Zahidin Sabirabadlının başdaşısız məzarı, Ağakərimin xəstə canı... - İntiqam VALEHOĞLU yazır
Zahid Sabirabadlının dəfnindəki izdiham kimin yadındadır? Ən azı 3-4 min insan olardı həmin mərasimdə. Xatırladınızmı? Ötən ilin dekabr ayı idi. Bütün saytlar, televiziyalar həmin izdihamdan yazırdı, çəkirdi, göstərirdi. Cəmi bir neçə gün sonra həyat yoldaşı və oğlu Hikmət Zaurun verilişinə çıxdılar. Verilişdə ipoteka borcu bağlandı, ailəsi belə demək mümkünsə, mənzillə təmin edildi. Yəqin düşünürsünüz ki, üstündən üçaya yaxın vaxt keçib, indi bunları xatırlatmağın nə mənası var? Haqlısınız, amma azacıq da səbr edin, izah edəcəyəm.
Elə indicə qarşıma bir video çıxdı və məni az öncə oxuduğunuz cümlələri düşünməyə vadar edən də həmin video idi. Tanınmış klarnet ifaçısı Zahid Qubadlı həmkarı Zahid Sabirabadlının qəbrini ziyarət edirdi. Amma qəbir hələ də götürülməmişdi. Bilməyənlər üçün xatırladım ki, Zahid Sabirabadlı dekabrın 18-də vəfat edib. Yəni, fevralın 18-də iki ayı tamam oldu. Lakinələ də qəbirüstü abidəsi hazır deyil. Dostu Elşənlə danışdım, dedi ki, qardaşı ilə məsləhətləşib cavab verəcək. Əslində, qardaşının nə deyəcəyini də təxmin etmək çətin deyil. Deyəcək ki, vəziyyətimiz yaxşı deyil, kasıbçılıqdı...
Bəs Zahid vəfat etdiyi günlərdə məzarı başından selfi çəkdirib paylaşanlar, dəfn mərasimində mərsiyyə deyən həmkarları hardadır? Axı məzarüstü abidə nə böyük şeydir? Hər həmkarı çox yox, on manatdan "atışsa" düzəlməzmi bu iş? Tələbəsinə zəng vurmuşdum, o da deyir ki, niyə götürülmədiyindən xəbərim yoxdur.
Bilirsinizmi ki, Ağakərimi klinikaya aparıblar, lazımi məbləğ olmadığına görə on gündən sonra evə qaytarıblar. Hansı ki o məbləğ bir "sponsorun" bir müğənniyə bir gecədə xərclədiyi pulun yanında qəpik-quruşdur. O məbləğ bəlkə də hansısa müğənninin, meyxanaçının, sənətçinin iki dəfə restoranda verdiyi hesabın yarısı qədərdir. Deyək ki, müğənnilər pisdir, etibarsızdırlar. Axı meyxanaçıların hər iki kəlməsindən biri "yaxşı oğlan", "etibarlı dost", "dar günün dayağı" kimi söhbətlərdir. Hansı meyxanaçını danışdırsan, müğənniləri bəyənməyəcək, musiqiçilərə ağız büzəcək. Amma indiki halda meyxanaçıların etdiyinin ən yumşaq adı etibarsızlıq, naxələflikdir. Sabah sizin hansı vəziyyətə düşəcəyiniz, hansı xəstəlikdən əziyyət çəkəcəyiniz özünüzə məlumdurmu? Əlbəttə, yox!
Zahidin başdaşısız məzarı, Ağamirzənin xəstə canı yolunuzu gözləyir. Tələsin, gec deyil...