adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
01 Mart 2019 15:33
21554
İQTİSADİYYAT
A- A+

Problemli kreditlərin həlli üçün 1,4 milyard manat tələb olunur

"Müxtəlif rəsmi açıqlamalardan götürdüyüm qeydlərdən çıxardığım ilkin nəticə budur ki, problemli kreditlərin həlli üçün 1.4 mlrd. manata yaxın vəsait tələb edilir”.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

O qeyd edib ki, bu məbləğin təqribən 700 mln. manatı məzənnə dəyişkiliyi nəticəsində vətəndaşların əsas borc məbləği üzrə yaranmış əlavə vəsaitin kompensasiyasına yönəldiləcəyi gözlənilir:

"682 milyon manat isə fərman imzalanan günə ödəmə müddəti 360 günü ötmüş 10 000 dollar və ya 17 000 manata qədər olan borcların yenidən şərtləndirilməsi ilə bağlı olacaq”.

R.Ağayev bildirib ki, bu, Beynəlxalq Bank əməliyyatından sonra hökumətin bank sektoruna ikinci ən böyük yardım paketidir:

"Dünənki fərmanla bağlı yaranan əsas suallardan biri budur ki, Mərkəzi Bankın kommersiya banklarına 682 mln. manat güzəştli kredit dəstəyinin 215 mln. dollar ekvivalentində (365 mln. manat) qiymətli kağız formasında verməsinin səbəbi nədir?

Fərmanda da qeyd edildiyi kimi, səbəb borcların restrukturizasiyasına getmiş bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaqdır. Sxem belədir: vətəndaşın bank qarşısında 10 000 dollar öhədliyi manata çevrilən kimi həmin bankın xarici valyutada aktivləri azalır, manat ifadəsindən isə artır. Nəzərə alaq ki, bu əməliyyat baş verəndə bankın xarici valyutada öhdəliyi dəyişməz qalır.

Bu isə həmin bankın qısa açıq valyuta mövqeyinə keçməsi riski yaradır. Bunu nəzərə alaraq Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank 682 milyon manatın təxminən yarısını valyutada qiymətli kağız formasında onların passivinə daxil etməyi hədəfləyir ki, banklar bu riskdən sığortalansınlar”.(modern.az)