adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2019 00:12
5726
GÜNDƏM
A- A+

TƏRƏQQİ: QƏDİM - MÜASİR ŞƏKİ

(əvvəli ötən saylarımızda)

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiqlənmiş titul siyahısına uyğun olaraq 2018-ci ildə şəhərin 5 küçəsində su ötürücü arxlar quraşdırılmış, piyada səkiləri əsaslı təmir olunmuş, əsas prospekt və küçələrdə mütəmadi olaraq təmizlik və yaşıllıqlara qulluq işləri yerinə yetirilmiş, 7 küçə təmir edilərək asfalt beton örtük salınmışdır.
Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə çoxmənzilli ictimai yaşayış binalarının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işləri aparılması, blokların və həyətin işıqlandırılması, dam örtüyünün əsaslı təmir edilməsi istiqamətində işlər yüksək sürətlə aparılmışdır. Müddət ərzində 16 ədəd çoxmərtəbəli ictimai yaşayış binasının dam örtükləri və 13 ədəd binanın blokları cari təmir edilmiş, həyətyanı sahəsində abadlıq işləri aparılmaqla 150 nəfər işlə təmin olunmuşdur. 2018-ci il ərzində Şəki rayonu Çayqaraqoyunlu - Turan - Cəyirli - Qozlubulaq - Sarıca - Qayabaşı - Bolludərə - Qaratorpaq marşrutu üzrə uzunluğu 50,9 km olan avtomobil yolunun 50,9 km-lik hissəsində torpaq işləri, görülmüş, Turan qəsəbəsinin uzun müddətdən bəri davam edən içməli su problemi "Azərsu" ASC-nin sifarişi ilə birdəfəlik həll edilmişdir.
Şəhərin qərb hissəsində yerləşən "İnzibati Mərkəz" kompleksində Ulu Öndər Heydər Əliyevin yeni abidəsi ucaldılmış, Heydər Əliyev Mərkəzinin və Bayraq Meydanının tikintisi işləri başa çatdırılmışdır. 9 hektar ərazidə park salınmış, yüzlərlə yeni ağac tingləri basdırılmış, yaşıllıq sahələri salınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində "ASAN həyat" kompleksinin tikintisi başa çatmış, Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə "ASAN" layihəsinin bir qolu olan "ABAD" Keramika və Xalq Tətbiqi Sənət Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Bəxtiyar Vahabzadənin ev muzeyinin əsaslı təmiri işləri başa çatdırılmış, əvvəllər bu evdə yerləşən şəhər 3 saylı bağça üçün yeni binanın tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Tikinti işləri başa çatdırılmış 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbi 2018-ci ildə şagirdlərin istifadəsinə verilmişdir.
Şəki şəhərinin turizm potensialını düzgün qiymətləndirən şəhər icra hakimiyyəti turizm infrastrukturunun genişləndirilməsi məqsədilə investorların cəlb edilməsi sahəsində də bir sıra işlər həyata keçirmiş və görülmüş işlərin nəticəsi olaraq şəhərin Şəhriyar küçəsində turistlər daha əlverişli 3 mərtəbəli yeni 33 otaqlı mehmanxana binasının tikintisi işlərinə başlanılmışdır. Həmçinin "Şəki Park" istirahət mərkəzində 4 mərtəbəli müasir tələblərə cavab verən 55 otaqlı 4 ulduzlu otel tikintisi başa çatmaq üzrədir.
Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə hərtərəfli qayğısının nəticəsidir. Bu diqqət və qayğı Şəkidən də yan keçməyib. Son illər rayonda 30-dan çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub.2018-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına müasir standartlara uyğun inşa edilmiş 624 şagird yerlik Baş Zəyzid kənd tam orta məktəbində 25 sinif otağı, 6 fənn kabineti, laboratoriyalar, kompüter otağı, kitabxana, bufet, akt və idman zalları yerləşir.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2018-ci ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Qeyd etmək lazımdır ki, cənab Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də dispanserizasiya uğurla aparılmışdır .
Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi və əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılmışdır. Şəki Mərkəzi Rayon Xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüş, müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak etmişdir. Fevralın 15-dən başlayan və mayın 15-dək davam edən aksiya çərçivəsində müayinədən keçən 79425 nəfər sakinin 2897 nəfər ambulator , 288 nəfər stasionar müalicəyə cəlb edilmiş, 78 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Hər il Şəkidə keçirilən və artıq ənənə şəkilni alan "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı Şəki musiqisevərlərinin yaddaşında gözəl bir xatirə kimi qalıb. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət müxtəlif konsert proqramları, gözəl ifaçıların qatıldığı festival həmişə xoş bayram ovqatı bəxş edib. "İpək yolu" Beynəlxalq Musiqi Festivalının məhz Şəkidə keçirilməsi bu şəhərin mədəni həyatında böyük bir hadisədir. Bu il 9-cu dəfə keçirilən festivalda da dünyanın tanınmış musiqi kolllektivləri iştirak etdi, şəhərimizin sakinləri və qonaqları yenə də gözəl bir musiqi bayramının şahidi oldu.
Şəkinin nadir tarixi memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Bu gün Şəki tarixi simasını saxlamaq şərti ilə yenidən qurulur, qədim və gözəl şəhərimizin küçələri, tarixi binaları, evləri bərpa edilir. Şəkiyə gələn hər bir qonaq sanki şəhərin qədim keçmişi ilə üzləşir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı Sərəncamlar rayonda turizmin inkişafında yeni bir mərhələnin başlanmasına təkan vermişdir.
2018-ci ildə Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür.
Müddət ərzində 248 cinayət hadisəsi qeydə alınmış,onlardan 240 -nın açılması təmin olunaraq açılma faizi 98 faiz olmuşdur. Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 35 fakt aşkar edilmişdir.
Yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunlarına həsr olunan konfransda çıxış edən cənab Prezident qeyd etmişdir ki, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm Nazirlər Kabinetinin iclasında, həm də yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda səsləndirilmiş irad və qeydlər hər bir müəssisədə geniş müzakirə olunmalı , buraxılan nöqsanlar aradan qaldırılmalıdır.
Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına həsr olunan geniş iclasında çıxış edən Cənab Prezident demişdir: "Mən əminəm ki, biz 2019-cu ildə də qarşımıza qoyduğumuz bütün vəzifələri icra edəcəyik. Bu il də ölkəmiz üçün uğurlu il olacaqdır ".