adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Fevral 2019 14:38
16150
İDMAN
A- A+

Ulduzların gəlişi Azərbaycan futboluna nə qazandıracaq? - SORĞU

Xəbər verdiyimiz kimi UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar futbolsevərlər üçün bir sıra yeniliklər baş verməkdədir. Belə yeniliklərdən biri də martın 3-də Bakının mərkəzində "Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma olacaq. Həmin oyunda yerli və əcnəbi futbolçular çıxış edəcəklər. Dünya futbol ulduzları Bakıda toplanacaq. Əsl futbol bayramı baş tutacaq.

Bu gəlişin nəticəsi Azərbaycan futbolunun inkişafına təkan verə bilərmi? Ölkəmizin futbol dünyasında tanınmasında mühüm hadisə ola bilərmi?

Adalet.az bu barədə tanınmış idman jurnalistləri arasında sorğu keçirib. Cavabları təqdim edirik.



"CBC Sport”un şərhçisi Gündüz Abbaszadə: "Bu Azərbaycan futbolunun inkişafına yox populyarlaşmasına, daha da kütləviləşməsinə təkan verəcək. Siyahıda adı çəkilən futbolçular bir çoxunun idealı, uşaqlıq arzusu olub. Nəzərə alaq, kimlər ki, o futbolçulara ideal kimi baxırdı həmin insanlar artıq özləri valideyindir. Onların övladları futbolda ilk addımlarını atmağa başlayıblar. Mən düşünürəm ki, Azərbaycanda UEFA Avropa Liqasının final matçının keçirilməsi çox böyük hadisədir. Bu gələcəkdə UEFA Çempionlar Liqasının finalının da Azərbaycana verilməsinə köməyi dəyə bilər. Əsas məsələ odur ki, biz bu finalı necə təşkil edəcəyik. Bakıda bu finalın abu-havası, bayram atmosferi olmalıdı. Bu yöndə də işlər görülür. Təbii ki, görülən bu işlər futbolumuzun populyarlaşmasına, inkişafına təkan verəcək."




Qol.az saytının redaktoru Aydın Bağırov: "3-5 ulduzun ölkəyə gətirilməsi ilə futbol inkişaf etmir.”














Keçmiş futbol şərhçisi Asif Bağırov: "Azərbaycana təkan ola biləcək təkcə idman olmayıb. Avroviziya, İslam oyunları, Formula kimi bir sıra yarışlar təşkil edilib. Bu il isə Uefa Avropa Liqasının finalı keçiriləcək. Bu cür tədbirlərin keçirilməsində artıq bizim üçün elə bir çətinlik yoxdur. Futbolun inkişafı baxmından, Azərbaycan futbolunun dirçəlməsi baxımdan nə qədər super futbolçular gəlsin xeyri yoxdu. Futbolçu öz bacarığını 16-17 yaşına kimi formalaşdırır. Futbolumuzun inkişafı yalnız uşaq futbolundan keçir.”








"Xəzər” televiziyasının idman şərhçisi Ceyhun Rzayev: "Dünya ulduzları onsuz da son illər müxtəlif tədbirlər çərçivəsində Bakıya səfər ediblər. Düzdü, kompakt şəkildə olmamışdı. Futbolun təbliğatı, inkişafı belə olmur. Dünya futbolunda xüsusi çəkiyə sahib olmaq üçün meydanda nəticə göstərmək lazımdır. Milli və klub səviyyəsində yaxşı nəticələr bizi tanıtdıra bilər. Necə ki, 2 il əvvəl "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bunu bacardı.”












Matç.az saytının əməkdaşı Zaur Xudiyev: "Bildiyiniz kimi, Avropa Liqasının 2018/19 mövsümünün final matçı respublikamızda, Bakı Olimpiya Stadionunda keçiriləcək. Artıq ötən ildən başlayaraq, AFFA UEFA birlikdə finala hazırlıq və təbliğat xarakteri daşıyan bir sıra tədbirlər həyata keçirilər. Bunların arasında Bakıda Avropa Liqasının muzeyinin açılması, bir sıra ulduz oyunçuların paytaxtımıza fərdi səfərlərinin təşkili, media nümayəndələri arasında Avropa Liqası məzmunlu intellektual yarışın keçirilməsi və digər mütərəqqi tədbirləri qeyd edə bilərik. Dünya şöhrətli veteran futbolçuların Bakıya gəlişi və yerli veteranlarımızla dostluq matçı keçirməsi də bu qəbildən olan tədbirlərdən biridir. Düşünürəm ki, ümumiyyətlə, finalın keçirilmə haqqının Bakıya verilməsi, bütün dünyanın, futbol aləminin diqqətinin ölkəmizə yönəlməsi özü böyük addımdır. Bununla turizm baxımından Azərbaycanın adının dünya çapında hallanması və tanınmasına nail olacağıq. Amma konkret bu kimi tədbirlərin ölkədə futbolun inkişafına kömək edəcəyini deyə bilmərəm. Ən yaxşı halda bu idman növünün kütləviləşməsi baxımından təsiri ola bilər ki, bu da hələ inkişaf demək deyil. Fakt budur ki, Azərbaycanda müstəqillik dönəmində düzgün qurulmayan və düzgün idarə edilməyən futbol təsərrüfatı var, infrastruktur yox səviyyəsindədir. Belə olan halda nə qədər mühüm tədbir olur-olsun bunun ölkədə futbolun inkişafına birbaşa təkan verəcəyini düşünmürəm. Tanınmaq və turizm baxımından isə uğurlu addımdır.”