adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Mart 2019 12:36
77029
MÜSAHİBƏ
A- A+

“Abır-həya olsa, adından başqa heç bir misrası yadda qalmayan insanlar qələmi qatlayıb yerə qoyarlar...”

"İndi kəndimizə gedəndə elə bilirəm ki, Qarabağ bizim kənddə qurtarır, sanki qarşında divar çəkiblər və sənin nəfəsin kəsilir”

Şair Vaqif Bəhmənlinin Moderator.az-a müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

-Vaqif müəllim, əhvalınız necədir?

- Əhvalım şükür ki, yaxşıdır. Belə bir söz var deyir ki, pis hava yoxdur, amma baxır sənin içindəki hava necədir. Soyuq da, isti də olar, amma insanın içində soyuq ola bilər ki, yayın qızmarı da onu isidə bilməz. Demək istəyirəm ki, əhvalım insanların hamısının əhvalı kimidir. O, insan ki, həyatından ona görə razı olmalıdır ki, onun işi, cəmiyyət qarşısında məsuliyyəti var. Elə Ovqatı saxlayan budur.

- Yaradıcılığınızda "Üzük” şeiriniz oxucular tərəfindən daha çox sevilir və dillər əzbəridir. Bu şeir sizin gənclik xatirənizdir?

- Çoxa zaman küçədə insanlarla qarşılaşanda, söhbət şeirdən düşəndə onlar adətən 1970-1980-ci illərdə yazdığım gənclik ruhuyla bağlı şeirlərimdən misal gətirirlər. Məsələn, "Üzük”, "Mənim nənəm sizdədi”, "Payız məhəbbəti”, "Bir kənd qoyub gəlmişəm” və s. Hansı ki, o şeirlərdə bir gənc adam öz sevgisini, məhəbbətini ifadə edir. O şeirləri tez-tez xatırlayırlar. Amma düşünürəm ki, poeziya insanın özü kimidir, o da yaşa dolur, dəyişir. Əlbəttə yaxşı şeir bütün zamanlar üçündür. Əgər o şeirlərdə bəşəri, daim yaşayan duyğular varsa, onlar həmişə təzə olmalıdır. Keçmişdə yazdığım şeirləri qaralamaq istəmirəm, onlar başqa zamanın şeirləri idi. Əgər bu gün onlar xatırlanırsa, demək zamanın sınağından çıxır. Düşünürəm ki, onların ən yaxşısı varlığıyla sadəlövh şeirlərdir. O şeirlərdə idrakdan, düşüncədən daha çox ürək iştirak edib. Bəziləri deyirlər ki, elə o yaxşıdır. Amma mən tamam başqa cür baxıram. Şeir harmoniyadır və düşüncədir. Təsadüflər şeiri yazdırmamalıdır. Müəyyən yaşdan sonra şairin özünün bərkimiş ideyası olmalıdır və onun üstündə oturub ordan həyata baxmalıdır. Hər bir şeirin tarixçəsi var. Hətta hər şeirin altına onun yazıldığı tarixi mütləq qeyd edirəm. İnsanın doğuldu gün kimi, şeirin də doğulduğu gün var. O tarixləri yazmaq mənim borcumdur.


- Bəzən yaşlı şairi sevgi şeiri yazdığına görə qınayırlar. Onda belə çıxır ki, yaşlı rəssam da gözəl qız şəkli çəkə bilməz?

- Dediyinizdə həm sual, həm də cavab var. (Gülür) Bir dəfə mənə dedilər ki, bu qədər sevgi şeirlərin var, bunların hamısını həyat yoldaşınıza yazmısan? Dedim ki, o, ancaq axmaq adam ola bilər ki, bir adama o qədər şeir yazsın. Sevgi gözəllik anlayışına daxil olan kateqoriyalardan biridir. Sevgi ümumi bir anlayışdır və hər hansı bir mövzuda yazmaq şairin vəzifə borcudur. Sənətkar üçün hər şeydə bir məqsəd var və burda yaş fərqinin olmasıyla razı deyiləm.

- Bir müsahibənizdə deyirsiniz ki, gəncliyimdə bütün gözəlləri sevirdim...

- Bəli, demişəm. Ümumiyyətlə, gözəlliyə kim laqeyddir ki? Gözəllik sadəcə qeyr-adi, adamın ağlını başından alan gözəllik deyil, gözəlliyi balaca bir körpədə də görə bilərsən və o sənin ürəyinə işıq sala bilər. Bunu qadında da görə bilərsən və bu, onun danışığı, zəkası, düşüncəsi hətta onun zahiri gözəlliyi ilə əlli-əlliyədir. Bəzən zahiri cəhətdən gözəl olan bir qadın danışanda görürsən ki, onda nə savad, nə düşüncə, nə də xeyirxahlıq var. Bu olmayandan sonra o gözəllik heç kimə lazım deyil.

- Bəzən yarıdıcı adamların həyat yoldaşları onlarla yaşamağın çətin olmasından gileylənirlər...

