adalet.az header logo
  • Bakı 13°C

TüRKiYƏNiN MiSTER PiTKiNLiYi

AQİL ABBAS
26068 | 2009-07-29 23:50
Türkiyədə siqaret çəkməyi yasaq elədilər. Özüm qadağan yazmıram, qadağan sözü çox uzundu ey. Amma yasaq dilə daha yatımlıdı. Çox yaxşı elədilər. Ümumiyyətlə, bu sitqaret çox səfeh şeydi. Həm adamın cibinə ziyan edir (özü də Türkiyədə böyük böhrandı), həm də səhhətinə. Bu böhran vaxtında Azərbaycanda həkimə getmək olmur, onda ki Türkiyə ola. Çox sevindim. Mən də hər gecə yatmamışdan əvvəl özümə kişi kimi söz verirəm ki, day sabahdan siqaret çəkməyəcəm. Sabah açılan kimi də kişi kimi əlimi atıram siqaretə... Səhər-səhər acqarına, qüvvət olsun qollarına.
   
   Söz-söhbət gəzir ki, bizim parlament də siqaretə yasaq gətirəcək.
   
   Ümumiyyətlə, dünyanın böyük-böyük adamları Anarın "Yaxşı padşahın nağılı"nda olduğu kimi, bütün gecəni fikirləşirlər ki, səhər insanlara daha nəyi yasaq eləsinlər və tapırlar.
   
   Hərdən səhərlər idmana gedirəm. Və hər dəfə hovuza girəndə də divarda yazılmış lövhəni oxuyuram, ləzzətlə gülürəm, beləcə hər səhər eynim açılır. Lövhədə nə yazılıb?
   
   1. İş vaxtından sonra hovuza girmək olmaz.
   
   2. Hovuzda yemək yemək və içki içmək olmaz.
   
   3. Paltarlı və ayaqqabılı hovuza girmək olmaz.
   
   4. Hovuza hoppanmaq olmaz.
   
   5. Hovuzda bərkdən danışmaq olmaz.
   
   6. Hovuzda siqaret çəkmək olmaz.
   
   7. Hovuzda sekslə məşğul olmaq olmaz.
   
   8. Hovuzda telefonla danışmaq olmaz.
   
   9. Hovuza çişi eləmək olmaz.
   
   10. Hovuzda yatmaq olmaz.
   
   11. Hovuzda oynamaq olmaz.
   
   
   
   Ağdamda bir Fazil müəllim vardı, kinoteatrın direktoru idi. Camaatı kinoya cəlb etmək üçün afişaya müxtəlif sözlər yazardı: "Bu filmdə Stalini göstərəcəklər"; "Bu filmdə Raç Kapurun oğlu oynayır"; "Bu filmdə Racendra Kumarın ayağı kəsiləcək"; "Bu filmdə Stalinin oğlunu göstərəcəklər"; "Bu filmdə Şişi Kapur oynayır"; "Bu filmdə Raç Kapurla Racendra Kumar dalaşacaq"; "Bu filmdə Qoyko Mitiç oynayır"g və sair və ilaxır. İndiki maqazin xəbərləri kimi də, "filankəs xanımın alt paltarlarını göstərəcəklər", "filankəs xanımla filankəs bəy eşşək üstə niyə dalaşdılar", nə bilim at gəldi örkən apardı...
   
   "Qarabağ" futbol komandasının yaradıcısı və fəhləsi Adil Nadirov bir gün Fazil müəllimə deyir: "Fazil müəllim, o nədi ey afişalara yazırsan. Nə bilim Raç Kapur belə getdi, Stalin ordan gəldi, Şişi Kapur belə oldu. Bəlkə birinin bunlardan xoşu gəlmir, ona görə kinoya girmir. Sən mənə bir qonaqlıq ver, sənə bir söz deyim, yaz afişaya, bütün Ağdam gəlsin kinoya".
   
   Fazil müəllim Adil Nadirova bir İsa bulağı boyun olur. Adil Nadirov deyir:
   
   - Fazil müəllim, afişaya yaz ki, afişanı oxuyub kinoya girməyən, sənin lap qırılmışlarıyın...
   
