adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 12:01
16651
MARAQLI
A- A+

Amputasiya edilmiş ayaqları ilə 70 yaşında Everestə çıxan ilk alpinist

70 yaşlı çinli alpinist Sya Boyuy ilin ən yaxşı idman anına görə "Laureus World Sports Awards” mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, o, amputasiya edilmiş ayaqları ilə bu yaşda dünyanın ən yüksək zirvəsi Everestə çıxan (Nepal tərəfdən, 2018-ci ilin 14 mayında) ilk alpinistdir.

Məşhur alpinist uzun müddətdir ki, bu idman növü ilə məşğuldur. 1975-ci ildə Everestə ilk uğursuz ekspedisiyası zamanı donvurma nəticəsində ayaqlarını itirsə də, məqsədindən dönməyib. Yeri gəlmişkən, donvurmaya səbəb ağır hava şəraiti səbəbindən vaxtından əvvəl eniş zamanı (zirvəyə 248 metr qalmışdı) komanda yoldaşına öz yataq kisəsini verməsi olub. Həmin komanda yoldaşı zirvəyə qalxarkən yataq kisəsini itirmişdi.

Bu böyük ürəyə sahib idmançı təqribən 10 il məşqlərini davam etdirir. 1996-cı ildə onda bədxassəli limfom aşkar edilir, lakin hətta kimyəvi üsulla müalicələr onu məşqlərdən saxlaya bilmir.

2014-2015-ci illərdə Everestə dırmanış zamanı S.Boyuy hər dəfə qar uçqunu və zəlzələlərlə qarşılaşır. 2016-cı ildə onu yenə də əlverişsiz hava şəraiti çətinliyə salır, bu dəfə idmançı zirvəyə cəmi 94 metr qalmış geriyə qayıdır. Dünyanın ən yüksək zirvəsinə dörd uğursuz cəhd də çinli alpinisti arzusundan döndərə bimir.

Nəhayət, 2018-ci ildə o, məqsədinə çatır...

Beləliklə, əzmkarlıq rəmzi olan S.Boyuy amputasiya edilmiş ayaqları ilə Everestə (8848 m) çıxmağa müvəffəq olan ən yaşlı alpinistdir.