- Mən belə şeyləri hiss etmirəm. Şairi ilahiləşdirmək lazım deyil, o, da insandır, ailəsi və onun qarşısında məsuliyyəti var. Ailə könüllü müqavilədir və burda hər iki tərəf könüllü borcunu yerinə yetirir. Bu da yüksək insan mədəniyyətidir. Mədəniyyət o demək deyil ki, sən yüzlərlə kitab oxumusan, əksinə sənin bütün davranışların mədəniyyətə daxildir.

- Bildiyimiz qədəriylə həyat yoldaşınızla həmkarsınız...

- Həyat yoldaşım Rəhilə xanımla beş il jurnalistika fakültəsində tələbə yoldaşı olmuşuq. Sonra da ailə həyatı qurduq və 1978-ci ildən biz bir ailəyik. Bizim Mir Cəlal Paşayev və Nəsir İmanquliyev adlı müəllimlərimiz olub və Rəhilə xanım o, müəllimlərimizin xatirəsinə iki kitab yazıb. Onlar "Xəbərin rəngi” və "Göylər adamı” kitablarıdır.

- Həyat yoldaşınız şeir yazmır ki?

- Xeyr, şeir yazmır. Bəzən zarafatla deyirəm ki, şeir yaz, deyir ki, utanıram. (Gülür) Mikayıl Müşfiq deyir ki, Anasız cocuğa maya gərəkdir, şairəm söyləyir yerindən duran, adamın üzündə həya gərəkdir”. Doğrudan da abır-həya olsa, bizim hardasa ədəbiyyat aləmindən adından başqa heç bir misrası yadda qalmayan insanlar qələmi qatlayıb yerə qoyarlar. Yaradıcılıq tərbiyyə və əxlaq məsələsidir. İndiyə qədər yazdığım kitabların birinin də arasını aça bilmirəm. Amma o kitablar çıxana qədər bəlkə də on dəfə onları oxuyub sonra çapa verirəm. Kitablar çap olunandan sonra elə bilirəm ki, bir daha yazmayacam. Sonra da deyirəm ki, bu kitabları niyə yazmışam? Bəzən adamda belə düşüncələr olur. Bunlar olmasa, sən növbəti dəfə yazı yazmağa cəhd edə bilməzsən. Yazı yazmaq hər dəfə yazıçının məğlubiyyəti deməkdir, çünki qələbədən sonra hərəkət yoxdur axı.

- İxtisasınız jurnalistikadır, uzun müddət qəzetlərdə işləmisiniz. Sizdə də o cür olub ki, publisistikayla məşğul olmağınızın poeziyanıza mənfi təsiri olsun?

- Əksinə. Yadıcılığın janr bölgüsü əlində qələm olan insan üçün şərt ola bilməz. Bizim jurnalistikamız nəsr, poeziya və publisistikanın qatışığı idi. İndi o cür publisistika yoxdur, onu yazmırlar. İndi onu esse kimi yazırlar, amma esse bizim yazdığımız publisistikanın otuz faiz dadını, ləzzətini verir. Yadımdadır ki, Şirvan Milli Qoruğunda ceyranlar vurulduğu üçün bizi ora yollamışdılar. Biz helikopterlə orda ceyranları sayanda onu bir-bir yazmışdım və yeddi min ceyran saymışdıq. "Ağ göl” və Zaqatala qoruğu haqqında yazılarım olub. Bir dəfə gənc qızın aldadılması haqqında yazı yazmışdım və orda oğlanı mənəvi olaraq qeyrətə çağırmışdım. Sonra oğlan da gəlib dedi ki, "Vaqif müəllim, siz bilmədiniz e, əslində günah məndə olmayıb”.

- Bəhmənli kəndinə gedəndə hansı hissləri keçirirsiniz?

- Bəhmənli atam yurdumdu. Qardaşım, bacım orda yaşayır. Hər bir insan doğulduğu yurda gedəndə hansı hissləri keçirirsə, mən də o hissləri keçirirəm. Amma əlbəttə fərqli cəhətlər də var.


- Atanızı 15 yaşında itirimisiniz. Bəzən şairlərin taleyi oxşar olur. Gənc yaşlarında ya atalarını, ya da analarını itirirlər. Bəzən valideynlərin itkisindən sonra doğulduğun kənddə gedəndə boşluq hiss edirsən...

- Əlbəttə, valideynlər olmayanda boşluq olur. Ata yurdunda valideynlərin yaşaması sənin üçün bayram kimidir. Amma sonradan əlaqələr azalır. Sonra görürsən ki, nənə-baba, ata-ana yoxdur. Vətəni vətən eləyən doğma insanların bir-birinə olan sıx münasibətidir. Yəni bir yerin vətən olması üçün təkcə bina, ev yox, sənin qoyduğun adamlar da cəm olmalıdır. Vətən onda doğmalaşır. Bu saat Qarabağdan nə qədər insanlarımız qaçqın düşüb. Qarabağ caamaatı bununla həm də öz yaradıcılığını itirir. Bəlkə də ermənilər bizə vurduğu ən böyük ziyan budur. Sənin gözünün içinə baxıb deyirəm ki, biz o torpaqlarımızı işğaldan azad edəcəyik.

