adalet.az header logo
  • Bakı 16°C
22 Fevral 2019 21:19
23007
GÜNDƏM
A- A+

XX ƏSRİN FACİƏSİ - XOCALI

SİNƏMƏ ÇƏKILƏN SAĞALMAZ DAĞIM...

İbrahim Yusifoğlu
Şair- publisist

"XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilibdir. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir. Bu faciyə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalılara ağır mənəvi zərbə olmuşdur.
Ancaq xocalılar hətta genosid günündə belə özünü əsl qəhrəman kimi aparmış, son damla qanlarına qədər qeyri-bərabər vuruşmuş və bu şəhərin ölməzlik tarixini yaratmışlar."
Heydər Əliyev
Ümummilli lider

Yadda saxlayıb,
unutmamalıyıq...

Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müxtəlif geosiyasi maraqların kəsişdiyi məkanda tarix boyu zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə malik olan yetkin bir millət kimi formalaşmışdır. Lakin Cənubi Qafqaz regionunda əsrlərlə gedən tarixi-siyasi proseslər, xüsusən erməni şovinizmi nəticəsində azərbaycanlılar hərbi münaqişələrə cəlb olunmuş, ərazisinin müəyyən hissəsi işğal edilmiş, həmvətənlərimizə qarşı soyqırımlar törədilmişdir. Ermənilərin şovinist millətçi siyasəti XX əsrdə daha da şiddətlənmiş, son yüzillikdə xalqımız dəfələrlə kütləvi soyqırımlara, deportasiyalara məruz qalmışdır.
1992-ci il fevralın 25- dən 26-na keçən gecə xalqımıza qarşı daha bir soyqırım törədildi. Təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi yazıldı. Azğın erməni cəlladları Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum etdi . Şəhər dağıdıldı, yandırılaraq yerlə yeksan edildi. Xocalı əhalisinə tutulan qanlı divan nəticəsində 613 nəfər o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü. Xocalı əhalisindən 1275 nəfər qoca, uşaq və qadın girov götürüldü. Onlar amansız zülm və məşəqqətlərə məruz qalmışlar. Xocalıda 487 nəfər ömürlük şikəst oldu, 150 nəfərin taleyi haqqında heç bir məlumat əldə olunmamış, onların haraya göndərilməsi, necə məhv edilməsi sirr olaraq qalmışdır.
57 nəfər xüsusi amansızlıqla öldürülmüş, onlardan bir qisminin başı kəsilmiş, gözləri çıxarılmış, dəriləri soyulmuş, odda yandırılmışdır. 200 nəfərdən artıq adam əlindən, ayağından və ya gözündən olmuşdur. Pərən-pərən salınmış Xocalı əhalisi indi 58 rayonda məskunlaşmışdır.

Sənin böyüklüyünə
şükür, İlahi!

Xalqımız 27 il bundan əvvəl törədilmiş Xocalı faciəsini dərin kədər hissi, düşmənə nifrətlə qeyd edir.
...Dünyaya göz açdığımız andan ilk sədamız, dünyadan köçdüyümüz anda son nidamız sənin böyüklüyünə şükür etməyimizdir, Ulu Tanrı!
" Allahdan başqa Allah yoxdur "- kəlamı dilimizdə bəndələrinə məsləhət gördüklərini həmişə uca tutmuşuq, onun arxasınca getmişik.
Bir olan Allahın mərhəmət və səyi nəticəsində həyatda düz və pak olmağa, özgə malına, yad torpaqlarına göz dikməməyə, insanlara xəyanət və yamanlıq etməməyə, özümüzə bir pay, qonşuya iki istəməyə həmişə əməl etmişik.
Ancaq xain və acgöz erməni qonşularımız tarixin müxtəlif dövrlərində yaranmış vəziyyətlərdən istifadə edərək azərbaycanlıları əzəl torpaqlarından qovmuş, yaxud soyqırımı törədərək oralarda məksunlaşmağa başlamışlar. Onlar çar Rusiyası və SSRİ-nin yetmiş ili ərzində ərazilərimizin xeyli hissəsini müxtəlif hiylələrlə ələ keçirərək bu gün Ermənistan adlanan respublikanın yaranmasına nail olmuşlar.

Bəs bizim günahımız
nədir ki...

