adalet.az header logo
  • Bakı 7°C
21 Fevral 2019 00:22
16510
GÜNDƏM
A- A+

Ekranda nudizm


Biz ekrana baxırıq: gözümüzün qabağına ilk öncə proqramın aparıcısı gəlir, sonra oxuyan qadınlar. Bir neçə dəqiqədə bir tamaşaçı kimi müəyyən təsəvvürümüz oyanır və təximini proqnozlaşdırırıq. Dərhal klassikləşmiş qadın müğənnilərin görümü - ekran mədəniyyəti nəzərimizdə canlanır. Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, İlhamə Quliyeva - böyük bir nəsil. Onları təqdim edənlər: Ofelya Sənani, Həqiqət Əskərzadə və b. Və nisbətən gənc nəsil xanəndə qadınlarımızdan Mələkxanım Əyyubova, Səkinə İsmayılova, Aygün Bayramova, Nəzakət Teymurova, Nazpəri Dostəliyeva, Mətanət İskəndərli və digərləri.
Bu "silsiləli" aparıcıları və müğənniləri təsadüfən xatırlamadım. İlk öncə, onların ekran mədəniyyəti və tamaşaçı qarşısında etik çərçivədə geyimləri. Teleekran proqramları (verilişləri) modalar səltənəti deyil axı, yarıçılpaq, şumal və rəngli bədənini nümayiş etdirəsən, ürəyində pıçıldayasan: mən buyam, bax, gözün sulansın, beynin dumanlansın. Mən buyam: subayam, layiqli sevgi axtarıram, boy-buxunum! Mən buyam: səsimi neynirsən, bədənimə diqqət yetir, sinəm açıq, qollarım kəpənək uçuşlu, baldırlarım. Elə bütün vücudum naturizm deyilmi?
Bəzi aparıcılar unudurlar ekranda olduqlarını: sanki çimərlik paltarında dəniz sahilindədir, maşında oturub sinəsi titrəyir qoşa "yükü" ilə. Divanda əyləşib: baldırlarından və yançaqlarından işıq şüası süzülür. Onların adlarını sadalasam bir nəticə olarmı? Belə düşünürəm ki, onlar anadılar, qardaşların bacılarıdır, öncə gəncdilər.
Bilmək, informasiya almaq heç vaxt qəbahət sayılmır, təki faydalı, bir millətin mentalitetinə layiq olsun, əxlaqın (davranışın) atributlarına cavab versin, xüsusilə, gənc nəslin şüurunda mənfi izlərini buraxmasın, öz yüngül təsirinə salmasın - sonunculara isə dərhal adaptasiya olurlar! 30-40 yaşlılar belə, abır-həyanı unudur, verilişə iki növ paltarda gəlirlər. Mülki geyimi veriliş ərəfəsində çıxarırlar, digərini əyinlərinə keçirib ya ekrana, ya da konsert salonuna çıxırlar!
Mən vəd etdiyim kimi: Naturizm - nudizmin tarixinə ekskurs etmək istərdim. Bu (nudizm), əksər adamların şüurunda qadağan edilmiş, hətta eyib sayılmış bu gün də. Və bu zövqlülər özlərindən soruşurlarmı: Nə üçün çılpaqlaşırlar, insanlar qarşısına çıxırlar?
Müxtəlif zaman kəsiklərində müxtəlif məmləkətlərdə çılpaqlığa birmənalı rəng verməmişlər. Adətən, köçəri həyat tərzini yaşayanlar üçün yarıçılpaq müdafiəsizliklə assosiasiya olunurdu. Ona görə ki, nəyi var idisə öz üzərində gəzdirirdilər. Digər rakursdan, ümumi mədəniyyətin aşağı səviyyəsi insanlara cəmiyyət arasında çılpaqlaşmağa (naturalizm) imkan vermirdi, başqa sözlə, geyimi olan istənilən adam özünü yaxşı apara bilərdi. XX əsrin sonlarında yarıçılpaq insan mövcud olmaq hüququ qazandı. İctimaiyyətlə, hökumətlə münaqişə yaratmamaq şərtilə müxtəlif klublar, sosial təşkilatlar, kurortlar və sairlər yarandı. Əlbəttə, bunlar bəzi xarici dövlətlərdə təmsil olunur, bizim ölkəmizdə hələ ki belələri yox dərəcəsindədir. Hərçənd, qeyri-leqal belə görüntülər qalmaqdadır...
