Əbülfət MƏDƏTOĞLU: NAZİLƏN ÜMİD KƏNDİRİ...

ƏBÜLFƏT MƏDƏTOĞLU
50538 | 2019-03-02 12:20
Nə qədər desələr də laqeyd ol, biganəlik göstər, sən heç nəyi dəyişə bilməzsən... Və nə qədər mən bu sözləri sükutla dinləsəm də, nə həyat dəyişir, nə də mən. Köhnə kişilərin sözüdü. Deyiblər ki, "qozbeli qəbir düzəldər". Lap o köhnə kişilərin içərisindən biri də tapılıb və deyib ki, "südlə gələn sümüklə çıxar". Ona görə də mən qəti əminəm ki, heç nəyin dəyişəcəyinə ümid bağlaya bilmərəm. Özümün də, həyatımın da, lap elə dünyamın da saatı qurulub, yol nişanları qoyulub, istiqaməti müəyyənləşdirilib, hansı məsafəyə qədər gedəcəyim də Tanrıma bəllidir...

Bəli, yaxın günlərin söhbətidir. Dostlardan biri ərklə dedi ki, indi sənin ürəyinin ağrıyan vaxtıdır. Doğrusunu deyim ki, öncə bu söz mənə xoş gəlmədi, onun nə demək istədiyini tuta bilmədim. Halımın pozulduğunu elə dostum da hiss etdi. Allah üçünə yenidən mövzuya qayıtmadı, necə deyərlər, boş verdi. Mən də içimə atdım bu sözü. O fikri özümlə hey gəzdirib dolaşdırdım, saf-çürük etdim. Və...
Bəli, bir anlıq sanki qulağıma qeybdən səs gəldi. O səsin dostumun dediyi fikrə necə işıq saldığını məhz onda anladım. Başa düşdüm ki, 60 il döyünən ürək ən azı altmış min də ağrını özünə hopdurub. Onlarla vuruşa-vuruşa gəlib bu günə çıxıb. Əgər altmış min ağrıya qalib gəlibsə, deməli dözümlüdür. Və yalnız axırıncı altmış birinci minliyi xırdalayan ağrı bütün ağrıların qisasını almaq üçün toplu-tüfəngli hücuma keçir, ürək də tək... eli-obası yox, kəndi yox... bu topun-tüfəngin qarşısında neyləyə bilər ki?! Özünüz bir anlıq fikirləşin...

İnsan harda və nə vaxt güclü olur? Mən bu sualı çox adama ünvanlamışam. Əksəriyyəti deyib ki, insan evində, doğulduğu torpaqda, doğmalarının arasında, güvəndiklərinin yanında, bir sözlə, öz yerində, öz mühitində olanda hamıdan, hər kəsdən güclü olur. Hətta ciblərindən güc qopsa belə onun yaşadığı inam, inanc sıxılmağa imkan vermir. Bilir ki, hayına çatan, harayına yetən var, onu vəziyyətdən çıxaracaqlar. Bax, bu mənada ağac kökü üstündə güclü olduğu kimi, insan da öz yerində daha güclüdür. Kimsə mənimlə razılaşmaya bilər, hətta xarici məmləkətlərə gedib böyük mal-mülk, şan-şöhrət sahibi olanları nümunə göstərər. Olsun! Amma mən yenə o fikirdə qalıram ki, doğulduğum torpağın gücü ölçüsüzdür!.. 

