adalet.az header logo
  • Bakı 21°C
05 Mart 2019 00:22
13917
GÜNDƏM
A- A+

QATİL HƏMİŞƏ CİNAYƏT YERİNƏ QAYIDIR...

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun məsul əməkdaşı olmuş yazıçı-publisist Rafiq Hacıyev "Başsız qadının sirri..." doqquz hissəli istintaq romanı üzərində yaradıcılıq işini başa çatdırıb. Onun bu sənədli romanı sovet dönəmində baş vermiş xüsusilə ağır cinayət hadisəsindən bəhs edir. Zamanında respublikada həm də çox məşhur olan bir şəxsin adı ilə bağlı olmasıyla geniş əks-səda doğurmuş bu cinayətin gizlinləri çoxlarına bələd olmadığından, bu gün əsər bütün nəsillərdən olan oxucular üçün maraq doğurur. Heç şübhəsiz sujeti hər hansı uydurma motivlərdən uzaq olan bu sənədli romanın çox oxunaqlı olmasını şərtləndirən bədii məziyyət onun yüksək sənətkarlıqla yazılmasıdır. Özündə cinayətin geniş coğrafiyasını və həyati obrazların təzadlı psixoloji yaşantılarını birləşdirən əsər əvvəlindən sonuna qədər oxucusunu gərgin vəziyyətdə saxlaya biləcək bədii qaynaqdır. Ədəbi-bədii şərhinə görə Azərbaycan ədəbi məkanında oxşarı olmayan bu sənədli romanın da yer alacağı kitabda toplanmış sənədli povest və hekayələrin qəhrəmanları yenə də qanunçuluğumuzun keşiyində dayanan istintaq işçiləri - müstəntiqlər, prokurorlar və onlara daima yaxından kömək edən polis əməliyyatçılarıdır.
Maraq doğuracağına inanaraq, "Başsız qadının sirri..." kitabına daxil olan sənədli hekayələrdən birini oxucularımızın diqqətinə çatdırırıq.

"İnsan səhvlərini xoşbəxt olanda yox, bədbəxt olanda anlayır".

Anton Çexov

... Hüquq-mühafizə orqanları işçilərinin, ələlxüsus da istintaqla məşğul olan prokurorluq əməkdaşlarının həyatı gərgin və maraqlı axtarışlarla, gözlənilməz və qəribə vaqiələrlə, qəziyyələrlə, cinayətin izinə düşüb kələfi açarkən qarşılaşdıqları çox təəccüblü hadisələrlə doludur. İndi oxuyacağınız kriminal oçerkdə mən Qazıməmməd şəhərində baş vermiş və nəinki Hacıqabul rayonunu, hətta bütün respublikanı şok vəziyyətinə salmış dəhşətli qətl hadisəsi barədə söhbət açacağam. Oçerk səkkiz bölmədən ibarət olacaq. Əvvəlcə törədilmiş qətllə bağlı cinayət işinin materiallarını vərəqləməkdə davam edəcəyəm, sonra isə xronoloji qaydanı qəsdən pozacağam, üstəlik ümumi süjet xəttindən bir az kənara da çıxacağam. Sadəcə olaraq bu amansız, qanlı olayla əlaqədar geniş danışacağam.
Əlbəttə ki, daimi ənənəmə sadiq qalaraq: müstəntiqin apardığı cinayət işinin istintaq materiallarına, prokurorun razılıq verdiyi və Baş prokuror müavininin təsdiq etdiyi ittihamnaməyə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən.
Əgər tələsməsəniz və bu hekayəti diqqətlə oxusanız, onda özünüz də dediklərimin hamısının şahidi olacaqsınız.

"Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır".

Heydər ƏLİYEV
POLİS ŞÖBƏSİNƏ
TELEFON ZƏNGİ

...Avtomobil çətinliklə irəliləyirdi. Külək sanki "QAZ-31"in qapılarından sallana qalıb onu irəli getməyə qoymurdu. Keçmə fevral ayının da bu küləyindən: başladımı, day üzünü görmə. Bir vaxtlar deyərdilər: külək ki, beləcə aləmi başına götürdü, onda mütləq bir xəbər eşidəcəksən, özü də elə-belə xəbər yox, eləsini ki, adamın ağlını başından çıxardar.
