adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2019 15:47
80287
ŞOU-BİZNES
A- A+

Zahidin Sabirabadlının başdaşısız məzarı, Ağakərimin xəstə canı... - İntiqam VALEHOĞLU yazır

Zahid Sabirabadlının dəfnindəki izdiham kimin yadındadır? Ən azı 3-4 min insan olardı həmin mərasimdə. Xatırladınızmı? Ötən ilin dekabr ayı idi. Bütün saytlar, televiziyalar həmin izdihamdan yazırdı, çəkirdi, göstərirdi. Cəmi bir neçə gün sonra həyat yoldaşı və oğlu Hikmət Zaurun verilişinə çıxdılar. Verilişdə ipoteka borcu bağlandı, ailəsi belə demək mümkünsə, mənzillə təmin edildi. Yəqin düşünürsünüz ki, üstündən üçaya yaxın vaxt keçib, indi bunları xatırlatmağın nə mənası var? Haqlısınız, amma azacıq da səbr edin, izah edəcəyəm.

Elə indicə qarşıma bir video çıxdı və məni az öncə oxuduğunuz cümlələri düşünməyə vadar edən də həmin video idi. Tanınmış klarnet ifaçısı Zahid Qubadlı həmkarı Zahid Sabirabadlının qəbrini ziyarət edirdi. Amma qəbir hələ də götürülməmişdi. Bilməyənlər üçün xatırladım ki, Zahid Sabirabadlı dekabrın 18-də vəfat edib. Yəni, fevralın 18-də iki ayı tamam oldu. Lakinələ də qəbirüstü abidəsi hazır deyil. Dostu Elşənlə danışdım, dedi ki, qardaşı ilə məsləhətləşib cavab verəcək. Əslində, qardaşının nə deyəcəyini də təxmin etmək çətin deyil. Deyəcək ki, vəziyyətimiz yaxşı deyil, kasıbçılıqdı...

Bəs Zahid vəfat etdiyi günlərdə məzarı başından selfi çəkdirib paylaşanlar, dəfn mərasimində mərsiyyə deyən həmkarları hardadır? Axı məzarüstü abidə nə böyük şeydir? Hər həmkarı çox yox, on manatdan "atışsa" düzəlməzmi bu iş? Tələbəsinə zəng vurmuşdum, o da deyir ki, niyə götürülmədiyindən xəbərim yoxdur.

Doğrudanmı, sənət aləmi bu qədər iyrəncdir? Gerçəkdənmi Zahid üçün deyilən həmin sözlər boğazdan yuxarı idi, bir günlük dozası var idi. Əslində, bundan daha betər mənzərəni mən Hüseyn Dərya vəfat edəndə görmüşdüm. Hüseynlə duet oxumaq üçün növbəyə düzülənlər dəfn mərasimində qeyb olmuşdular. Axı Zahid bu ölkədə ən üzdə olan sənətçiləri müşayiət edib, hətta belə demək mümkünsə, bəzilərinə çörək verib.
Yəqin ki, normal məzar daşı 2-3 mindən yuxarı başa gəlməz. Üç aya üç min manatlıq xərci bu qədər dost-tanış, həmkar çəkə bilməzdimi? Sabah Zahidin məzarı başında dediyiniz sözlər hardasa qarşınıza çıxsa, vicdanınız sizi boğmayacaqmı?

Şübhəsiz ki, qəbirüstü abidənin götürülməsi ailənin məsuliyyətidir. Amma əgər ailə imkansızlıqdan verilişə çıxırsa, deməli, yük Zahidin çörək kəsdiyi, çörək verdiyi, dost dediyi insanların çiyninə düşür.
Yaxşı, Zahidi qoyuram bir kənara. Meyxanaçı Ağakərim iki ildir yarımcan vəziyyətdədir, hələ ki sağdır. Eşitdiyimə görə Ağamirzədən başqa heç bir həmkarı ona kömək etmir. Amma inanıram ki, Allah eləməsin, sabah Ağakərimin başına bir iş gəlsə, indi yoxa çıxan həmkarlar telekanallara müsahibə vermək üçün növbəyə düzüləcəklər.

Bilirsinizmi ki, Ağakərimi klinikaya aparıblar, lazımi məbləğ olmadığına görə on gündən sonra evə qaytarıblar. Hansı ki o məbləğ bir "sponsorun" bir müğənniyə bir gecədə xərclədiyi pulun yanında qəpik-quruşdur. O məbləğ bəlkə də hansısa müğənninin, meyxanaçının, sənətçinin iki dəfə restoranda verdiyi hesabın yarısı qədərdir. Deyək ki, müğənnilər pisdir, etibarsızdırlar. Axı meyxanaçıların hər iki kəlməsindən biri "yaxşı oğlan", "etibarlı dost", "dar günün dayağı" kimi söhbətlərdir. Hansı meyxanaçını danışdırsan, müğənniləri bəyənməyəcək, musiqiçilərə ağız büzəcək. Amma indiki halda meyxanaçıların etdiyinin ən yumşaq adı etibarsızlıq, naxələflikdir. Sabah sizin hansı vəziyyətə düşəcəyiniz, hansı xəstəlikdən əziyyət çəkəcəyiniz özünüzə məlumdurmu? Əlbəttə, yox!

Zahidin başdaşısız məzarı, Ağamirzənin xəstə canı yolunuzu gözləyir. Tələsin, gec deyil...