adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:36
31157
LAYİHƏ
A- A+

Gəncə quberniyasında soyqırımı

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Rusiya imperiyası Cənubi Qafqaz torpaqlarını işğal etmək və gələcəkdə burada öz mövqeyini möhkəmləndirmək üçün İran (1804-1813 və 1826-1828-ci illərdə) və Osmanlı imperiyası ilə (1806-1812 və 1828-1829-cu illərdə) müharibələr aparmışdır. Bu müharibələrdə qələbə əldə edən Rusiya Cənubi Qafqazda xristianların sayını artırmaq üçün erməniləri İran və Türkiyə ərazisindən kütləvi surətdə Qarabağ, Naxçıvan, İrəvan və Azərbaycanın başqa ərazilərinə köçürmüşdür.
Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında xristian məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdirmişdi. Bu zaman yerli müsəlman əhalisinin - azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıxışdırılmasına başlanmışdı.
N.N.Şavrovun yazdığı kimi, XX əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoxu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdı (Şavrov N.N. Novaə uqroza russkomu delu v Zakavkazğe: predstoəhaə rasprodaja Muqani inorodüam. Baku: Glm, 1990, 160 s. s.184).
Erməniləri Cənubi Qafqazda məskunlaşdırmaqla, gələcəkdə aborgen Azərbaycan əhalisini həmin torpaqlardan sıxışdırıb çıxarmaq və sonradan bu əraziləri də Rusiyanın torpaqlarına qatmaq məqsədi güdülmüşdü. Ermənilər isə bu siyasətdən istifadə edərək azərbaycanlıların əzəli yaşadığı torpaqlarda qətl-qarətlər törədərək, özlərinə dövlət qurmağa başlamışdılar. Bu strategiyanın icrasında rus çarizmi, sonra isə bolşevik-sovet diktaturası və onun bugünkü varisləri ermənilərin hamisi olmuş və hamisi olaraq qalırlar.
Erməni qəzeti "Mşak" yazırdı ki, indiyədək bizim ictimai əxlaqi yönümümüz elə olmuşdur ki, həmişə müsəlman qonşularımızla qapalı davranmışıq, ayrı yaşamışıq, onlarla xeyirxah dostluq münasibətləri yaratmağa çalışmamışıq. Ziyalılarımız, xüsusən də, milli siyasətimizin başında duranlar dəridən-qabıqdan çıxıblar ki, xalqımızda, demokratiyamızda türklərə, müsəlman millətlərinə qarşı düşmənçilik münasibəti aşılasınlar, onlara qarşı mürtəce siyasət yeritsinlər (Qaz. "Azerbaydjan", № 4, 1918).
Bu cümlələr ermənilərin türk-müsəlmanlara qarşı məkrli planını ifşa edən tutarlı faktlardı.
Tarixi sənədlər sübut edir ki, ermənilər 1915-1920-ci illərdə Qars, Qarabağ, İrəvan, Zəngəzur, Bakı, Şamaxı, Quba, Kürdəmir və Azərbaycanın başqa bölgələrində dinc insanlara - azərbaycanlılara qarşı dəhşətli qırğınlar törətmiş, onların mal-mülkünü qarət etmiş və evlərini yandırmışlar.
Ermənilərin Gəncə quberniyasının Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında törətdikləri vəhşiliklər Fövqəladə Təhqiqat Komissiyası tərəfindən geniş təhqiq olunmuşdur. Bununla əlaqədar çoxsaylı şahid ifadələri, dindirilmə protokolları, məruzələr eyni zamanda polis idarələrində tərtib olunmuş rəsmi sənədlərdə faktiki materiallar toplanmışdır. 1919-cu il may ayının 9-da Gəncə quberniyasının Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəza kəndlərinin əhalisi üzərində ermənilər tərəfindən törədilmiş soyqırımlar, talanlar və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq komissiyaya təqdim edilmişdir.
Təhqiqat işlərinə məlum səbəblərdən Lənkəran qəzasında, Zəngəzur qəzasının əksər hissəsində, ümumiyyətlə, Gəncə quberniyasının dağlıq zonası ərazisində başlamaq mümkün olmamışdır.
Komissiya üzvləri Gəncə qəzası üzrə - 1, Zəngəzur qəzası üzrə - 55, Cavanşir qəzası üzrə - 1, Cəbrayıl qəzası üzrə - 10, Şuşa qəzası üzrə - 11 qərar layihəsi hazırlamışdır.
