adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Fevral 2019 15:50
15930
ELM VƏ TƏHSİL
A- A+

Təhsil nazirinin müavini Cocuq Mərcanlıda ADU əməkdaşları və tələbələrlə görüşüb

Azərbaycan Dillər Universitetin (ADU) bir qrup tələbəsinin Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində pedaqoji təcrübəsi uğurla davam edir.

ADU-dan Adalet.az-a verilən məlumata görə, fevralın 25-də cəbhəyanı rayonlara səfəri çərçivəsində Cocuq Mərcanlı kənd məktəbində olan Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ADU kollektivi ilə görüşüb.

Səmimi ortamda və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov da iştirak edib.

Pedaqoji təcrübə rəhbəri Anar Rəhimov nazir müavininə və icra başçısına məlumat verərək bildirib ki, tələbələrin bölgələrdə, xüsusən qaçqın məktəblərində pedaqoji təcrübə keçmə ideyası universitetin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçir. Artıq ikinci ildir baş tutan təcrübədə tələbələr bir ay müddətində həmin bölgədə qalır, müəllim kimi ilk addımlarını atır, eyni zamanda sosial və təhsil yönümlü layihələr həyata keçirirlər.

Daha sonra Anar Rəhimov ADU tələbələrinin müvəfəqiyyətli dərsləri və qısa zamanda məktəbdə yaranan canlanmadan danışıb. O, əlavə edib ki, tələbələr məktəbdə ingilis dilinə marağı əhəmiyyətli dərəcədə artırıblar.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə öz növbəsində bu yenilikdən yaxşı mənada təəcübləndiyini və akademik Kamal Abdullanın bu addımın alqışa layiq olduğunu deyib. Nazir müavini əlavə edib ki, layihə təhsil sahəsində önəmli yenilikdir.

Daha sonra təcrübəçi tələbələrin yerləşmə, məişət şəraiti ilə maraqlanan nazir müavini nazirlik tərəfindən də lazım gələrsə, bu layihəyə istənilən köməyi göstərməyə hazır olduğunu bildirib. M.Vəliyeva təcrübəçi tələbələrə öz tövsiyələrini verib, onlara uğurlar arzulayıb.