adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:38
4657
GÜNDƏM
A- A+

Ürək səsi

(hekayə)

Salatın Əhmədova

Hərdən bir anlıq sükuta dalanda, hökmranlıq sükutun əlində olanda ürəyimin "gup-gup" gubbulduyan səsini eşidirəm və bu səs elə bil mənə hardasa vahiməli, kimsəsiz, soyuq, qorxulu bir adanı xatırladır. Mən o vahiməni elə o "gup-gup" vuran ürəyimin içində hiss edirəm. Və həmişə də o sükut evdə "hökmranlıq" edəndə yadıma uşaqlıq dostum Vüqar düşür. Vüqarın qara, o son gündə öləzimiş sifətində işılda quşunun işığı kimi yarı sarı, yarı mavi parlaq işıq saçan qara gözlərindəki ifadə hafizəmə əbədi həkk olunmuş anı düşür.
... Ermənilərin Qarabağda törətdiyi hadisələr kəskinləşib, bizi müharibəyə doğru sürüklə-diyi günlər idi. Bizim hərbi postumuz Ermənistanla Azərbaycanın arasında uzaq bir bölgədə yerləşirdi. Hər baxanda o taylı, bu taylı gecələr yanan işıqların belə qorxu hissini artırdığını bütün varlığımla hiss edirdim.
Kəlbəcərdə rayon ərazisinə enən vertolyotun yaratdığı dəhşətli qəzanın sədaları hərbi hissədə bizə də gəlib çatmışdı. Evdən nigaran qalsam da, bir az rahat idim ki, bizim evimiz rayondan xeyli aralıda yerləşirdi və rayona gediş-gəlişimiz də şətinləşdiyindən bilirdim ki, rayon mərkəzinə avtobuslar son zamanlar fərli-başlı işləmir...
Gecə hərbi postda oturub gözümü kəndimiz səmtə dikərək, əllərim qoynumda fikrə getmişdim. Silahımı yanımada yerə qoymuşdum. Əsgər yoldaşım, əslən Ağdərəli Mustafa başını qaldırıb göyün üzünə baxdı. Günortadan üzü bəri Ermənistan tərəfdən gələn qara buludlar artıq dağın başına oturmaqda idi. Ulduzların işığının qarasını almış qara buludlar əcayib bir şəklə düşərək başımızın üstündən keçib gedirdi. Yazın ilk günləri martın son günləri idi. Novruz bayramı günü qardaşım Soltan gəldi. Anam çoxlu bayram sovqatı göndərmişdi. Nə qədər yumurta boyamışdı. Qoğal, şəkərbura, paxlava, şirin kökə hamısını dədə malı kimi aramızda payladıq. Son illər ermənilərin torpağımıza qarşı apardığı mübarizə bizi bir-birimizə çox yaxınlaşdırmışdı. Sənin, mənim söhbəti yox idi. Nə vardısa, evdən nə gəlirdisə aramızda bölürdük. Əlimi cibimə salıb, ordan axırıncı bir az qurumuş son şəkərburanı çıxartdım, iki yerə böldüm, yarısını Mustafaya sarı uzatdım:
- Nədir bu?
- Şəkərbura. Cibimdə qalıb.
- Özün ye.
- Al, yarısı sənin, yarısı mənim. Ac deyiləm. Elə-belə ötürək, - dedim.
Mustafa şəkərburanı iki bölüb ağzına durtdü:
- Sən öl, əla şeydir. Sən inanırsan, mən bunları evdə olanda heç yeməzdim. Ümumiyyətlə, şirin şeylə heç aram yoxuydu. Burda hər şey elə bil dadını dəyişib. Ölürəm bunlar üçün. O gün Kazımın anası da göndərmişdi, sizinkilər də çox dadlıydı, sən öl, heç vaxtb bu qədər dadlı gəlməmişdi.
Əlimin üstünə düşən yağış damcılarından diksindim, başımı qaldırıb yuxarı baxdım:
- Yağır.
- Hə. - Mustafa əlindəkiləri ağzına dürtdü. Yerindən qalxdı. - Arxadan gələn buludlar doludan xəbər verir. Bu saat leysan tökəcək, - deyib hərbi plaşını başına çəkdi. - İslatma özünü. Qurutmağa yer də yoxdur.
