adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GƏLƏN İL TAXIL ƏKMƏYƏ BİLƏRLƏR

AQİL ABBAS
42740 | 2009-07-07 23:51
Ölkəmizdə Kənd Təsərrüfatı Nazirliyi var. Kənd Təsərrrüfatı Nazirliyi bütün dövlətlərdə üç önəmli nazirlikdən biridir: Müdafiə Nazirliyi - ölkənin düşmən hücumundan təhlükəsizliyini təmin edir; Daxili İşlər Nazirliyi - ölkənin ictimai təhlükəsizliyini və əmin-amanlığı təmin edir; Kənd Təsərrüfatı Nazirliyi - ölkənin ərzaq təhlükəsizliyini təmin edir.
Bizim Kənd Təsərrüfatı Nazirliyi ölkəmizin ərzaq təhlükəsizliyini təmin edirmi?!
70-80-ci illərdə SSRİ kimi nəhəng bir dövləti meyvə-tərəvəzlə təmin edən Azərbaycan indi meyvəni də, bostan məhsullarını da, hətta Allahın qarpızını da xaricdən gətirir.
70-80-ci illərdə SSRİ kimi nəhəng bir dövləti üzüm və şərabla təmin edən Azərbaycan, şərab cəhənnəm, içməsək də olar, onsuz da haramdı, üzümü də xaricdən gətirir.
70-80-ci illərdə SSRi kimi nəhəng bir dövləti çayla təmin edən Azərbaycanda indi barmaqla sayılası çay kolu var.
70-80-ci illərdə 1 milyon 200 min ton pambıq kimi strateji bir məhsulu istehsal edən Azərbaycanda indi 100 min ton pambıq olanda adamlar papağını göyə atır.
1 hektardan 40-50 sentner taxıl götürənlər indi 20 sentner götürəndə bayram olur. (Mənim elə bügünki yazım taxıla həsr olunub). Mən hələ yumurtanı, toyuq ətini, ət və süd məhsullarını yazmıram. Bir sözlə, göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi ölkənin ərzaq təhlükəsizliyini təmin edə bilmir. Dövlət Kənd Təsərrüfatına dövlət budcəsindən lazımi qədər pul da ayırır, mən hələ Prezidentin Ehtiyat Fondundan ayrılan pulları demirəm. Bircə səbəb var, Kənd Təsərrüfatı Nazirliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilmir.
Bir məsələni də qeyd edim, keçək mətləbə.
Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var axı? Əslində Kənd Təsərrüfatı Nazirliyi Gəncədə yerləşdirilməlidir, torpağa və kəndliyə yaxın olmalıdır, kənd təsərrüfatı naziri və nazirliyin əməkdaşları da asfaltda deyil, tarlalarda, zəmilərdə gəzməlidir. Yəqin ki, haçansa Kənd Təsərrüfatı Nazirliyi Bakıdan çıxarılıb Gəncədə yerləşdiriləcək, Gəncə olmasın Bərdə olsun, Yevlax olsun, Ağcabədi olsun, necə ki Kimya Sənayesi Nazirliyi kimyanın içində - Sumqayıtda oturub.
Və gələk mətləbə. Şənbə-bazar günləri Bərdəyə, Ağdama, Ağcabədiyə getmişdim. Ondan çox kənddə camaatla görüşdüm. Bir stəkan çay içdik, dərdləşdik, problemlərdən danışdıq.
Şükürlər olsun, bu il çox bol taxıl yetişdirilib. Bu taxılı yığıb-yığışdıra bilsək xaricdən taxıl almağa o qədər də ehtiyacımız qalmaz. Amma olduğum Qarabağ kəndlərində məhsul məhv olmaq təhlükəsi altındadır və artıq məhv olur. Səbəb kombayn çatışmazlığıdır. Təsərrüfatdan az-çox başı çıxan adam bilir ki, taxıl vaxtında yığılmayanda nə qədər itkiyə yol verilir. Və hava da bir balaca üzünü türşutsa , kəndlinin zəhməti getdi bada. Sünbüllər öz dənlərini artıq tökməyə başlayıb. Çünki məhsulu yığmağa kombayn yoxdur. Hansı kəndə getdimsə kombayn deyib dad elədilər.