Qışın lap oğlan çağı idi. Soyuq adamın iliyinədək işləyirdi. Avtomobildə əyləşmiş rayon prokuroru Əlisoltan Əhmədov, prokurorluğun müstəntiqi İlqar Hacızadə və polis şöbəsinin rəisi İbrahim Bağırov dinmirdilər. Onlar danışmasalar da, eyni məsələ haqqında düşünürdülər: "Respublikanın aran zonasının xeyli hissəsini əhatə edən Hacıqabulun min illik tarixi vardı. Müqəddəs Məkkədən qayıdarkən yolüstü burada dayanmış zəvvarlar ilk dəfə onu xatırlatmışlar. Yeni dövrdə isə Bakı-Tiflis dəmiryolu onu bu mühüm magistralda iri qovşağa çevirmişdi. Mərkəzi Hacıqabul olan Qazımməd rayonu otuzuncu illərdən altımışıncı illərədək mövcud olsa da, sonralar əsassız surətdə ləğv edilmişdi. On il bundan əvvəl dəyişikliklər nəsimi qədim şəhərə də toxunmuşdu. Ali Sovetin Rəyasət Heyətinin fərmanı ilə mərkəzi Qazımməd şəhəri olan Hacıqabul rayonu yaardılmışdı. Qazıməmməd kriminal durumuna görə hüquq-mühafizə orqanı əməkdaşları üçün adətən daima narahat ərazi sayılmamışdır. Bu baxımdan rayon mərkəzində müxtəlif xarakterli cinayətlərin baş verməsi qeyri-adi hal kimi qəbul olunmamışdır. Amma, xəbərini on beş-iyirmi dəqiqə bundan əvvəl aldıqları hadisə isə..."
Axşam təxminən on doqquz otuzda şəhər sakini Xədicə Həsənova polis şöbəsinə telefonla zəng vurmuşdu. O, bədbəxtlik və tələb duyulan səslə bildirmişdi ki, N. Məmmədov küçəsindəki 64 nömrəli evdə Qazıməmmədin tarixində hələ indiyə qədər eşidilməmiş və görünməmiş ağır cinayət hadisəsi baş vermişdir. Özü də keç kəsin ağlına belə gəlməyən xüsusi amansızlıqla!
Prokuror, müstəntiq və polis rəisi avtomobildən endilər...
ZƏMİNƏ NƏDƏN
QORXMUŞDU?

... Anaları Gülvər 1999-cu ilin oktyabr ayında dünyasını dəyişəndən sonra üç bacı, iki qardaş ataları Gülbalanı tək qoymur, tez-tez qocaya baş çəkir, bu yaşlı adamın darıxmasına, xiffət çəkməsinə imkan vermirdilər. Kişi arvadını itirdiyi son üç ayda elə bil bir az da kövrəkləşmişdi. Yanında qalan böyük qızı Gülgəzin, onun balası Sevincin babasına həyan durmasına baxmayaraq, o biri övladları da hər gün atalarından hal-əhval tuturdular. Necə deyərlər bacılar atalarını axşamlar gözləri ilə yatırdıb, səhərlər əlləri ilə oyadırdılar. Bir sözlə Zəminə gəlirdi, Tamara gedirdi. Xanbala evdən çıxanda da Bəybala Gülbalanın qulluğunda dururdu. Bu gün də...
...Tamara o başdan qalxıb həyətə düşmək istəyirdi ki, gözləri küçədə darvzanın qarşısında var-gəl edən qardaşı Xanbalanı aldı.
Az sonra kiçik qapı çırpıldı, sürmənin iri dəmir halqası bərkdən cingildədi. Balaca həyətdə toyuq-cücə səs-səsə verdi, bir xeyli qaqqıltı kəsilmədi. Qapıda qardaşı ilə qarşılaşanda qızın havadan qarsalanmış dodaqlarında təəccüb göründü, qəlbini təlaş hissi bürüdü. Xanbalanın rəngi birtəhər idi. Papirosunun vaxtı keçən adamlar kimi onun sifəti bərk avazımışdı.