- Yəqin ki, Qarabağ torpaqlarını qarış-qarış gəzmisiniz...

- Əlbəttə biz hər yay Bəhmənliyə gedib orda valideynlərimizlə görüşüb sonradan Ağdama, Şuşaya, Laçına, Zəngilana bir sözlə, rayonların hamısını gəzirdik. İndi kəndimizə gedəndə elə bilirəm ki, Qarabağ bizim kənddə qurtarır, sanki qarşında divar çəkiblər və sənin nəfəsin kəsilir. Füzuli şəhəri çox gözəl şəhər idi. Yeddinci sinifdə oxuyanda babamdan on manat alıb "Araz” qəzetinə gedib şeirlərimi apardım ki, çap etsinlər. İndi ən böyük arzum Füzuli azad ediləndən sonra "Araz” qəzetiylə əməkdaşlıq etməkdir. İndi də burnuma o mətbəənin qoxusu gəlir və onda da elə bil dünya başıma fırlanır. Orda çox gözəl jurnalistlər var idi.

- Bir müddət öncə qardaş Türkiyədə "Hüzünlü misralar” adlı şeirlər kitabınız işıq üzü gördü. Ümumiyyətlə, hansı ölkələrdə kitablarınız çap olunub?

- Kitabım yalnız 2018-ci ildə Ankarada çap olunub. Amma silsilə yazılarım Rusiya Ukrayna, Belarusiya, İran və İtaliya mətbuatında çap olunub.

- Yəqin ki, kitablarınızın xaricdə çap olunmasına maraq göstərməmisiniz, çünki sizin bu cür imkanlarınız var idi...

- Düzdü. Sözün açığı buna maraq göstərməmişəm. Rus dilində çap olunan şeirləri oxuyub bilirəm. Amma İtaliyada çıxan şeirlərin hansı səviyyədə olmasını bilmədiyim üçün istəmirəm. Amma Tükiyədə çıxan kitabların yüksək səviyyədə tərcümə oldunduğunu bilirəm. Ən azı Türkiyədə 80 milyon insan yaşayır və 50-60 min insan bu kitabdan xəbər tutarsa, sən o dərəcədə artırsan. Bizim çox böyük şairlərimiz var, amma hələ onların şeirləri ləyaqlı şəkildə rus dilində səslənməyib, amma nəsr var.

- Ötən həftə redaktoru olduğunuz Xocalı faciəsiylə bağlı roman işıq üzü gördü. Redaktoru olduğunuz çox kitab var?

- Əlbəttə. Mən nazirlikdə işləyəndə xüsusi layihələr var idi və ölkə başçısının sərəncamıyla əsərlər latın qarafikasıyla çap olunurdu və onun təxminən 120-ni biz çap etdik. O kitabların buraxılışına məsul isə mən idim. O kitabların hamısının redaktoru idim. Bəzən redkatorları formal şəkildə yazırlar, amma mən hamısına şəxsən nəzarət etmişəm ki, onlar normal şəkildə çap olunsun.

- Şeirlərinizə neçə mahnı bəstələnib?

- Doğrusu o işlərlə də məşğul olmuram. Mənim fikrimcə, mahnılara söz yazmaq lazım deyil. Mahnılar ayrı dildir. Məsələn, yetmiş faiz mahnıların sözüylə, bəstəkarın bəstələdiyi musiqi arasında heç bir əlaqə yoxdur. Sadəcə bizim qulağımız buna öyrəşib. Çox nadir sözlər var ki, onlar musiqiylə üst-üstə düşür. Niyaməddin Musayevin oxuduğu "Siz ey ilk eşqimin şahidi dağlar”, "Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnılarda bəstəkar yüz faiz sözə işləyib. Ona görə də məni belə məsələlər cəlb etmədi. Bir də ki, bizim şairlərlə, bəstəkarlar arasında əlaqə sıfr dərəcəsindədir. Bizim muğamlarımız arasındakı rənglərdə gözəl musiqilər var. Onların bəziləri sözlərlə birləşəndə o təsniflər çox gözəl effekt doğurur. Onu demək istəyirəm ki, orda sözlə rənglər birləşəndə çox gözəl alınır. Ürəyimdən keçir ki, yaxşı bir bəstəkar, aranjimançı, muğamı dərindən bilən bir insan kömək etsə, hətta buna getmək olar. Bunun üçün isə Alim Qasımov səviyyəsində xanəndə lazımdır. O mənada mənim mahnı yaradıcılığım Səyyad Əlizadənin və Tahir Əkbərin bəstələrindən ibarətdir.

Vasif Əlihüseyn