adalet.az header logo
  • Bakı 6°C
21 Fevral 2019 00:51
7979
GÜNDƏM
A- A+

Dəmir Çeşməli

ADIM-AD ELƏDİ MƏNİ

"Dost" sözündən yalan çıxdı,
Olmuşunda qalan çıxdı,
Boş-boşuna olan çıxdı.
Yadım-yad elədi məni.

Qalaq-qalaq paralandım,
Yarasında yaralandım.
Qarasından aralandım,
Odum-od elədi məni.

Kölgəsində anılmışam,
Çəhlimində yanılmışam.
Görkəmində yonulmuşam,
Adım- ad elədi məni.

DİLLƏNƏNDƏ
DİL DAĞLARDA

Haray saldım... sən haraya,
Dumanmı düşdü araya?
Gəlib şıxmadın bir aya,
Güllənəndə gül dağlarda.

Böyük Qaya bölünməz daş,
Sirri-sehri bilinməz daş,
Yuvasında silinməz daş,
Yellənəndə yel dağlarda.

Yoxuş yordu düz yerimi,
Sıraladım iz yerimi,
Özüm bildim öz yerimi,
Sellənəndə sel dağlarda.

Güney günəş nəfəsiymiş,
Gündöyən gün qəfəsiymiş.
Bəstə VƏTƏN bəstəsiymiş.
Dillənəndə dil dağlarda.

BAŞIMIN ÜSTƏ

Yaxindan uzağa yozulub yuxum,
Yayından atılıb boşdanıb oxum.
Nə vaxtdan udubdu azımı-çoxum,
İllər yaş göyərdib yaşımın üstə.

Qazancı qazandım,itirdim qandım,
Gəlişini bildim gedəndə andım.
Külündə qızındım. şehində sandım
Ki qurulanıram yaşımın üstə.

Görən görür, duyan bilir yerimi,
Axtarıb tapmazlar mənim birimi.
Dərisi olmayan soyur dərimi,
Domokl qılıncı başımın üstə.

OLMUR

Dönəndə dönüşüm geri,
Tərpədir getdiyim yeri.
Yuxumda cin olan biri.
"At oynadır" demək olmur.

Qələmim duymur yazdığın,
Bilirmi qəbir qazdığın,
Karıxıb hərdən azdığın,
Görmək olur.kömək olmur.
Nələr çəkdim indi bildim,
Bildiyimdən qürrələndim.
Yerdən-göyə sərələndim.
Göydən- göyə enmək olmur.

Ötüşdüm qayıdıb gəldim,
Yatmışı oyadıb gəldim,
Dadından tam dadıb gəldim,
Ləzzətindən yemək olmur.

OLANI MƏNƏM

Bu yolun yarısı qalıb,
Yolda yol arası qalıb,
Orası burası qalıb,
Dumanda olanı mənəm.

Görünən dərədi nədi,
Keçilməz bərədi nədi,
Tək mənə görədi nədi,
Gümanda olanı mənəm.

Açağıda yuxarı yox,
Yuxarıda buxarı yox,
Bu gedişin axarı yox,
Damında olanı mənəm.

Yaxşılar yaxınnan uzaq.
Varınnan-yoxunnan uzaq,
Qalıbdı axınnan uzaq,
Yaman da olanı mənəm.

BƏLKƏ ÖLÜM ADLI
GENİŞƏ DÜŞÜR

Ünvanı bilinmir qınaq yerimin,
Əyləşib taxtına qonaq yerimin,
Yanağı pörtübdü yanaq yerimin,
Ürəyim canımı hara aparır.

Yorulub yorumu yorumda qalıb.
Yarılıb yarısı yarımda qalıb?
Allah bilir hansı durumda qalıb,
Ürəyim canımı hara aparır.

Yükünü böləsi olsa bilərdi.
Karıma gələsi olsa bilərdi,
Binədən qibləsi olsa bilərdi,
Ürəyim canımı hara aparır.

Səmtini pozubdur özü-özünün,
Dilində boğulur sözü-özünün,
Əngəli çıxıbdır düzü-özünün.
Ürəyim canımı hara aparır.

Yoxuşa salıram enişə düşür,
Ürək-dirəl olur dönüşə düşür,
Bəlkə ölüm adlı genişə düşür,
Ürəyim canımı hara aparır.

VƏTƏN YOL OLUR

Yol gedir daşınır gedir.
Yolunda daşınır gedir.
Sınıxır, aşınır gedir,
Hər yoldan ötən yol olur.

Qurudan, dənizdən keçən,
Daşdan-daşa izdən keçən,
O üzdən bu üzdən keçən,
Cığırda bitən yol olur.

Həvəsini gərib çatır,
Nəfəsini dərib çatır.
Doğmasına qərib çatır.
Mənzilə yetən jol olur.

