DÖVLƏT ALi MƏKTƏBLƏRiNDƏ TƏHSiL PULSUZ OLMALIDIR

AQİL ABBAS
25527 | 2009-07-16 00:45
Özəl ali məktəblərdə təhsil pulludur, bunu başa düşürük. Amma məsələ bundadır ki, özəl ali məktəblərdə də kim necə istəyir elə də təhsil haqqı müəyyənləşdirirlər. Və bu təhsil haqları artıq kəllə-çarxa vurmaqdadır. Ona görə də orta məktəbi bitirənlərin bir çoxu ya ali məktəbə sənəd vermir, ya da təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbi atmaq zorundadı. Özəl ali məktəb nə qədər özəl olsa da hər halda bu, dövlətin daxilindədi və dövlət bu məsələdə kənarda qala bilməz.
   
   Bəli, söz-söhbət gedir ki, universitetlərdə təhsil haqqı artırılacaq. Faciəmiz odur ki, təhsilin səviyyəsini qaldırmaq əvəzinə, təhsil haqqını qaldırırıq. Və böyük bir savadsızlar ordusu yetişdiririk.
   
   Gərək ki, Sokratın sözüdü. Deyir ki: "Bir çəkməçi pis ayaqqabı tikərsə, uzaqbaşı bir şəhərdə 500 nəfər pis ayaqqabı geyər. Amma bir müəllim pis olarsa, bir ölkə fəlakətə uğrayar". İndi təhsilimizin səviyyəsinin aşağı düşməsi gələcək fəlakətimizə aparıb çıxara bilər. Bu il 20 minə yaxın şagirdin attestatsız qalması bunun bir göstəricisidir.
   
   Universitetlərdə təhsil haqqı artırılacaq?! Deməli, minlərlə gənc ya təhsilini yarımçıq qoyacaq, ya həmin gənc, yaxud onun valideyni bu təhsil haqqını düzəltmək üçün mütləq hansısa bir cinayətə əl atacaq. Orta aylıq əmək haqqı 250 manat olan bir ölkədə 1500-2000 manat və bir qədər də çox təhsil haqqını ödəyə biləcək nə qədər valideyn var? Bu sualın cavabını Statistika Komitəsi də müəyyənləşdirə bilməz.
   
   Azərbaycan sürətlə inkişaf edir, ilbəil iqtisadi qüdrtini artırır. Azərbaycanın dövlət büdcəsi yetərincədir. Və bütün bunlar imkan verir ki, Azərbaycanda təhsil pulsuz olsun. Xüsusilə də dövlət ali məktəblərində. Bu universitet dövlətindirsə, bu gənc də dövlətin vətəndaşıdırsa və bu gənci dövlət öz savadı üçün yetişdirirsə onda bu gəncdən niyə dövlət pul almalıdır?! Əksinə, dövlət heç vətəndaşının xətrinə demirəm, elə öz xətrinə, o gənci yalvarıb oxutmalıdır, cibinə pul qoyub oxutmalıdır, yataqxana ilə təmin etməlidir. Hər bir universitetdə tələbənin aldığı təqaüdə uyğun tələbə yeməkxanaları fəaliyyət göstərməlidir. Həmin yeməkxananın ziyanını da dövlət ödəməlidir.
   
   Hesablasalar görərlər ki, dövlət ali məktəblərində yığılan təhsil haqqı Azərbaycan kimi bir dövlət üçün "tum pulu"dur. Bu "tum pulu"ndan ötəri gənclərimizi niyə dağa-daşa salmalıyıq? Dünyanın bir çox ölkələrində dövlət ali məktəbləri pulsuzdu. Pullu olan ölkələrdə də təhsil haqqı valideynin cibinə uyğundur.
   
   Universitetlərdə təhsil haqqını artırmaq yox, ləğv etmək lazımdır. Azərbaycanın gələcəyi naminə!

TƏQVİM / ARXİV