Qadın şübhəli təbəssümlə qardaşına baxdı. Onun gözlərindəki amansız və hikkəli ifadəyə diqqət etdi. Qaşları riqqətlə çəkildi, bəbəklərində maraq işarələri oyandı. Xanbalanın belə tezdən onların evinə gəldiyini heç yadına gətirə bilmirdi. Görünür nə isə...
-Bıy, başıma xeyir, ay qardaş, səhər-səhər nə xəbərdir, yenə? Bir hadisə baş verməyib ki? - Tamara hövsələsini basa bilməyib nigarançılıqla pıçıldayaraq, sual dolu baxışlarını onun üzünə dikdi.
-Heç bir şey olmayıb, bacı, doğru deyirəm, heç bir şey olmayıb. Bir də ki, lənət şərə, xeyir olmamış nə olasıdır ki? - deyə sualı sualla qarşılayan Xanbala qızğın bir səbirsizliklə bacısının cavabını gözləmədən adamın sümüklərinə işləyən soyuğun əlindən qaçırmış kimi özünü bayırdan cəld evə saldı.
...Soba qalanmışdı. Sobanın dəmir qapağı qaldırılmışdı. İçindəki alovla işıqlandırılmış dəliyinin ətrafında dəmir çubuqların ucları görünürdü: bu çubuqlar qara, iti və seyrək dişlərə bənzədiyindən soba, ağzından alov saçan əjdahaya bənzəyirdi.
Tamara stəkana dodaq zehinəcən çay süzdü, sonra soyumasın deyə dəm çaynikinin üstünə məhrəba saldı. Xanbala tez stəkanı nəlbəki qarışıq əlinə götürdü - soyuqdur, qaynardır - fərqinə varmadan dodaqlarına yaxınlaşdırdı, isti çaydan bir iki qurtum alıb, stəkanı nəlbəkiyə qoydu.
Qız başa düşürdü ki, qardaşı sözlü adama oxşayır. Ona elə gəlirdi ki, Xanbalanın gözləri bu dəqiqə qızdırmalı adamın gözləri kimi işıldayır.
Evə sükut çökdü. Bu sükutu ancaq qurtum səsləri pozurdu. Xanbala çayı bərkdən quruldadırdı. Hər qurtum aldıqca qəribə səslər çıxarırdı. Onun qurtumu elə bil ağzından harasa, dərin bir yerə düşürdü və nə isə böyük, hamar şeyə dəyib şappıldayırdı.
O, nəlbəkiyə tökdüyü çayı içə-içə gözlərini qıyır, qəlbindən keçənləri bilmək istəyirmiş kimi oğrun nəzərlərlə bacısına baxırdı. Stulun bir küncündə oturaraq fikirli-fikirli çay stəkanına nəzər salan Xanbalanın dodaqları bərk sıxılmış, çənəsinin yanları daşa dönmüşdü. Gicgahlarının göy damarları zol-zol durmuşdu...
Buğlanan çaydan içib bədənini istiləndirdikdən sonra o, mətləb üstünə gəldi. Bayaqdan bəri bacısını üzən nigarançılığı onun qəlbindən götürdü:
-Təcili pul lazımdır. Nar almalıyam. Həmin pulu nar satanlara verəcəyəm. Malı tez Bakıya çatdırmalıyam. Gülgəzgildən gəlirəm. Nədənsə mənə qızırqalandı, pulu olmadığını söylədi. Dedim birdən...
Sözünü bitirmədi, baxışlarını ona dikdi. Bu baxışlarda çaşqınlıq vardı. Bu baxışlar kömək diləyirdi. Gözləri bacısında ola-ola cibindən siqaret çıxardıb yandırdı. Tez-tez sümürüb, bahar dumanına bənzəyən göy tüstüsünü havaya buraxdı. O, siqareti sorduqca, tüstü qıvrıla-qıvrıla onun başının ətrafında dolanaraq, tavana doğru uçurdu. Papiros barmaqları arasında gorun-gorun tüstülənirdi.
