adalet.az header logo
  • Bakı 20°C
01 Mart 2019 17:42
16451
ƏDƏBİYYAT
A- A+

Cəfər Cabbarlının 120 illik yubileyi qeyd edilib - Fotolar

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı 28 fevral 2019-cu il tarixdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirib.

Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq klassik ədəbi irs zəminində yetişən ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasından, əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsindən, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynamasından danışmışdır.

Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova məruzə edərək C.Cəbbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olmasından, Azərbaycan ədəbiyyatı tarixində bir epoxanı əks etdirməsindən bəhs etmişdir.

Cəfər Cabbarlının həyat və yaradıcılığından məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz məktəbin şagirdlərinə verilmişdir. Məktəblilər ədibin "Ana”, "Ölkəm”, "Azərbaycan bayrağına”, "Oxu bülbül”, "Məhəbbət aləmi qəmdir”, "Tellər oynadı”, "Azad bir quşdum”, "Dan ulduzu” şeirlərini onun sözlərinə bəstələnmiş musiqi sədaları altında söyləmişlər.

Şagirdlərin oynadıqları "Almaz”, "Oqtay Eloğlu” dram əsərlərindən bir parça və səhnələşdirilmiş "Dilarə” hekayəsi tamaşaçıların alqışı ilə qarşılanmışdır.

Tədbirin sonunda məktəbin diriktoru Elmira Süleymanova çıxış edərək dövlətinizin Cəfər Cabbarlı şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən, ölkə prezidentinin yazıçının 120 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olmasından bəhs etmişdir.