BAYRAQ MƏSƏLƏSiNDƏ ÖZ GÖZüMüZDƏKi TiR

AQİL ABBAS
26248 | 2009-07-07 23:40
Dünən öz qəzetimizdə belə bir məlumat oxudum ki, Türkiyənin "TRT-1" kanalı ilə yayımlanan "Ayrılıq" serialında bayrağımıza hörmətsizlik edilib. Bu hörmətsizlik də ondan ibarətdir ki, masanın üstünə qoyulmuş bayrağımız tərs şəkildə asılıbmış, yəni əvvəlcə yaşıl, sonra qırmızı, sonra göy. Adətən İranda bizim bayrağımızı belə asırlar. Bunu da qəsdən edirlər, yəni yaşılı yuxarı qaldırmaqla İslamı önə çəkirlər.
   
   Bu dəqiqə Türkiyədə durum elə kötüdü ki, əvvəla, öz bayraqlarını da yaddan çıxarıblar, onda ki bizim bayraq ola. Düz bir aydır ki, saxta bir bəlgə atıblar ortalığa - "AKP-ni və Güləni bitirməli". Guya bu bəlgəni Türk Silahlı Qüvvələri hazırlayıb. Bəlgənin altında da Genelkurmayın Dursun Çiçək adlı yüksək çinli bir zabitinin imzası var.
   
   Bəli, düz bir aydır qəzetlər yazır, televiziya kanallarında siyasətçilər bir-birini qırır, hərbçilərlə sivillər söyüşür, at gəldi, örkən apardı, it gəldi çarıq.
   
   Genelkurmay başkanı İlkər Başbuğ bu bəlgəni "kağız parçası" adlandırdı. Amma buna baxmayaraq, Dursun Çiçəyi tutdular, 18 saatdan sonra isə buraxmaq məcburiyyətində qaldılar. ?mumiyyətlə, bu, saxta bəlgədir. Sadəcə olaraq Türk Ordusunu aşağılamaq üçün Türk hökumətinin bir təxribatıdı.
   
   Və bu qarmaqarışıqdan istifadə edib AKP Böyük Millət Məclisindən bir yasa keçirtdi. İndi bu yasaya görə hətta Genelkurmay başkanı İlkər Başbuğu, deyək ki, İstanbulun Səbayel rayonunun kakoy-nibud bir hakimi də çağırıb yarğılaya bilər. Yəni bu yasaya görə artıq hərbçiləri də sivil məhkəmələr yarğılamaq hüququ qazanırlar. Yəni Türk Ordusu ayaqlar altına atılır.
   
   İndi qardaşlar, öz ölkəsinin ordusunu, Atatürkün yaratdığı - dünyada nizam-intizamına görə birinci, döyuş qabiliyyətinə görə birinci, maddi-texniki bazasına görə üçüncü olan ordusunu kəllə-mayallaq eləyən bir ölkədə Azərbaycan bayrağının kəllə-mayallaq asılmasına təəccüblənməyə dəyməz.
   
   İndi gələk mətləbə. Əvvəla, Azərbaycanın özündə də bayrağımızın tərs asılması adi bir hala çevrilib. Bəzi mağazalarda, ofislərdə dəfələrlə bunun şahidi olmuşam. Həmişə də irad tutmuşam, deyiblər ki, nə fərqi. Adam az qalır bu yerdə fərqi soxa onu deyənlərin gözünə.
   
   Bəzən buna mühüm dövlət orqanlarında da fərqinə varılmadan rast gəlinir.
   
   Lap bu yaxınlarda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə hansısa bir idman tədbiri keçirilirdi. Tədbir də böyük idman saraylarının birindəydi, gərək ki, dəniz kənarındakı Əl Oyunları sarayında. Orda da Azərbaycan bayrağı tərs nümayiş etdirilirdi. Görünür, başları daha böyük məsələlərə qarışdığından bunun fərqinə varmamışdılar. Mən bunu televizyonda izlədim, amma yazmadım. Çünki mən Ordumuzun əleyhinə bircə cümlənin də mətbuatda getməsinə razı olmaram. Mən Ordumuzu canımdan artıq sevirəm və istəmirəm ki, onun nüfuzuna xələl gəlsin. Hərçənd ki, generallarımızı bu məsələdə öyə bilmərəm.
   
   Bunu ona görə yazdım ki, 26 iyunda Ordu günündə də bayrağın yenə tərs nümayiş etdirildiyinin şahidi oldum. İnşallah, bir də eləməzlər.
   
   Müdafiə Nazirliyi buyursun lentlərə baxsın və bunun günahkarı kimdirsə, cəzalandırsın.
   
   İndi qardaşlar, öz gözümüzdəki tiri görmürük, Türkiyənin hansısa bir səfeh teleserialındakı çöpə hirslənmək lazım deyil. Və bunu güman ki, serialı çəkən qəsdən deyil, bilməməzlikdən eləyib.
   
   Hələ qorxun ki, AKP hökuməti dönəmində bizim bayrağımızın yerinə Ermənistan bayrağı qoyalar.
   
   

TƏQVİM / ARXİV