Tamara şalının ucunu didişdirir və dinmirdi. O, deyəcəyi sözləri fikrində götür-qoy edə-edə qardaşına nəzər saldı. Yuxusuz adamlar kimi Xanbalanın rəngi ağarmışdı. Gözlərinin altı şişmişdi. Ona ürəyi yandı. Neçə müddət idi ki, işləmirdi, arvadı Şövkət, uşaqları Sevda, Aynur və Xəyalə qayınatası Hüseynin qoltuğu altına sığınmışdılar. Son aylar evə onsuz da heç bir xeyri dəymirdi. Tez-tez araq içirdi, valay vurur, karıxa-karıxa danışır, səbəbsiz yerə dava-dalaş salırdı. Gülgəzlə heç dolanmırdı. Pul üstündə onunla mübahisə edir, əlinə bir şey keçməyəndə nalayiq söyüşlər söyürdü. Bütün bunlar ortancıl bacıya əlavə dərd olmuşdu. Heç özləri də əməlli-başlı bir kökdə deyildilər. Qız qırıla-qırıla:
-Günümüz-diriliyimiz neçə keçir, özün bilirsən, vəziyyətdən də ki, halısan, - deyib köksünü ötürdü, kürəyindən zərbə alıbmış kimi çiynini qısdı. Durub sobanın külfəsini açdı, qor qarışıq közü qarışdırdı, ocağa çırpı atdı. Alovun oynaq dilləri titrəşdi, çıldır-çıldır işıltıları döşəmədə atılıb-düşməyə, divarboyu uzanan oturacağı, uzun stolu işıqlandırmağa başladı.
Xanbalanın gözləri yalvarırdı. O, yenidən papiros alışdırdı, əlini ağzına tutub öskürdü, sıx kirpiklərini qapayıb gözlərini bir anlığa yumdu.
-Bəlkə Bəybalaya dil bulayasan. - deyə baçısı məhrəbanın altında "mürgüləyən" çaynikdən çay süzdü.
Süfrəyə təzə çay gətirən Tamaranın səsi elə bil uzaqlardan eşidilirdi. Qız balaca qardaşlarını nəzərdə tuturdu.
Xanbala ona diqqətlə qulaq asır, qaşlarını xəfifcə tərpədir, arabir Tamaraya baxırdı. Daha onun sözünün üstünü götürmədi, dodaqları gərgin-gərgin səyridi. Ağzına qənd tullayıb bir qurtum çay içdi. Sonra stəkanı nəlbəkiyə qoydu, qəndi dişlərinin altında xırtıldada-xırtıldada nəyisə xatırlayıbmış kimi astadan dilləndi:
-Sən yəqin ki, bu gün dədəmə baş çəkəcəksən. Onlar yığışıb Əli Bayramlıya getdilər. Gülgəzin aldığı təzə evə baxmağa.
Tamara nəzərlərini onun isti çaydan sonra tərləyən arıq və yorğun üzündə gəzdirdi:
-Belə tezdən?
Xanbala ayağa qalxaraq:
-Nə, - deyib qapıya sarı yönəldi.
Bacısı onun ardınca çıxdı. Xanbala qapıda ayaq saxladı:
-Gəlmə, qayıt, - dedi.
Qardaşını yola salandan sonra Tamara atasına dəyməyi günortaya planlaşdırdı. Başı evin işləri ilə məşğul olmağa qarışdı...
Bəybalanın cibi dəni sovulmuş dəyirmana bənzəyirdi. Burada yel vurub yengələr oynayırdı. Onun qardaşına məsləhəti belə oldu:
-Dayıoğlu Mahirdə bir az pulumuz var. Bizə 340 min manat pul verəsidir. Get al, işinlə məşğul ol.
Xanbala onun dediyi kimi də elədi və Bakıya yola düşmək üçün sabahı gözləməyə səbri çatmadığından gecə ikən dəmiryolu stansiyasına gəldi...
...Həmin gün Tamara bir-neçə yol atasının qapısına baş çəkmək məcburiyyətində qaldı. Hər dəfə darvazanın ağzına vurulmuş kilidi bağlı gördü-Əli Bayramlıya gedənlər hələ də geri dönməmişdilər. Bayır axşam oldu, yenə də doğmalarından bir səs-səmir çıxmadı. Hövsələsi lap daraldı, səbri tükəndiyindən qonşuları Xədicə Həsənovanın və İsmayıl Abdullayevin evlərinə addadı, atası barədə onlardan soruşdu.