Antik dövrlərə qayıtsaq: çılpaqlıq mənəvi və fiziki inkişaf mədəniyyətilə təbii harmoniya yaradırdı. Çılpaq müdriklər, onlara "kimnosoflar" deyirdilər - əmələ gəlmişdi. Bunun ən bariz nümunəsi "Sparta tərbiyəsi" üsulu idi ki, idman tarixində adı çəkilir. Spartalı yeniyetmə oğlanlar və qızlar bayram günlərində camaatın qarşısında yarıçılpaq və məğrur görümdə təsir bağışlayırdılar. Yəni heç kəs "günaha batmaqdan" çəkinmirdi, "təmiz adamlar" təmiz adamlara tamaşa edirdilər. Eramızın II-IV əsrlərində xristian dininin daxilində bəzi rəqib qurumlar bir-birinə rəqib dururdular. Adəmistlər sektası fəaliyyət göstərirdi və bunun üzvləri Adəmlə Həvvanın xatirəsini əziz tutur, ibadətlərinə çılpaq halda yığışırdılar. Belə ki rusların məşhur Yanka Kupala bayramı bu adətin ən bariz nümunəsiydi.
Orta əsrlərdə də insanlar "nudistlik" etməyə imkan tapırdılar: Kişilərlə qadınların hamamda birgə çimməsi adətinə Rusiyada I Pyotrun, Fransada XIV Ludovikin dövründə qadağa qoyuldu. Lakin o zamanlar kübar ailələrin birgə çimməsi üçün ilk hamamlar tikilib istifadəyə verildi. Təəssüf, bu gün Bakıda ayrıca hamamlar, saunalar açıq-aşkar fəaliyyətdədir və buraya yalnız maddi imkanlılar, vəzifəli məmurlar yol açır...
Nudizm - XIX əsrin sonlarında Almaniyada meydana çıxmış, tədricən fiziki və mənəvi baxımdan sağlam həyat tərzi ideyaları Avropanın başqa hissələrində də genişləndi. Məsələ burasındadır, tanınmış şəxsiyyətlər nudizmin tərəfdarı olmuşlar. Şair Henrix Heyneni, bəstəkar Leonkovallonu, Romanovlar ailəsini xatırlamaq kifayətdir. Aktrisa Aysedora Dünkan (Rusiya) 1907-ci ildə ilk dəfə səhnəyə tamamilə çılpaq görkəmdə çıxdı. Bu hadisədən 3 il sonra Maksimilian Voloşin adlı yazar "Simalar - çılpaqlıq" kitabını nəşr etdirdi. Əsərdə naturizm ideyaları təbliğ olunurdu. Maraqlıdır, digər bir kitabın müəllifi Koktebel mədəniyyət xadimlərini toplayaraq özbaşına nudist çimərliyi təşkil etdi. 1953-cü ildə Naturistlərin Beynəlxalq Federasiyası təsis olundu. Qərbdəki kimi, Rusiyada da naturizm paralel inkişafında idi; ötən əsrin 20-ci illərinin sonunda Rusiyada naturizm dünyada öncül yerlərdə gedirdi. 30-cu illərin totalitarizmi SSRİ-də bu "hərəkatı" dondurdu və bu, 80-ci illərin ortalarına qədər davamlı oldu. 1985-ci ildən sonra SSRİ-də naturizm inkişafının yeni dövrü başladı.
Naturizm insanın sağlamlığına: fiziki və mənəvi inkişafına, milli, islami adətinə xidmət göstərirsə, əleyhinə getməyə ehtiyac yoxdur. Azərbaycan da istisnalıq yaratmır. Lakin...
