adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Fevral 2019 00:29
17606
ƏDƏBİYYAT
A- A+

Qafar Cəfərlinin nəsri haqqında bəzi qeydlər

Mənim üçün maraqlı imzadır, ona görə yox ki, tanışlığımın tarixçəsi elə də uzaq deyil. İstedadlı şair və filoloq-alim Elşad Səfərli qiyabi tanış etmişdir. Haqqında xoş sözlər demişdir. Ona görə marağımı özünə çəkdi: Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində "davranan" bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.
Qafar Cəfərlinin "Saatın 61-ci dəqiqəsi" hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Və mənə elə gəldi, yazıçılıq psixologiyasına xas keçirilən hisslər qabaqcadan "xəbər" verir, fantaziyaya "ilişir". Yazıçı Xuan Rulf bu məsələyə toxunaraq yazmışdır ki, hər hansı hekayənin, yaxud kitabın çap edilməsi o deməkmidirmi həmin kitab artıq öldü, yazıçı bir daha onun barəsində düşünməyəcək; bunun əksinə, kitab çap edilməzdən, tamamlanmazdan əvvəl isə yazıçı yazmaq istədiyini beynindən bir an belə çıxarmayacaq.
Maraqlı fikirdir, oxuduğum, məndə yüksək təəssürat oyadan bu əsər hətta gələcək müsbət proqnozlarıma bir əsas verdi. Q.Cəfərlinin hekayələri (eləcə də novellaları) ilk öncə diqqətimdən yayınmadı. Bu janr nəsrin ən ərköyün və tordan çıxmağa çalışan balıq çılğınlığını xatırladır: böyük fikir, konkret süjet və təsvir qısqanclığı, "üçlük"! Gəl, müəllif, oxucunu razı sal. İrihəcmli əsərdə yazıçı hansı məqamlarda "cızığından" çıxdığını bilir və üzərindən adlayır, boşluğu doldurur, hekayə isə o qədər təmizdir ki, müəllifi qarabaqara izləyir. Təcrübəli yazıçı beynində bişirdiyi mövzunu (hekayəni) tamamladığını (yoxsa əksini), yəqinləşdirdiyini, nəyin yerində olub-olmadığını idrak edəndən sonra qələmilə "mübarizəyə" yox, "sülhə" razılaşır. Demək, hekayə janrı müəllifə öncədən "səhvlərini" görmək, düşünmək, işə başlamaq şansı verir. Mən Qafar Cəfərlinin hekayələrində xarakterlərin davranışını gördüm, bunun isə müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. "Qəbir yeri" hekayəsini yazıb və oxumazdan əvvəl bu hekayəni sona saxlamağı qərarlaşdırdım, nə gizlədim: İlk təəssüratım məzarla "toqquşmasın" və fəhmlə ürəyimdən keçdi ki, bu gün qəbir yeri tapmaq insan doğuluşundan qat-qat çətinləşibdir, çün günbəgün qəbristanlıqda yerlər azalır. Amma başqa bir mənzərəylə üzləşdim hekayədə: İnsanın fiziki faciəsindən daha çox onun mənəvi taleyi önə keçir. "İlanı yuvasından çıxaran dilə" malik Musa kənd qəbristanlığında ürəyi tutan yeri özü üçün bələdləyir, hətta hasara alır (neçə illərdir bu iyrənc istək rəsmiləşmişdir). Sadə həyatını yaşayan Məxmər arvadın oğlu son nəfəsini yaşayır və vəsiyyət edir ki, atasının yanında dəfn olunsun, ana da belə bir hisslə gəlirsə sərt qarşılanır: "Ay arvad, axı mən sənə cavab göndərmişəm. Məgər "sənə yer qəhətdir, o boyda ərazidə yer tapa bilmirsən?" - cavabından sonra ana yalvarırsa da faydası olmurg Müəllifin dediyi kimi, hadisələr sürətlə dəyişir, itkilər baş verir. Musa isə içkili vəziyyətdə maşınında qəzaya uğrayır və üç aydan sonra ölür, hasara aldığı boş yerdə onun özünü basdırırlar. Bu, qəzavü-qədərdimi, yoxsa Tanrının diqtəsidir? Hər ikisi! İnsan başına nə gələcəyini az-çox proqnozlaşdırmalı, son aqibətini fikirləşməlidir; yoxsa hökmünü ortaya qoymamalıdır, necə ki, bu gün də nə Allahı, nə bəndəni, nə də qanunu saymayan məmurlar sürüsünə gəlib dirənmişik. Qafar Cəfərli cəmiyyətin bu incə, lakin sosial əksiklik yaradan problemin bədii həllini vermişdir. Yazmadığı, amma oxucuda aşılamaq istədiyi: insan başına nə gələcəyini bildiyi üçün öz xeyirxahlığını anlamağa borcludur. Hekayədə (bir qədər də novellavari), kiçik süjetdə hadisələr obrazların aqibəti kimi tez sona çatır. Musa cavanlığında necə yaşamışsa, on yeddi ildən sonra da əvvəlki xasiyyətindən qaça bilmir, gen məsələsinə işarələr vurur.