Həmişə düşmən əsarətində olmuşuq, Ulu Tanrı! Dağ vüqarlı, el qeyrətli, torpaqcanlı igidlərimiz sinələrini düşmən gülləsinə sipər edib, Vətən yolunda şəhid olublar! Elimiz-obamız yad ayaqları altında tapdağa dönüb, viranə qalıbdır.
Misilsiz sərvətlərimiz yad ellərə daşınıb, torpaqlarımıza Dədə Qorqudun verdiyi adlar dəyişib, özgələşibdir. Bütün bu əzablar, dərdlər, işgəncələr azmış kimi Xocalı dağı çəkildi sinəmizə, Xocalı faciəsi yazıldı taleyimizə! Əsrin Xatın faciəsindən, Xatın harayından dəhşətli olan Xocalı soyqırımı törətdi insan cildinə girmiş canavarlar! Xocalı faciəsindən sonra başımızı qaldırıb vətən göylərinə baxmağa, Ulu Tanrıya dualar etməyə utanırıq.....Özü də Xocalıdakı qırğını planlı şəkildə etdilər. Türkləri başa salmaq istədilər ki, ermənilərlə oynamaq olmaz:

Üzlərə baxmağa gözüm utanır,
Təsəlli verməyə sözüm utanır,
Halına yanmağa üzüm utanır,
Namərdlər əlində qalan torpağım-
Xocalım hey, Xocalım...
Düşmən həmişə
düşməndir...

Unutma bunu, oğul! Özü də erməni kimi düşməni! Zənciri özgə əllərdədir. Həmişə qabına yal töküb, qabağına küt atıb "huy" verənləri var. Belə qansız düşmənin beş addımlığında yaşayırdı Xocalı! Yalqız qalsa da öz vüqarını, qeyrətini, namusunu, dilini, dinini qoruyub saxlayırdı Xocalı! Nə halına yanan, nə dərdinə qalan oldu. Düşmən düşmənliyini etdi, sinəsində od qaladı, odlara çatdı Xocalını....

Yetişən olmadı o gün dadına ,
Axan qanlar hopdu yeddi qatına.
Səni tay tutdular yaslı Xatına,
Dilimi yandıran yanıqlı ağım-
Xocalım hey, Xocalım...

Qırmızı qar...

"Xocalını gözlərimlə gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündəki kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Sabah biz tənha qala bilərik", bunlar bir erməni yazıçısının dedikləri və bəşəriyyətə çatdırılacaqdı.
...İsti yuvalarından perikən quşlar, haraya uçursunuz?! Başınız üzərində hərlənən caynaqlı düşmənlərinizi görmürsünüzmü ?...
Görmürsünüzmü bu vəhşilər qana susayıblar? Sizi məhv etmək üçün alçaqlığa əl atırlar. Haraya qaçırsan körpə balam, dörd yanın düşməndir, düşmən də həmin düşməndir- sənə də qıyar!
...Qar yağanda sevinmisən, baharda torpağımız bərəkətli, düzlərimiz laləli olacaq, - demisən, Xocalının ağsaqqalı. Qarın ağlığı xəyalını ağ günlərə aparıb, sevinmisən. Bəs qırmızı qarı görəndə hansı hissləri keçirirdin?
Qırmızı qarı-oğlunun, qızının, nəvənin qanına boyanmış qarı deyirəm! Düşmənə nifrətin güclü idi, yoxsa şan-şöhrət axtaran, vəzifə davası aparan biqeyrət vətən oğullarına? Ağ qar qırmızı qana boyandı, o qan Xocalı torpağına hopdu...

Günəş üzərinə qəm saçacaqdır,
Otlar göz yaşıyla boy atacaqdır,
Lalələr rənginə qan qatacaqdır...
Baharda saralan yaşıl yarpağım-
Xocalım hey, Xocalım...
O gün gələcək...
Sinəmizə çəkilən Xocalı dağının 27 ili tamam olur. Hələ ki, Xocalı düşmən əlindədir, hələ ki, Xocalıdan sağ qalanlar köçkün adı ilə yaşayırlar. Hələ ki, Xocalısız Xocalı dərdi ilə yaşayırıq. Yaşayırıq-sabaha ümidlə... Yaşayırıq- Xocalıya qayıtmaq, bu torpağa diz çöküb səcdə etmək üçün. Bu torpağın murdarlanmış sinəsini göz yaşımızla yumaq üçün.....
"Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır...
Mövcud status-kvo qəbul edilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır".
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında respublika prezidentinin sərəncamından gətirdiyimiz sitatda da görürük ki, Xocalı faciəsi unudulan dərd deyildir.
Gün gələcək, XX əsrdə törədilmiş Xirosima, Naqasaki, Xatun faciələrindən də dəhşətli olan Xocalı soyqırımı beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini alacaq, faciənin səbəbkarları və iştirakçıları törətdikləri əməllərə görə cavab verəcəklər. O gün gələcək...Vallah gələcək...
...Hələ ki, yaşayırıq, hələ ki, Xocalı faciəsindən iyirmi yeddı il keçir, hələ ki, Xocalı matəmini keçiririk:

Qoynundakı yadlar qovulacaqdır,
Şişmiş burunları ovulacaqdır ,
Bu dərd içimizdə qovrulacaqdır,
Sinəmə çəkilən sağalmaz dağım-
Xocalım hey, Xocalım!