Bu gün televizor məişətin ən vacib, faydalı, təbliğ və təşviqedici bir vasitəsi rolunu oynayır. Gənclər, yaşlılar, məktəbli uşaqlar daha çox ona həvəslidilər, görüb-götürürlər. İnsan naturası - xasiyyəti elədir, hər bir sözdə, addımda, hərəkətdə yaxşı nə varsa qəbul edir, barəsində düşünür, emosional və intellektual səviyyəsini yüksəldir, ruhən qidalanır. Uşaq - yeniyetmələrə gəldikdə - bu gizlin deyil - mənfi emosiyaya tez uyuşur, alışır və davranış tərzinə çevirir. Cəmiyyətdə yaşlı nəsil ona səy edir ki, gənclərimiz həm milli, həm də bəşəri ruhda tərbiyələnsinlər, dar çərçivədə qalmasınlar, lakin islami-əxlaqi dəyərlərə daha yaxın və doğma olsunlar, habelə abır-həyanı itirməsinlər. Bu əxlaqi keyfiyyət uşaq ikən itirilmişsə, laqeyd qalınmışsa gələcəkdə "dünənki uşaq" nadan, laqeyd, ailə qədri bilməyən meşşana çevriləcək, hətta vətənpərvərlik duyğusuna barmaqarası baxacaqdır; belə təbiətli gənclərin, nisbətən yaşlıların cəmiyyətdə törətdikləri cinayətlər bəllidir. Biz azəri-türkləri belə xasiyyətli olmamışıq, vallah! Abır-həyanı itirməmişik, camaat (xalq) arasına necə, hansı geyimdə çıxmağımızın yerini bilmişik. Məncə, əksi kino lentlərə, verilişlərə baxmaq kifayətdir. "Retro" anlayışı elə-belə səslənmir. Baxmaq kifayətdir həm aparıcı qadınlara (kişilərə də), həm də oxuyanlara. Məgər o dövrdə "moda" yox idi, yoxsa açıq-saçıq geyinməyə maddi imkanları çatmırdı? Bu cəhətdən sual verməyə bilmirsən... Xüsusilə, "şou" adından istifadə edən xeyli sayda oxuyan gənc qız-qadınlar yaşlı, oğul-uşaq böyüdən xanəndələr yarıçılpaq, "ərimək"də olan bədənlərini, qırışlara aciz qalan əllərini, qaraya boyanmış saçlarını hansı vəziyyətləri üçün ekrana gətirirlər? Cavanlar üçün belə "abır-həya" romantizmdir, yoxsa naməlumun axtarışıdır?
Mən bu qeydlərimdə heç də günahkar "axtarışı" fikrinə düşməmişəm və bu niyyətdə olmağa haqqım da çatmır. Lakin hər bir özəl veriliş aparıcıları da daxil olmaqla dəvət alan oxuyanlar: Birincisi öz şəxsiyyətlərinə hörmət etməlidilər. İkincisi onlar qadın cinsində dünyaya gəlmişlər və haradasa öz gözəlliklərini, cazibədarlıqlarını, qəşəngliklərini sadə, qeyri-etik üsullarla milyonlarla tamaşaçılara nümayiş etdirməsinlər, hələ çox tezdir bu addım. Üçüncüsü bu qismlərin kişi valideynləri və kişi qardaşları vardır. Bəzilərinin həyat yoldaşları və uşaqları baxır. Səhəri mütləq soruşacaqlar atasındanmı, qardaşındanmı, oğlundanmı: - Baxdım ekranda və susmalı olacaq abır-həyasından. Dördüncüsü belə "nudizm" kişilərdə yalnız zahiri effekt üçün lazım gəlir, sonra isə ifadəm üçün üzr istəyirəm, olur "atılmışlar"dan sonuncusu. Beşincisi öncə biz islamiyik, bizim genimizdə, soy-kökümüzdə səmavilik hissləri mövcuddur, heysiyyatımızın şərəfini həmişə qorumuşuq.
Son sözümdə də "günahkar" aramaq niyyətim yoxdur. Lakin telequrumun rəhbəri vardır, onun təyin etdiyi proqrama cavabdeh şəxsi, rejissoru, eksperti haraya baxırlar... Belə görümlər bədii əsərlər: romanlar, povestlər, pyeslər deyil oxumaq istərsə alıb vərəqlər, istəməz yanından keçər mağazanın. Bu vasitə (televiziya) islamiliyini yaşayan bir dövlətin qurumudur, ayrı-ayrı adamların fərdi zövqünə xidmət göstərmir - tamaşaçıların zövlü ilə oynanılsın, gənc nəsli assosiativ fikirlərlə qabaq-qənşər qoysun. Yeniyetmələr, gənclər gəlir, baxıb ekrana ibrətamiz nəyi əxz edərlər?!
Amma. Xatırladıram nudizmi nümayiş etdirən aparıcılara ki, "Fizioqnamina" adlanan bir elm də mövcuddur: İnsanın görünüşünə baxıb xasiyyətini müəyyənləşdirir...
Allahverdi Eminov