adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Mart 2019 00:33
8456
GÜNDƏM
A- A+

Basqal-tarixin özü qədər qədim

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Prof. Rəna İbrahimbəyova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev, müəllim Zəhra Müller Tarıverdi (BMT Vyana) yazırlar ki, Azərbaycanda baramaçılıq peşəsinin iki min ildən artıq yaşı olduğu tarixi faktlarla təsdiqlənir. Araşdırmalar sübut edir ki, lap qədim zamanlardan Azərbaycanda yüksək keyfiyyətli barama istehsal edilmiş və ondan zərif ipək saplar əyrilmişdir. Onlardan toxunan gözəl parçalardan istehsal olunan nəfis məmulatlar dünyanı heyran qoymuşdur.
Bu barədə antik məxəzlərdə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. X yüzildə Azərbaycana səyahət etmiş Əl-İstəxri, Əl-Müqəddəsi, XIII əsrin görkəmli səyyahı Marko Polo, XVII əsrdə Övliya Çələbi və başqaları öz əsərlərində və yol qeydlərində Azərbaycanda ipək və ipəkdən hazırlanan məhsullar haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, Şirvan bölgəsi tarixən baramaçılığın mərkəzi olmuş, burada tayı-bərabəri olmayan minlərlə dəvə yüklü ipək istehsal olunaraq dünya bazarına çəxarılmışdır.
N.N.Şavrov yazır ki, Şirvan zəngin ipəyi ilə məşhurdur və köhnə Şamaxıdan ipək məmulatları böyük miqdarda Dərbəndə gətirilirdi. Şuşada 5 baramaçılıq emalatxanası olduğu halda, Şamaxı qəzasında 107 təsərrüfat var idi; onlardan da 46-sı Şamaxıda, 11-i Basqalda, 4-ü isə Mücidə yerləşirdi. Digər kəndlərdə isə 45 təsərrüfat mövcud idi.
XVII yüzilin 30-cu illərində Şamaxıya Şah İ Səfəvinin yanına gəlmiş Qolştin səfirliyinin nümayəndəsi Adam Olearinin də Şirvanda ipəkçiliyin inkişafı ilə əlaqədar olaraq qeydləri maraqlıdır. O yazır ki, Şəhər sakinləri ( Şamaxı nəzərdə tutulur, O.A.) başlıca olaraq ipəyin əyrilməsi, toxuma və ipək saplarla,kağızla tikməklə məşğul olurlar. XVI - XVII yüzilin ikinci yarısından başlayaraq Şirvanda istehsal olunan ipək Venetsiyaya,Marselə,Amsterdama,İstanbula, Hələbə ixrac edilirdi.
Araşdırmalar onu da göstərir ki, XVII əsrdə Azərbaycanın Gilan bölgəsində istehsal edilən xam ipəyin ən böyük alıcıları İngiltərə və Hollandiya kimi yüksək inkişaf etmiş ölkələr idi.
Sonrakı yüzilliklərdə I Pyotrun, Milyutinin və başqa şəxslərin yaratdıqları ipək manufakturaları məhx Şirvanın xammalı hesabına işləyirdi. Hətta ipəkçilik üzrə mütəxəssis Milyutin 1836-cı ildə Nuxada ipəkçilik məktəbi də təsis etmişdir.
Kəlağayılara vurulan naxışlar təsadüfi xarakter daşımır. Onlara vurulan hər bir naxış elementinin, adi detal ünsürü, müxtəəlif rəng çaları bütövlükdə bir süjetli kompozisiyanı özündə əks etdirir. Bu naxışlar xalqımızın sənətkarlıq,toxuculuq mədəniyyəti,yüksək zövq duyumu,bu naxış kompozisiyalarının çoxəsirlik tarixə malik olduğunu göstərir. Kəlağayının vasitəsi ilə, ona vurulan bənzərsiz naxışlar yolu ilə bu geyimin hansı xalqın mədəniyyətinə məxsusluğunu, nə zaman istehsal edildiyini təyin etmək mümkün olur. Prof. Rəna İbrahimbəyova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarıverdiyev haqlı olaraq kəlağayıların simvolik məna daşıdığını qeyd edirlər . Onların fikrincə bu sadəcə baş geyimi deyil, çox böyük estetik-etik məna tutumuna malik mədəni ünsürdür. Kəlağayıların rəngi və naxışları ünsiyyət zamanı müəyyən əhval-ruhiyyənin yaranmasına səbəb olur. Kəlağayı örtmüş Azərbaycan xanımının obrazı Azərbaycan folklorunda, Azərbaycan ədəbiyyatında, yaxud təsviri sənət nümunələrində ənənəvi bir hal almışdır.