Mən əynimdəki plaşın papağını qaldırdım. Mustafanın göstərdiyi qara buludlar bir-birinə dəydikcə şimşək çağmağa başladı. Dağın başına toplaşan qara buludların nəriltisi tankın lüləsin-dən çıxan topların səsi kimi əks-səda verdiyindən canımıza düşən üşütmə hissini bir-birimizdən gizlətmədik.
- Elə bil müharibədir. Ağdərədə çox eşitmişəm top, mərmi səsi. Biz ordan qaçanda atılan topların səsindən qulaq tutulurdu. Ermənilər atırdı. Anam qardaşımın oğlu kürəyində arxada qaçırdı. - Mustafa dərindən köksünü ötürdü. - Mərmi elə onun kürəyindəcə balaca Telmanla birlikdə param-parça eləmişdi.
Mustafa Ağdərədən ailəsi çıxarılandan dörd ay sonra əsgəri xidmətə çağırılmışdı. Bizimlə birlikdə olduğu bu müddətdə ilk dəfə idi ki, Mustafa dolmuş ürəyini boşaldırdı:
- Biz Tərtərə doğru qaçırdıq. Anam hələ sağıydı, onu belindən açdığı yekə şalın arasına qoyub qardaşımla necə gedirdik, bilmirəm. Həkimə çatdıranda balaca Telmanın anamla birlikdə axan qanı onları qıpqırmızı rəngə bürümüşdü. Balaca Telmanın sinəmi dağlayan görkəmi heç yadımdan çıxmır, heç çıxmır. Bu alçaq ermənilərin qanını içsəm də doymaram.
Mən ona təskinlik ola biləcək bir söz tapmırdım. Biz ikimiz də yağan yağışın gur damcıları altında başımızın üstündə at oynadan ildırımlara baxaraq gözümüzü dörd açmışdıq. Son günlər ermənilər tərəfdən üç dəfə sərhədi pozmaq üçün cəhd olmuşdu və hər dəfə də onları geri oturtmuşduq. Hərbi hissənin rəhbəri bizə əmr eləmişdi ki, işinə səhlənkar yanaşan hər kəs yerindəcə güllələnəcək. Biz vəziyyətin nə qədər gərgin olduğunu bilirdik. İndi Mustafanın söylədikləri elə içimə bir qəm çökdürsə də, gözüm dörd idi. Biz günorta yeməyi yeməmişdik, çörək gətirməmişdilər. Hərbi-hissənin komandiri vəziyyəti bizə anlatmışdı. Camaat qorxu içində idi. Ola bilsin ki, maşınlar çörək gətirirdi, vaxtında hərbi-hissəyə yetişməyib. Hiss edirdim ki, acmışam, ağzımda şəkərburanın dadı qalmışdı...
Bizi əvəz edən əsgərlər gəldilər. Ayaqlarımız palçıq içində hərbi hissəyə döndük. Hələ də çörək gətirməmişdilər. İki yüzə yaxın əsgər olardıq, bizə verilmiş vermişel supunu içib yeməkxanadan çıxdıq. Yağış selləmə yağmasa da yağırdı. Əsgərlər hərbi-hissənin həyətinə toplaşmışdı. Bir az keçmişdi ki, komandirin köməkçisi gəlib mənə bildirdi ki, komandirin yanına gedim. Kapitan Fərrux Mehdiyev mənim anamın qohumu idi. Yenicə bizim hərbi hissəyə göndərilmişdi. Uşaqlar sərt, sərt olduğu qədər də kobud xarakterli Fərruxu hiss edirdim ki, sevmirlər. Mən onun Volqaqraddan ailəsi ilə gəldiyi günü xatırlayıram. Ermənilərin Xocalı qırğını törətdiyi gündən bir ay keçməmiş Fərrux vətənə döndü. Rusiyada hərbi xidmətdən imtina edib kəndinə dönmüşdü. Bir həftə evlərində qaldı. Arvadı və iki qızını kənddə anasının yanında qoyub Bakıya getdi, eşitdiyimizə görə hansısa rayonda "N" saylı hərbi hissəyə komandir seçilmişdi. Bir az da keçdi, rayonda vəziyyət gərginləşəndə onu bura göndərdilər. Mən də onda təzəcə əsgəri xidmətə çağırılmışdım. Keçən dəfə atam yanıma gələndə dedi ki, səni Fərruxa tapşırmışam, gözündən kənar qoymasın.