   İndi səhər-səhər mənim getdiyim hovuzda da elə bircə cümlə yazsalar ki "Burda çimmək olmaz" daha maraqlı olar.
   
   Yəni hansı uzunqulaq hovuzda ayaqqabı və paltarla çimir? Və yaxud hansı uzunqulaq hovuzda kabab yeyir? Yaxud hansı uzunqulaq ümumi hovuzda sekslə məşğul olur, ya siqaret çəkir, ya nə bilim nə.
   
   Əslində bu lövhə həmin hovuzda çimənləri təhqir eləməkdi. Deməli, hovuzun sahibi öz müştərilərini uzunqulaq sayır.
   
   Nə isə. Yəni söhbət axmaq yasaqlardan gedir.
   
   Qayıdaq Türkiyəyə. Əgər insan hüququndan danışırıqsa bu Türkiyə əhalisinin 25 milyonunun hüququnu pozmaqdı. Heç bu da məni maraqlandırmır. Məni ayrı şey maraqlandırır. Və bu, həm də təkcə Türkiyəyə aid deyil, Azərbaycana da aiddi.
   
   Deməli, türk televiziyalarında göstərilən filmlərdə siqaretin üstünü vururlar. Filmə baxmaq mümkün deyil, təbii ki, bütün filmlərdə hamı siqaret çəkir. Beləliklə filmin 90 faizi ləkəlidi. Niyə vururlar? Bu gənclərin tərbiyəsinə pis təsir göstərir, insanları pis yola çəkir, insanlarda aludəçilik yaradır. Qardaşlarımız demiş, pək iyi.
   
   Amma baxın. Filmlərdə nəşə çəkirlər, üstü vurulmur. Filmlərdə heroini qəşəng yayıb, sonra bölürlər, sonra da burunlarına bir şey tutub onu sinələrinə çəkirlər, üstü vurulmur. Filmlərdə kokoini nətəhər hazırlayırlar, nə bilim, qaşıqda nətəhər qaynadırlar, sonra onu necə şprisə çəkirlər, sonra onu necə özlərinə vururlar, üstü vurulmur.
   
   Erotik səhnələr, adam baxanda iyrənir - üstü vurulmur. Şərab səhnələri - üstü vurulmur.
   
   Adam adamı nətəhər yeyir, nətəhər qanını içir, necə şaqqalayır, necə ağzının içindən atır - üstü vurulmur. Belə şeyi çox yazmaq olar.
   
   Bunlar gəncliyə pis təsir eləmir?! Bunlar insanların beynini xarab eləmir?! Bunlar insanları əzmir?! Bunlar insanları vəhşiləşdirmir?!
   
   Ən böyük dərdlər, problemlər, vəhşiliklər, vəhşətlər, dəhşətlər, namussuzluqlar qalıb bir tərəfdə, siqaretə yasaq gətirirlər. Filmlərdə siqaretin üstünü vururlar.
   
   Amerikalıların yaxşı bir sözü var: "Siqaret çəkənlə siqaret çəkməyənin fərqi nədi? Cavab: Siqaret çəkən öləndə xəstə ölür, siqaret çəkməyən öləndə sağlam ölür".
   
   Və nəhayət, gələk Mister Pitkinə. Bizim uşaqlığımızın filmlərindəndi, indiki nəsil görməyib. Bir neçə film idi. Dövrünün ən sevilən komediyalarından idi - Şaban kimi.
   
   Deməli belə. Mister Pitkini əsgərliyə aparırlar və həkimlər bunu komissiyadan keçərkən lüt soyundururlar. Təbii ki, həkimlərin içində qadınlar da var. Mister Pitkin bərk utanır, əlini tez aparır qoyur döşlərinin üstünə, qalan yerləri qalır ortalıqda.
   
   İndi Türkiyə Mister Pitkin kimi əlini atıb döşlərini gizlədir, qalan ayıb yerləri qalıb ortalıqda.
   
   Və deyəsən biz də bu yolla gedirik.

TƏQVİM / ARXİV