adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:26
5792
GÜNDƏM
A- A+

PEYĞƏMBƏR(Ə) TƏBLİĞİNDƏ BƏZİ CƏHƏTLƏR

Vaqif Cəliloğlu,
Tex. elmləri üzrə fəlsəfə doktoru

Əgər "ən mühüm, ən vacib, ən çətin və ən faydalı iş hansıdır" sualına cavab verməli olsaydıq, hər bir sənət və peşənin öz yerində bəyənilən olduğunu söyləyərdik. Lakin hər bir sənət, peşə və ümumiyyətlə fəaliyyət sahəsinin əsası və təməl prinsipi insan amili, yəni fərdin yetişdirilməsi və onun cəmiyyət üçün yararlı hala gətirilməsidir.
Cəmiyyətin təməl rüknü (dayağı) olan müstəsna insanı yetişdirmək üçün, ilk öncə yetişdiricinin özünün müstəsna, mükəmməl bir əxlaq və qabiliyyət sahibi olması vacibdir. Bununla yana-şı, yetişdirici yetişdirəcəyi fərdin yaradılış qanunlarını, fitratını, psixoloji və ruhi durumunu, hiss və duyğularını, zəif və qüsurlu cəhətlərini, qüvvətli və kamillik dərəcəsini, sosial mövqeyini, gə-ləcəkdə uğur qazanacağı sahəni, bir sözlə, yetişdirəcəyi insanları bir kitab kimi oxumağı bacarmalıdır.

Bəşəriyyətin ən böyük
Mürəbbisi

İnsanın inancı zahirən sağlam görünə bilər. O, sözdə ibadətin vacibliyindən dəm vura da bilər. Amma özü ibadətsizdir (ibadət Allah rizası üçün görülən işlərdir), söylədiyinə əməl etmir. Və-tənpərvərlikdən danışa bilər, fəqət vətənin dar günündə özünü, övladını, malını ondan gizlədir, haram xəstəliyindən qurtara bilmir. Gözəl geyinə, danışa və özünü ətrafdakılara yaxşı təqdim edə də bilər. Lakin bu sünilik axıra qədər gedə bilməz. Və nəticədə o, bu gün qazandığını sabah itirər. Bu gün sevilərkən, sabah nifrətə məruz qalar. Çünki hər şeyin sünisi, təqlid (yamsılama) və yanlışı heç bir zaman həqiqi və fitri kimi ola bilməz. Məgər gözləri doğuluşdan sürməli olanla, sonradan boyalı olan eyni olarmı? Qarğa bülbülü, avam alimi nə vaxta qədər yamsılaya bilər? İndi isə mələkdən də üstün elə bir müstəsna bəşər təsəvvür edək ki, o, danışdığına əməl edir, inanır və inandırır, iman edən könülləri ibadətilə, irşad və təbliğilə coşdurur, bir sözlə, "əxlaq, mənəviyyat" - deyərək yaşayır, yaşadır. Və o, sonra da bütün bunları ta Haqqa qovuşana qədər eyni zövq və şövq içində davam etdirir. Elə isə həmin şəxsin qüdsi bir qüvvəyə sahib çıxdığına şübhə edilərmi? Haşə! Çünki o, bəşəriyyətin ən böyük Mürəbbisi (Rəbb kökündən əmələ gəlib, tərbiyə edən, müəllim), bütün bu işləri feylən görən ən mükəmməl fərdlər və o fərdlərdən ibarət mükəmməl bir ümmət tərbiyə edən Məhəmməd(ə)-dir.

