adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Mart 2019 17:56
21558
İQTİSADİYYAT
A- A+

“Azərbaycan iki il ərzində “bankrot” ola bilərdi”

"2015-ci il devalvasiyaları başlıca olaraq xarici şoklardan, neftin dünya bazarında kəskin ucuzlaşmasından irəli gəlirdi. Bu təkcə bizdə deyil, eyni zamanda neft ixrac edən qonşu ölkələrdə də yaşandı”.

Bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov problemli kreditlərin həllinə dair Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmanla bağlı Real TV-yə müsahibəsində bildirib.

E.Rüstəmov qeyd edib ki, devalvasiya qaçılmaz idi:

"Biz buna reaksiya verməsəydik, belə çıxardı ki, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə adada yaşayır. Azərbaycan dünya iqtisadiyyatının mühüm hissəsidir. Bizim dünya ölkələrilə ciddi əmtəə, müxtəlif xidmətlər, maliyyə əlaqələrimiz var. Biz vakuumda yaşamırıq. O cür masştablı böhrana cavab verməsəydik, ölkəni daha böyük fəsadlar qarşısında qoyardıq.

Azərbaycan iki il ərzində bankrot vəziyyətinə düşə bilərdi. Biz Avropada belə aqibəti yaşayan dövlətləri görürük. Hansı ki, beynəlxalq maliyyə-kredit təşkilatlarının asılığına düşür, onların diqtəsilə yaşayırlar”.

Baş bankir bildirib ki, bu cür halların yaşanmaması üçün beynəlxalq şokların olacağının mümkünlüyünü daim diqqətdə saxlamalıyıq:

"Bizim neftdən asılılığımız olub, indi də qalır. Cənab Prezidentin də dediyi kimi, Azərbaycan neft ölkəsidir və uzun müddət də neft ölkəsi olaraq qalacaq. Biz hələ ki, neft sahəsindən kənarlaşa bilmirik. Ortamüddətli dövrdə belə bu, belə də qalacaq. Bu üzdən də biz konservativ siyasət həyata keçirməliyik. Bank sektoru ciddi dərslər çıxarmalı, istehlak kreditləri sahəsində ekspansiyaya yol verməməlidir. Nəzərə almaq lazımdır ki, dünyanın aparıcı bankları yüz illər ərzində formalaşıblar. Qısa müddətdə varlanmaq, kapitallaşmaq bank sektoru üçün xarakterik olmamalıdır”.(modern.az)