstdən təhlil edən müəllif onun ədəbi-tənqidi görüşlərini də diqqət mərkəzinə çəkir. Şairə görə ədəbi tənqid ədəbi əsərlər üçün meyardır. Bu "meyardır" sözü bəlkə də, həddindən artıq şişirdilmiş qiymətdir. Heç bir tənqid M.Cəlilləri, Sabirləri yetişdirə bilmir. Burada böyük istedad, "böyük zaman" sənətkar taleyində əsas rol oynayır. Ədəbi tənqid isə ədəbi axının yolunu azır, sənətə həmdəm olur, ona bələdçilik edir. Tənqidçi səviyyəli oxucudur. Onun qədir-qiyməti sənətkarda düz yola çıxmağa inam yaradır, kimin kimliyini tanıtmaqda bir növ "hakimlik" edir. Tənqid qərəzçilik xarakteri daşımamalıdır. Tənqid açıq olmalıdır, dostluğa, qohumbazlığa xidmət etməməlidir".
Dərs vəsaitində şairin ayrı-ayrı publisist məqalələrini təhlil müstəvisinə gətirən müəllif onun gündəmə gətirdiyi mövzuların milli maraq dairəsində olduğunu bildirir. Sənətkara görə əsərə qiymət verərkən ilk növbədə həmin sənət əsərinin dilini əsas götürmək lazımdır. Ona görə ki, əsərin dili əsərin pəncərəsidir. Unutmamalıyıq ki, dilin zənginliyini qorumaq təkcə şairin, yazıçının vəzifəsi deyil. Düzdür, bu sahədə şairlərimiz, yazıçılarımız böyük məsuliyyət daşıyırlar. Ancaq bütövlükdə dilin taleyi xalqın taleyi olduğu üçün onun sərkərdəsi də xalq özü olmalıdır.
M.Arazın poeziyasında olduğu kimi, publisistik yaradıcılığı da mövzu rəngarəngliyinə və qaldırılan problemlərin aktuallığına görə də xüsusi əhəmiyyət kəsb edir. Onun müxtəlif mövzulu yazılarında bu mühüm cəhəti müşahidə etmək mümkündür. "Başınızı dik tutun!" məqaləsində milli istiqlalımız yolunda özlərini qurban verən məğrur igidlərimizdən bəhs edilir. Şairin publisistikasının mühüm və aparıcı mövzularından biri də səfər təəssüratları kimi qələmə aldığı məqalələrdir. "Getdim, gördüm Türkiyəni" məqaləsində qardaş Türkiyəyə, türk xalqına dərin məhəbbət ifadə olunur. Şairə görə "türkün sözü türkün işidir. Türk əyrilik bilməz, doğruçuluq bilər. Sözündən qaçanlarla sevda yapmaz. Tərəddüd türk xarakteri ilə tərs mütənasibdir".
Dərs vəsaitinin dördüncü bölümü "Məqalələr, resenziyalar, ədəbi portretlər" adlanır. Bu bölümdə şairin ədəbiyyat, sənət və mənəviyyat məsələlərinə həsr etdiyi publisistik məqalələrdən bəhs edilir. Şair sözün gözəlliyini onun məna çalarında və həqiqəti düzgün ifadə etməsində görür. Onun fikrincə "yazıçı əlində qələm ən etibarlı söykənəcək, ən möhkəm dayaqdır. Bu şərtlə ki, qələm sözün əsl mənasında sözə xidmət eləsin, söz xiridarına bələdçi olsun, könül bulandıran əməllərə məqamında söz gülləsi yönəltsin".
Məmməd Arazın ayrı-ayrı sənətkarların yaradıcılığına həsr etdiyi məqalələri də elmi-nəzəri tutumu ilə diqqəti cəlb edir. Məsələn xalq şairi Rəsul Rzaya həsr etdiyi "Fikir həqiqət axarında" məqaləsində şairin ictimai fikir tarixində mövqeyini və xidmətlərini konkret detallarla açıqlayır. Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr etdiyi "Bəxtiyar poeziyasının iqlimi" məqaləsində isə şairin fərdi yaradıcılıq üslubunu mükəmməl təhlillər əsasında incələyərək qeyd edir ki, "onun poeziya yükünü bir əsrin maşını tutmaz". Kitabda M.Arazın Nəbi Xəzrinin, Fikrət Sadıqın, Ramiz Rövşənin yaradıcılığına həsr edilən resenziyalarda onların poetik "mən"lərinin yeri ətraflı təhlillər kontekstində müəyyənləşdirilir. Azərbaycan poeziya məkanında hər birinin xüsusi yeri olan bu şairlərin yaradıcılıq axtarışlarındakı səciyyəvi cəhətləri geniş təhlil süzgəcindən keçirir.
Kitabda o da vurğulanır ki, Məmməd Araz ədəbi gəncliyin ən xeyirxah və qayğıkeş dostlarından olmuşdur. Ədəbiyyata təzə gələn gənc istedadlar barədə o səxavətlə məqalə yazmış, onları bədii yaradıcılığın çətin və şərəfli yollarına ilhamlandırmışdır. Aypara Məmmədova M.Arazın dərin mənalı fikirlərlə zəngin olan publisistikasının üslubi çalarlarını əsərlərindən gətirdiyi nümunələrlə isbatlayır. Nə vaxtsa oxuduğum və yaddaşımda saxladığım bir fikir yadıma düşür: mən dünyada üç növ damla görmüşəm: alın təri, qan damlası, göz yaşı. Alın təri çörəyin, göz yaşları ürəyin, qan damlası torpağın bərəkətidir. Məmməd Araz qələmi ilə alın təri töküb söz mülkü yaradan və xalqımızın qəlbində ədəbi yer tutan milli-istiqlal şairidir. "Ürəyimsiz kəlmə yazan deyiləm", - deyən şair bütün yaradıcılığı boyu milli azadlıq ideyalı əsərlərilə doğma Vətənimizi və onun müstəqilliyini tərənnüm etmişdir.

Bir qayaya söykənmişəm
Deyirəm kaş
Bax beləcə daşa dönəm

Yavaş-yavaş - deyən M.Araz yaradıcılığı zamanın özü kimi qat-qat, varaq-varaq açılır, yeni mənalar xəzinəsinə çevrilir. Bu bədii irs öz can cövhərini, nurlu mayasını minnətdarlığının şərik olduğu bir zərrədən alır. Zaman bizi cismən M.Arazdan uzaqlaşdırdıqca həmin zərrə də atom kimi parçalanır, tarixdə ağrı yaddaşına yol açır. Bu cəhətdən Məmməd Araz yolu əbədiyyət yoludur.
Ümumiyyətlə, Aypara xanımın müəllifi olduğu dərs vəsaitinin elmi məziyyətləri haqqında ən siqlətli sözü kitabın özü deyir. Xalq şairi Məmməd Arazın publisistikasına həsr olunmuş bu kitab şagirdlərimiz və tələbələrimiz üçün qiymətli məxəzdir.

Gülşən Əliyeva-Kəngərli
professor