Xədicə fikrini cəmləşdirirmiş kimi bir anlıq sükuta daldı, sonra üzünü Gülbalanın evi səmtinə çöndərib:
-Səhərdən bəri nə Gülgəzi, nə də Sevinci qapıda görməmişəm, amma nədənsə bütün günü həyətin işıqları yanıb - dedi.
İsmayıl da lal-mat dayanmışdı. Üzündə küt bir kədər ifadə edirdi. Elə bil özünün belə anlayıb dərk edə bilmədiyi nəyisə gizlədirdi. O, bayaqdan bəri qanı qaçmış dodaqlarını bir-birinə sıxıb xəfifcə kölgələnmiş gözləri ilə ona baxan gəlinə iti bir nəzər salıb qonşu qadının sözünə qüvvət verdi:
-Mən də Gülbala kişi ilə rastlaşmamışam. Bu gün heç adam arasında da gözümə dəyməyibdir.
Qonşulardan müsbət bir cavab almayan Tamaranı narahatlıq hissi bürüdü. Özündən asılı olmayaraq həyəcandan sifəti allandı. Təşvişini tez boğdu. Daxilində yaranmış gərginliyi bədə yozmadı. Gecəni gözləməyi qərara alıb evlərinə üzü üstündə döndü.
Ertəsi gün Tamara atasının və Gülgəzin evə gəlmədiyini, hələ də onlardan bir xəbər-ətər olmadığını Zəminəyə çatdırdı. Bu dəfə kiçik bacı əl-ayağa düşdü. Zəminə axşam ərindən Gülgəzin iş yerinə - Əli Bayramlı Dövlət Rayon Elektrik Stansiyasına gedib ondan xəbər tutmasını xahiş etdi. Amma qəlbində baş qaldıraraq düşüncələrini didib-parçalayan şübhələr barədə heç kimə bir kəlmə də demədi. Ağlına cürbəcür çalpaşıq fikirlər gəldi. Sonra da "dilim-ağzım qursun, bəlkə başlarında bir iş var, Allah özü kömək olsun, onsuz da yasdan təzə çıxmışıq, yenə də bizə müsibət göstərməsin" - deyə özü-özünə danışdı.
Zəminənin əri evə axşama yaxın döndü. Gözlərinə baxanda başa düşmək olardı ki, ondan xoş xəbər gözləmək əbəsdir. Gözləri qüssəli idi. Sifətində məlul-müşkül ifadə vardı. Kürəkənin dediyi sözlər səhərdən bəri Zəminənin evinə toplaşıb xəbər gözləyən qohum-əqrəbanın hamısını suya döndərdi:
-İş yerində mənə bildirdilər ki, Gülgəz axırıncı dəfə idarədə təxminən 10 gün bundan qabaq-məzuniyyətə çıxan günü olub.
O bu sözləri elə pərişan, ümidsiz ifadə ilə söylədi ki, Zəminənin vücudu titrədi, dodaqları qurudu, yanaqları od tutub yandı. Ürəyini elə bil pencər kimi sıxdılar. Gördü ki, qəhər onu boğur, bir an da keçsə hönkürəcək, başını aşağı dikib özünü ələ almağa çalışdı. Ağır-ağır stula çökdü. Əllərini üzünə atdı. Axşamdan bəri qəlbini deşən şübhələr, deyəsən...
Daha gözləməyin yeri deyildi. Evdən böyüklü-balacalı necə çıxdıqlarını bilmədilər. Xanbala srağagün gecə ilə Bakıya getdiyinə görə onların arasında yox idi...
...Güclü şimal küləyi əsirdi. Qaranlıq qatılaşmışdı. Küçələrdə sınıxmış işıqlar öləziyirdi. Başlarına şal bürünmüş arvadlar doqqazın ağzına çıxıb uşaqları bayırdan evə dartırdılar. Adamlar evlərinə tez çatmağa tələsirdilər. Həyət qapıları çırpılıb cırıldayırdı. Teleqraf xətləri ulayırdı. Külək getdikcə daha da güclənirdi. Evlər qaşqabaqlı, müəmmalı dayanıb, nağıllardakı sehrli qüvvələr kimi kabus təsiri bağışlayırdı.
