adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Fevral 2019 00:48
32058
LAYİHƏ
A- A+

DƏMİRQAPI DƏRBƏNDİM

(Rus işğalı, yoxsa... farsların əlindən nicat?)
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Həqiqətən də, ruslar üçün farsların qabağından geri çəkilmək, dönüb qaçmaq biabırçılıq idi, amma buna görə əsgər-döyüşçüləri günahlandırmaq olmazdı, əsas günahkarlar onların komandirləri idi, döyüşqabağı belə bir vəziyyətlə üzləşə biləcəkləri barədə onları təlimatlandırmamışdılar. Əsgər-döyüşçülər, bəlkə elə onların komandirləri də dəfələrlə zəif müqavimət göstəriləcəyini zənn edirdilər. Odur ki, komandirlər öz səhvlərini və günahlarını başa düşən kimi bir yerə toplaşıb baş komandanın yanına onları yenidən qalanın yuxarısına aparıb təkrar müşavirə keçirilməsini xahiş etdilər. Baş komandan onları dinləsə də yenidən müşavirə keçirmədi, onları məğlubiyyətlərinə görə danlamadı da, Dərbənd işğal olunanadək onlarla çox mülayim davrandı.
Döyüşə ciddi hazırlıq getmədiyindən ərim məni görmək üçün bizim qaldığımız düşərgəyə gəldi və mənə döyüş düşərgəsinə yollanmağa razılıq verdi. Mayın 5-də mən döyüş düşərgəsinə gəldim və bir daha geriyə qayıtmadım. Beləliklə, heç bir həyəcansız və qorxusuz mən ön cərgə düşərgəsində qaldım. Güclü həmlə hazırlığı aparılmasa da hər şey öz qaydasında gedirdi. Mən dənizin qırağına gəlir, qumluqda gəzişir, balıqqulağı toplayırdım, dağın yuxarı hissələrinə qalxırdım, dağlıq ərazi daha gözəl idi, çoxlu çeşmə və bulaqlar vardı, elə bil daş çarhovuzlardan süzülüb axırdı.
Düşərgədə vəziyyət heç də ürəkaçan deyildi, güllə məsafəsində yerləşdiyindən əsgərlərin çoxu yaralı idi. Birinci gecəni heç də rahatlıqla keçirə bilmədim, güllə səsləri hər dəqiqə məni narahat edirdi. Şəhər camaatı xor ilə qorxulu səslər çıxarır, sözləşiblərmiş kimi təhlükə hiss edən öküzlər, inəklər və eşşəklər də bəzən onlara qoşulurdular.
8 may günü səhər obaşdan hücum başlandı. Batareya bütün silahlarından həmin qülləyə atəş açdı, hansı ki, həmin qüllədən yağdırılan daş rus əsgərlərini pərən-pərən salmış, geriyə dönməyə vadar etmişdi. Qüllə müdafiəçiləri arasında çoxlu ölən və yaralananlar olduğundan yerdə qalanlar şəhərin içinə doğru geri çəkilməyə başladılar. Bu zaman Voroşilov alayının ovçuları qala bürcünə dırmaşmağa başladılar və kiçik bir meydan zəbt etdilər. Gün ərzində başqa istiqamətlərdə hücum davam etdirilsə də ikinci uğurlu bir addım alınmadı. Farslar həmin qala bürcünü geri qaytarmaq üçün bir neçə dəfə cəhd göstərsələr də məğlubiyyətə düçar oldular.
8 mayda general Bulakovun qüvvələri adaya hücum çəkir. Qaladakıların güclü müqavimətinə baxmayaraq ruslar tədricən adanın ətraflarını ələ keçirirdi. Ruslar əsas hədəfi Narınqalaya yönəldirlər.
9 may günü ara-sıra atışmalar olsa da ciddi döyüş alınmadı.
Mayın 10-u səhər tezdəndən rus qoşunu hər tərəfdən qalanın üzərinə hücuma keçdi və bütün silahlardan qala atəşə tutuldu. Bir də gördük ki, general Bulqakovun batareyaları döyüş aparan ərazidə qalanın mollası atəş altında qaladan çıxıb və gəlir. Görünür, şəhər camaatı qırğından bezib və mollanı danışığa göndəribmiş. Molla general Bulqakovun yanına gəlib ərz etdi ki, şəhər camaatı qalanı təslim etməyə hazırdır və ruslar razılaşsa danışıqlar aparmaq üçün Şıxəli xan özü də gələcək, ancaq bəri başdan söz verməlisiniz ki, onları öldürməyəcəksiniz və şəxsi əmlakları qarət olunmayacaq. Yalnız bu şərtlə şəhər camaatı silahı yerə qoyub təslim olacaq. General Bulqakov bu barədə baş komandana məlumat ötürdü. Baş komandan məlumat alan kimi dərhal atəşin dayandırılmasına əmr verdi.
Xəbər gətirən molla həmin adam idi ki, 74 il əvvəl şəhərin qapısının açarını Böyük Pyotra təqdim etmişdi, bu rəvayətdimi, gerçəkdimi, heç kim deyə bilməzdi, amma belə danışırdılar.
İki saatdan sonra Dərbənd hakimi Şıxəli xan qrafın hüzuruna gəldi, onun başının üzərində cəllad xəncər tutmuşdu. Bu, ona işarəydi ki, Şıxəli xan səhvini başa düşür və qala camaatının sağ qalması üçün özünü qurban verməyə hazırdı. Dərbənd camaatı arasında ən varlı və nüfuzlu sayılan, həm də hakimin məsləhətçilərindən biri olan Qədir bəy qrafa müraciət etdi:
-Burda əgər bir nəfərin boynu vurulmalıdısa, o da mənəm. İkinci bir baş kəsiləsidisə, hakimin başqa məsləhətçilərindən biri olmalıdı. Şıxəli xan cavandı, təcrübəsizdi, onu bu işə biz təhrik etdik. Rusların mərhəmətinə inanır və xanın bağışlanmasını xahiş edirik.
Qraf gülümsündü, hamını bağışladığını bildirdi.
-Biz buraya baş kəsməyə gəlməmişik. - dedi. - Gəlmişik ki, sizi farsların zülmündən və əsarətindən xilas edək.
Beləliklə, Dərbənd qalası 10 may 1796-cı ildə rus qoşunları tərəfindən alındı".
Rusların itkisi 107 əsgər və 11 zabit olur. Qənimət olaraq 28 top ələ keçirilir.