Mən atam inciməsin deyə heç nə deməsəm də, hirslənmişdim ki, nolub mənə, komandirə tapşırırsan. Ancaq komandir komandir idi. Mən kimiydim ki, nəsə deyim, narazılığımı ona görə atamın yanında açıb ağarda bilmədim ki, atam bunu gedib onun ovcuna qoyacaqdı. O kobud, sərt Fərruxun bunu necə qarşılayacağını bilmirdim. Məni yekəxana, ədəbaz bilərdi. Nə bilmək olardı. İndi onun köməkçisi gəlib deyəndə ki, komandir səni çağırır, birtəhər oldum. Əmr əmr idi. Komandirin köməkçisinin arxasınca getdim. Otağa girəndə içəriyə dolan tüstü məni boğdu, Öskürdüm. Stolun arxasında görmədim onu. Elə bildim otaqda yoxdur. Öskürməyimə bir də gördüm stolun altından boylandı, boğuq bir səslə:
- Əlimdə bir xırda mismar vardı, düşüb buralara, tapammıram.
Fərruxun məni bir komandir kimi deyil, tanış, qohum kimi qarşılamağından ürəkləndim:
- Yoldaş komandir, icazə verin mən axtarım.
- Özümə nə olub ki, sən axtarırsan? - birdən-birə yekə kobud əndamı ilə gözümün önündə dayandı. Stolun altından çıxıb, yerində oturdu. Mən onun qarşısında farağat vəziyyətdə dayanmış-dım. O, əlindəki nə idisə balaca dəmir qutunun içinə atıb, əliylə mənə qarşısındakı stulu göstərdi:
- Otur.
- Eşidirəm sizi, yoldaş komandir.
- Ə, nə komandir, komandir salmısan. Komandir ölsün, otur deyirəm, otur.
Mən özümü stula atdım, "təki ikinci bir kobudluğa yol verməsin". Mən oturandan sonra üzümə baxaraq məni təpədən-dırnağa süzdü:
- Neynirsən? Heç Osman dayı səni tapşırandan vaxt tapıb, yanıma çağırıb söhbət eləməmişəm, imkan olmur, vaxt olmur, vəziyyət gərgindir. İki öynədir bu qədər əsgər çörəksiz qalıb. Birdən yadıma sən düşdün. Mənə bax, iki əsgər qoşacağam sənə, get kəndə, evə deyirəm, at da verəcəm. Kənddən qapı-qapı düş, nə qədər çörək tapırsan yığıb səhər özünü hərbi hissəyə çatdır. Bu gecə yatmayın, eşitdinmi? Səhər bu uşaqlara çörək çatmalıdır. Bişitdirirsiniz, neynirsiz bilmirəm, Soltan əmiyə denən, Fərrux deyir, mənim əsgərlərimi çörəklə təmin eləsinlər. Müha-sirədə olan camaat əsgərinin qarnını doyuzdursun. Bu beş kəndin də, deyəsən rayonla əlaqəsi kəsilib. Alçaqlar, yəqin halqanı daraldır, Ermənistanla aradakı bu səddin qorunması üçün əlimizdən nə gəlir etməliyik. Təslim olmaq söhbəti yoxdur.
Mən onun səsinin titrəyişindən hiss etdim ki, nəsə vəziyyət gərgindir. Heç nə soruşmadım, "baş üstə", - dedim. O köməkçisini çağırıb hərbi xidmətdə olan xalam oğlu İlqarı, qonşu kənddən olan Veysəli və iki atı da bizə verib məni gecə ikən kəndə yolladı. Yağan yağış yolları palçıq eləmişdi. Biz atların üstündən düşüb qantarağanı əlimizə alaraq kəsə yollarla kəndə çatanda gecə birə işləmişdi. Atam məsələni eşidib yerindən qalxdı. Qonşuları yığdı, onlara tapşırığını verdi:
- Təndirləri qalayın, xəmir yoğurun, çörək bişirin. Biz də kəndə düşək, kimin təhnəsində nə var, yığacam. Ona kimi siz də bacardığınız qədər işinizə başlayın.