"Qumru" hekayəsi gözlənilməz süjetin daşıyıcısıdır, əhvalat biz islamçıların adətinə rəğmən olsa da, təbii hisslərin əvvəl pıçıltısı, sonra ucadan səslənməsidir; bu mənada sevgi gözlənilməz vurğunluqdur, bir başıbəlalı vaqeədir. Elşad həkim tələbəlikdən dost olduğu, canbir hesab etdiyi Rüstəm mühəndisin dul qalmış bir oğul anası Qumrunu sevirmi, yoxsa aşiqmi olur - bu, çətin sualdır - haradan gəldi, axı ailəvi münasibətlərdə onlar arasında sevginin heç bir əlamətləri baş verməmişdi, bəlkə - mən belə yozuram - ortada dostu Rüstəm dururmuş (hekayədə bu, görünmür)! Rüstəmin faciəli həlakından sonramı yaranmışdı? Əlbəttə, sevgi isti, yaxud qəfil görüşün diqtəsi, səssiz gəlişi olur. Elşad həkimin ötmüş yaşında necə təsir oyadar çılğın sevgi? Hərçənd, sevginin anatomiyasında bu hal təbiidir, gözləniləndir, ürəyin hansı guşəsindəsə boş qalan o yeri tutmalıdır, qəlb (ürək) dünyanı sevgisiz tərk etməz!
Qumru isə Elşad həkimə məhrəmanə sığınır, sevgi hissini ağılına belə gətirmir. Bəs haradan qasırğa hökmüylə gəldi, lazım idimi bu? Düzdür, Elşad həkim bu addımı məqbul saymır, etiraf edir: "Allahım, bu nə hissdir yaşayıram? Yaşımın bu çağında bu, nə deməkdir? Qumrunu görəndə niyə ürəyim əsir, bədənim titrəyir? Bu qız niyə məni yandırıb-yaxır, niyə hisslərimlə oynayır? Deyiləsi dərd deyil, vallah, heç bu söhbəti dilə gətirmək olar, eşidən nə fikirləşər? Deməzlər ki, ay bişərəf, ahıl yaşında hələ iyirmi beş yaşı olan gənc bir qadına necə bu cür hisslər bəsləyə bilirsən?" Suallar, suallar. Mən bu suallara mütləq mənada yanaşmıram, yazıçının öz fikri, yozumu vardır ki, hekayəni bu anlam üzərində qurmuşdur. Bəlkə demək istəmiş - sevgi cilovsuz atdır, sahibinə məhəl qoymadan o yerəcən qaçır ki. Bəlkə demək istəmiş - sevgi yalnız insan məxluqu üçündür, gözlər bir-birini tutur, o yerəcən ki. bəlkə demək istəmiş - sevgi modelləşdirilmiş hissin inikasıdır və gözləniləndir. Bu qəlibi bəlkə müəllif qəlb-dost modelindən çıxarsın? Sual mənə - oxucuya məxsusdur. Ortada yazıçı yozumu olur və ona müdaxilə etməzdim.
Hekayələrində Qafar Cəfərlinin ana obrazı həzin məcrada gedir, övlad istəyinin istisində və intizarında. Necə ki, "Qəbir yeri"ndə Məxmər arvad, "Bir udum hava"da Səhranə, "Altıncı barmaq"da Xoşbəxt xanım. Övladları heç də düzgün yola düşməmişlər, bu addımda özləri və mühit əsas amildir. Yazıçı humanizmi həm sosial ədalətsizliyi, həm də qəhrəmanlarını katarsiz (təmizləmə) süzgəcindən keçirir. Bu məsələdə Qafar Cəfərli antik filosof Aristotelin məşhur nəzəriyyəsilə birləşir. Və ədalətli vəkil Rəhimli, polis zabiti Zaminli yardımçı olurlar, demək, dünyada hələ insanlıq hissini itirməyən, qanunların aliliyinə hörmətlə yanaşan ziyalılarımız yaşayırlar.