Din nəsihətdir

"Xalqa dini başa salarkən ona inandırma yolu ilə təsir göstərin, zor işlətməyin" Peyğəmbər (ə) kəlamıdır. Göründüyü kimi, fərdin yetişdirilməsində ən mühüm amillərdən biri güc, zor tətbiq edilməməsidir. Çünki güc, zor, cəza ən yaxşı halda müəyyən bir sərhədə kimi özünü doğruldur. Bu baxımdan, qəlblərə nüfuz etmək, məsələlərə vicdanın səsilə yanaşmaq tərzi tərbiyənin həlledici atributlarından biri və ən çətinidir. Lakin "ağlının dərəcəsini nəzərə alaraq insanlarla danışıb söhbət etmək bizə əmr olunub" buyuran Peyğəmbər(ə), bu çətin işlərdən də çətin işləri görüb. O, vəhşi, inadcıl, tərs, bəsirəti kor və özünü bəyənən insanlardan insanlığın ən uca rəhbərlərini tərbiyə edibdir. Kainatın Fəxri(ə) məhz heç vaxt təhdid, məcburiyyət, qorxutma, zora müraciət etmədiyi üçün qəlblərə yol açaraq, bütün şübhə və tərəddüdləri beyinlərdən çıxarıb. Əgər o, təhdid və zora əl atsaydı, təbliğ etdiyi din əsrlərin tərəddüt, şübhə və müqavimətini qıra bilməzdi. Qəlbləri parçalayan, insanları şikəst edən heç bir inanc və düşüncə sistemi yaşaya və yaşada bilməz, yaşasa da ömrü qısa olar. "Dində zor yoxdur", "Din nəsihətdir" Rəbb kəlamlarıdır. Peyğəmbər (ə) isə buyurub: "Allah məni xalqa əzab və məşəqqət vermək üçün deyil, göstəriş və buyruqlarını cama-ata çatdırmaq, rəhmət oxumaq üçün göndərib". Bu baxımdan zalım namaz, oruc əhlinin necə islah olunması barədə onun göstərişləri çox düşündürücüdür. Belə ki, Peyğəmbər (ə)-nin "mömin qardaşın zalım olsa da, məzlum olsa da ona yardım etməyi unutma" tövsiyyəsinə rəğmən soruşdular: "Məzlumu başa düşdük. Bəs zalıma necə yardım edək". Buyurdu: "Onun zülm etməsinə mane olsan, bu da özlüyündə bir yardımdır".

Son sözü düşmənə,
duanı isə Rəbbə deyərlər

Hər hansı niyyətlə işə başlayan adam, adətən tərəfdarlarına vəzifə, mülk, məqam, mövqe, mal kimi müxtəlif şeylər vəd edir. Həyatı boyunca yoxsulluq, əziyyət və iztirab keçirən Məhəm-məd(ə) isə heç vaxt belə aldadıcı, alçaldıcı fani dünya nemətlərinə aludə olmayıb. Məkkədə təklif olunan hər şeyi rədd edən Peyğəmbər(ə), sadəcə hər işini "Allah rizası naminə" qurub. Mübarizə-si səmimi və özü həqiqi peyğəmbər olmayan bir adamın düşmənlərinin rəğbətini qazanması, apardığı haqq və ədalətli mücadiləyə onları inandırması, fəzilətini hətta qatı opponentlərinin qəbul et-məsi qeyri-mümkündür. Halbuki, Məhəmməd(ə) heç bir təhdid və güc tətbiq etmədən şəfqəti, məhəbbəti, mərhəməti, bağışlama və əfvilə yalnız dostları və tərəfdarlarının yox, ona Əbu Süf-han, İqrimə, Xalid, Vəhşi, Hindi, Əmr və Səfvan kimi qılınc qaldıran düşmənlərinin belə qəlbini fəth edib. Hərçənd ki, vaxtilə onlar Peyğəmbər(ə)-nin yanından keçərkən onun üzünə tüpürən, başına çirkli əşyalar atan, üzünə sillə vuran, künc-bucaqda gizlənib, əllərindəki xəncərlə onu qətlə yetirmək istəyən, camaat içində hay-küy qaldırıb onu təhqir edən, ən yaxın qohumlarını öldürməklə ürəkləri soyumayıb, ciyərlərini köksündən çıxardan, dəfələrlə onu yaralayan, öz doğma diyarından qovlayan və sonra da onunla hərb edən insanlar idi. Peyğəmbər olmayan və Rəbb tərəfindən dəstəklənməyən bir kəs bu durumda səbr və dözüm göstərib öz yolu ilə gedərdimi? Onları əfv edib, Allahdan: "Ya Rəbb, etdiklərini bilmirlər, onları əfv və hidayət et" duasında bulunardı-mı?
Qeyd edək ki, vaxtilə həz. İsa da bu duadan istifadə etmişdi. Belə ki, qotik dövrün (Xll-XV əsrlər) incəsənətinə məxsus bir rəsm əsərində qaragüruh böyük bir kütlənin həz. İsanı dara çək-məyə aparması təsvir olunub. Kütlə tərəfindən daşlanan, tikanlanan, üzünə tüpürülən İsa(ə)-ni qırmızı geyimli iki nəfərdən biri yaxasından tutub, yumruğu ilə vurur. Digəri isə, onun belinə bağla-nan kəndirdən dartır... Qanrılıb üzgün, qəmli, fəqət ümidli baxışlarını Onun laməkan sarayına zilləyən başı haləli, üzü qanlı həz. İsa isə heç kimi və heç nəyi yox, yalnız asılacağı dar ağacını qucaqlayıb... O boyda kütlə içində dar ağacını özünə yaxın bilib, ona qısılıb. Fəqət o bilirdi ki, Allah onu qısıldığı, qucaqladığı dar ağacından xilas edəcək. Son duası da belə oldu: "Ya Rəbb! Nə etdiyini dərk etməyən bu camaata rəhm et". Bəli, bu onun son sözü yox, son duası idi. Çünki son sözü düşmənə deyərlər, duanı isə Rəbbə. O öz düşmənlərinə son söz yox, onların xilası üçün son dua etdi. Məgər Rəbb dəstəyinə söykənməyən, Rəbbin seçdiyi peyğəmbər olmayan, təpədən-dırnağa, şah damarından nəfsinə qədər Allahla olmayan bir kəs qatillərinə və onların havadarlarına dua edərdimi?
Peyğəmbər(ə)-nin həyatını təhlil edərkən aydın olur ki, həmin Zat(ə) və onun təbliğ etdiyi din uğrunda səhabənin can-başla, böyük şərəflə ölümü belə qəbul etməsi, qocasından uşağına, ki-şisindən qadınına qədər Allah naminə şəhid olmaq üçün necə yarışdıqlarının şahidi oluruq. Çünki şərəfli ölümü bu ölçü və bu dərəcədə sevdirmək yalnız həqiqi peyğəmbərlərin işidir.

