adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Mart 2019 00:56
25435
ƏDƏBİYYAT
A- A+

RAHİLƏ DÖVRAN

TƏBRİZİM

Həsrətimdən qisas alım doyunca,
Görməmişdim səni ömrüm boyunca.
Torpağını gözüm üstə qoyunca,
Dalğalandı ürək adlı dənizim,
Təbrizim, ay Təbrizim.

Qurban olum Şəhriyarın sözünə,
Düşdüm doğma nəğmələrin izinə.
Könül verdim hər dağına, düzünə,
Çiçək açdı qızılgülüm, nərgizim,
Təbrizim, ay Təbrizim.

Məğrur başın illərdi ki, dumandı,
Qov üstündən buludları amandı.
Türk düşməni hiyləgərdi, yamandı,
Türkdür türkün dostu, yarı, əzizim,
Təbrizim, ay Təbrizim.

İnqilablar şimşəyindir hey çaxan,
Qəhrəmanlıq salnaməsi Səttar Xan.
Xiyabani, Pişəvəri, Bağır xan,
Qaranlıqdan doğan parlaq gündüzüm,
Təbrizim, ay Təbrizim.

Qoy başını bir də duman almasın,
Heydər baba, zirvəndə qar qalmasın.
At başından istibdadın çalmasın,
Sevicinə, vüsalına gül düzüm,
Təbrizim, ay Təbrizim.

MƏN ŞUŞANIN DAĞLARINDA
QAR GÖRÜRƏM

Gəlib vətən torpağına nazlı bahar,
Dönür yurda durnalarım qatar-qatar.
Sevincindən ulduzlar da göydən baxar,
Bu sevinci özüm üçün ar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Geyinməyib ətəyinə güllü donu,
Yaz günəşi əzizləmir hələ onu.
Çovğunların, fırtınanın min oyunu...
Bülbülləri susqun, dinməz, xar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Quzğun kimi Qarabağda yad, yağılar,
Səmasında qara-qara buludlar var.
Vaqif, Zakir, Xurşidbanu çox intizar,
Çiçəyini həsrətli bir yar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Qəfəsdədir Cabbarımın, Xanın səsi,
Bülbülümün, Seyidimin, zənguləsi.
Qan ağlayır "Qarabağın şikəstəsi",
Susan qaval, susan kaman, tar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Döyüşümüz, vurşumuz haqqdır bizim,
Komandandan əmr gözlər oğlum, qızım.
Zülfüqardır, qoç Fəridim, Mübarizim,
Qarabağın xilasını var görürəm.
Mən Şuşanın dağlarında qar görürəm.

YAŞADIM

Ustad Məmməd Arazın
"Bu da belə bir ömürdü yaşadım" şeirinə

Zaman-zaman seyrəlibdir dost, tanış,
Dörd fəslim də qışdır, yağır qar, yağış.
Əllər göydə, Rəbbə dua, yalvarış,
"Bu da belə bir ömürdü yaşadım".

"Ətdən çəpər, yad gözünə oxdu"lar,
Hanı oğul?,hanı qzım? -yoxdular.
Körpü altdan axıb keçdi çox sular,
"Bu da belə bir ömürdü yaşadım".

Xatirəynən, xəyallarnan ovundum,
Hisslərimə vəkil oldum, sovundum.
Fələk çarpdı, tərsim oldu uvandım,
"Bu da belə bir ömürdü yaşadım".

Araz üstə Xudafərin, daş kilim,
Ömür boyu Təbriz dedi, hey dilim.
O tay dərdi, əbədilik nisgilim,
"Bu da belə bir ömürdü yaşadım".

Qurban ollam pak adına vətənin,
Ocaq oldum gur oduna vətənin.
Vətən daşı olub Ana vətənin,
"Bu da belə bir ömürdü yaşadım".

Intizardı həm Borçalı, Savalan,
Şuşa, Laçın, Ağdam, Göyçə, İrəvan.
Qəlbi, bağrı, yurdu kimi hey talan,
"Bu da belə bir ömürdü yaşadım".

Məmməd Araz ocağından od alan,
Dövran oldum, el-obaya səs salan.
Odlar qızı, kökü üstə ucalan,
"Bu da belə bir ömürdü yaşadım".

GÖZLƏ YOLUMU

Gəzdir ömür boyu gözündə məni,
Xatırla hər kəlmə, sözündə məni,
Axtarsan taparsan közündə məni,
Acı göz yaşların yağış, dolumu?
Gözlə yolumu!

Bəzəyik hər zaman nəğməyə, saza,
Kədərlər, ələmlər bənzər payıza,
Bahar çiçəyitək möhtacıq yaza,
Aramızda bitən hicran kolumu?
Gözlə yolumu!

Dumanlar dağların gerçək xəyalı,
Enib qərq eyləyib gədiyi, yalı,
Qayalar cəngavər, güllər həyalı,
Tutub əllərimdən çəkmir qolunu,
Gözlə yolumu!

Sevincim qalibdir qolları bağlı,
Ümidim can verir yolları bağlı,
Gəl, qoyma eşqini sinəsi dağlı,
Getdiyin yol gülüm vüsal yolumu?
Gözlə yolumu!


SƏN ÖYRƏTMİSƏN

Mənə gizlin- gizlin, oğrun baxmağı,
Yanıb, alışmağı , sən öyrətmisən.
Saça sığal çəkib, çiçək taxmağı,
Küsüb, barışmağı, sən öyrətmisən.

Sənə bağlanmışam ürəkdən, candan,
Sənsiz həyat mənə qaranlıq zindan.
Səninlə ülfəti paylaşan andan,
Saf sutək axmağı, sən öyrətmisən.

Əvvəllər bağlıymış bəsirət gözüm,
Eşqinlə yarandı sevirəm sözüm.
Qəlbindən pay verib iradə, dözüm,
Şimşəktək çaxmağı, sən öyrətmisən.

Birgə sinə gərdik borana, qara,
Od vurduq hicrana, həm intizara.
Şaxtadan, çovğundan üzü bahara,
Dağları aşmağı, sən öyrətmisən.

Zirvələr fəth etdik qorxmaz, cürətlə,
Bədxahlar seyr etdi bizi heyrətlə.
Mənə anlıaçıq, namus, qeyrətlə,
Halal çalışmağı, sən öyrətmisən.

Qıraraq hər tələ, toru, qarmağı,
Tərk etdik boşuna xəyal qurmağı.
Dövrana haramdan uzaq durmağı,
Haqqa qovuşmağı, sən öyrətmisən.