adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Fevral 2019 22:33
10556
ƏDƏBİYYAT
A- A+

Dəhşətli qanlı gecə!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə "Soyqırım gecəsi" keçmiş Sovet ordusunun Xankəndi şəhərindəki 366-cı alayı ermənilər tərəfindən ələ keçirilərək Xocalı şəhərində qanlı terror keçirtdi, 613 nəfər qadın, uşaq və körpələri, kişiləri, qocaları qətlə yetirdi, 1275 nəfəri əsir götürdü. O qanlı qətl gecəsindən düz 27 il keçir. Bu qədər vaxt keçməsinə baxmayaraq, cinayətkar hələ də öz layiqli cəzasını almamışdır. Xocalılar hələ də Dünyadan və hökumətdən ədalət gözləyir. Mən o dəhşətli gecədə anamı və ağsaqqal atamı itirmişəm.

92-ci ilin bir qış gecəsi,
Şaxtalı, boranlı fevral gecəsi,
Tanklar nərildədi, toplar gurladı
Körpə balaların bağrı çatladı.
Dəhşətdən caşların yoldu analar,
Qorxunu içində boğdu babalar.
Yağı caynağına keçməmək üçün,
Bir qətrə zəhər də içdi sonalar...
Topların atəşi, tank nəriltisi,
Yazıq anaların ahı, naləsi
Dəyib bir-birinə çiliklənirdi,
Körpələr beşikdə inildəyirdi!
Mənim xəstə anam, nurani atam
O gecə Allahdan can diləyirdi.
Göydən başımıza mərmi yağırdı,
Xocalı od tutub alovlanırdı...
Gülüzlü sonalar qızlar, analar
Körpə balaları bağrına basıb
Zülmət meşələrə üz tuturdular...
Yağı ermənilər vahimələmişdi.
Ələ keçənləri güllələyirdi,
Bəyaz qan üstünə qan çilənirdi.
O gecə qan içdi, qudurdu düşmən,
Aldı başımızın üstünü birdən!..
Göydən başımıza odlar yağırdı,
Mənzillər od tutub alovlanırdı...
Vətənin general oğulları da
Büllur saraylarda xumarlanırdı.

***
Erməni-rus o gecə
Yurduma qəsd etdilər
Beşikdə körpələri
Süngüyə keçirtdilər!
İqtidar qocaları,
Ağbirçək nənələri
Qana qəltan etdilər,
Pratez dişlərini
Kəlbətinlə çəkdilər.

Ya Rəbbim sən hardaydın
Yatmışdınmı o gecə?
Qızıl qana dönmüşdü,
Qar-qar çayı o gecə...
27 il öncə itirdim Xocalımı,
İtirdim Xocalıda şəhid ata-anamı
Bir gecənin içində əldən getdi varımız...
Yağıya qismət oldu, talandı yurd-yuvamız...
Babaların məzarın dağıdıbdı yağılar
Mənim şəhid anamın sümüyünü tapdayırğ
Səhər-axşam dığalar...

3. 27 il öncə gəlib keçdi ömürdən,
Xocalı soyqırımı ömrümüzə saldı çən.
Yeri-göyü titrətdi o qanlı faciəmiz,
İllər keçsə də belə, o dəhşətli gecəni
Unuda bilmərik biz!..

27 il beləcə ömürdən, gündən keçdi
Arzumuz daşa dəydi, bəxtimiz gendən keçdi
Xocalı yoxdur artıq, xəyallara dönübdü.
Yağıların əliylə işığımız sönübdür!..

Möhtəşəm evlərimiz yağıya qismət olub,
Atamın cənazısi gorsuz, kəfənsiz qalıb.
Yüz illik yurd-yuvamız düşmənə qismət olub,
Məktəbli balalarım meşələrdə çürüyüb,
vəhşilərə yem olub!
Nə etməli a dostlar,
Mənim salamatlığım
Bir alın yazısıymış
Yurdumu oda yaxmaq,
Düşmənlərin əzəldən
Niyyəti arzusuymuş!..

Bu gün məni yaşadan
Nə sudur, nə də çörək
Xocalıya bir zaman
Qayıtmaq ümidiylə
Sinəmdə vurur ürək!

Necə unudum, necə
Mən o qanlı çağları?
Yurdumuza vurulan
Çalın-çarpaz dağları?

Ümid edirəm ki mən,
Bu dərd çox uzun çəkməz
Arxalı köpəklərə, acgöz siçovullara
Bizdən çatar biz əvəz.

Qalxın, ayağa durun,
Ey vətən oğulları!
Sizdən xilas gözləyir
Xocalı torpaqları,
Qarabağ torpaqları!

18 gün əsirlik həyatı yaşamış
Cəfər XOCALI
Mingəçevir şəhəri, Yeni həyat qəsəbəsi