adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Mart 2019 00:57
19197
ƏDƏBİYYAT
A- A+

SATİRİK NƏFƏSDƏRİMLƏR


Qəşəm
İsabəyli

Üzündən həya pərdəsi asıb... -
Üzə deməklə yoxdu arası.

***
İşi düşənə quldu -
Bu da belə oğuldu.

***
Əzab çəkirəm, - deyir, - arıtək. -
Kimdən - gül-çiçək, kimdən -
bal-pətək.

***
Qovdum yalançını mənzilinədək,
Özgənin evində tapdım - əl-ətək.

***
Güldüm... acıqlandı: - Ciddi ol bir az!
Oldum... İrad tutdu: - Belə yaramaz...

***
-Özünü tənqid et, öyrən! - Devizi...
Özüylə məşğuldu, unudub bizi.

***
Düşmənə batmayıb dişi,
Qayıdıb bizə girişib!
***
Vəzifə... iş-güc... telefon... maşın...
Salamın almır hər vətəndaşın!

***
-Özümü gənclərə həsr edirəm mən!
İndi öyrənməyir biri də məndən!

***
Ötdü... dilucu görüşüb...
Elə bildi işim düşüb.

***
Salam verdim, yana tutdu üzünü -
Vəzifəyə hazırlayır özünü.
***
Tənə yağdıracaq baxışla, gözlə...
Tutdu, qopardacaq, özünü gözlə!

***
Birinə yastıq yoldaşı,
Birinə qarışıb başı.

***
Vardı sərt duruşu, əyilməz başı...
Kürkünə bit düşüb - mehribanlaşıb.

***
Üzər qəlbini qara fikirlə,
Giley-güzarla başını girlər.

***
-Hünər sənindir,möhkəm dur! - Deyir.
Dalımca: - Başısoyuqdur! - Deyir.
***
Hər iclasda biriylə qırğını var, yası var,
Hamı bilir kişinin şəxsi təmənnası var.

***
Yazır, pozur, qaralayır...
Görən kimi qaralayıb?!

***
İncidimi, küsdümü, baxmayıb dosta-yada,
Ya anonim yazacaq, böhtan atacaq ya da.

***
Gülür... gülüşü qəlbimi əzir,
Allah saxlasın, fürsətmi gəzir?!

***
O, tərifə alışıb, asta tənqid eləyin,
Yoxsa vaxtsız ələyər kişini qəm ələyi!

***
Üç şeirimi çap eləyib... əldə yaxam...
Üç ildir özündən deyir: - Xeyirxaham!
***
Qoyublar, deyiblər: - Öz yerini bil!
O, yaxşı bilir ki, yerində deyil.

***
Əkdiyi ağacın dərdi barını,
Sonra da sındırdı budaqlarını.

***
Nə puldan qıyar, nə vardan qıyar,
Bir gün içməsə - başı ağrıyar.
***
Nə inciyər, nə küsər, nə də ki, sözdən sınar,
Yuxuda da deyinər özgənin qarasına.

***

(Gənc şair)

Zaman "sıxır", sinəsində azmı dağı?!
Çayxanalar küncü olub yer-yatağı.

***

(Təmənnaçı)
Qaşıyla, gözüylə məni yeyirdi,
Girinə keçmişdim - tərifləyirdi.

***
(Boşboğaz)

Gəvəzəyir -
Söz gözəyir.

***
-Çoxunun dar gündə əlindən tutdum!...
Vəd verib, məni də işdən soyutdu.

***
(Satqın)

Manşırlayır -
Mişarlayır.