Hə, bu həyatın fərqli oyunları, fərqli müstəviləri və fərqli də oyundaşları var. Havanı kim sifariş verir, oyunu kim qurur, meydana kim girib meydan sulayır, onu bəzən fəhm etmək, bilmək olmur. Bir də onda ayılırsan ki, oynayanlara ya qoşulmusan, ya da vurulub atılırsan bir kənara. Bütün anlarda bu o anlamı verir ki, insan özü də bilmədən əgər varsa, oyunçudu, oyundadı. Görünür, elə buna görə müdriklər deyib ki, həyat səhnədi, biz də aktyor, hərəmiz öz rolumuzu oynayırıq. Təbii ki, bacardığımız kimi. Bu yerdə bir istək gəlib keçdi içimdən. Daha doğrusu, elə bu günlərdə yazdığım dörd misranı xatırladım. O misralar təbii ki, sənə yazılmışdı və mən də üzümü sənə tutub demişdim ki:

Sənə qucaq açmışam
Mənə sığın - üşümə!
Sığın, qoyma ürəyim -
Başqa heç nə düşünə!..

Beləcə, həyatın nəbzini tutmaq və bu ovcunun içində olan nəbzin döyüntüsünü duymaq və öz ürək döyüntünü də ona uyğunlaşdırmaq ilk baxışdan sadə və asan görünür. Lakin o nəbz sənin şah damarının səsinə öz səsini qatanda çiyinlərindən bir ağırlıq asılır. Elə bil ki, uzaq yolun yolçusu olan birisi kimi dizlərin titrəyir, əlin əsa axtarır, gözün mənzilin sonunu. Bu durumun içərisində içimdən bir acı, həm də son dərəcə səmimi bir söhbət, bir mövzu gəlib keçir. İstəyirsən Tanrıyla bir açıq söhbət edəsən. Deyəsən ki:

Gözləmirdim Allahım
Belə uğursuz sonu...
Dərdim kəsərdən düşüb -
Bir az bülövlə onu!..

Kirpik nəm, dil dualı
Diz torpağı yalayır...
Duyub bu ritualı -
Ruhum qurd tək ulayır...

Səs qayaya dəyən daş
Səda qayıtmır geri...
Qəm alır yavaş-yavaş
Mənim durduğum yeri...

İnancımın çiçəyi
Bəs niyə belə solur?!
Tanrım, mən can borclusu -
Nə olur, sənə olur...

***
Bəli, yaşadığım hər anın, şahidi olduğum hər mənzərənin ovqatını öz ovqatıma qatanda istər-istəməz bir müddət anlaşılmaz duruma düşürəm. Nə edəcəyimi, niyə etdiyimi təxminləşdirmək xeyli vaxtımı alır. Hesab edin ki, hansısa bir məclisdə hamı yeyir-içir, danışıb gülür. Hətta bir-birinə aman vermədən mübahisə edir, bir-birinin sözünü kəsə-kəsə fikir mübadiləsi aparır... Və sən də əlində soyumuş çay dolu stəkan su bu mənzərəni yaşamağa məhkumsan. Onda hansı halları keçirmək, hansı duruma düşmək mümkündü?

Bax, elə bu sualın ətrafında düşünsəniz onda görərsiniz ki, həqiqətən hər anın ovqatı ömrü uzatmır, hər ovqat ömrə ömür calamır. Sadəcə olaraq, insan özü-özünə nə qədər ovqat yaratmaq istəsə də ona özü də bilmədən ona haylı-küylü "bomba" ovqatlar yaradanlar yetərincədir. Və onlarda bir az insaf hissi olsa, ən azından üzüntü də, ağrı da, hətta dilxorçuluq da bir az yüngül olar. Nə isə...

Bəli, mən öz ovqatımı zaman-zaman yaratmağa, onu öz ixtiyarımda saxlamağa çalışmışam. Lakin cəmiyyətdə, kollektivdə məndən asılı olmayan məqamlar var ki, onlar ovqatımın yaxşı mənada anasını ağladır. Bunlarla da üz-üzə gəlmək, nəyisə çözmək nə əxlaqıma, nə də dünya görüşümə uyğun deyil. Ona görə də zərbə ovqatıma dəyir. Sonra da çəkilirəm öz dünyama və başlayıram yaşadıqlarımı, mənə yaşadılanları ürəyimin süzgəcindən keçirib misralamağa. Bir də baxıb görürəm ki, yazmışam:

Dərdi yol üstən götürdüm,
Durub adam gözləyirdi...
Yorulmuşdu, ya axşamdan -
Vurub, adam gözləyirdi...

