adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Fevral 2019 10:49
13877
GÜNDƏM
A- A+

«ÇAR İLƏ PƏNCU ŞEŞ» AFƏTDİ, «RUHANİ» DƏ KƏRAMƏT

Bir xanım Nəsiminin məşhur qəzəlini hindlilərin oynaq bir musiqi sədaları altında oxudu, aləm dəydi bir-birinə. Əleyhinə yazmayan qalmadı. Sosial şəbəkələrdə söyməyən, mətbuatda döyməyən qalmadı. Və birdən-birə bu qızı elədilər ulduz. Ekranlardan düşmür, müsahibə müsahibə dalınca. Özəl kanallar təkrar-təkrar həmin o yöndəmsiz mahnını səsləndirirlər. Əvvəllər toylarda «Çal oynasın Əjdər əmi»yə atılıb-düşürdülər, indi də «Çar ilə pəncu şeş mənəm»ə. Bu xanım tutdurdu.

Və «Gövhəri la məkan mənəm» deyən, «Çar ilə pəncu şeş mənəm» deyən Nəsiminin qəzəlini özəlləşdirdi elədi özünün. Dedi gövhəri la məkan da mənəm, çar ilə pəncu şeş də mənəm və mən bu cahana sığmazam. Və indi bu cahana da sığmır.

Kəramət Böyükçöl də hardasa qatıqlayıb sazın əleyhinə nəsə deyib. Aləm dəyib bir-birinə. Alim qalmayıb, bəstəkar qalmayıb, aşıq qalmayıb… hamı Kəramətə sazın müqəddəsliyi haqqında, tarixi haqqında, kimliyi haqqında həm qəzetlərdə, həm saytlarda, həm də sosial şəbəkələrdə dərs deyir. Və onu inandırmağa çalışırlar ki, saz möhtəşəm bir alətdi. Kəramətə də elə bu lazımdı. Kəramət o xanımı yaddan çıxartdı.

Kəramətə o yazılarla heç nəyi sübut eləmək lazım deyil. Tutursan Kəramətin qolundan, gətirirsən Ədalət Dəlidağlının yanına, bir iki yüz qram da girdirmə araq verirsən vurur, sonra Ədalət müəllimdən xahiş edirsən ki, bir «Ruhani» çal. «Ruhani» səslənir, Kəramət də bir-iki dəqiqədən sonra başlayır hönkür-hönkür ağlamağa, sonra da sazı və Ədalətin barmaqlarını öpə-öpə deyir:

- Bağışla məni, saz. Bir qələtdi eləmişəm də.