Hindarx nəinki Ağcabədinin, Azərbaycanın ən böyük kəndidir. Vaxtilə bu kənd 12 min ton pambıq təhvil verirdi. Çox zəhmətkeş də camaatı var. Bu il Prezidentin taxılçılığa xüsusi diqqət ayırdığına sevinən hindarxlılar bir neçə min hektar taxıl əkiblər. Və ən maraqlısı budur ki, bu kənddə Aqrolizinq var. Və bu Aqrolizinqdə 20-24 kombayn varmış, amma biçin başlayan kimi bu kombaynları arxası güclü olan kimsə və ya kimlərsə götürüb aparıblar öz taxıllarını biçməyə. Və kənd qalıb Sovet hökumətindən qalma bir-iki sınıq-salxaq kombaynın əlində. Və məhsul da batıb-gedib. Yanğın təhlükəsi də bir tərəfdən. Elə bu günlərdə qonşu Kəhrizlinin ərazisində 200 hektara yaxın taxıl yanıb. Yanğınsöndürənlər vaxtında müdaxilə eləməsəymişlər yanğın həm Hindarxın, həm Şərəfxanlının və digər kəndlərin də taxıl zəmilərinə keçərmiş. İnsanların ən çox qorxduqlarından biri də yanğındı. Maşınla yol keçən hər hansı bir namərdin pəncərədən atdığı siqaret neçə ailənin göz yaşına səbəb ola bilər və olur da.
Əgər bu Aqrolizinq Ağcabədi camaatının, nə bilim Ağdam camaatının təsərrüfatları üçün yaradılıbsa lazım olan anda camaat bu Aqrolizinqdən istifadə edə bilmirsə, onda nəyə və kimə lazımdı? Deməli, Hindarx kombaynların qışda anqarı rolunu oynayır?
Kombaynların da hamısı aparılıb Haramı düzündə taxıl yığımına. Haramı düzündəki taxıl da yığılmalıdı, yerdə qalmalı deyil. Amma Haramı düzündə 30 min, 40 min, nə bilim 50 min hektar taxıl əkən şirkət öz taxılını yığmaq üçün öz Aqrolizinqini yaratmalıdır. Yoxsa gəlib kasıbın əlindən son tikəsini qoparmamalıdır.
Taxılın qiyməti də çox aşağıdır: 13-16 qəpik arası. Mütəxəssislərlə söhbət zamanı məlum oldu ki, taxılın maya dəyəri 17 qəpiyə başa gəlir. Bəli, 17 qəpiyə istehsal edir, 13-16 qəpiyə satır. Kəndli deyir eybi yox, 16 qəpiyə də razıyam, qoy zərər olsun.
Məsələ ondadır ki, kəndli bu taxılı özü gətirib Bakıda, Gəncədə, nə bilim hardasa dəyirmana təhvil verməlidir. İndi bu yol haqqını da gəl maya dəyərinin üstünə.
Kənd Təsərrüfatı Nazirliyi niyə Sovet hökumətində olduğu kimi özünün tədarük məntəqələrini yaratmayıb? Niyə pambıqla məşğul olan şirkətlər yerlərdə, hətta az qala hər kənddə bir tədarük məntəqəsi yarada bilirlər, cəmi yüzcə min ton pambıq üçün, amma Kənd Təsərrüfatı Nazirliyi 2,5 milyon ton (inşallah, daha bol olar) taxıl üçün heç olmasa rayonlarda özünün tədarük məntəqələrini yaratmır?
İndi mən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən soruşuram məhsulu maya dəyərindən aşağı alınan, məhsulu zəmilərdə batıb gedən kəndli gələn il taxıl əkəcəkmi?! Çətin! Təcili tədbirlər görülməlidir. Həm taxılın qiymətinə yenidən baxılmalıdır, həm də kəndli texnika ilə təmin olunmalıdır. Sabah gec olacaq.
Buyurun Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, gedin camaatın arasına. Qorxmayın, onlar da sizlərdəndirlər. Və özləri üçün yox, daha çox sizlər üçün çalışırlar.

TƏQVİM / ARXİV