Yazıçı Qafar Cəfərli, eləcə də oxucular təsəvvürlərinə gətirməzlər ki, hekayələrin qayəsini sadə süjetlərdə həll olunmasını vurğulayıram, özüm də az-çox qələm əlimdə işləndiyi üçün belə düşünürəm, əsla! Ümumiyyətlə, olmayan, mücərrəd (anlaşılmaz) nəsnələrdən danışmağı xoşlamıram. Qafar bəy duymadığı, birbaşa yaşamadığı hadisələrdən yazan yazıçı deyil, gördükləri, canlı mühitin böyük və kiçicik adamların hərəkətləri, amalları (pis və yaxşı) onun yazıçı intiusiyasında formalaşır. Yazıçılıq oradan başlayır ki, şəxsi fikirlərini yazmaq müstəvisinə çıxarmaq mərhələsində özünü müdrik aparmalı, hətta filosofluq etməlidir; ona görə ki: ədəbi məqsədi oxucusunu yazdığına inandırmaq, cəmiyyət, mühit, böyük dairədə bəşəriyyət haqqında düşündüklərini çatdırmaqdır. Yazıçını da xoşbəxt edən bu deyilmi?
Qafar Cəfərlinin hekayə və novellalarını oxuyanda heç də yanılmadığımı kəsdirdim. "Saatın 61-ci dəqiqəsi" hekayəsini ruhla oxudum. Qarabağ savaşının (hələ müharibə həddinə çatmamış) ilk illərinə təsadüf edir hadisələr. Gənc Hünərlə cavan Leylanın sevgi dəyanəti süjetə bir toxdaqlıq gətirsə dəg insandakı daxili mərhəmət və vətənpərvərlik hissləri macəraçılığa gətirib çıxarır: Tələbə ikən bir-birlərini sevən iki cavanın taleyi gətirmir (detalları sadalamağa ehtiyac duymadım), lakin dəyanət, sözə bütövlük onları birləşdirir - atası Vasim müəllim ciddi etiraz etsə də - onlar həmkəndlisi (Hünərin) Teymara qoşulub Rusiyaya üz tuturlar. Az keçmir, maddi durumları yetərli olsa da hər iki azərbaycanlı Vətənə, Qarabağ müharibəsinə dönürlər. Teymur bir zabit, Hünər bir əsgər kimi.
Gözləmək olardı (ilkində mən də yozdum ki, bir qıçı dizdən aşağı kəsilmiş protezdə gəzən Hünər döyüşdən almışdır ağrı-əzabı), amma tamamilə başqa bir şəraitdə baş vermişdir: O, bir erməni uşağının qışda çaya düşüb boğulduğunu görüb onu xilas edir, özü isə sağlamlığını xilas edə bilmir və danlaq qarşısında qalır, qınaq subyektinə çevrilir. Hekayənin kulminasiya nöqtəsi məhz bu məqamdır: düşmən uşağını azəri-türk balası ölümün pəncəsindən alır. Bu yerdə, heyrətimi gizlətməyi bacarmadım: - Bu, yazıçı üçün nə risqdir? - dedim, sakitləşmək istədim. - Nə fikirdir yazıçı üçün? Nə yaxşı bu məqamda yaddaşımda dahi Viktor Hüqonun sözlərini təkrarladım: "Harada fikir varsa, orada qüdrət də vardır, fikir də qidadır, fikirləşmək qidalanmaq deməkdir". Böyük rəsam E.Delekrua da o qənaətdə idi ki, fikri nizamlamaq vərdişi insanı xoşbəxtliyə aparan yeganə yoldur.
Yazıçı Qafar Cəfərli fərdi yox, bəşəri fikirdən doğan ali humanizmə gəlmiş ki, xeyirxahlıq xislətilə siyasətdən çox-çox uzaq olan erməni oğlan uşağının (müəllif bu tifili qız kimi də verə bilərdi, görünür, bəzi nüansları qabaqlamışdır) gələcəkdə kimlərə güllə atıb-atmayacağı bəlli deyil. Azəri türkü ta qədimlərdən yıxılanın qolundan yapışıb, ac-yalavaca çörək verib, soyuqdan donanı ocaq başına gətirib. Ona görə də Allah həmişə bizi qorumuşdurgözümüzdən qabaq!