***

Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putin 2015-ci ildə Dərbənd şəhərinin 2000 illiyi münasibətilə keçirilən möhtəşəm tədbirdə demişdir: "DƏRBƏND - Rusiya Federasiyası ərazisində ən qədim şəhərdir. Bəzi məlumatlara görə orada yaşayış beş min il əvvəl, daha çox dəqiqləşdirilmiş məlumata əsasən isə iki min il əvvəldən şəhər fəaliyyətdə olub. Şübhəsiz, Dərbənd insanlığın inkişafı üçün ən unikal yerdi və ən yüksək diqqətə layiqdi".
Dəmirqapı Dərbənd haqqında materiallar toplayanda çox mənbələrə müraciət etdim. Hətta orta məktəb dərslərinə də dönə-dönə qayıtdım. Fikirləşdim ki, heç olmasa dərslik hazırlayanlar mövzuları dəfələrlə süzgəcdən keçirib yeniyetmə övladlar üçün asan variantda məlumatlar yazarlar. Ancaq çox təəssüf ki, orada da hazır cavablar tapa bilmədim. Beləliklə, Dəmirqapı Dərbənd mövzusu mənə qədər müraciət etmiş minlərlə alimdən tutmuş həvəskara kimi cəmi qələm sahiblərinə müəmmalı qaldığı kimi sirli-sehrli, açılmamış qaldı.
Amma mən iki mühüm məsələni dəqiq öyrəndim. Birincisi, Dəmirqapı Dərbəndi belə asanlıqla öyrənmək mümkün olsaydı, daha bu müqəddəs şəhər minlərlə arxeoloqun, tarixçinin, səyyahın, turistin diqqətini cəlb eləməzdi. İkincisi isə burada yaşayan müxtəlif xalqların nümayəndələrini birləşdirən amalın, ümumilikdə doğma şəhərə olan hədsiz sevgiləridir.
Dərbənddə yaşayan xalqlar doğma şəhəri eyni sevgi ilə sevir və bölüşmək ağıllarından və qəlblərindən kənar bir hissdir ki, heç vaxt onlara yaxın düşə bilməz.
Necə deyərlər, bütün xalqlar eyni səslə, eyni avazla, eyni sevgi ilə Dədə Qorqud sayağı qışqırır:
-E...he...heyyy!!! Dəmirqapı Dərbəndim mənim... heeyyy...

ƏLİ BƏY AZƏRİ
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