adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Mart 2019 00:37
10588
ƏDƏBİYYAT
A- A+

Əzrayılın taym-autu

(hekayə)

Azad Müzəffərli

Həftənin altı gününü məhbəsdəydi. Bəzən istirahət günlərində də bu taleyi yaşamaq məcburiyyətindəydi. Sifariş çox olanda bazar günü də işləyirdilər. Yox, heç bir cinayətkarlıqdan söhbət belə gedə bilməzdi. Sadəcə, iş yerində özünü eynilə türmədəki kimi hiss edirdi. Həssas, qanan adamların çoxusunun başına gələn işdi. Onun da qisməti belə gətirmişdi.
Çalışdığı kollektiv on-on beş nəfərdən ibarətdi. Uzun illərdi bir yerdə işləyirdilər. Bir-birinin cikinə də, bikinə də dərindən bələddilər. İş yoldaşlarının əksəriyyəti ya çuğulluq azarına tutulanlar, ya da instinqdən bir addım da olsun uzaqlaşa bilməyənlərdi. Bəziləri bəsit kənd fəndgirliyinin ətəyindən əl çəkmək fikrindən tamam uzaqdılar. Dar çərçivədən kənara çıxmaq onlarlıq deyildi. Bir qismi lap yal adamıydı, mətbəx siçovullarından qətiyyən fərqlənmirdilər. Bütün bu mənəvi eybəcərliklərinə baxmayaraq özlərini ları xoruz kimi dartmaqdan, öyməkdən isə yoruldum demək bilimirdilər. Bir-birinin dalınca döşəməkdən ötrü də sinov gedirdilər.
Xislətlərinə münasib üç-üç, dörd-dörd qruplaşmışdılar da. Vəziyyətə uyğun olaraq bu qruplar arasında transferlər ara vermirdi. Bəziləri bu işdə lap püxtələşmişdi; gün ərzində bir neçə dəfə yerdəyişməyə müvəffəq olurdu. Elələri də vardı ki, qulaq falına çıxmaqda, əlaltından məlumat toplamaqda, hətta, peşəkar kəşfiyyatçılar belə onlara həsəd apara bilərdilər. Bu xəstəlik qanlarına yerimişdi. Belələrinin çöhrəsində nə insanlıq, nə də kişilikdən əsər-əlamət yox idi. Bəlkə də, inanmayacaqsınız, hərəsinin də əl boyda diplomu vardı. Təsəvvür edirsiniz, hamısı ali savadlıydı. Di gəl, tək-tükünü çıxmaq şərtilə böyük mətləblər onlarlıq deyildi. Azlıq təşkil edən babat kəslər də onların arasında bir növ it-bat olmuşdu.
Günü qaraydı. Əlacsızdı. Bu vəziyyətdən çıxış yolu tapmaqda Hikmət acizdi. Əvvəllər bir təhər duruş gətirsə də, indi səbri tükənmişdi. Əksər hallarda nəfəsi daralırdı. Bir parça çörək naminə insanlıqdan uzaq bu mühitə dözmək məcburiyyətindəydi. Əlindən başqa iş gəlmirdi. Hər gün nəinki dəqiqələri, hətta, saniyələri sayırdı ki, iş günü tezliklə başa çatsın.
Günlərin birində səbri də tükəndi. Dünya ona dar gəldi. Heç cür gözünə yuxu getmirdi. Yerindəcə çapalayırdı. Yenə də işə getmək lazım gələcəyindən səhərin açılmasını istəmirdi. Qəlbi köksünə sığmırdı, partdam-partdamdaydı. Tıncıxdı. Qaranəfəsə bir göz qırpımında ömür kitabını axıracan səhifələdi. Sonuncu səhifəyə çatanda gözləmədiyi halda ona sarı qaba bir əl uzandı. Karıxsa da, anındaca Tanrının dadına yetdiyinin mahiyyətinə vardı. Artıq ömür kitabının son səhifəsindən Əzrayıl mənalı-mənalı, amma bir qədər incik halda gözlərini ona zilləmişdi. Hikmət tələm-tələsik onunla köhnə dostlar təkin ikiəlli görüşdü. Qəribə də olsa, sevincinin həddi-hüdudu yoxdu. Sandı ki, nəhayət, bu cansıxıcı həyatdan birdəfəlik qurtulur. Amma nə faydası, Əzrayılın ağzını açmağı ilə kefinə soğan doğramağı bir oldu:
- Tələsmə, lap çiçək açmısan... Yanılırsan, bu, başa vurduğun sənin ömür kitabının birinci hissədir, unutma, tən yarını təzəcə keçmisən... Nə əcəb, yaddan çıxarmısan ki, axı, sizin nəsildə kişilər ya doxsandan bir qədər az, ya da bir qədər çox ömür sürürlər... Lap dəng eləmisən məni, qulaqlarım ara vermədən cingəldəyir... Gəldim sənə birdəfəlik xəbərdarlıq eləyim ki, bir də xam xəyala düşməyəsən! Hələ sənin vaxtına çox qalıb. Üzrlü say, vaxtım dardı, mən getdim... Xeyli müştərilərim səksəkədə məni gözləyir, günaha bata bilmərəm, hələlik...