Bir ağrı vardı görkündə
Mən nəyi duydum gör kimdə?
Boynunu Məcnun kürkündə -
Burub adam gözləyirdi...

Yad gəlsə də dili, dini
Yaşadaraq sənətini...
Özünə öz cənnətini -
Qurub adam gözləyirdi...

Haqq elədim bu halı mən
Dərdə verib yuvamı mən...
Pıçıldadım, duamı mən -
Qürub, adam gözləyirdi...

***
Nə qədər dərddən qaçıram, kədərdən uzaqlaşmaq istəyirəm, heç cür aldıra bilmirəm. Kədər sanki tək səbrdi. Özünü dərhal təpir ürəyimə. Doğrudur, hərdən deyirlər ki, bu məsələdə özüm də günahkaram. Guya dərdə qarşı zəiflik göstərirəm. Suçəkən kimi basıram onu bağrıma. Və bir də görürəm ki, bütün varlığımı bürüyüb. Necə deyərlər, çıxıb ocaq başına.

Belə olan halda səsini çıxarmaq, sözünü demək də çətin olur. Çünki şəraiti özüm yaratdığımdan dilim dərdin yanında qısa olur. Və nəhayət, kiminsə "dərd adamı" deyə məni nişan verməsinə də hardasa uyğunlaşıram, təbii sayıram bunu...

Zamanın qılıncının sərtliyi, çömçəsinin böyüklüyü həmişə öz fəsadını göstərir. Ona görə də qazanın dibində heç nəyi gizlədib saxlamaq mümkün deyil. O yerləri gəzib qayıdan çömçə qazanın dibinə bir növü "süpürgə" çəkir. Mən bu halın ştrixlərini ona görə xüsusi qabardıram ki, dəyərli oxucu içimdən dilimə yol tapan fikirlərimin istinad ünvanını özü təxmin edə bilsin və görsün ki, bütün hallarda, bütün əgər-əskiyiylə dərdin qarşısında günahkar özüm oluram. Özü günahkar olanın isə kimdəsə günah axtarması yumuşaq desək, kobud səhvdir. Mən səhvlərimdən çıxış edərək özüm-özümə deyirəm:

Ruhum indi didərgin
Canım sanki köçkündü...
Ürəyim, sən sığınan -
Balaca bir köçkündü!..

Sevincə giriş yasaq
Təbəssümə qadağan...
Kədər qıvrılmış ilan -
Üstəlik də yatağan...

Bir yer, bir künc tapılmır
Çəkilib susub durum...
Gözüm yolda qocalır -
Kirpiklərimdə qurum...

Büdrədir məni hər an
Həyatın sərt döngəsi...
Dərdimə dil verəndi -
Dərdlərimin yengəsi...

***
Bəli, mən bu yazımı yazmaqdan çox iynə ilə gor qazan kimi cümlə-cümlə kağıza köçürdüm. Ona görə ki, yazımın birinci hissəsini tamamlamağa az qalmış ovqatımızı alt-üst edən bir media xəbəri döydü qapımızı. Bu ciddi xəbər qəzetlərin, mətbuatın sabahkı durumu ilə bağlı olduğundan fikirlərim qarışıq düşdü. Hansısa səbəblərdən mətbuata yönəlik qərar qəbul edilməsi mənim üçün anlaşılmazdı. Amma düşünürəm ki, bu anlaşılmazlıq nə vaxtsa gün işığına çıxacaq. Çünki qaranlıq gecənin işıqlı səhəri də var. Mən də o işıqlı səhərin mütləq açılacağına daxili bir inam hissiylə oxuculara üz tuturam. Və demək istəyirəm ki:

- Özünüzü, ümidinizi qoruyun! Qoruyun ki, bir yerdə olaq, görüşək, bölüşək...

TƏQVİM / ARXİV