1919-cu il avqustun 27-də fövqəladə təhqiqat komissiyasının üzvü Ç.Klassovski tərəfindən komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib edilmiş arayışda göstərilirdi ki, komissiya tərəfindən toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəqdir. Bu materiallar Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vərəq, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 vərəq, Zəngəzur qəzasının dağıdılmış kəndləri üzrə 2 cild 80 vərəq, Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəq və s. idi.
Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslər barəsində cinayət işi qaldırmaq haqqında hazırlanmış qərarlarda 194 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırılmışdı.
Təxminən 20 ay fəaliyyət göstərən bu komissiya, böyük çətinliklərlə qarşılaşsa da, ermənilərin xalqımızın başına açdığı müsibətlər haqqında çoxlu faktiki materiallar toplamağa müvəffəq olmuş və bu gün bizə həmin faktlar, xalqımızın tarixindəki qaranlıq səhifələri yenidən işıqlandırmaq üçün böyük köməklik göstərməkdədir.
Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunmuşdu. Eyni zamanda, burada 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş (cəmi 7729 nəfər öldürülmüşdür), 1060 kişi, 794 qadın və 485 uşaq (cəmi 2339 nəfər yaralanmışdır) yaralanması göstərilmişdi (erməilər tərəfindən öldürülən və yaralanan azərbaycanlılar, cəmi 10068).
1918-ci ilin iyun-avqust aylarında Naxçıvan bölgəsində, may-avqust ayında isə Zəngəzurun Sisyan bölgəsində Andranikin və digərlərinin başçılıq etdikləri silahlı qüvvələr Azərbaycan torpaqlarını ələ keçirmək və həmin ərazilərdə etnik təmizləmə aparmaqla məşğul olmuşdular.
Sisyanda aparılan etnik təmizləmə tədbirləri Qafan rayonunda da həyata keçirilmişdi. Bu rayonun əhalisinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdilər.
Andranikin silahlı dəstələri Göyçəni dağıtdıqdan sonra Naxçıvanı işğal etmiş, oradan da Zəngəzur qəzasına daxil olmuş, Görus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirmiş, erməni qoşunlarının Azərbaycanın ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi.
Lakin ermənilər öz ərazilərini genişləndirmək üçün müsəlmanlara heç bir rəhm etmirdilər. Hətta, könüllü öz evini tərk edən insanların evlərini yandırır, kəndləri dağıdır, mal-qaranı aparırdılar.
Zəngəzur Qəza rəisinin vaxtaşırı verdiyi məlumata görə, Sisyan mahalının 1, 2, 3, 4 və 5-ci polis sahələrinin müsəlman kəndləri məhv edilmişdi. Bir çox kəndlər isə demək olar ki, yer üzündən silinmiş və bu kəndlərin 50.000 müsəlman qaçqını 4-cü polis sahəsi və Cəbrayil qəzası üzrə yayılmışdı.
Şahidlərin ifadələrinə və rəsmi sənədlərə görə, Zəngəzur qəzasının Vağudi kəndində 400 nəfər müsəlman qətl-qarətdən yaxa qutarmaq üçün məscidə sığınmış, ermənilər isə əvvəlcə məscidin içinə partlayıcı atmış, sonra isə onu yandırmışdılar.
Zəngəzur qəza rəisinin 20 oktyabr 1918-ci il raportunda, 1917-ci ilin dekabrından 1918-ci ilin avqustunadək, erməni quldurlarının silahlı təcavüzünə məruz qalmış 1-ci sahənin aşağıdakı kəndlərinin siyahısı verilir:
1) Kürdlər kəndi 1917-ci ilin dekabrında dağıdılmışdır: 150 min manat zərər vurulmuşdur.
2) Ərəmis (Ərəfsə) yenə dekabr ayında dağıdılmışdır: 6 nəfər öldürülmüş, 180 min manat zərər vurulmuşdur.
3) Bəhrili kəndi yenə həmin dövrdə dağıdılmışdır: 9 nəfər öldürülmüş, 100 min manat zərər vurulmuşdu.
4) Dulus kəndi yenə həmin dövrdə dağıdılmışdır: 90 min manat zərər vurulmuşdu.
5) Qarakilsə yanvar ayında (1918) dağıdılmışdı: 165 nəfər öldürülmüş, 300 min manat zərər vurulmuşdur.

(ardı gələn sayımızda)

Ə. MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