Darvazanın kilidini sındırdılar. Zəminə özünü birinci irəli verib qapıdan otağa girəndə içəridən onu buz soyuqluğu vurdu və qəfildən ayaq saxladı. Otaq qəbiristan kimi vahiməli və zülmət idi. Boğucu iydən içəridə nəfəs almaq çətinləşirdi. Az qalırdı ödü ağzından gəlsin. Qulaqları uğuldadı. Gözünə tor gəldi, başı fırlandı. Əvvəlcə gözlərinə inanmadı. Diqqətlə baxdı, baxdı və... Bircə anda qanı dondu, qulaqları cingildədi, kürəyi gizildədi, qolları boşalıb yanına düşdü. İnsan meyitləri görmüşdü. Bəbəkləri böyümüş, hədəqəsindən çıxmış halda cikkə çəkdi: atası Gülbalanın, bacısı Gülgəzin və bacısının balası Sevincin meyitləri otaqda döşəli qalmışdı.
Bu zaman qəzəbli bir hayqırtı eşidildi, o qədər qulaqbatırıcı bir hayqırtı idi ki, hətta pəncərələrin şüşələri cingildədi. Zəminə elə çığırdı ki, elə bil diri-diri dərisini soyurdular. Ona baxanda adamı dəhşət bürüyürdü: rəngi qıpqırmızı idi, ayaqları ilə hiddətlə yeri döyəcləyirdi. Sonra o, aşağı çöküb yaralı şahin kimi dırnaqları ilə atasının, bacısının, körpə qızın qanı tökülmüş döşəməni cırmaqlamağa və üzündə şəhrələr açmağa başladı. Gözlərini meyitlərin üzünə sürtən gəlin ancaq:
-Polisə xəbər verin, - deyə bildi və özündən getdi...
...Zəminənin hayqırtılı qışqırığındakı vahimə və güclü həyəcan eşikdəki küləyin səsinə qarışıb məhəlləni lərzəyə gətirdi. Eşidənlərin qəlbi titrədi. Bir anda çığır-bağır qopdu. Adamların gözlərində qəzəb, üzlərində kəskin nifrət ifadəsi oxundu. Qonşuların bu bir neçə gündə evdən çölə nəyə görə çıxa bilmədiyinin səbəbi indi hamıya bəlli oldu.
Elə bil camaat bir himə bənd imiş. Qorxunc xəbər adamların içinə vəlvələ saldı. Küçə və dalanlarda hökm sürən axşam sükutundan sonra hər yanı səs-səda, bağırtı tutdu. Tökülüb gələnlərin hay-harayı həyəti başına götürdü. Bu müdhiş mənzərəyə baxanların matı-qutu qurumuşdu. Arvadlar qışqırır, üzlərini cırır, əllərini dizlərinə şappıldadır, dil tökür, saç yolurdular. Kişilər isə hesabı içəri verərək dinmirdilər. Qarılar bellərini əyib adamlara baxır, dodaqlarının altında nə isə pıçıldayırdılar.
Hamı ağlayırdı, bayatı çəkib hönkürürdü.
Gülgəzi ağlayırdılar... Gülbalanı ağlayırdılar... Sevinci ağlayırdılar...
Birdən:
-Gəldilər, gəldilər! - deyə xəbər yayıldı.
Adamlar kiridilər.
Küçədə dayanan avtomobillərdən rayon prokuroru, müstəntiq, polis rəisi, məhkəmə-tibb eksperti və bir dəstə polis işçiləri düşdülər.
Divara qısılıb gözlərini geniş açaraq sonsuz qorxu içində meyitlərə baxıb ürəkləri kabab olan qadınlar inzibati orqan işçilərini görüb otağı ehtiraslı, çılğın və şiddətli hönkürtülərə qərq etdilər.
"Yerin də qulağı olar ", - deyiblər. Az keçmədi ki, bu xəbər bütün şəhərə yayıldı, küçədən-küçəyə addayıb gecə səhərə kimi evlərin dodağından düşmədi.
Fevralın 12-si idi...
(ardı növbəti sayımızda)