adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Mart 2019 10:43
19464
MƏDƏNİYYƏT
A- A+

Bəhram Bağırzadə Bakıda Hacı Zeynəlabdin Tağıyevə heykəl qoyulmasını təklif edib

Əməkdar artist Bəhram Bağırzadə Bakıda messenant Hacı Zeynəlabdin Tağıyevə heykəl qoyulmasını təklif edib.

O, bu təklifi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət xadimi ilə görüşündə səsləndirib.

B. Bağırzadə Tağıyevin heykəli üçün konsepsiya da təklif edib: "Kukla Teatrının önündə bir bağ var, mən onu orada faytonda görürəm, Hacı Zeynalabdin Tağıyev faytonda oturub və Siz hər dəfə səhərlər işə gedəndə görəcəksiniz və sevinəcəksiniz ki, məhz Sizin vaxtınızda o heykəl ucaldı”.

Qeyd edək ki, Prezident İlham Əliyev görüşdəki yekun nitqində B. Bağırzadənin təklifini bəyəndiyini qeyd edib: "Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın”.

Prezident B. Bağırzadənin fəaliyyətini izlədiyini, onun Bakının inkişafı, tarixi mirasın qorunması ilə bağlı böyük iş apardığını qeyd edib: "Mən izləyirəm, təqdir edirəm və sənə bu işdə yeni uğurlar arzulayıram”.