Təqdirəlayiq haldır ki, kəlağayılara, müxtəlif çeşidli parçalara vurulan naxışlar rəngi solmayan ən yüksək keyfiyyətli boyalar yerli bitkilərdən alınırdı. Ərazinin zəngin boyaq bitkiləri ilə zəngin olması və toxuculuğun böyük coşqu ilə inkişafı Basqalda boyaqçılıq sənətinin də yayılması üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyil ki, bu gün boyaqçılıq sənəti də müstəqil bir sahə kimi inkişaf etmişdir.
Bu da bir faktdır ki, Azərbaycanın ipək məmulatları o cümlədən də ustalıqla istehsal olunmuş kəlağayıları fərdi yaradıcılıq məhsulu kimi ötən yüzilliklərdə keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.
Dediyimiz kimi Basqalda iki məscid fəaliyyətdə idi- Hacı Bədəl və Əl-Fəqir Şeyx Səfayi ibn Şeyx Məhəmməd məscidi. Hər iki məscid qədim tarixi abidə kimi insanların ibadətgah yeri , inam qibləgahı olmuşdur. Hacı Bədəl məscidi indi də fəaliyyət göstərir. Məsciddə qadınların və kişilərin ibadət etmələri üçün otaqlar ayrıdır. Hətta ibadət otaqları elə qurulmuşdur ki, ibadətə gələn qadınları kişilər görə bilmirlər. Qadınların ibadət yeri arxitektura ansamblı olmaqla bərabər ikinci mərtəbədədir.
O cümlədən də Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzi hesab olunan Basqalda istehsal ounan parçalar xarici bazarlarda yüksək qiymətləndirilmişdir. 1862-ci ildə Azərbaycan ilk dəfə olaraq Londonda keçirilən ümumdünya sərgisində iştirak etmiş,həmin sərgidə basqallı toxucu Nəsir Abduləziz oğlunun toxuduğu kəlağayıları və qanovuz parça gümüş medal və diplomla mükafatlandırılmışdır.
Basqalda yaşayış evlərinin də tikilişi və quruluşu maraqlıdır. Burada evlər bi qayda olaraq üzü cənuba inşa eddilmişdir. Kənardan baxanda adama elə gəlir ki, Basqalda evlər "boğazına qədər" torpağın içərisində yerləşir. Əslində isə belə deyil. Memarlıq üslubunda tikilən bu ikimərtəbə evlərin oranın iqliminə,relyefinə uyğun olaraq birinci mərtəbəsinin bir hissəsi torpağın altında, ikinci mərtəbəsi isə torpağın üstündə inşa edilib.
Basqal evlərinin üstün cəhətlərindən biri budur ki, 17-ci yüzildən, yəni şəhərin bünyadı qoyulandan üzü bəri burada hər bir evdə hamam olmuşdur. Fərdi evlərdən başqa Basqalda şəhər hamamı da insanların ixtiyarında idi. Bu tağlı şəhər hamamı XVII yüzilin yaşıdıdır. İstər xüsusi,istərsə də şəhər hamamı odunla qızdırılır və istilik sistemi ilə fəaliyyət göstərilirdi. İstifadəsindən asılı olmayaraq bütün hamamlar iki salondan-paltarların soyunulub geyinilməsi və çimmək üçün otaqdan ibarət idi.
XİX əsrin birinci yarısında rus müstəmləkəçiliyi şəraitində Şimali Azərbaycanın mədəni həyatının bir çox sahələrində müəyyən irəliləyişlər olmuş, XİX yüzilin İİ yarısında mədəniyyətimizin inkişaf meylləri güclənmiş və bu sahədə bir sıra mühüm yeniliklər baş vermişdir. Təbiidir ki, bu yeniliklər Basqal kimi şəhərin ictimai həyatından da yan keçməmişdir. Belə ki, burada yeni tipli məktəb və maarif müəssisələri açılmış, Avropa tipli ali təhsil almış ilk azərbaycanlı ziyalı kadrları yetişməyə başlamışdır.
Qeyd edək ki, Azərbaycanın Şimal torpaqları Rusiya tərəfindən işğal edildikdən sonra çar Rusiyasının bu əraziyə və onun insanlarına qarşı siyasəti ikili xarakter daşımağa yönəlmişdi. Çar hökumətinin mədəniyyət və maarif sahəsində siyasətinin əsas məqsədi bölgədə öz imperiya maraqlarına uyğun gələn təhsil sistemini formalaşdırmaqdan, əhalini ruslaşdırmaqdan və imperiyaya sədaqətli təbəələr yetişdirməkdən ibarət idi.
Tarix kitablarında yazılır ki, çar məmuru Bibirşteyn qəti olaraq bildirirdi ki, bölgədə rus siyasətini elə həyata keçirməliyik ki, buradakı yerli əhali nəinki rus dilində danışsın, hətta rus dilində düşünsün.
(Azərbaycan tarixi, ən qədim zamanlardan -XXİ əsrin ilk onilliklərinədək, "Bakı Universiteti" nəşriyyatı, 2017, səh. 212).

(ardı gələn sayımızda)

Faiq Şükürbəyli,
tədqiqatçı-etnoqraf

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