Peyğəmbər(ə)-nin özü kimi, kəlamları da həmişəyaşardır

Məlumdur ki, hər millət özünün öndər, ziyalı və iş bilənlərini təlqin edir, onların arxasınca gedir. Bu bənzətmə (və ya bənzəmə, yamsılama) camaatın düşüncə dünyasında açıq və ya gizli, aktiv və ya passiv olur. Lakin bütöv millətin bir nəfərin buyurduğunu qəbul etməsi Allah iradəsilə mümkündür ki, bu da yalnız Onun seçdiklərinə nəsib olur. Allah iradə və istəyi olmadan müxtəlif sahələrdə müxtəlif səviyyəli insanlara verilən cavablar da doğru və yetərli olmur. Çünki Rəbb kəlam və dəstəyinə söykənməyən bir şəxsin bütün sahələri kamilcəsinə anlaması və onu başqalarına anlatması qeyri-mümkündür. Bunu sübut edən faktorlardan biri oxumaq, yazmaq bilməyən Məhəmməd(ə)-nin həm əshab və çöl bədəvilərinə, həm də alternativ din gətirdiyi üçün yəhudi alim-lərinin qərəzli - "sınaq, imtahan" suallarına çox ətraflı və tam doğru cavablarıdır. Bu cavabların müəyyən vaxt biçiminə yox, gələcək zaman üçün də çox sabit və doğru olduğu təsdiqlənibdir. Başqa sözlə, Peyğəmbər(ə) kəlamlarının həmişəyaşarlığı oruc, namaz, haram-halal və digər əməllərin icrasında olduğu kimi, ilahi təminat altındadır.
Əlbəttə, Abdullah oğlu Məhəmməd həm də Allahın bir qulu, bəndəsi idi. Həmin səbəbdən o, peyğəmbər və adi bəşər statuslarındakı fərqlərdən birini belə açıqlayıb: "Mən də sizin kimi bir insanam: zənnimdə, fikrimdə, gümanımda yanıla da bilərəm. Çünki dünyanıza aid işləri siz məndən yaxşı bilirsiniz. Lakin Tanrıya yalandan istinad etmərəm mən. Tanrının adından yalan danışmaram mən".
Rəbb kəlamlarının təbliğində çox dəqiq, sadiq və ardıcıl olan Rəsulu Əkrəmin bizə irs qoyduğu ən vacib tövsiyyələrindən biri də, vəfatından sonra adına isnad ediləcək sözlərdən (hədislərdən) hansının səhih olması barədə göstərişləridir. O, yanlışlara, sui-istifadələrə, müxtəlif yozumlara yol verilməsin deyə, buyurub: "Sözümü Quranla tutuşdurun, onunla müqayisə edin, əgər Quranla uyğun gəlirsə, deməli, mənim dilimdən çıxıb o söz, o sözü mən söyləmişəm. Kim ki, özü bilə-bilə mənə yalandan isnad edərsə, cəhənnəmdə özünə yer edəcəyini indidən bilməlidir".

