Muradın köhnədənqalma samokatı

MƏZAHİR ƏHMƏDZADƏ
45958 | 2019-03-02 00:20

... Məsələ burasındadır ki, bu il IV sinfə gedəcək nəvəmin yığılıb qalmış qəzet-jurnalların arasından tapıb çıxardığı və tez-tez dodaqları qaça-qaça oxuduğu həmin o qəzet köşəsi də ən azı iki ay bundan qabaqkı bir əhvalat idi. Nəvəm vunderkind-zad deyil, sadəcə jurnalist olduğumu anlayan və bəzən də bizə gələndə yazılarımı tapıb ucadan oxumağı ilə ozünəməxsus münasibətini bildirən müasir uşaqdı. Özü də tək mənim qəzetimi oxumur, harda şəkilli yazı (köşə) görürsə, heç olmasa, bir-iki abzas oxuyur, bəzən həm də gülür. Bilmək olmur, müəllifə, o cümlədən babasına gülür, yoxsa məqaləyə.
Bu dəfə isə həm gülümsəyir, həm də ciddi görkəm alırdı. Əlindəki qəzetdən qoşa səhifəni aralayıb gözlərimin önünə tutaraq soruşurdu:
... Bu kepkalı əminin məqaləsini oxumusan, düzünü de oxumusan?..
Məqsədini elə o anda bilməsəm də razılaşdım ki, bəli oxumuşam. Onsuz da istədiyi cavabı almasaydı köşəni mənə zorla oxutduracaqdı.
Mən hər gün orta hesabla 6-7 qəzet alır, ala bilmədiklərimi də müəyyən vasitələrlə izləyirəm. Öz qəzetimi on illərdir ki, nömrələyib tikirəm. Qalan qəzet-jurnalları da mümkün qədər ora-bura yığıb saxlayıram. Yəqin təkcə mən belə etmirəm, başqa həmkarlarımı da nəzərə alıram. İndi ay uşaq, sən də gəl yüzlərlə qəzetin içindən yazar qardaşımız Murad Köhnəqalanın köhnədənqalma bir köşəsini tap çıxar və oxuyub babanı xəsislikdə, bəlkə də başqa bir "vkus"da günahlandır ki, iş bilmişəm. Muradın incə bir yumorla, bəlkə də sarkazmla yazdığı köşənin mənasını nəvəm, təbii ki, olduğutək anlaya bilməzdi. Burada onun diqqətini cəlb edən başlıqdakı "Samokat" sözü olmuş və oxuduqca da Murad əminin özünün də yazı boyu samokat "sürməsi" onu heyrətləndirmişdi.
O, öz uşaq təxəyyülü ilə mənə sübut etməyə çalışırdı ki, mənim ona "sən daha yekə oğlansan, samokat sürən vaxtın deyil" öyüd-nəsihətim almaq istəməməyimin bəhanəsi imiş. Uşaq məndən yay tətili üçün samokat istəmişdi ki, hərdən düşüb həyətdə sürsün. Mən də buna qıyımsızlıqdan deyil, ehtiyat etdiyimdən razı olmayıb "daha yekə oğlansan" demişdim. Çünki atasının elə o yaşlardan samokata, velosipedə, rəis oğlu olduğuna görə sürücülük vəsiqəsiz-filansız maşına meylliyi, müəyyən məqamlarda hətta avtoşluq etməyi barədə əhvalatlar eşitmişdim. Doğrusu, qorxurdum bu samokat məsələsindən. Çünki həyətdən qıraqda bağ var, bağın o tərəf-bu tərəfində də "Gənclik"ə doğru maşınlar şütüyən basırıq yollar, hətta qəfil peyda olan avtobuslar...
Sevimli Murad bəy tamam ayrı əhvalatdan yazsa da, bizim bu dirənc uşaq bir məsələnin üstündə ayrıca dayanıb durmuşdu: kepkalı əminin samokatı var!!! Sonra da qəsdən mənə təkrar-təkrar izah edirdi ki, kepkalı əmi özü yazır samokatla disk axtarmasını, metroya girməyini, "vosmoya" getməyini, bazara çatanda tormoz verməyini... Samokatnan gəzir da hər yanı!
Çətinə düşmək bax buna deyərlər. Mən hətta çətin nədir, oyuna düşmüşdüm. Çünki uşağa heç cür izah edə bilməzdim məsələnin əsl mahiyyətini. Əksinə, uşaq Murad bəyin "samokat sürmək" fantaziyasını bir az da qabarıqlaşdırıb köşəyə həmmüəlliflik iddiasında idi. Deyirdi ki, əmi samokatı ona görə bütün şəhərdə belə bərk qova bilir ki, sürməyə başlayanda kepkasını tərs qoyur, bax bu cür (başındakı günlüyü tərsinə çevirərək əyanilik yaradır). Köşədə isə Murad belə bir təsvir verməyib , nəvəmin özünəməxsus fantaziyasıdır bu. Uşağı başa salmağa çalışıram ki, bu, köhnə qəzetdir, həm də dərslərin başlanmasına az qalır, sən gəl bu 20-25 günü kitab-dəftərinlə məşğul ol, ağıllı balam!
Ağıllı balam razılaşmır. Özünə sərf edən asan yol tapır deyir ki, sən samokat al, 4-5 gün sürüb qoyacam atamın qarajına, bir də gələn yay çıxaracam. Əlacım qalmır...
Samokatı aldıqdan sonra təşəkkür edib boynuma sarılan nəvəm bic-bic gülümsəyərək bu sözləri deməyi də unutmur: "Babacım, o kepkalı əmini görəndə söylə biz onu çox sevirik...
2015

TƏQVİM / ARXİV