Gözümün nəmidi-nəmi,
Fərdimin cəmidi-cəmi.
Soyumun himidi-himi,
Dediyim VƏTƏN yol olur.

DÜŞDÜM
PAYIZ HAVASINA

Düşdüm payız havasına,
Uya bilmirəm səfasına.
Rəgində qar qoxusu var,
Havasında qış nəfəsi.
Durnalar qatar düzümlü,
Uçurlar əl çatmazlara.
Durnam qatarından qalmır,
Qalanın hayına qalmır.
Buludlar dincə qalmır,
Dincində dincini almır.
Yerində qurcalanır
Qımıldanır payız havası tək.
Budaq üstə əsən yarpaqlar,
Əziyyətmi çəkirlər?
Sarılıq xəstəliyindən.
Suçlu kimi düşurlər yerə,
Torpaq üstə dincəlməyə.
Qarşıda qar baxışı görsənir,
Dənələnən qirov naxışı var.
Şaxta hədəsi diş qıcadır,
Uzaqda ulduz gülüşü,
Yaxında üşütməli gecə.
Gecənin günəşi Ay süzür,
Baxışı özü tək soyuqdu.
Soyuq canımı döyə- döyə,
Belimi büküb əyə-əyə,
Kimsə axtarmıram burda,
Kimsəsiz arayıram hələ.
Oyun- oyun oynayıram,
Hələ ki oyun içindəyəm.
Bir yarpaq köçündəyəm.
O yarpağın sarısına
Sarınıb saralıram.
Fəqət bir payız günü
Düşürəm payız havasına.
Çoxumu orda görürəm,
Görə bilmirəm özümü.

MƏN TƏZƏDƏN
DOĞULMUŞAM

Ciğirlar üstünə düşüb,
Döngələr düzlə görüşüb.
Dərə bərəyə girişib,
Görüşdən gəlirəm indi.

Deyən deyibdi yerində.
Ucalıq yatır dərində.
Sözümün biri- birində.
Yaxşı ki bilirəm indi.

Yolun üstə nağılmışam.
Bütövümdən dağılmışam.
Mən təzədən doğulmuşam.
Köhnədən ölürəm indi.

Qəlbinə sığmadı ölçüm

Bu günün günorta vaxtı.
Canımın sığorta vaxtı.
Durumumun orta vaxtı,
Qaldım Allah umuduna.

Bir gecə bir sabah olub.
Bir sabah bir pənah olub,
Umud da bir Allah olub.
Qaldım Allah umuduna.

Xoşluqla gəlmişdi elçim,
Qəlbinə sığmadı ölçüm.
Köç etdi köçmədi köçüm,
Qaldım Allah umuduna.

SEVDİYİN YERİ
SEVİRƏM

Sevdiyin yeri sevirəm,
Pir bilib. piri sevirəm,
İkidən biri sevirəm.
Sevirəm seçilən kimi.

Ahın tutub öz ahından.
Qəsdinmi var Allahından?
Savab bilib günahından,
Keçirəm keçilən kimi.

Ay deyir ulduz həvəsim,
Cütləşib yalqız həsrətim,
Göyərib payız həsrətim,
Biçirəm biçilən kimi.

Yoxunda əsirəm indi,
Əsirəm yesirəm indi,
Bir Məmməd Nəsirəm indi,
Köçürəm köçülən kimi.

Böyüyüb boylanır boyun,
Görsənir ulduzlu göyün.
Axına düşübdür suyun,
İçirəm içilən kimi.

Sənim vardı, sənəm vardı,
Məndən sənə mənəm vardı,
Birimizə önəm vardı,
Ölçürəm ölçülən kimi.

MƏNİ SÖZƏ ÇƏKƏN
QADIN

Məni sözə çəkən qadın,
Məni sözə bükən qadın.
İşin avand olsun
Qoşa qanad olsun.
Uçur məni göylərə,
Əlim sənə yetincə.
Bu da bir yazıdı,
Qəlbimdən gələn arzudu.
Arzudan oyana nə var ki,
Arzudan bu yana vallah...
Sən varsan...həsrət var.
Hələ hicranı demirəm.
Ehl Hicranı neynirəm.
Mən səni arzulayanda
Arzum da böyük olur.
Arzumun da sonu yoxdy,
Sonu olanın özü də yoxdu.

ÇOXUNA SARI

İzini itirib çölüm,
Boylanır yaxına sarı.
Arxanca vurnuxur selim.
Düşəmmir axına sarı.

Od-ocaq köz həvəsində,
Külü qızmır istisində.
Gözləntisi tövbəsində.
Bilinmir axı nə sarı?

Gün keçirdin günü-gündə,
Öz işində.öz köçündə.
Gün də günə tən heçində,
Yoğrulur yoxuna sarı.

Nələr olub nə yazılır.
Bu gün dünəndən yozulur.
Sabah bu gündən pozulur,
Uzanır çoxuna sarı.