adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Mart 2019 17:04
124331
MƏDƏNİYYƏT
A- A+

Tahir İmanovun Rasim Balayev olmaq iddiası - İntiqam VALEHOĞLU yazır

Tahir İmanov deyib ki, məşhur azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılov haqqında film çəkəcəklər. Əla! Doğrudan da təqdirəlayiq hadisədir. Amma şəxsən mənə çox maraqlıdır ki, İmanov Əhmədiyyə Cəbrayılovun heç nəyini demirəm, heç olmasa ləqəblərindən üçünü bilirmi? Bu barədə "Facebook"da yazmışdım. Bir daha burada da yazıram. Əslən Şəkinin Oxud kəndindən olan Əhmədiyyə Cəbrayılovun De Qol Əhmədiyyə, Rus Əhməd, Armed Mişel, Xarqo kimi ləqəbləri olub. Dedim birdən qəzetdə, saytda qarşısına çıxar, oxuyar. Hərçənd ki, İmanov mətbuatda 4-5 saytdan başqa heç kimi qəbul etmir, hətta oradakı əməkdaşları savadsız hesab edir. Təxminən bir ay öncə verdiyi müsahibədən bir sitata baxaq:"Böyük təqdimata mətbuatdan dörd, maksimum beş sayt dəvət edəcəyik. Artıq savadsız jurnalistlərlə ünsiyyətdə olmaq, onlara dəyərli vaxtımı sərf etmək istəmirəm. Keçənilki konsertimizə Amaliya Pənahovanı dəvət etmişdik. Bizim sənətimiz bir kənarda qaldı, başladılar Xalq artistinin xarici görkəmindən yazmağa. Mən də daxil olmaqla, əksəriyyətimiz onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilmirdik. Ortada konsert ola-ola mənim qonaqlarımla, dostlarımın həyat yoldaşları ilə sizin nə işiniz var? Bu, "sarı mətbuat” deyil, bəs nədir? Deməli, şəhərin intelligent hissəsi, bizim məmurlar gəlib konsertimizi ayaq üstdə alqışlayır, xaricdən bizə ildən-ilə satiramızın gücləndiyinə dair təbrik zəngləri gəlir, amma bizim bəzi jurnalistlər səhnədən yazmağa bir şey görmür. Hər bir işdə qalmaqal axtarmaq qəbahətdir. Məsələn, "mərhum Energetika naziri Natiq Əliyevin gəlini Səfurə Əliyeva filan tədbirə qoşuldu” yazılan məqaləni bəyənmirəm".

Tahir İmanovun dediklərində yüngülvari həqiqət payı var. Amma görünür T.İmanov başa düşmür ki, onun çəkdikləri o qədər zəifdir ki. jurnalistlər də məcburən kiminsə görkəmindən, kiminin paltarından yazmağa məcbur olurlar. O ki qaldı dostlarının həyat yoldaşı məsələsinə, bu da gülməli fikirdir. Əgər bir şəxs Tahir İmanovun təbirincə desək, böyük təqdimata gəlibsə, bilir ki, orada jurnalist də olacaq, fotoqraf da, fotomüxbir də.

Həmin müsahibədə İmanov "Məhəllə 3" filmi barədə yazan saytlara irad tutur: "Bəzi saytlar "Məhəllə 3” barədə belə məlumat verir: "Məhəllə 3 gəldi, Qüdrətsiz”. "Məhəllə” yaradılanda Qüdrət harda idi axı?! İlk "Məhəllə” 2000-ci ildə "Parni iz Baku”nun KVN komandasının konsertində olub. Qüdrət rolu isə ancaq 2003-cü ildə filmdə çəkilib. Ümumilli liderimiz Heydər Əliyev mən, Cabir İmanov və Bəhram Bağırzadənin əsas rolda olduğu "Qüdrət”siz "Məhəllə”yə gülüb".

Əgər "Məhəllə" yarananda Qüdrət yox idisə və sonradan kollektivə qoşulmaqla bu qədər yadda qalıbsa, deməli, siz zəif olmusunuz, İmanov. Hər halda Rafael İsgəndərovun istedadını danmazsınız. Hərçənd ki, Rafael də illərdir istedadını səhnəciklərdə xərcləyir.

Qayıdaq Əhmədiyyə Cəbrayılov söhbətinə. Təxminən 5-6 il əvvəl Lent.az-la əməkdaşlıq edirdim. Şəkidə 1-2 yaşlı əkiz qardaşlar tapmışdım. Bir yerdə müharibəyə getmişdilər, döyüşmüşdülər, qayıtmışdılar. Bakıya qayıtmağıma bir neçə saat qalmış Əhmədiyyə Cəbrayılovun oğlu ilə tanış oldum, ev muzeyinə baxdım və sağollaşanda partizanın gündəliyini mənə verdi. Mən də həmin gündəlik əsasında 15 hissədən ibarət silsilə yazı hazırladım. Təsəvvür edin ki, o gündəlikdə Cəbrayılovun döyüş yolu və müharibədən sonrakı illərdə başına gətirilənlər öz dilindən qeyd edilir. Şəxsən mənə maraqlıdır ki, T.İmanov partizanla bağlı filmdə həmin yazıdan istifadə edibmi? Edibsə, yaxud edilibsə, yəqin ki, halallıq alınmalıydı. Çünki İmanovun müsahibələrində halal-haram söhbətlərinə tez-tez rast gəlinir. Edilməyibsə və film partizanın döyüş yolu haqqındadırsa, ssenarini hansı faktlarla, nəyin əsasında yazıblar? Partizan söhbətini burdaca yekunlaşdırıb, keçək digər məsələyə.

İmanov jurnalistləri qınayır ki, ondan açıqlama almadan yazı yazırlar. Bunun səbəbi çox sadədir. Tahir İmanov telefonda jurnalistlərə elə tərzdə cavab verir ki, tanımasan deyərsən ki, Rasim Balayevdi, Fəxrəddin Manafovdu, Fuad Poladovdu, Nurəddin Mehdixanlıdır. Bu, bilirsiniz nəyə bənzəyir? Elə bilin ki, mən özümü Elçin Şıxlı ilə müqayisə edirəm. Adama ən yaxşı halda gülərlər e. Rasim Balayev demişkən, maraqlıdır ki, sənətkarı Prezidentlə mədəniyyət və incəsənət xadimlərinin görüşünə dəvət etməmişdilər. Özü bildirib ki, siyahını kimin tutduğundan xəbərsizdir. Hər halda Tahir İmanov bilməmiş olmaz. 

Tahir İmanov Arif Quliyevin onlar barədə dediyi sözü etalon sayırmış: "Bir neçə gün bundan qabaq Arif Quliyev şəxsən mənə zəng vuraraq dedi ki, sizinlə bütün layihələrdə iştirak etmək istəyirəm. Dedi ki, sizin satiranız güclüdür, böyük məna daşıyır, artıq indikilərlə işləyə bilmirəm".

Hörmətli Tahir İmanov, sizi inandırıram ki, Arif Quliyevin özünü ciddi sənət cameəsində hələ də qəbul etməyiblər. Adamın 69 yaşı var, hələ də Miriş obrazından çıxa bilmir. Əgər sizin üçün etalon Arif Quliyevdirsə, zəhmət çəkib savadlı jurnalist axtarmayın. Savadlı jurnalistin yarımpeşəkar, yarımhəvəskar filmin təqdimatında nə işi var ki?