Mən bu hekayənin dəyərini yüksək qiymətləndirirəm. Yazıçının təsvir edəcəyi hadisələrə fərdi münasibəti şəksizdir və qəhrəmanları sosial şüura malikdir, istehsal-peşə fəaliyyətlərindədirlər, ailə-məişət dairəsində yaşayırlar. Qafar Cəfərlinin "Hippokratın vəsiyyəti" hekayəsi də belə bir prizmadan yanaşanda mövzunun təyinatını bu dəfə sağlam-xəstə-adam "üçlüyü"nə gətirmişdir. Mövcud cəmiyyətin (eləcə də Sovet dönəminin) "adamı" olmayan Nadir müəllimin ağır xəstəliyə düçarlığı və ölümü. İnsan xəstələnəndə ümidlə yaşamağa adət etmiş əzəldən, axı "çıxmayan cana ümid çoxdur" demişlər. Nadir müəllim də istisna deyil. Lakin müəllifi başqa bir nüans düşündürür: birisi odur - xəstəyə hansı ümidləri aşılamaq, ruhunu qaldırmaq, digəri "Hippokrat andı"nın alt qatında nə gizlənmişdir: yalanmı, həqiqətmi? Qafar Cəfərli birincinin timsalında Boris həkimi, köhnə tanışını görür. Mehribanlıqlarını saxlayan hər ikisi səmimidir: "Dostum, xoş gəlmisən, nə var, nə yox, necəsən? Sən hara, buralar hara? Evimi necə tapdın? Bir ağac yol gəlib məni tapa bildinsə əhsən olsun. Yeri gəlmişkən bir ağac yeddi kilometr uzunluğundadır, - deyə Boris hər ikimizi (hekayə birinci şəxsin dilindən danışılır) kənardan-kənara zəndlə süzərək güldü". Müəllif birincinin nümunəsində Boris həkimi görür: müayinəsində hiss etdiyi fəsadın anatomiyasını xəstəyə bildirmək, bəs hansı prizmadan? Xəstənin üzünə həqiqəti pıçıldamaq nə dərəcədə düzgündür? Bu var ki, xəstə davranışını qaydasına salar, rejimini gözlər. Əzəldən naməlum saniyələrin qurbanı olar. Amma. Xəstə var ölümünə çarə tapılmadığını həkimdən eşidəndə intihara da əl atar, düşmənini də qətlə yetirər. Ona görə də islamda belə "düzgün" diaqnoz qadağandır, yolverilməzdir! Boris həkim rusdur milliyyətcə, yəni xristiandır, həqiqəti deməkdən çəkinmirlər, etiraf edək. İkincinin təmsilçisi İlyas həkimdir, Nadir müəllimi düzgün müayinə edir, yaxşı sözlərin müşayiətilə. Xəstəni ruhlandırır, pafosla təsəlli verir, Nadir müəllim həkimin boynuna sarılır, üz-gözündən öpür, yaşamağın əvəzolunmaz dəyəri budur! İlyas həkim çox təmkinlə, inamla deyir: "Heç bir dava-dərman lazım deyil. Bir həftə, on gündən sonra kimisə göndərərsən müayinənin cavabını götürsün. Hər şey yaxşıdır. Pəhrizə gəldikdə isə ürəyin nə istəyir yeyərsən, amma miqdarında". Nəhayət, Nadir müəllim az sonra dünyasını dəyişir. İlyas həkimin etirafı: "Rəhmətlik yanımda olanda son günlərini yaşadığını bilirdim. Əslində bütün müayinələrdə buna işarələr var idi. Amma neyləyək, Hippokrat bizə vəsiyyət edib ki, xəstənin ürəyini ələ alıb razı yola salmalısan".
Yazıçı-müəllif üslubuna xas manera ilə oxucusunu dilemma qarşısında qoyur: Hansını seçməli? Hansı həkim haqlıdır? Hippokratın dünyada zərb-məsələ çevrilən andı özünü bu gün doğruldurmu? Hippokratın zamanında həkimlər necə, hansı məişət durumunda yaşayırdılar? Mən yaşım müqabilində həm Sovet, həm də indiki dönəmdə həkimlərin nüfuzunun şahidiyəm və pis yaşamırdılar. Bu gün gəlin etiraf edək ki, həkimlərin sırasından bir nəfərini belə tapmaq çətindir ki, rüşvət almasın (müəllif buna çox düzgün işarə vurmuşdur); bir cərrahiyyə əməliyyatı üçün iki yol var: ya yetərli rüşvət verməlisən, ya da ölməlisən. Səhiyyəmizi idarə edənlərinin gözü qabağında bu iyrənc prosesin şahidiyik!
Hekayənin qayəsinin "açılması"nı müəllif oxucunun öhdəsinə buraxır və özümə sual verdim: - Hansı haqlıdır? Susmağa qərar verdim...
(ardı gələn sayımızda)

Allahverdi Eminov,
Ədəbiyyatşünas-tənqidçi,
fəlsəfə doktoru, dosent, pedaqoq