Mən atamla, əsgər yoldaşlarımla birlikdə iki yüzə yaxın çörək topladıq, evə döndük. Evə dönəndə qohum-qonşuların təndirindən ətrafa bişirilən çörəklərin ətri yayılmışdı.
Biz çörəkləri atların tərkinə yığdıq. Atam bizim Dondarı mənə verdi.
- Bu qədər çörəyi iki at çəkəmməz, yer də yaşdır. Dondara da yükləyək, özünüzü vaxtında hərbi hissəyə yetirin, səhər açılır.
Biz çörək kisələri tərkimizdə hərbi hissəyə çatanda mən Fərruxun taxtın üstündə oturduğunu uzaqdan gördüm. Atların ayaq səsinə içəridən çıxıbmış. Bizi görəndə sevincindən bilmirdi neyləsin. Mən bu illər ərzində kobud, sərt, üzündə gülüş, sevinc görmədiyim Fərruxun böyük bir sevinc içində kimsəni gözləmədən çörək kisələrini atın tərkindən yerə qoyduğunu görəndə gözlərimə inana bilmirdim.
Səhər yeməyi zamanı çörəklər ortalığa gələndə dünən səhərdən bəri ağzına bir tikə çörək dəyməyən əsgərlərin gümrah səslərini eşidəndə qəlbən rahatlandım. Fərruxun bir komandir kimi niyə bu qədər sevindiyinin səbəbini hiss etməyə başladım. Fərrux bizi yanına çağırıb təşəkkür elədi.
- Sağ olun. Tapşırığı şərəflə yerinə yetirdiniz. Əsgərin qarnı tox olmalıdır ki, görən gözləri, düşünən beyni iti olsun. Ac əsgər silah çəkə bilməz, düşmən önündə dayanan əsgər vətənin qoruyucusudur...
Mən onun yanından çıxdım...
Günorta da gətirdiyimiz çörəkdən əsgərlərə paylandı. Axşam atam, qonşu kəndin sovet sədri ilə birlikdə beş kisə çörək gətirib gəldi. Gedəndə Dondarı apardı. Mən Dondarın başını sığallayıb, iri qonur gözlərindən öpdüm.
İki gün sonra dəstənin yüzə yaxın əsgəri ilə Fərrux harasa getdi. Onu hərbi hissədə əvəz edən Surxay vəziyyətin ağır olduğunu xəbər verən teleqramın mətni ilə bizi tanış etdi. Kəlbəcər rayonu ətrafında gedən qızğın döyüşlərə yollanan komandirin əmrinə tabe olmağımızı əmr etdi:
- Necə olsa da bu tərəfdən bir erməni sərhədi keçə bilməz, döyüşəcəyik, lazım gəlsə öləcəyik, amma imkan verməyəcəyik.
Biz o gün axşamı da başa vurduq. Uzaqdan atılan topların səsi yaxınlıqdakı dağlarda əks-səda doğururdu. Biz iyirmiyə yaxın əsgər postumuzda möhkəm durmuşduq. Ərzaq tükənmişdi... Artıq hər şey qurtarmaq üzrə idi. Mən Surxaydan ərzaq gətirmək üçün kəndə getməyə icazə istədim, Surxay nədənsə razı olmadı. Mən elə gəlirdi ki, nəsə baş vermişdi. Düşmən Ağdərə tərəfdən hücuma keşmişdi. Zod tərəf unudulmuşdu, bizi üzük qaşı kimi mühasirəyə alındığımızdan xəbərsiz idik. Nigarançılıq, arabir atılan topların səsi azalırdı. Mən sevinirdim ki, bizimkilər erməniləri geri otuzdurub. Amma ağlımıza da gəlmirdi ki, ermənilər bu tərəfdən ancaq talançılığa gələcəklər.
(ardı gələn sayımızda)