Alimlər Peyğəmbər(ə)
bağçasının gülləridir

Bəsirət (hadisələri qabaqcadan görmə) və fərasət (tez başa düşmə) çox az adamda olan nadir incilərdir. Pərdəarxası hadisələri sezib gələcəyi görmə, çevrəsindəki insanları kəşf edib tanıma və sonra da onların sahib olduqları xarakterlərə uyğun davranma tərzi hər ərin işi deyil. Əgər bir adam bu işi heç bir xətaya yol vermədən ömrü boyu görürsə, həmin şəxs həm də fətanət (zehin açıqlığı) sahibidir. Və əgər bu hal həyatın bütün sahələrini əhatə edərsə, deməli o şəxs mənəviyyatına görə, xarüqə-fövqəlbəşər olur. Elə Allah Rəsulunun fərasət, qiyasət (müqayisə etmək qabiliyyəti) və dirayəti (uzaqgörənliyi) həmin sonuncu dəyərə aiddir. Başqa sözlə, onun əxlaqı, mənəviyyatı tamamilə xariqüladədir. Təsadüfi deyil ki, həm 4 Rəşidi xəlifə, həm də Əbu Hənifələr, Cəfəri Sadiqlər, Qəzzalilər, Təbərilər, Rəbbanilər, Museyi Kazımlar və digərləri gələcəyə işıq saçan elm, ictimai-siyasi, iqtisadi, mənəvi sahələrdə bütün millətlərə müəllimlik edən Məhəmməd Mustafa(ə) bağçasının yetişdirdiyi güllər olublar.
Çağdaş həyatda içki, qumar, zina kimi haramlar bir yana dursun, hətta insanlara siqareti tərgitmək müşkül olduğu halda, Peyğəmbər (ə) heç bir təhdid və gücə söykənmədən qısa bir zaman-da insanları həmin haramlardan çəkindirib. Tərəddütlərlə dolu müasir həyatımızda bir-birinə düş-mənçilik edən qrup və tayfaları, ictimai-siyasi qurumları bir araya gətirməyin çətinliyi də şübhəsiz-dir. Fəqət 1400 il bundan öncə kainatın nüvəsi olan o Zat(ə), qadınların bazarda satılmasına, qız uşaqlarının diri-diri basdırılmasına, sələm, qəbilələr arasındakı düşmənçiliyin götürülməsinə nail olub. Biz Peyğəmbər(ə) irsini öyrənərkən, həm də onun 23 il ərzində çöl ərəblərinin mənəviyyatını necə dəyişdirməsinin, o canavarları soxulcanı belə öldürməkdən çəkinən mərhəmət və şəfqət sahibi etməsinin, malının yarısını müsəlman qardaşına necə verməsinin şahidi oluruq. Və bu zaman 1400 il bundan öncə deyilən bu kəlamı dəfələrlə təkrar edirik: "Əşhədü ənnəkə Rəsululləh" (Şahidlik edirəm ki, sən Allahın peyğəmbərisən).

Məni Rəbbim tərbiyə etdi

Göründüyü kimi, idarəçilikdə, siyasətdə və həyatın bütün sahələrində müasirlərinə və gələcək nəslə böyük örnək olan Məhəmməd (ə), ömrünün son anına qədər iman, elm və iradə vəhdə-tində ardıcıl olub. Bu vəhdət isə, ilk növbədə onun əxlaqından qaynaqlanır. Bəs belə gözəl əxlaqı ona kim təlqin edib və kim onu mükəmməl tərbiyə edib, kim onu yetişdirib? Başqa sözlə, ümmətini yetişdirən bir yetişdiricini kim yetişdirib? Atası, anasımı? Qohumlarımı? Ətrafındakı adamlarmı, mühitmi? Əsla yox! Cavabı həz.Peyğəmbər özü verib: "Məni Rəbbim tərbiyə etdi və necə də gö-zəl tərbiyə etdi"; "Mən ancaq ən gözəl, ən təmiz xasiyyətləri tamamlamaq üçün göndərilmişəm".
Bəşər tarixində heç bir insanın həyat, yaradıcılıq, fəaliyyət, söz və davranışlarının həz.Peyğəmbər qədər təhqiq olunmaması da məhz onun mənəviyyatı ilə bağlıdır. Çağdaş dünyanın hər bir guşəsində müsəlmanların ən azı gündə beş dəfə "Allah" ismilə birlikdə "Məhəmməd Mustafa (ə)" ismini anmaları isə ümmətinin həmin mənəviyyat sahibinə olan sədaqət və məhəbbətinin göstəricisidir. Bu həqiqət, həz.Məhəmmədin ümmiliyilə (oxumaqla yox, Allah tərəfindən alim edilməsilə) bərabər, onun ən əkməl (ən kamallı) bir din və şəriətilə, ən ixləsli iman və ibadətilə, ən yüksək dua və dəvətilə, ən mükəmməl mətanətilə, ən sadiq siddiqliyilə, ən etibarlı əminliyilə, ən qüvvətli təbliğilə, ən dərin fətanətilə və ən pak ismətilə sabitdir.